QƏBiRiSTANLIQDAN BAŞLANAN YOL

FAİQ QİSMƏTOĞLU
33859 | 2009-12-05 04:17
Bir neçə gün bundan əvvəl ANS televiziyasında gedən süjetə baxdım. Sözün doğrusu, bu süjetə baxandan sonra bir qədər kövrəldim və içimdə qəribə hisslər yaşadım. Fikirləşdim ki, nə yaxşı ANS həmin məsələni çəkib və camaata göstərib.
   
   Belə ki, Salyanda abadlıq işlərinə qəbiristanlıqdan başlanılıb. Nə yaxşı ki, bu addımı atanlar dədə-babalarını və rəhmətə gedənlərini unutmayıblar. Çünki bizdə belə bir pis vərdiş var ki, bu məmləkətin yolunu və qəbiristanlığını uzun müddət təmir elətdirmirlər. Elə işə başlayan kimi, ya şəhərin mərkəzini, ya da başqa yerləri təmir elətdirirlər. İstedadlı şair, yaxın dostum Əlisəmid Kür deyir ki, Salyanda şəhər qəbiristanlıqdan başlanır. Hələ indiyə qədər heç bir icra başçısının, heç bir vəzifəli şəxsin dədə-babalarımızın uyduğu bu qəbiristanlıq yadına düşməyib. Yağış yağanda, qar-çovğun olanda palçıq əlindən qəbiristanlıqda rəhmətə gedənlərimizi basdırmaqda olmazın müsibətlərini çəkmişik. Uzun müddət fikirləşirdik ki, görəsən, bu Salyanın əsl sahibi nə vaxt gəlib çıxacaq. Axır ki, günlərin birində ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə əslən Salyandan olan Əliağa Hüseynov rayona başçı təyin edildi. Çox qəribədir ki, Əliağa müəllim işə başladığı ilk gündən camaatı başına yığaraq deyib ki, mən bura işləməyə gəlmişəm və heç kimlə də problemim yoxdur. Sadəcə, olaraq bu işdə bütün salyanlılar və ziyalılar mənə köməklik etməlidir. Əlisəmid Kür onu da dedi ki, Əliağa Hüseynovun yazıçılara, şairlərə və ziyalılara böyük hörməti var. Çünki biz rayonda olanda Əliağa müəllim bizə tövsiyə elədi ki, rayona tez-tez baş çəkək. Ona görə ki, bu işdə salyanlı ziyalıların, yazıçıların və şairlərin köməyinə böyük ehtiyac duyulur. El bir olanda dağı da yerindən oynatmaq mümkündür.
   
   Beləcə, bir elə arxalanan, bir yurdun adamlarına söykənən insan böyük quruculuq və abadlıq işlərinə başlayarkən ilk addımı şəhər qəbiristanlığından atıb. Bu isə o deməkdir ki, böyük yolun başlanğıcı və sonu elə qəbiristanlıqdan öz yolunu götürür. Bu yolu tanıyanlar heç vaxt nə camaatın, nə də el-obanın yadından çıxmır. El-oba görəndə ki, hər hansı icra başçısı daşı-daş üstündə qoyur və böyük quruculuq işləri ilə məşğuldur, onlar da qollarını çırmayıb bu işə təkan verirlər.
   
   
   
