Atılan güllələr

FAİQ QİSMƏTOĞLU
35275 | 2009-11-21 02:00
Bu dünyanın çox qəribə və həm də qəliz işləri var. O qədər qəliz işləri var ki, ən ağıllı adamlar yığışıb bu qəliz işdən heç vaxt baş aça bilmir. Yəni müəyyənləşdirə bilmirlər ki, günbəgün artan qasırğaların, zəlzələlərin, tufanların, terror aktlarının təhlükəsindən necə xilas olsunlar. Əlbəttə, dünya elə həmişə belə mürəkkəb olub. Yəni onun gəlişindən və gedişindən çoxları baş açmayıb.
   
   Bəzən bir ağılsız adam gəlib bir ölkənin taxt-tacında əyləşib və insanlara olmazın əzab-əziyyətlərini bəxş edib. Bu cür nadan adamlar bugünkü dünyamızda çoxdur. Ümumiyyətlə, nadanlar zamanından və məkanından asılı olmayaraq, həmişə olub və onların da ürəyindən çox şeylər keçib. Hətta taxt-tacda əyləşmək arzularından belə çəkinməyiblər. Daha doğrusu, bu arzularına nail olublar.
   
   Adam var ki, öz evinə, övladlarına, ailəsinə ağsaqqallıq eləyə bilmir, amma bir kəndin, bir rayonun baş biləni olmaq istəyir. Yəni bu adam elə bilir ki, pulun varsa hansı vəzifəyə desən, səni oturda bilərlər. Ona görə də səbrsizliklə yağlı və yaxşı vəzifə gözləyir. Bəlkə də istəyir ki, rayonun sahibi olsun. Onun özündən razı bir xanımı da var. O qədər özündən razıdır ki, xeyirdə, şərdə deyir ki, bu gün, sabah ərimi yüksək bir vəzifəyə qoyacaqlar. O da yüksək vəzifədə əyləşən kimi, ürəyimizdən nə geçir hamısını eləyəcək. Amma bu bədbəxt və nadan qadın onu bilmir ki, əri vəzifədə otursa da, ondan heç vaxt ağsaqqal olmayacaq. Çünki hər eldə insanları puluna, varına görə deyil, sözünün sanbalına görə, ağsaqqal sayırlar. Əgər bir kişinin evdə sözü keçmirsə, o necə bir elə-obaya böyüklük və ağsaqqallıq eləyə bilər.
   
   
   
   ***
   
   Bizdə belə bir atalar sözü var: "Qonşun pisdir, köç qutar". Biz də uzun müddət bu atalar sözünün işığına söykənib qonşumuz pis olan kimi, ordan köçüb canımızı qurtarmışıq. Amma deyəsən, bu atalar sözləri bizi ayağa qaldırmaq, dirçəltmək və yaşatmaq əvəzinə, öldürəcək. Üzümüzün yumşaqlığından və qonşumuzun pisliyindən vaxtı ilə İrəvandan, Göyçədən başımızı götürüb qaçdıq. Başımızı götürüb qaçdıq ki, pis qonşudan və pis millətdən canımızı qurtaraq. Başımızı götürüb qaçdıq, canımızı qurtardıq və torpaqlarımız, yurdumuz-yuvamız bədnam ermənilərə qaldı. Sonra da bu ermənilər o qədər qudurdu ki, axırda 20 faiz torpağımızı, cəmi Qarabağı və onun ətrafını vəhşicəsinə işğal elədilər.
   
   Amma atalarımız bizə öyrətsəydilər ki, qonşun quduranda onun alnının ortasından bir yumruq vur, ağzını cır qoyu qulağının dibinə, bəlkə biz də onda ermənilərin qabağından qaçıb, torpaqlarımızın 20 faizini onlara verməzdik. Kim nə deyir, desin qonşun pisdirsə, canı çıxsın həmin o qonşu özü rədd olub ordan getsin. Tay biz niyə başımızı götürüb dədə-baba yurdumuz İrəvandan, Göyçədən, Qarabağdan qaçmalıyıq. Belə bir atalar sözü də var: "Qudurmuş iti öldürərlər ki, başqasını tutmasın". Bu ermənilər də qudurublar. Çünki onların arxasında daha qudurmuş itlər var. Gözəl insan, professor, millət vəkili, rəhmətlik Şamil Qurbanov bir dəfə Milli Məclisdəki çıxışında dedi ki, Jak Şirak qudurub. Bu Jak Şirak da Fransanın qabaqkı prezidenti idi və ermənilərə "dayılıq" eləyirdi. Həmin sözə görə, rəhmətlik Şamil Qurbanovun başına olmazın oyununu açdılar. Nə yaxşı ki, o vaxt Aqil Abbas kimi yazıçılar və ziyalılar Şamil Qurbanovu müdafiə elədi. Yoxsa onun seçicilərini də özünə qarşı qaldırmışdılar. Bəli, ermənilər də qudurub, onların dayıları da. Ona görə də geri qayıdıb bu qudurmuş iti vurub öldürmək lazımdır. Və hansısa qonşu səni incidəndə, yolunu azanda gərək bir yumruqla alnından ilişdirəsən. Bax, ondan sonra hər şey yerinə qayıdacaq.
   
