adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

GiLAN ƏFSANƏSi

22177 | 2009-11-27 00:35
(əvvəli ötən saylarımızda)
   
   
   
   XX əsr mübarək qədəmləri ilə təzəcə gələndə bu qoca dünya bir qədər dəyişmək, yeniləşmək həvəsilə möhkəm silkələnməyə başladı. Xüsusən Rusiyada ictimai-siyasi mənzərə sürətlə dəyişir, kəskinləşir, inqilabı vəziyyət yetişirdi-. 1905-ci ildə birinci Rus inqilabı baş verəndə onun əks-sədası təkcə Avropada deyil, Şərq aləmində də özünü göstərdi. Qonşu İranda milli azadlıq hərəkatı canlananda siyasi arenaya Səttar xan, Xiyabani kimi yeni simalar çıxdı. Sosial narazılıq zəminində zülmə dözməyib baş qaldıran insanlar ayrı-ayrı siyasi cərəyanların təsiri altında təşkilatlanmağa başladı. Proses davam etdikcə kortəbii yaranan hərəkat yavaş-yavaş sistemləşdi, siyasi platformalar yarandı, məqsəd bəlli oldu, mübarizə əzmi və müqavimət gücü artdı. Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə ölkənin şimalında xalq ayağa qalxdı. 1920-ci il aprel ayının 7-də Təbriz şəhərində məramı adında aydın ifadə olunan Azadistan yarandı. Nə yazıq ki, bu hadisədən üç həftə sonra Bakıda Müsavat hökuməti süquta uğradı. Aprelin 28-də işğala məruz qalan Azərbaycanın ardınca İran torpaqları da şourəviləşə bilərdi. Sən demə bu hadisələrdə Almaniyanın Rusiyadakı səfiri qraf Vilhelm fon Mirbahı qətlə yetirən Yakov Blyumkin də yaxından iştirak edibmiş.
   
    * * *
   
    Azərbaycanda Sovet hakimiyyəti qurulandan 20 gün sonra Xəzər dənizində üzən rus hərbi gəmilərindən atılan top mərmiləri Ənzəli əhlini də əməlli-başlı qorxutdu. Onsuz da neçə vaxtdan bəri ingilis hərbi-dəniz donanmasının bazasına çevrilən bu şəhərin əmin-aman günləri çoxdan unudulmuşdu. Biləndə ki, ruslar Ənzəli limanında lövbər salan Denikindən qalma gəmilərini geri almağa gəliblər, yerli camaatla işləri yoxdur, araya bir qədər sakitlik çökdü. Əslində şah rejiminə, ingilis ağalığına qarşı səfərbər olan milli-azadlıq hərəkatını dəstəkləyən bolşeviklərin bu gəmilərdən başqa daha regionda ciddi maraqları vardı. Qızıl ordu hissələri neçə vaxtdan bəri nahaq yerə Azərbaycanla İranın sərhəd zolağında toplaşmırdı. Komandirlər qonşu dövlətin ərazisinə keçmək üçün əmrə müntəzir idi. Mayın 17-də Rusiyanın Xəzərdəki hərbi dəniz donanmasının xüsusi eskadrilyası Fyodor Raskolnikovun rəhbərliyi ilə Bakı limanından Ənzəli istiqamətində yola çıxdı. On iki gəmidə yerləşdirilən silahlı matrosların ümumi sayı iki min nəfərə çatırdı. F. Raskolnikov mənzil başına yetişən kimi ingilislərin 36-cı piyada diviziyasının rəhbərliyinə bir gün ərzində tutduqları mövqelərdən ölkənin içərilərinə doğru çəkilmək barədə ultimatum verdi. Səhərə yaxın vədənin müddəti bitəndə ingilislərin mövqeləri gəmilərdən güclü top atəşinə tutuldu. Bolşeviklər heç nəyə məhəl qoymadan İranın quru sərhədlərini də pozmuşdu. Qafqaz diviziyasının əsgərləri Araz çayını adlayıb qonşu dövlətin ərazisinə soxularaq Ənzəli istiqamətində irəliləyirdilər. Sahilə yan alan "Proletariy" kreyseri uzaqdan da olsa vəziyyəti nəzarətdə saxlamaq və lazım gələrsə döyüşə müdaxilə etmək barədə müvafiq əmr almışdı. Dənizdə ruslara müqavimət göstərmək istəyən Böyük Britaniyanın kiçik katerlərinin öhdəsindən gəlmək üçün bir tək "Derzskiy" esminesi belə yetərli oldu. Qeyri-bərabər qüvvələr nisbətini görən ingilis komandanlığı sağ qalan döyüşçüləri ilə Rəşt istiqamətində geri çəkilməyə başladı. Ultimatumun şərtlərinə əsasən ingilislər əllərində olan bütün nəqliyyat vasitələri və təkərli hərbi texnikadan imtina edib piyada mövqelərini tərk etməli idi. Rus desantı suda və quruda yüksək döyüş hazırlığı nümayiş etdirdi. Nəticədə Xəzərin cənub sahilləri tamamən ingilislərdən təmizləndi. Bu əməliyyatdan Qızıl orduya hərbi qənimət olaraq 10 köməkçi kreyser, 1 üzən baza, 1 təyyarə, 4 torpeda kateri, 4 hidrotəyyarə, 7 nəqliyyat vasitəsi, 50 top qurğusu , 20 min ədəd top mərmisi, 20 radiostansiya qaldı.
   