   ***
   
   Çoxlarımız bu gün xəstəxanalardakı yaranmış vəziyyətdən narahatıq. Yəni hansı xəstəxanaya, hansı klinikaya və hansı polikninkaya üz tutursansa orda bir çox çətinliklər qarşıya çıxır. Düzdür, ölkəmizdə səhiyyənin inkişafı üçün dövlət səviyyəsində böyük köməklik göstərilib. Avropa standartlarına cavab verən xəstəxanalar tikilib və onlar ən müasir avadanlıqlarla və kompüter sistemi ilə təchiz edilib. Hətta bu gün ölkəmizdə ən mürəkkəb cərrahiyə əməliyyatları - böyrəyin köçürülməsi kimi çətin işləri həkimlər yerinə yetirə bilirlər. Bütün bunlar işin çox yaxşı və müsbət tərəfdir. Amma gəlin etiraf eləyək ki, dövlət xəstəxanalarında bir çox halda pasiyentlərə xidmət pulsuz olsa da, onlardan pul umurlar. Hansı dövlət xəstəxanasına getsən, çox yox, sadəcə olaraq, elə ürəyinin kardioqramasını çıxartsan səndən 5-6 manat pul alacaqlar. Onsuz da hər hansı xəstə həkimin ona göstərdiyi xidmət müqabilində bu yaxşılığın əvəzini müxtəlif formada çıxmağa çalışır. Yəni, yaxşı və savadlı həkimlərin həmişə xəstəsi də çox olur və onların xətrini də çox istəyiblər.
   
   Hətta Sovet dövründə bir də görürdün ki, hər hansı həkim xəstədən heç nə ummurdu. Çünki həkimin birinci o vaxtı dolanışığı indikindən daha yaxşı idi. Amma bu həkim həmin xəstədən heç nə ummasa belə pasiyent onu axtarıb tapır, yaxşılığın əvəzini qaytarmağa çalışırdı. Ancaq indi xəstəxanalara kimin işi düşəndə, xətir-hörmətə və ad-sana heç kim baxmır. İstəyirsən xalq şairi ol, istəyirsən lap tanınmış adam. Birinci səni müayinə edəndə verəcəyin "şirinliyə" baxırlar. Bu "şirinlik" olanda işlərin yağ kimi gedir. Yəni ən azından səni saatlarla ləngidib, gözlətmirlər. Hər halda, gərək adam sağlamlığına fikir versin ki, sonradan da gedib xəstəxanaya düşməsin. Bizim də millətin Allah işini avand eləsin. O vaxt həkimin yanına gedir ki, onda həmin pasiyentin vəziyyəti çox ağır olur. Belə xəstələr bir çox halda özlərinin günahı üzündən ağır vəziyyətə düşürlər. Ağır xəstələri isə müayinə və müalicə eləmək o qədər asan deyil. Əgər istəyirsinizsə, həkimə yolunuz düşməsin, onda çalışın sağlamlığınızı qoruyun. Yoxsa bir toyda hər hansı adam 40 cür qəlyanaltı yeyirsə, təbii ki, onun ağırlığının altını çəkməyə məcbur olacaq.
   
   
   
   ***
   
   Az qala Bakıdakı marşrutlarla bağlı hər gün biz yazı yazmağa məcbur oluruq. Daha doğrusu, məcbur olmuruq, bizi sərnişin nəqliyyatında baş verən özbaşınalıqlar məcbur edir ki, biz o yaznı qələmə alaq. Çünki avtobusların sükanı arxasında əyləşən sürücülərin əksəriyyəti həm təcrübəsizdir, həm də insanlarla ünsiyyət qurması çox zəifdir. Belə sürücülər haqqında onu demək olar ki, onların sürücülük mədəniyyəti yoxdur. Sürücülük mədəniyyəti olan insan heç vaxt avtobusu tozun-torpağın, zığın-palçığın içərisində saxlamaz, üzü tüklü sükan arxasında əyləşməz və sonra da radio, yaxud da maqintafona ucadan səs verib sərnişinlərin əsəblərini pozmaz.
   
