adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

YENi PROBLEM "AXTARIŞINDA"...

BABƏK YUSİFOĞLU
23179 | 2009-12-05 04:17
Ali məktəblərə qəbul ərəfəsindən fərqli olaraq ilin bu çağlarında mətbuatda abituriyentlərlə, ali məktəblərə qəbulla bağlı olan yazılar adətən çox az dərc olunur. Amma bu gün mən bu mövzunun bəzi məqamlarından bəhs etmək istəyirəm. Çünki təhsillə bağlı qanun qəbul olunsa da indi yanlış ideyalar da ortaya çıxarılır.
   
   
   
   Bilirəm ki, "millətin bu günü və gələcəyi birbaşa təhsilimizlə bağlıdır" fikrini xatırlatmaqla heç də təzə fikir söyləmiş olmayacağam. Amma bu dəyişməz bir gerçəklik olduğu üçün onu yenidən təkrar etməkdə bir qüsur görmürəm. Hamı şahidi oldu ki, Qanunun qəbulu çox uzun müddət çəkən dartışmalardan sonra baş tutdu. Və o dövrlərdə tutulan iradların əksəriyyəti ilə razı olsam da bu yazıda yenidən Qanunu təftiş etmək fikrində deyiləm. Sadəcə olaraq orada yer alan və artıq gündəmə gətirilən bir məqama toxunmaq istəyirəm.
   
   Bir sıra mütəxəssislər və hökumət məmurları yeni qəbul edilmiş qanuna istinad edərək bildirirlər ki, beynəlxalq elm olimpiadalarında qalib olan məktəblilər ali təhsil ocaqlarına imtahansız qəbul olunsunlar. Hətta bu istiqamətdə işlərin aparılması da gündəmə gəlib. Gənclər və idman nazirinin müavini İntiqam Babayev də iki gün öncə keçirdiyi mətbuat konfransında bəyan edib ki, yeniyetmələrin 6-cı Beynəlxalq Elm Olimpiadasında qalib gələn azərbaycanlı şagirdlər gələcəkdə ali məktəblərə imtahansız qəbul oluna bilər. "Hazırda bu istiqamətdə işlərə başlamışıq. Beynəlxalq olimpiadada ölkəmizi uğurla təmsil etmiş 15 yaşadək yeniyetmələrin gələcəkdə ali məktəblərə imtahansız qəbuluna şərait yaratmaq üçün işlərə başlamışıq".
   
   Əlbəttə, şagirdlərimizin beynəlxalq olimpiadalarda uğur qazanmasına biz də çox sevinirik və həqiqətən də onlarla qürur duyuruq. Nə yaxşı ki, bizim yeniyetmələr də dünyanın elm yarışmalarında qalibəyyətə imza atırlar. Və qəbul edirik ki, belə bir qayda Qanunda öz əksini tapıbsa, onun həyatda gerçəkləşməsində heç bir qəbahət yoxdur. Amma indi bəzi məsələlər çox narahatlıq yaradır. Məncə biz yanlış tendensiyanın əsasını qoymaqdan çəkinməli, bunun üçün bir tədbir görməliyik.
   
   Ali təhsil ocaqlarına qəbulun əzəli və ənənəvi qaydaları mövcuddur: abituriyentlər Qəbul İmtahanlarını verib müvafiq keçid balını adladıqdan sonra ali məktəblərdə təhsil almaq hüququ qazanırlar. Və burada hər kəs üçün eyni şəraitin, eyni sayda sualların, bərabər zamanın... ayrılması və yaradılması, heç kimsəyə ən kiçikcik imtiyazın verilməməsi ən zəruri şərt hesab edilir. Burada abituriyentlər öz biliklərini nümayiş etdirmək üçün bərabər hüquqa malik olurlar.
   
