adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
02 Mart 2015 14:53
5401
ƏDƏBİYYAT
A- A+

“Ulduz” jurnalının fevral sayında nələr var?

Bugünlərdə "Ulduz” jurnalının fevral sayı işıq üzü görüb. Dərgi tənqidçi Elnarə Akimovanın "Ulduz”a gələn və Ondan başlanan yollar” adlı ekspert yazısı ilə açılır.
 
Tənqidçi "Ulduz”un ekspertiza təşəbbüsünə jurnalın yalnız ədəbi materialı dəyərləndirmə cəhdi kimi deyil, həmçinin onun özünün əməyinin, ortaya qoyduğu işin tənqidə açıqlığı, onun kənar gözlə analiz olunma cəsarəti kimi yanaşdığını qeyd edib Jurnalda gənc yazar Azər Fəraqinin qəzəlləri Yazıçılar Birliyinin katibi, yazıçı İlqar Fəhminin təqdimatında oxucuların ixtiyarına verilib.

"Ulduz” jurnalı ilə "Ədəbiyyat qəzeti”nin birgə layihəsi olan "Variasiya”da bu dəfə türk yazıçısı Orxan Kamalın "İki buçuk” hekayəsinin tərcüməsi üzrə müsabiqə elan edilib.

"Tərcümə saatı” rubrikasında Aleksandr Blokun şeirləri orijinalı ilə yanaşı Əlizadə Nurinin tərcüməsində verilib.

"Ulduz”un budəfəki şeir vaxtında Kəmaləddin Qədim, Müşfiq Cəbiyev, Rafiq Yusifoğlu, Rizvan Nəsiboğlu, Sabir Zamanlı və  Nurlanın şeirləri, həmçinin Vüqar Rahinin qəzəlləri də  yer alıb.

"Anım” bölümündə Vaqif Bəhmənlinin təqdimatında bu yaxınlarda dünyasını dəyişmiş Xalq şairi Vaqif Səmədoğlunun əziz xatirəsi "Mən burdayam, İlahi” yazısı ilə anılıb.

"Ulduz”un fevral nömrəsində Sevinc Mürvətqızının "...Məktublar” silsiləsindən "Sənin mifin dağıldı, Apollon” essesi dərc edilib.

Laura Cəbrayıllının "Oyaq yuxular” silsiləsindən "Kəllə pəncərə” və "Torağay təpəsi” hekayələri də dərginin bu sayında işıq üzü görüb.

Aydın Dadaşovun "Cənnət xanımın "III Riçard”ı” yazısı jurnalın "Sənət” bölümündə öz əksini tapıb.

Məti Osmanoğlunun təqdimatında  poststrukturalist nəzəriyyənin görkəmli nümayəndəsi Yuliya Krsitevanın "Gənc yazarlar üçün nəzəriyyə dərsi” verilib.

Jurnalda Əlisəfa, Rəşid Faxralının nəsr əsərləri, Hicran Hüseynovanın "O böyük xoşbəxtlik” pritçası, Qəşəm Nəcəfzadənin Mirfəridin şeirləri haqqında yazdığı "Səni şeirdə görməyimə şadam” yazısı dərc olunub.

Dərginin "Tribuna” bölümündə Xanım Mehdixanlı "Çiçəklərin çəkir gözü intizar” adlı yazısında Xalq şairi Nigar Rəfibəylinin həyat və yaradıcılıq yolundan söz açıb.

Fərqanə Mehdiyevanın moderatorluğu ilə aparılan ənənəvi "Diskussiya klubu”nda Məhsəti Musa, Ramilə Qardaşxanqızı, Elçin Aslangil, Nilufər, Təranə Turan Rəhimli, Günel Rüstəmli müzakirəyə qoşulub.

Jurnalın "Dərgidə kitab” layihəsinin budəfəki qonağı Şəfiqə Şəfadır. Layihədə onun tərcümələri verilib.

Artıq satışda olan jurnalın üstündə oxucular həmçinin "Leyli və Məcnun” operasının diskini və "Aforizmin iki zirvəsi” kitabını hədiyyə kimi əldə edə bilərlər.