   Bəzi avtobus sürücüləri isə qarışıqdan və basabasdan istifadə edərək sərnişinlərə "pul atmaq"la məşğuldurlar. Onlar elə fikirləşirlər ki, bu hərəkətləri ilə nəyəsə nail olur və kimisə aldadırlar. Amma onlar onu fikirləşmirlər ki, heç bir sərnişin uşaq deyil və aldadıldığını o dəqiqə hiss edir. Sadəcə olaraq, bəziləri abrına qısılıb sürücülərlə mübahisə eləmək istəmir. Dekabrın 3-də saat 11:00-da metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığındakı dayanacaqda 5 saylı avtobusa əyləşdim. 90 DU 205 nömrəli avtobusu idarə edən sürücü digər sürücülər kimi, dayanacaqda çox ləngimədi. Sərnişinlər əyləşən kimi, sürücü avtobusu yerindən tərpətdi. Amma "Azərbaycan" nəşriyyatına çatanda ona 1 manat pul verdim ki, 20 qəpik çıxsın. Sürücü 20 qəpik çıxmaq əvəzinə, bizdən 40 qəpik çıxmışdı. Dedik niyə 20 qəpik artıq çıxırsan? Bildirdi ki, bəs o yanındakı düşən qadının pulun vermirsən? Biz də dedik ki, həmin qadını tanımırıq. Zəhmət çəkin bizim pulumuzun qalan hissəsini verin. Təzədən sürücü bizə pulu qaytardı. Amma avtobusdan yerə düşərkən gördük ki, onun qaytardığı pul iki 10 qəpikdir. Hansı ki, bizim əlimizdəki 60 qəpiyi alıb onun üstünə iki ədəd 20 qəpik də qoymaq əvəzinə, iki 10 qəpik qoymuşdu. 80 qəpik əvəzinə, bizə 60 qəpik pul qaytarmışdı. Belə çıxır ki, bəzi sürücülər özlərini hamıdan ağıllı hesab eləyir. Qoy, hesab eləsin. Yəqin ki, günlərin birində Nəqliyyat Nazirliyinin əməkdaşları sərnişinlərlə hesablaşma zamanı onları aldadan sürücülər haqqında ölçü götürəcək.
   
   
   
   ***
   
   Yeni ilin yaxınlaşması ilə əlaqədar olaraq, bir çox işbazların fəaliyyəti daha da güclənib. Yəni bu cür adamlar hər yeni il qabağı qaz vurub qazan doldurmağı adət eləyiblər. Bir hissə işbaz varlanmağın yolunu Çindən gətirilən oyuncaqlarda görürlərsə, başqa bir işbazlar isə şəhərə yeni il qabağı partlayıcı oyuncaqlar gətirməyə cəhd göstərirlər. Mütəxəssislərin bildirdiyinə görə, Çindən gətirilən oyuncaqlar çox təhlükəlidir. Hətta o qədər təhlükəlidir ki, ondan istifadə edən hər hansı uşaq zəhərlənə bilər. Ekspertlər bildirirlər ki, Çin istehsalı olan oyuncaqlarda kimyəvi maddələr və toksinlər daha çoxdur. Oyuncaqları uşaqlar oynadan zaman onların əli həmin boyaya batır və nəticə uşaq əlini ağzına aparıb gəzdirəndə bu zaman zəhərlənmə ehtimalı yaranır. Əgər doğrudan da Çindən gətirilən uşaq oyuncaqları bu cür təhlükəlidirsə, bəs onda nə üçün həmin oyuncaqları çox asanlıqla işbazlar məmləkətimizə gətirə bilirlər?
   
   Hər yeni il gələndə bu barədə adiyyati orqanlar bol-bol danışır, ancaq baş verən neqativ halların qarşısını almaqda acizlik çəkirlər. Elə olmazmı ki, bu cür işbazların qarşısı vaxtında alınsın və onların ölkəmizə gətirdiyi keyfiyyətsiz, zərərli və zəhərli oyuncaqlar, partlayıcı maddələr məmləkətimizə buraxılmasın.
   
   Görünür, bu cür işbazların əlləri çox uzun olduğuna görə, heç kəs onların kefinə soğan doğramaq istəmir. İşbazların da kefinə soğan doğramaq istəməyəndə həmin işbazlar camaatın başına olmazın oyunlarını açır və insanların taleyini təhlükə qarşısında qoyur. Nə vaxtacan?!

TƏQVİM / ARXİV