adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

QUYU

VƏSİLƏ USUBOVA
31142 | 2009-12-05 04:17
Biz çox şeydən yaza bilərik. Yazmalıyıq da. Amma yazmırıq. Yaza bilmirik. Ürəyimiz istəyən qədər yaza bilərik, ancaq ürəyimiz istəyəni yox. " Paraya dəymə, bütövü kəsmə, doğra doyunca ye" atalar sözü zəmanəmizin devizidi. Bilmirəm, Aqil bəy nə istəyir bizim atalarımızdan. Kişilər bu dünyanı dönə-dönə dişlərinə vurublar, yeri gəldikcə, elə sözlər işlədiblər ki, onları dil yaddaşımızdan silmək mümkün deyil. Elə bizə miras qoyduqları ən gözəl şeyləri də bu atalar sözləridi ki, onları da inkar eləsək, öyünməli nəyimiz qalacaq, bilmirəm...
   
   Ürəyimizin istədiklərindən danışırdım. Ürək elə şeydi ki, istədiyini yazmadın, demədin, görməzliyə vurdun dolacaq, şişəcək, günlərin birində... Gərək adambaşına bir quyu qazdırasan, arada başını soxub " İsgəndərin buynuzu var, buynuzu" deyib var gücünlə bağırasan. Ürəyini xilas eləməkçin. Amma bu kifayət deyil, yəni, hamıya kifayət deyil. Çünki aramızda gec-gec də olsa, elələri yaşayır ki, onları təkcə öz ürəklərini qorumaq, xilas eləmək düşündürmür. Həqiqəti , ədaləti xilas eləməkçin, ürəkləri nədi, başlarından da keçməyə hazır olurlar. Deyirlər, Nodar Dumbadze " Ağ bayraqları" yazıb qurtarandan sonra deyibmiş: " İstədiyimi elədim. Daha bundan sonra rahat ölə bilərəm..." Doğrudan da çox yaşamadı. Ürəyinin partlamağına lap az qalıbmış, yəqin. Bir kitabı yazıb işıq üzünə çıxarmaq qədər ömrü qalıbmış. Yazdı, işıq üzünə çıxardı və öldü. O iki cümlə də son dəfə çəkilmiş yanıqlı bir ahdı. Elə bir ah ki, açmasına yüzlərlə kitab bağlamaq olardı... Həm də özünə bir təsəlliydi o sözlər. Ancaq özünün anlaya biləcəyi bir təsəlli. Qiyməti, dəyəri özündə qalan bir təsəlli. Bir içim suynan udula biləcək sakitləşdirici həbin söz əvəzedicisi...
   
   Belə olmaya da bilərdi. Tanrı Onu ( və Onun kimiləri) dünyaya söz deməyə göndərmişdi, insanların adından danışmağa ( Ç.Aytmatov) yaratmışdı. Yaratmışdı ki, hamının görə bilmədiklərini görsünlər, duya bilmədiklərini duysunlar, deyə bilmədiklərini desinlər. Gördülər də, duydular da, gördüklərini, duyduqlarını adam dilində yazdılar da. Ancaq onları eşidən olmadı, ya da çox az adam eşitdi, eşitmək istəyən çoxluq da özünü karlığa vurmağa məcbur oldu. Çünki dünya düzəni başqa bir səmt götürmüşdü artıq. Dəyərsizliyə, unutqanlığa yönəlik bir səmtə gedirdi bəşər gəmisi. Nəsillərin ruhu başqa ab-havada köklənməyə başlayırdı. Geriyə baxmaq qadağandı, irəlidədi hər şey, deyirdilər. Amma o "irəli" gəlib yetişmək bilmirdi. Sükan korların, karların, xain və kəmağılların əlinə tapşırılmışdı, ona görə. Daha xilas görünmür. Qatar gedib artıq. Relslə getdi, relsdən çıxdı, bu da kimsəyə bəlli deyil...
   
   
   
    ***
   
   Ağsaçlı hərbçi atdan düşüb döyüş meydanında qalan yaralı əsgərin yanında çömbəlir. Bayaqdan bəri izlədiyi cəsur oğlana heyranlıqla baxır. Baxışlarından nəvaziş, şəfqət yağır. Arxaya dönmədən özünü yetirən döyüşçüsünə əmr edir: " Mənim dərman qutumu gətirin. Həkimimi də çağırın". Əlini uzadıb əsgərin sifətini sığallayır. "Bu oğlan çox qiymətlidi..." Çox təsirli mənzərədi, elə deyilmi?! Bu sözlərdən sonra həmin əsgər canını tapşırsaydı da, ruhu o dünyaya incik getməyəcəkdi... Amma ölmədi. Ölməyə haqqı da yoxdu. Çünki dəyərini, gərəkliliyini görüb eşidirdi. Qoca hərbçinin şəfqətli sözləri, isti baxışları həkimdən, dərmandan qabaq yaralarından axan qanı qurutmuşdu...
   
