BƏRAƏT KAğIZI

ƏBÜLFƏT MƏDƏTOĞLU
33475 | 2009-11-27 00:35
İndiki uşaqları bilmirəm, bizim illərin uşaqları orta məktəbin ilk sinifinə gedəndə riyaziyyatdan (o vaxtlar "hesab" dərsi deyirdilər) saymağı öyrənmək üçün barmaqlarından istifadə edirdi. Bir-bir barmağımızı qatlayıb, ta gəlib çıxırdıq ona. Amma sonralar say çöpləri çıxdı. Rəngbərəng olan bu çöplərdən mən uşaqlarım üçün də almışdım. Bunları xatırlayıram. Amma eşitdiyimə görə, bu zamanın uşaqları indi deyəsən telefon vasitəsi ilə, kompüter vasitəsi ilə, daha nə bilim nələrin vasitəsi ilə saymaqda maraqlıdırlar. Görünür, bu da zamanın bir diqtəsidi. Və yaxud da zaman belə gəlib. Hər nəsə.
   
   Yaxşı xatırlayıram, hesab dərsində barmağımın birini, daha doğrusu ikisini birdən qatlayıb sayda yanılmışdım. Elə bir müddət uşaqlar mənə sataşıb "doqquzbarmaq" deyirdilər. Bu da uşaqlığın bir yanlışlığı idi. İndiki ağlım olsaydı, yəqin ki, ona da nəsə bir şərh tapıb verərdim, amma o vaxtlar bilmirdim ki, sayı doqquzda da tamamlamaq olar, onda da, təki istək olsun və bir də niyə, hansı məqsədə barmaq saydığını biləsən. Nəsə...
   
   Bütün bunlar indi xatirə olduğu qədər də düşündürücüdü. Çünki ömür də sayılı gündü və o sayılan günlər bir-bir üzügeriyə, arxa plana doğru gedir. Yəni, çoxluqdan azlığa doğru bir hərəkət başlayır. Bu hərəkəti, bu azalmanı saxlamaq mümkün deyil. Ən azı ona görə ki, bu Tanrı hökmü - insanın beşikdən məzara tərəf gedən yoludu. Və mən də bu yolun yolçularından biri kimi, çoxluğun azalmasını hər gün hiss edir, hər gün bir barmaq qatlayıram. Qatlanan barmaqların harda bitəcəyini, harda bir-birinə qarışacağını qismən təxmin etsəm də, amma içimdə bir inam var ki, bu dəfə doqquzda dayanmayacam, ən azı ona gəlib çatacam. Gəlib çatdığım yerdə də yəqin ki, deyəcəyim sözün heç olmasa son təsəlli işartısı kimi qəbul olunmasına imkan yaranacaq. Bilirsiniz niyə? Ona görə ki, ürək adlanan özəl dünyada olanlar yalnız və yalnız sahibinə və Tanrıya bəllidi. Tanrı da imkan verəndə sahibi həmin özəlliyin müəyyən qismini üzə çıxara bilir.
   
   
   
   mən hələ də gün sayıram
   
   uşaq barmaq sayan kimi
   
   könlümdən işıq yayıram
   
   dərələr səs yayan kimi...
   
   
   
   mən hələ də qəm çözürəm
   
   çözdüyüm qəmə dözürəm...
   
   boyat dərdimdən bezirəm
   
   təzəsini duyan kimi...
   
   
   
   mən sənlə dolu anımdan
   
   qovuram, yadı yanımdan!
   
   soyuram - ilan canından
   
   qabığını soyan kimi...
   
   
   
   mən hələ də məcnunluqda
   
   əl çatmaz bir məchulluqda
   
   sevmək əgər məşqulluqsa -
   
   öləcəyəm- doyan kimi!..
   