   
   
   ***
   
   Bir neçə gün bundan əvvəl Rusiyanın televiziya kanallarında bir filmə baxdım. Orda itin sədaqətinə bir daha məəttəl qaldım. Bir rus zabiti itini gəzməyə aparır və parkda oturacağın üstündə birdən ürəyinin ağrısı tutur, özündən gedir. İt nə qədər hürürsə sahibinə kömək eləyə bilmir. Görür ki, o yerindən tərpənmir. İt qaça-qaça milis idarəsinə gedir və ordakı əməkdaşların yanında hürməyə başlayır. Əməkdaşlar bunu bilirlər ki, nəsə baş verib. Onu görə də it yenidən milis idarəsindən çıxıb parka tərəf qaçır. Və həmin milislər də onun dalına düşür. Gəlib oturacaqda ürəyinin ağrısından huşunu itirmiş dostlarını tapırlar və təcili həmin adamı xəstaxanaya aparırlar. Həkimlərin köməyi nəticəsində o insan həyata qayıdır. Bu da itin sədaqəti.
   
   Bizim də kənddə bir itimiz vardı. Ermənilər 1993-cü ilin avqustun 23-də Füzulini işğal edəndə hamı kənddən çıxanda biz də o itin zəncirini açıb azadlığa buraxdıq. Dedik ki, yazıqdı, kimsə gəlib onu zəncirdə güllələməsin. Çox qəribə bir hadisə baş verdi. 1994-cü ilin yanvarın 20-də kəndə qayıdanda həmin itin qapımızda güllələndiyini gördük. Ermənilər həm dəmir darvazamızı güllələmişdi, həm itimizi güllələmişdi, həm də evlərimizdən birini yandırmışdı. Gör, it nə qədər sədaqətli olub ki, son ana qədər qapımızdan kənara getməyib, evimizin-eşiyimizin keşiyində durub. Belə itləri görəndə adam onların sədaqətinə məəttəl qalır. Deyirlər ki, it, at insanlara ən sədaqətli heyvanlardır, elə insanların özünün sədaqəti yoxdur. Məsələn, 20-30 il bir adama çörək verirsən, çətin gündə ona arxa durursan, şərait yaradırsan, sonra o sənin yaxşılığını qaytarmaq əvəzinə, qudurub səni tutur. Belə insanlardan bizim qapımızda güllələnən it daha sədaqətlidir.
   
   
   
   ***
   
   
   
   Kərbəlayı Müzəffər son dərəcə istedadlı, ziyalı və həssas bir insandır. Bu da onunla bağlıdır ki, o söz adamıdır. Çünki onun bir-birindən gözəl şeirləri var. Bu şeirlərdə sevgidən tutmuş, həsrətə, kədərə və ümidə qədər hər şey hiss olunur. Bəzən yağış yağanda, göy üzünü bulud alanda görürəm ki, Kərbəlayı Müzəffər də göy üzü kimi tutulub. O dəqiqə söhbətimizə körpü yaratmaq istəyirəm. O da mənim kimi, ağrıyan adamdır. Gah deyir ürəyim ağrayır, gah da deyir ki, qaraciyərimdə problem var. Deyirəm ki, ay Kərbəlayı, sən ki, özünə baxan adamsan, ildə bir-iki dəfə sanatoriyalara gedib müalicə alırsan. O isə sakit-sakit mənə baxır və bir siqaret yandırıb deyir ki, heç kimin, heç kimdən xəbəri yoxdur. Yəni Faiq Qismətoğlu bilmir ki, Kərbəlayi Müzəffər hansı sarsıntılar, streslər, gərginliklər içindədir. Hərənin özünə görə bir yükü, ağırlığı var. Mən özüm Mərdəkanda yaşayıram. Amma bəzən Mərdəkanda darıxıb şəhərə qaçıram. Qaçıram ki, gəlib "Pürrəngi"də bir-iki ziyalı dostumla söhbətləşim və bundan sonra bir qədər yüngülləşim. Düz deyirsən, mən çox yerdə olmuşam, istirahətimə və yemək-içməyimə həmişə fikir vermişəm. Ancaq vallah, Bakıdakı havalar məni boğur. Səhər bir cür hava olur, günorta bir cür, axşam da başqa cür. İndi di gəl belə havalarda özünü qoru görüm, necə qoruyursan. Məni yaşadan nikbin olmağım və bir də yaxşı dostlarımdır. Vallah, onlar olmasa ürəyim partlayar.
   
