adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
02 Mart 2015 14:56
3195
ƏDƏBİYYAT
A- A+

DƏK layihəsindən 2 yeni kitab

DƏK seriyasından növbəti yeni 2 kitab çap olundu.

Beləliklə Dünya Ədəbiyyatı Kitabxanası layihəsindən 105 kitab artıq nəşr olunub.

1. Dünya dramaturgiyası antologiyası. İki cilddə. 1-ci cild
2. Migel Asturias. "Seçilmiş əsərləri”

Dünya dramaturgiyası antologiyası. İki cilddə. 1-ci cild
Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2014, 528 səh.

Dünya ədəbiyyatı seriyasından olan "Dünya dramaturgiyası antologiyası" kitabının birinci cildinə XX əsrin görkəmli nümayəndələri Jan-Pol Sartrın "Yalnız həqiqət", Arman Salakrunun "Lenuar arxipelaqı, yaxud tərpənməyənə toxunmayın", Eduardo De Flipponun "Neapol", Maks Frişin "Don Juan, yaxud həndəsəyə vurğunluq", Vitold Qombroviçin "Burqundiya şahzadəsi İvonna", Kobe Abenin "İstehkam" və Leroy Consun "Uçan hollandiyallı" əsərləri verilmişdir.

Cilddə toplanan əsərlərin cərəyan və üslub baxımından rəngarəng olması onun oxucu auditoriyasını daha da genişləndirir.


***

Migel Asturias. "Seçilmiş əsərləri”
Bakı, "Şərq-Qərb” Nəşriyyat Evi, 2014, 568 səh.

Dünya ədəbiyyatının fenomeni sayılan Latın Amerikası nəsrinin ötən əsrin 50-ci illərindən Avropanı fəth etmiş nümayəndələrindən biri də məşhur Qvatemala nasiri, şairi, jurnalisti və diplomatı Migel Anxel Asturiasdır. Doğma ölkəsində yaşayan yerli xalqların – hindu tayfalarının hüquqları uğrunda çarpışan, onların tarixini, mədəniyyətini, ədəbiyyatını dünya məkanına çıxarmağa can atan Asturias "Hər şeyi hindu ölçüsüylə ölçən yazıçı” adını nahaq yerə qazanmamışdır. Bu şərəfli məqama o, bütün həyatı və yaradıcılığıyla çatmışdır.

Migel Asturias siyasi proseslərə qarışmadan jurnalistika və bədii yaradıcılıqla məşğul olmağı daha üstün tutmuşdur. Latın Amerikası nəsrinə xas keyfiyyətlər – təhkiyə özünəməxsusluğu, mifologizmdən istifadə, nağıl və əfsanə ünsürləri, irreallıqlar Asturias nəsrində müşahidə edilir.

Dünya ədəbiyyatı seriyasından olan Nobel mükafatçısı Asturiasın "Seçilmiş əsərləri” kitabına onun "Mais adamlar” romanı, "Lida salın aynası” silsiləsindən olan hekayələri, "Qvatemala” silsiləsindən olan əfsanələri, "Kukulkan – qanadlı ilan” pyesi toplanmışdır.

Latın Amerikası romanının çağdaş yetkinlik mərhələsinə qədəm qoymasında mühüm rolu olan yazıçılar içərisində Migel Asturiasın adı birincilər sırasında çəkilir. O, təkcə Latın Amerikası ədəbiyyatının yox, bütövlükdə dünya ədəbiyyatının incilərindən sayılır.

Kitablar geniş* oxucu kütləsi üçün nəzərdə tutulub.