   Beynəlxalq olimpiadalarda qalib gəlmiş uşaqlar əgər ali məktəblərə imtahansız qəbul olacağı təqdirdə bu, digərlərinin hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxaracaq, ayrı-seçkiliyə səbəb olacaq. Çünki hamı bilir ki, o cür olimpiadalarda iştirik etmək, ora düşmək istəyində bulunan hər şagirdə nəsib olmur. Çünki bunun üçün yerlər çox məhduddur. Bəs biz məsələnin bu tərəfini nəzərə almamalıyıqmı? Beynəlxalq olmur, nə olur olsun, niyə hər hansı bir müsabiqə Azərbayanın qəbul imtahanlarını əvəz etmək statusunda olmalıdır?
   
   Bir də biz niyə nəzərə almırıq ki, beynəlxalq olimpiadaların qalibləri qəbul imtahanlarını verərkən heç bir çətinlik çəkmədən onların öhdəsindən gələcək, ən maksimum bal toplaya biləcəklər. Əgər biz həmin olimpiadaların nəticələrinə belə önəm veririksə, onda niyə həmin uşaqların qəbul imtahanlarında kəsiləcəklərindən ehtiyat edirik? Bu absurd deyilmi? Heç onu da düşünmürük ki, bu, qalib olan uşaqlarda arxayınçılıq yaradacaq və onlar ali təhsil almağa hazırlıqsız gələcəklər.
   
   Sovet dönəmində yaşayanlar, təhsil alanlar bunun bir "örnəyi"ni görmüşdülər. Onda orta məktəbi əla qurtaranlara "qızıl medal" verirdilər və hamı yaxşı bilirdi ki, bu medala yiyələnmək qəbul imtahanlarının üçündən azad olmaq deməkdir. "Qızıl medal"ların da əksəriyyətinin hansı yollarla alındığı heç kim üçün sirr deyildi. Amma bəyənmədiyimiz sovet rejimində də qəbulda bu "qızıl medal" üçün şərtlər mövcud idi. Əgər medal sahibi bir imtahandan "əla" qiymət ala bilmirdisə, onda o da hamı kimi bütün qəbul imtahanları verməli idi.
   
   İndi belə çıxır ki, beynəlxalq olimpiadalar müəyyən gənclərimizi ali məktəblərə imtahansız qəbul etdirmək hüququna malik olacaq. Mənə elə gəlir ki, bu, düzgün deyil. Amma məsələnin şagirdlər üçün böyük stimul olduğunu deyənləri də anlamaq asandı. Uşaqlar belə olanda elmə, təhsilə daha çox maraq göstərirlər. Amma bunu yoluna qoymaq çətin problem deyil. Olimpiadalarda qalib çıxan şagirdləri qəbul imtahanlarından sonra keçirilən müsabiqdə fərqləndirmək mümkündü. Yəni eyni ballar toplayan abituriyentlər arasında olimpiada qaliblərinə üstünlük verilməsi məsələyə daha ədalətli yanaşma hesab olunar.
   
   Kimlərsə mənə irad tuta bilər ki, məsələnin indi gündəmə gətirilməsi gecdir. Yəni artıq iş-işdən keçib. Amma mənə elə gəlir ki, söhbət ölkəmizin sabahından, gələcəyindən gedirsə, heç nə gecikmiş hesab olunmamalıdır. Atalarımız demiş, "ziyanın harasından geri dönsən, kardır". Beynəlxalq olimpiadaları Azərbaycan üçün Tələbə Qəbulu üzrə Dövlət Komisiyasına çevirmək təhsilimizə, eləcə də gələcək kadr potensialımıza çox ciddi zərbə ola bilər. Ona görə də "beynəlxalq" deyib onsuz da problemlərlə dolu olan həyatımıza əlavə əngəllər törətməkdən qəti şəkildə çəkinməliyik. TQDK varsa, qoyun ali məktəblərə də tələbələrin qəbulunu o həyata keçirsin. Lazımdırsa onun işini təkmilləşdirək, daha da şəffaf bir səviyyəyə çatdıraq. Onun funksiyasına şərik qoşmayaq...

TƏQVİM / ARXİV