adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

DiŞ AğRILARI

VAHİD ƏLİFOĞLU
25280 | 2009-11-21 02:00
...Diktor əslində oxuduğu mətni həyəcansız, sakit tərzdə oxumalıdı. Amma əsirlikdə olan əsgərin doğmalarına yazdığı məktubu oxuyanda səsi titrədi. Kövrəldiyi və kədərləndiyi dərhal hiss olundu... Bəlkə də mənə belə gəldi...
   
   ... Sonra toylar kraliçalığına namizəd öz anasından və keçməkeşli həyatından, onu müşayət etməli olan musiqiçilərdən təəssüflə, incikliklə danışdı... Hadisələr lap hind melodramlarına oxşar məcarada inkişaf edirdi... Yaxşı ki, operatorlar vaxtında kameraları başqa istiqamətə yönəltdilər və bədbəxt tamaşaçılar gözləri bahar buludu tək dolmuş Baloğlan müəllimin məhzun sifətini görüb bir az da artıq bədbəxt oldular...
   
   ...Böyük və əvəzolunmaz "millətçi" Kamran bəy isə məqamına və yerinə düşməyən bir gediş etdi. "Təzə səs rubrika"sından "bala manısı" "anaş manıs"lara təqdim etdi və biz sabah toyxanalarda əsəbilərimizlə məzələnəcək yeni bir müğənnini gördük...
   
   ...Çənəmdən başlayıb sifətim boyu yayılan şiddətli ağrı harasa, başımın içərilərinə doğru uzanır. Diqqətimi yayındırmağa, fikrimi başqa yerə yönəltməyə çalışsam da heç nə alınmır. Gözlərimə görünən, görünməyən, ağılma gələn, gəlməyən nə varsa sanki hamısı elə burda, bu ağrının keçdiyi zolaqda cəmlənib...
   
   ... Həkim kəlbətini sızıldayan dişə elə laqeyd, elə etinasız yaxınlaşdırır ki, elə bil canlı insanın dişini deyil, taxtaya çalınmış mismarı çəkməyə hazırlaşır...
   
   ... Qəribə otaqdı. Pəncərələr pərdəli, lampa dairəvi örtüyün arasında olsa da içəri hədsiz işıqlıdı... Bu işıq mizin üstündə topa-topa qalaqlanmış gipsdən və cərgə ilə düzülmüş "protez"lərdən gəlir... Bir-birinə sıxılmış bənövşəyi "çənələrin" qar kimi ağappaq dişləri adama aramsız "təbəssüm" bəxş edir... "Protez"lər "gülümsəyir"... Açıq, ağaran dişlərə baxmaq necə də ağır və sıxıntılıdı... İlahi, nə yaxşı ki, dodaqları yaratmısan...
   
   ... Beş dəqiqədən sonra sifətimdəki "ağrı zolağının" sərhədlərinin kiçilməyini, keyləşmiş başımın aydınlaşmağını hiss etməyə başladım... Dəmir qutunun içindəki çürük diş indi barıt boşalmış boş gilizə bənzəyir... "Dişin ağrıdı çək qurtar, qonşun pisdi köç qurtar"... Dişimizi çəkdirməyə gecikdik, köçməyə tələsdik, həmişə... Yükümüz yığılı, atımız yəhərli, eşşəyimiz alıxlı... "Yurd yurddan sayalı olar"... Nəyiynən? Dərdiynən, bəlasıynan, itgiləriynən... "Köçən yurdun qədrin düşən yurdda bilərlər"... Qarabağın qədrini çadırda bildik, özgə qapılarında bildik, Haramıda bildik... Yəni, bildik? Deyəsən hələ... Yaşasın kəlbətin və pis qonşunun varını, yoxunu kürəyinə şelləyənlər...
   
   ... Tarix heç vaxt ibrət dərsi olmayıb. Olubsa da biz o dərsdən "qayıb" almışıq. Sürünün qabağına düşüb onu baltanın, bıçağına ağzına aparan təkənin arxa qapıdan hansı qürurla, əda ilə çıxdığını görmüsünüzmü?.. Görməmisiniz. Çünki o qapıda təkədən və təkəni növbəti sürüyə bələdçilik etmək üçün geri qaytaran çobandan başqa heç kim olmur... O təkə bu qəssabxanada ən bədbəxt heyvandı. Hətta uzun müddət sağ qalsa da... Çünki nə vaxtsa sürülərdən birinin içərisində, təzə təkənin ardınca gedəcəyi ağlına gəlmir, heç vaxt...
   