   
   
   * * *
   
   
   
   1920-ci ilin yaz aylarında İranın ikinci böyük şəhəri olan Təbriz də şah üsuli-idarəsinin nəzarətindən faktiki olaraq çıxmışdı. Daha öncə dediyim kimi, aprel ayının 7-dən bu hakimiyyəti ələ alan şeyx Məhəmməd Xiyabani cənubi Azərbaycan ərazilərində Azadistan yaratmağı düşünürdü. Amma ruslar nədənsə şeyx Məhəmmədlə deyil, cəngəlilər hərəkatına başçılıq edən Kuçek xanla əlaqə qurmağa daha çox maraq göstərirdi. Təsadüfi deyil ki, İran torpağına qədəm basan kimi Fyodor Raskolnikov məhz onunla gizli danışıqlar aparırdı. Əslində bu seçimin səbəbi aydın idi. Təbrizdəkilər sovet qoşunlarının Ənzəliyə yeridilməsi ilə razılaşmadıqlarını açıq şəkildə bildirmişdi. Xiyabanı və onun həmfikirləri bolşeviklərin Mirzə Kuçeki tərəf kimi qəbul etməsini, danışıqlar masasına oturmasını ciddi saymır, bu səviyyədə razılaşmaların heç bir hüquqi əsası və qüvvəsi olmadığını deyirdilər.
   
   Rusların əldəqayırma Gilan Sovet respublikasının rəhbərliyinə Mirzə Kuçek xanı gətirəndə onun savadına, siyasi hazırlığına, bir sözlə kimliyinə yaxşı bələd idilər. Bu adam hər zaman düzlük, ədalət tərəfdarı olması ilə camaat arasında xüsusi rəğbət qazanmışdı. Qırmızıların azadlıq, bərabərlik, qardaşlıq, şüarları onun amalına tən gəlirdi. Amma "torpaq kəndlilərə, fabrik-zavodlar fəhlələrə" düşüncəsini paylaşmırdı. Moskvadakı böyüklərin İranla bağlı məkrli niyyətlərindən təbii ki, siyasət meydanının kiçik fiqurları bixəbər idi. İranda " rus dərvişi", deyə tanınan Viktor Xlebnikovun (ədəbi təxəllüsü Velimir - E.B.) yazdığını oxusa, sovetlərin əsas məramı ona da məlum olardı. Zərdüştə istinad edən Velimir əminliklə söyləyir ki, İran mütləq sovet ölkəsi olacaq. Çünki, Peyğəmbər belə buyurub! "Peyğəmbərlik" eləyən Xlebnikov da Ənzəliyə Bakıdan göndərilmişdi. İran Qızıl ordusunun tərkibində təşviqatçı olaraq xidmət edirdi. 1920-ci ilin sentyabr ayında onu hansı küləklərin Bakıda keçirilən Şərq xalqlarının I Qurultayına gətirdiyi təəssüf ki, mənim üçün məchul qaldı.
   