   Danimarka şahzadəsinin möhtəşəm cənazə törəninə göstəriş verən Frans Ferdinandın alicənab jesti də məni eynən belə heyran qoymuşdu. Həmin səhnə filmdə ən çox xoşladığım hissədi. Hamletin cənazəsini dörd general çiynində qaldırıb aparır. Adam inana bilmir. Doğrudanmı, insanlığın belə çağları olub?! Hətta düşmənin də igidliyi, mərdliyi qiymətləndirilən zamanlar niyə dünəndə qaldı?! Təkcə dost deyil, düşmən tərəfin də yaralısına, ölüsünə belə yüksək dəyər vermək ancaq və ancaq əsl-nəcabətli, zatı-kökü bəlli olanların adətidi. Belələri həm də özlərini, öz nəsillərini bir daha şərəfləndirir, bu şərəfi ləyaqətlə övladlarına, nəvələrinə ötürürlər. Tanrının seçdiyini sən də seçib hörmət edirsən, simasında ilahi nuru görüb duyursan. Bunu bacarırsansa, sən özün də seçilmiş varlıqsan və ən böyük qiymətə layiqsən. İnsan ancaq başqasını qiymətləndirəndə özünün də əsl qiymətini ortaya qoyur, özünü təsdiqləyir...
   
   İnsanların istedadını, bacarıq və qabiliyyətini üzə çıxarmaq üçün şərait lazımdı. Bu şəraiti, bu mühiti də biz yaradırıq. Əgər yaratsaq... Bir-birimizi sevsək, qiymətləndirsək, əzizləsək, öz ömrümüzü də gözəlləşdirmiş olarıq...
   
   Belə dəyərləri təkcə kitablarda, kinolarda deyil, ətrafında da görmək özünə qiymət verməyi bacaran hər bir kəsin istəyidi. Təsəvvür edin ki, gündəlik həyatımızda da hər addımbaşı belə kübar davranışların şahidi oluruq. Sevgi və sayğıların hökmranlıq etdiyi bir ortamda yaşamaq yəqin ki, hər kəsin qəlbini xoş, həyəcanlı duyğularla doldurardı. Qəm-qüssə, xəstəliklər bizdən üz çevirər, ömrümüz birəbeş uzanardı. Amma, hardadı o bəxtəvərlik?! Eqoizm, özünəvurğunluq, başqalarının işıqlı tərəflərini görməmək, daha dəqiqi, özünü görməzliyə vurmaq kimi axmaq vərdişlər artıq həyat tərzimizə çevrilib...
   
    Gündən-günə miskinləşən dünyamızda ucdantutma hamı gözəldi, istedadlıdı, bacarıqlıdı. Göylərdən enmiş mələk misallıdı. Təşbehlərin, bənzətmələrin, tərifnamələrin biri beş qəpiyədi. Baş alıb getdikcə gedir, qabağına əl qoyan, üz turşudub etiraz edən yoxdu. Cərrah stolundan qalxan " gözəllər" Tanrının öz könlüylə yaratdığı gözəlləri divara qısnayıb. Zövqlər korşalıb, bayağılaşıb- öz könlünün səsinə qulaq asan yoxdu. Özümüzü tərifləməkdən gözlərimiz, qulaqlarımız elə tutulub ki, deyəsən, İsrafil surunu çalanda da ayılmayacağıq. Nə günə qaldığımızın fərqində də deyilik. Bəlkə də beş-on nəfərin özünə vurğunluğu fəlakət deyil. Vay o gündən ki, ucdantutma hamı bu xəstəliyə tutula. Deyəsən, elə doğrudan da, bu xəstəlikdi, axı. Özü də bunu bilərəkdən bizlərə yoluxduranlar var...
   
   
   
   ***
   
   " Nizami" filminin qəhrəmanı deyir: " Gələcəkdə bizə də qibtə eləyəcəklərsə, necə olacaq bu dünyanın aqibəti?!" Səkkiz yüz il özündən sonrakıların belə aqibətindən narahat olan böyük insan bu günümüzdən xəbər tuta bilsəydi, nə düşünərdi, görəsən? O müdrik kəlamlarının, nəsihətlərinin işə yaramadığınımı düşünərdi? Elə bilirəm ki, bizə ilk nəsihəti yenə də kitab oxumaq, elm öyrənmək olardı... Təbii ki, indiki kitablardan xəbəri olmasa...
   
   
   
   ***
   
   Kitab çoxaldıqca oxucu azalır. Oxucu azaldıqca əsl yazarın əli-qolu sustalır. Niyə yazıram? Kimdən ötrü yazıram? Səsim qulaqlara çatmayacaqsa, ürəkləri titrətməyəcəksə, beyinləri nurlandırmayacaqsa, kağız korlamağın nə anlamı qalır?! Oxumaq, oxuduğuna inanmaq, inanıb sevmək, bağlanmaq, yol tutmaq kimi vərdişlər getdikcə korlanır. Kitablar hər tərəfi bürüdükcə, kitabsızlıq dönəmi qərarlaşır. Bu da elə Allahsızlıq kimi bir şeydi...

TƏQVİM / ARXİV