   ... Zeynəb Xanlarova görkəmli xanəndə Süleyman Abdullayevin bu günə qədər fəxri ada layiq görülməməsini haqsızlıq adlandırdı və üzünü milyonlarla tamaşaçıya tutub, bu haqsızlığın aradan qaldırılmasını tələb etdi... Mən Zeynəb xanımın səmimiyyətinə qətiyyən şübhə etmirəm... Amma bu böyük, əvəzolunmaz sənətkarın bu istiqamətdə hansı nüfuza, hansı imkana malik olduğunu da əla bilirəm. O, millət vəkilidi, həm də səhv etmirəmsə parlamentin mədəniyyət komossiyasının üzvüdü...
   
   ... Cəbhəçilərin hakimiyyəti dövründə rayonumuzda bütün dövlət strukturlarının iştirakı ilə müşavirə keçirilirdi. Polis rəisi tribunadan zala xitabən deyirdi:
   
   - Yoldaşlar, rayonumuzda cinayətkarlıq, oğurluq, quldurluq baş alıb gedir. Amma bütün bu halların qarşısını alan yoxdu...
   
   Rayonun "başçısı" dərhal rəisin sözünü kəsib dedi:
   
   - Bəy, sən heç narahat olma. Vəziyyəti yuxarılara çatdırmışam...
   
   ... Cinayət törədənlərin milliyyəti olmur demək, əslində bütün baş kəsənlərin milli mənsubiyyətinin olmadığı deməkdi. İstər yaxın, istərsə də uzaq keçmişdə yaşamış imperatorların, şahların, xanların konkret milliyyəti məlum olmayıb. Bu istilaçıların, işğalçıların hamısı ən azı "ikili" milliyyətə malikdirlər... Və onların əsli, kökü təmiz olan millətlərə nifrəti, kini təbii qəbul olunmalıdı...
   
   
   
   Deyilənlər xəyaldı,
   
   Bildiyin yerə qayıt.
   
   Getdiyin yer sualdı,
   
   Gəldiyin yerə qayıt.
   
   
   
   Sinənə döyə-döyə,
   
   Yazırsan dastan belə.
   
   Nə var ki, öyünməyə,
   
   Bağ belə, bostan belə...
   
   
   
   Doğru yoxsa, bəlkə də,
   
   Kilidsizdi qapılar.
   
   Axtarsan yad ölkədə,
   
   Dəyirman da tapılar...
   
   
   
   Taxtını dilənənlər,
   
   Baxtını seçə bilmir.
   
   Ələkdən ələnənlər,
   
   Xəlbirdən keçə bilmir...
   
   
   
   Bizə qalan bu hasar,
   
   Bir də bizə qazılan...
   
   İndi nə bağıran var,
   
   Nə divara qısılan...
   
   
   
   ...Həkim spirt hopdurulmuş pambığı çəkdiyi dişin "kalafasına" doldurub dedi:
   
   - Qardaş, yerdə qalanları da çəkilməlidi. Hamısında qaralma və çürümə var...
   
   Qeyri-ixtiyari çevrilib "protez"lər düzülmüş mizə baxdım. İndi cərgələnmiş dişlər "gülümsəmirdilər", əməlli-başlı "gülürdülər"...
   
   
   
   ... Əti ətindən deyil,
   
   Sümüyü sümüyündən.
   
   Yaddı daddığın tam,
   
   İçdiyin su...
   
   Düşündüklərin deyil,
   
   Danışdığın sözlər...
   
   ... Viran qalmış evlərin
   
   Girişində yellənən
   
   Bir cüt nal kimidi,
   
   Hər kəsin ağzındakı "protezlər"...
   
   
   
   ... Və susub
   
   Sadəcə dişlərimlə
   
   adamlığımı sıxdım...
   
   ... "Protez" çənədəki metal dişlərlə adamlığı sıxmaq olmur, qağa. Bizim yarpaq tökümümüz və söyüş mövsümümüz başlandı...
   
   

TƏQVİM / ARXİV