   
   
   * * *
   
   Kuçek xana farsca sərbəst danışan Blyumkinin birdən-birə Ənzəlidə peyda olması təəccüblü gəlməsə də, Raskolnikova bu görüş əsil sürpriz oldu. Hər dəfə sudan quru çıxmağı bacaran köhnə dənizçi yaxşı bilirdi ki, dəyirmana ölü atsan yenidən xortlayan Yakov kimi yüksək peşəkarları ÇK yalnız ən mürəkkəb tapşırıqları yerinə yetirmək üçün istifadə edir. Xatırlayırsızsa, Raskolnikovun həyat yoldaşı Larisanın şair Mandelştamla birlikdə Dzerjinskinin qəbuluna gəlib Blyumkindən giley-güzar etmələri barədə yazmışdım. Feliks Edmundoviçin sözlərinə görə, guya şikayətləri nəzərə alıb, ÇK-nın şöbə müdirini vəzifədən kənarlaşdırmışdı. Bu uydurma hekayəti Fyodor da eşitmişdi. Səfir Mirbahın qətlindən sonra qəzetlərdə yazılanların hesabına cahanda məşhurlaşan Yakovu ona ayrıca təqdim etməyə ehtiyac yox idi. Buna baxmayaraq Kuçek xan Arazın o tayından gələn hörmətli qonaq barədə belə dedi: "tanış olun, sizin həmyerliniz ağaye Yaqub Sultanzadə qardaşımız bizə kömək üçün zəhmət çəkib uzaqlardan təşrif buyurub".
   
   Bəli, əksər iranlılar qürbətdən gələn çekist Yakovu tacir Yaqub Sultanzadə adıyla tanıyırdı. "Ticari" fəaliyyətinə ara verib iranlı "dost"larının xoşbəxt gələcəyi naminə Ənzəlidə düşmənlə döyüşə atılan Yaqub bura gələn gündən qollarını çırmalayıb gərgin fəaliyyətə başladı. Ordunu tezliklə toparlayıb Rəştə hücum etdilər. 1920-ci il iyun ayının 6-da bu şəhər İranın şimal əyalətində yaradılan Gilan Sovet respublikasının paytaxtı elan edildi. Cəngəlilər hərəkatının rəhbəri Mirzə Kuçek xan yeni yaranan respublikanın başçısı oldu. Onun hərbi məsələlər üzrə sağ əli isə Yaqub Sultanzadə, yəni Yakov Blyumkin təyin edildi. Seyid Cəfər Pişəvəriyə xarici əlaqələrlə məşğul olmaq tapşırıldı. İlk böyük qələbədən ruhlanan mücahidlər bolşeviklərin məsləhəti ilə Hərbi İnqilab komitəsinin tərkibinə rus dəniz desantı dəstəsinin komandiri İ.Kojanovu, qabardin əsilli hərbi komissar B. Abukovu da saldılar. Yeni təşkil olunan İran ordusuna yerli gənclərlə yanaşı, sovet Azərbaycanından gələn yüzlərlə əsgər qatıldı. Komanda heyətində keçmiş müsavat zabitlərindən də var idi. Açıq-aydın hiss olunurdu ki, Gilan Sovet respublikasının yaradılmasında maraqlı olan bolşeviklər onlara siyasi, maddi və əsgəri yardım göstərirdi. Həmin günlərdə Sovet rəhbərliyi Kuçek xanı "Qırmızı Bayraq" ordeni də ilə mükafatlandırdı. Ordeni sahibinə təqdim etmək üçün Serqo Orconikidze Rəştə səfər etdi. Bu mükafat xanın xidmətlərinə verilən yüksək qiymətlə yanaşı, həm də boynuna böyük minnət qoyurdu. Mirzə Kuçek Şura hökumətinin diqqətindən çox mütəəssir olsa da, tezliklə rəhbər kreslosunu tərk etdi. Blyumkinin köməyi ilə Gilan Sovet respublikasının növbəti başçısı Ehsanulla xan oldu.
   