   
   
   ***
   
   Son günlər Bakının havası lap cızığından çıxıb. Sakit, səssiz dayandığı bir məqamda bir də görürsən ki, bir topa bulud döndü şıdırğı yağışa. Leysan necə başlayırsa, "Bəyin oğurlanması" filmində deyildiyi kimi, yağışdan tutub göyə çıxmaq imkanı yaranır. Bax, belə bir yağışın altında tək, hər kəsdən ayrı bir şəkildə küçə ilə addımlayıram. Mənə xoş gəlir, yağış altında, qar üstündə gəzmək. İndi qar üstündə gəzmək mövsümü bir az uzaqdadı. Yəqin ki, doğulduğum yerlərdə artıq ilk qar öz mənzərəsini sərgiləyib. Amma yağış payım Bakıda könlümü xoş edir. Üz-gözümdən üzü aşağı axan bu yağışın altında addımlaya-addımlaya gedərkən elə olur ki, şəhərimizin iri gölməçələrini belə, seçə bilmirəm. Çünki küçə boyu əməlli-başlı çay axır. Bu çaydan keçmək, yəni yolun sağını soluna dəyişmək hünər istəyir. Məndə də o hünər yoxdu. Odur ki, yolu hardan gəldi, necə gəldi keçib gedirəm.
   
   Sürücü qardaşlara da Allah insaf versin. Nə yağışı nəzərə alırlar, nə də yolu keçəni (Bu yerdə yadıma Faiq Qismətoğlu düşdü. O da sürücülərdən və yollardan həmişə dad edir). Bax, bir də onda hiss etdim ki, əməlli-başlı lilli-lehməli su çırpıldı sifətimə. Bütün əhvalım pozuldu.
   
   Göydən ələnən nur damcıların bu lilə, lehməyə çevrilməsi istər-istəməz ürəyimi ağrıtdı. Ona görə də məni bu görkəmə salan sürücünün ardınca heç nə demədim. Birdə desəydim də nə səsim ona çatacaqdı, nə də sözüm. Ən azı ona görə ki, maşını bu cür idarə edən mütləq həmin anda xoş duyğulardan, anlayışdan yetirəncə uzaq olur, yoxsa bu hərəkətə yol verməzdi. Və mənim də bu çılpaq həqiqətin qarşısında durub nəsə deməyim özü də elə həmin sürücünün hərəkətinə bənzəyərdi. Odur ki:
   
   
   
   çılpaq bir yalan
   
   ütülü pul kimi
   
   oynadı
   
   gözlərimin önündə...
   
   
   
   sifarişçisi
   
   ehtiyac olan
   
   bu ağ yalan
   
   ütülü pul kimi
   
   hər an
   
   əzilib
   
   atıla da bilər,
   
   yuxarı başa keçib
   
   həqiqətin
   
   havasına
   
   qatıla da bilər -
   
   qərar
   
   ağıldan
   
   və məntiqdən
   
   gələcək -
   
   görək zaman nə deyəcək!..
   
   ***
   
   Payızın son ayında torpaqdan gələn qoxunu ilk dəfə şəhərdə hiss etmişəm. Bilmirəm, şəhərin asfalt örtüyü çoxdu, yoxsa şəhərdə torpaq azdı deyə burda həmin qoxu payıza qədər qorunub saxlanılır, yaxud da burda hasısa bir sirr var... hər nədisə həqiqətən bu payız yağışlarında mən Bakıda torpağın qoxusunu duydum. Təsəvvürümdə yayın cırhacırında Qarabağda, Mildə, Muğanda, Şirvanda qovrulan torpağın üstünə səpilən suyun təsirindən torpaqdan gələn qoxu canlandı. Həmin andaca ürəyim səksəndi, yadıma o qoxunun dolu olduğu günlər, həsrətini çəkdiyim yerlər düşdü və mən istər-istəməz torpağın bu qoxusunu ciyərlərimə çəkmək üçün sudan çıxarılmış balıq kimi ağzımı açıb dərindən nəfəs almağa başladım. Yanımdan ötüb keçənlərin mənə sancılan baxışlarına məhəl qoymadan torpağın qoxusunu ciyərlərimə çəkirdim. Elə həmin anda da rəhmətlik Vidadi Məmmədovun bir sözü yadıma düşdü:
   
   - Torpaq adamı çəkir!
   