   Kərbəlayı Müzəffər Aşıq Ələsgər yaradıcılığı ilə bağlı gözəl bir tədqiqat əsərinin müəllifidir. O bu tədqiqat əsərində böyük Aşıq Ələsgərin yaradıcılığına işıq salır, onun görünən və görünməyən tərəflərini xırdalığına qədər oxucuya çatdırır. Bu da təsadüfi deyil. Çünki Kərbəlayı Müzəffər söz və saz məkanı olan Qazaxda dünyaya gəlib. Kərbəlayı Müzəffər dünyanın bütün şirinliyini, acılığını, dərəsini, təpəsini, gecəsini, gündüzünü, ağrısını, acısını poeziyasına gətirib. Və ən başlıcası bu poeziyada insanlığın gözəlliyi, incəliyi və böyüklüyü təsvir olunur. Biz bir daha yaxın dostumuz Kərbəlayı Müzəffərə belə havalarda yaradıcılıq uğurları və cansağlığı arzulayırıq.
   
   
   
   ***
   
   O günü dostlarımızdan biri, daha doğrusu, şair-publisist Səməndər Məmmədov dedi ki, vallah, bu toylar ailələri dağıdacaq. Sözün düzü mən bu sözləri eşidəndə çox təəccübləndim. Amma bir balaca dərinliyə varanda, gördüm ki, Səməndər müəllimin sözlərində böyük həqiqət var. Çünki bizim toylarımız toydan çox, insanları soymağa və onları pis günə qoymağa xidmət eləyir. Toylardan həmişə yazırıq, amma heç nə düzəlmir ki, düzəlmir. Dünyanın heç bir yerində Azərbaycandakı kimi toylar təm-təraqlı keçirilmir. Xüsusən Bakı şəhərində şadlıq evlərində və restoranlarda keçirilən toylar əndazlarını aşıb. Toy da hər hansı bir adam 100 manatlıq da yemək yeyə bilərmi? Hamıya gün kimi aydındır ki, Bakıda elə restoranlar var ki, orada 60 manatdan -120 manatadək qiymətlər var. Belə çıxır ki, elə bizim hamımız restoranlara və şadlıq evlərinə işləyirik. Çünki əksər toy sahibləri deyirlər ki, toydan yığılan pulla restoranın və müğənnilərin haqlarını güclə ödədim. Bax, burda adam qalır boğula-boğula. 40 cür soyuq qəlyanaltı, 15 cür də isti yeməkmi olar? Hansı mədə, hansı insan orqanizmi bu qədər yeməyi həzm eləyə bilər? Özü də şadlıq saraylarının müdirləri belə bir biclik işlədirlər. Əvvəlcə, doyumlu yeməkləri yox, doyumsuz yeməkləri stolun üstünə gətirirlər. Onda da camaat müxtəlif salatlardan, sulardan və şirələrdən içib, doyur. Kabablar gələndə isə kimsə ondan bir-iki tikə yeyə bilər. Qalanları tökülüb stolun üstündə qalır. Vallah, bu Allaha ağır gedər. Heç ruzunu da stolun üstündə töküb qoymaq olarmı?
   
   İndi də kiçik toylar lap bizi boğaza yığıb. Bir də görürsən ki, bir gündə iki-üç adam sənə dəvətnamə verir. Sən də o dəvətnaməyə baxıb məəttəl qalırsan. Çünki bir-iki il bundan əvvəl həmin adamın oğlunun toyuna getmisən. İndi də səni nəvəsinin toyuna çağırır. Qardaş, nəvənə kiçik toy eləyirsən, Allah mübarək eləsin. Qohum-əqrəbanı yığ başına, 5-10 nəfərlə o toyu yola ver. Tay nəyə görə, hər yoldan keçənə bir dəvətnamə verib, onun qanını qaraldırsan. Vallah, bu toy eləmək olmadı ey, adamı soymaq oldu.

TƏQVİM / ARXİV