   İran Qızıl ordusuna general-mayor V. Qarqaleteli komandanlıq təyin edildi. Bu yerlərdə hər kəs onu "Şapur" adıyla tanıyırdı. İyulun 10-da ordu qarşısında vəzifə qoyuldu ki, paytaxta yaxın ərazilərdə yerləşən bir neçə yaşayış məntəqəsi, o cümlədən Mazandaran vilayəti alınsın. Bunun üçün Ənzəlidən 150 verst məsafədə Q.Pilayevin komandanlığı ilə ehtiyat qoşun hissəsi hücum əmri gözləyirdi. Onu da "Fətulla" kimi döyüşçülərə təqdim etmişdilər. Pilayev Fətullanın dəstəsində əsasən yerli mücahidlər və firqə üzvləri döyüşürdü. Fəqət bölgədə geniş yayılan malyariya xəstəliyi ucbatından əsgərlərin döyüş qabiliyyəti xeyli zəifləmişdi. Xəstələnənlərin sayı durmadan artırdı. Dava-dərman, sarğı materialları çatışmırdı. Döyüşçülər arasında nizam-intizam pozulur, əmrə tabeçilik gözlənilmirdi. Bir neçə uğurlu əməliyyatdan sonra Pilayev sağ qalan 500 nəfərlik dəstə ilə ön cəbhədəki mövqelərini tərk edib, Ənzəli istiqamətində geri çəkilmək məcburiyyətində qaldı.
   
   İranın sovetləşməsində Orconikidze çox maraqlı idi və bunun üçün əlindən gələni əsirgəmirdi. Kremli inandırmağa çalışırdı ki, əlavə min beş yüz rus süngüsü ona yetər ki, Qəzvini, üstəlik Tehranı da rahatca tutsun. Lakin Mərkəzi Komitənin Siyasi Bürosu Ənzəliyə əlavə qoşun hissələri göndərilməsi təklifini qəti surətdə rədd etdi. Həmin dövrdə Kremli ölkə daxilindəki vəziyyət daha çox narahat edirdi. Rusiyanı bürüyən aclıq dalğası sovetlərə ciddi problem yaradırdı. Vrangel ordusu hələ də ciddi təhlükə mənbəyi olaraq qalırdı. Qafqazın işğalına xeyli güc və vəsait sərf etmiş Sovet hökuməti İran inqilabçılarına maddi və hərbi yardım göstərməklə qonşu dövləti bütövlüklə sovetləşdirmək imkanında olmadığını vaxtında dərk etdi. Üstəlik sosializm abı-havasının təsirindən İranda yaranan qeyri-sabit vəziyyətdən Londonda aparılan diplomatik danışıqlarda lazımınca faydalanmağı da bacardı. 1920-ci iyul ayının 10-da "İzvestiya" qəzetində Karl Radekin imzasıyla dərc edilən məqalə Moskvanın rəsmi mövqeyinin qeyri-rəsmi ifadəsi kimi mənalandırıla bilərdi. Radek yazırdı ki, əgər İngiltərə İrandakı maraqlarını qorumaq üçün Moskvaya müraciət edərsə, Sovet hökuməti yəqin ki, mücahidlərlə onların arasında vasitəçiliyi üzərinə götürməyə razılıq verər. Bir şərtlə ki, Böyük Britaniya Sovet Rusiyası ilə sülh müqaviləsi imzalayıb, ona qarşı iqtisadi blokadanı ləğv etsin.
   
   İyulun ortalarında şeyx Məhəmməd Xiyabani Təbrizdə Azadistanın uzun ömürlü olacağına hələ də inanırdı. Rəştdə də elə güman edirdilər ki, Gilan Sovet respublikası tezliklə hər kəsə azadlıq, bol ruzibərəkət gətirəcək, şimal qonşusunun köməyi ilə öz sərhədlərini böyüdəcək. Bu yerdə bir atalar sözü yadıma düşdü: qonşuya ümid bağlayanın çırağı sönər.
   
   İranda baş verən hadisələrlə bağlı şah sarayı ilə yanaşı, dünyanın başqa yerlərində də rəsmi dairələrdə narahatçılıq keçirənlər vardı. Həmin günlərdə hər kəsi nigaran qoyan Təbriz və Gilan şəhərlərində baş verənlər bəlkə də Tehranda saray əhlindən daha çox Qızıl Moskvanı, dumanlı Londonu, küləkli Bakını ciddi düşündürürdü. Hadisələrin nə vaxt və neçə bitəcəyini isə kimsə bilmirdi... Bu yerlərdə havalar da siyasi stabillik kimi dəyişkən di. Qızıl ordu geri çəkilsə də, qızıl payız göz oxşayan mənzərə yaradırdı...

TƏQVİM / ARXİV