   Təbii ki, Vidadi Məmmədov həmin sözü, həmin fikri başqa məqamda, başqa yer üçün demişdi. Özü də başqa birisinə demişdi. Mən sadəcə, həmin o torpaq qoxusundan, təsirindən duyğulandım və həmin sözlər də yadıma düşdü.
   
   Bakıda da ağaclar yavaş-yavaş çılpaqlaşır. Payız havasına qol qaldırıb yarpaq tökən ağaclar mənə nədənsə təklikdən, tənhalıqdan xəbər gətirənə bənzəyir. Elə bilirəm ki, bu ağaclar bir də göyərməyəcək, bar verməyəcək. Elə beləcə payızın saçyoldusunda quruyub gedəcəklər... Və bütün bu düşündüklərim də payızın özü kimi sapsarı saralacaq. Bu sarılığın içərisində sabaha bir cücərti qalıb- qalmayacaq bax, onu deməyə çətinlik çəkirəm. Çünki ən böyük həqiqətlərin belə zamana ehtiyacı var. Zaman isə öz bildiyi məqamda hökmünü verir. Onu tələsdirmək olsa-olsa süni yolla nəsə əldə etmək kimi bir şeydi. Nə dadı daddı, nə görünüşü görünüş.
   
   
   
   mən hələ də
   
   fikirlərin cəngindəyəm
   
   bu savaşda uduzmaq da, udmaq da var...
   
   dərd qovduğu kəhərlərin tərkindəyəm
   
   büdrəyəndə yıxılmağı dadmaq da var.
   
   
   
   mənim üçün yoxuş artıq sona çatıb
   
   eniş isə qaçılmazdı -
   
   qismət belə...
   
   barmaq sayı daha gəlib ona çatıb-
   
   doğuluşdan kəsilibdi kəsmət belə..
   
   
   
   sən halıma için-için üzülmə heç
   
   təpki də var, görüntü də, ədalət də!
   
   bu həyatın ip ucunu özün tap, seç
   
   görəcəksən nələr çəkir Əbülfət də...
   
   
   
   Düşündüklərimi yazıb yekunlaşdırmağa çalışdığım məqamlarda qəribə olaylar baş verdi. Bir anlıq həyata da, qələmə də, sözə də, lap elə özümə də yazığım gəldi. Açığı anlaya bilmədim ki, çevrəmiz, həyatımız, bütövlükdə ömrümüz niyə məhz nələrisə izah etməyə həsr olunmalıdır?.. Niyə biz mütləq izahlarla, izahatlarla, şərhlərlə, bir sözlə, özünə bəraət sığortası ilə yaşamalıyıq. Məgər ömür gündoğandan günbatana tingdən, çubuqdan uçub yıxılan ağaca, yaşıl yarpaqdan xəzələ, elə konkret desəm doğuluşdan ölümə qədər gedən bir yol deyil? Əgər belədirsə və bunu hamımız da qəbul etmişiksə, onda niyə ürəyimizin səsi ilə ruhumuzun pıçıldadıqlarını kimlərinsə qarşısına bəraət donunda çıxarmalıyıq? Nə bilim vallah, nə qədər düşünsəm də, öz duyğularımı doğmalığından başqa həqiqət olduğuna qədər inandığım başqa heç nəyi qəbul etmək gücündə deyiləm. Sizi deyə bilmərəm, mən deyəsən yalan dünyada yaşayıram. Elə bir dünyada ki, yaşamaq haqqında hüquqi sənəd ola biləcək bəraətim də yoxdur.

TƏQVİM / ARXİV