KÖLGƏLƏR...

ƏBÜLFƏT MƏDƏTOĞLU
31559 | 2009-11-21 02:00
Son vaxtlar yuxularımda daha tez-tez görürəm kəndimizin üst tərəfindəki yamac və dağ silsiləsində özünə yer salmış meşə massivini. Ağacların hər biri az qala mənə bir insan kimi, həmkəndlim kimi doğma gəlir, mənə üz tutur. Bilmirəm bunu hara yozum. Hətta bir az dünyagörmüş və məndən nisbətən yaşlılara müraciət edəndə bəziləri təəccüblə üzümə baxdı, bəziləri də gülümsəyib başını buladı. Amma biri düz gözlərimin içinə dedi ki, "qağa, bu bir az dolaşıq məsələdi. İmkanın varsa, cümə axşamları qazana duz atdır, bir Quran oxutdur".
   
   Doğrusu, onun dediklərini çox götür-qoy etdim. Bilmədim ki, bu ehsanı və yaxud bu Quranı kimin adına ünvanlayım. Eləcə içimdə qalan bu narahatçılıqla o meşəni, o ağacları hər gecə yuxuda görməyə bir növü adət etməyə başlamışam. Və bu adətdə mənə arabir keçmiş xatirələri pıçıldayır...
   
   Bir dəfə meşəyə şax gətirməyə getmişdik, təndirə çörək yapılacaq idi. Və getdik də. Hər kəs əlindəki balta-dəhrə ilə düşdü ağacların canına. Mən də canfəşanlıqla əvvəldən kimlərinsə doğradığı və qol-qanadını təmizləyib atdığı kötüklərin ətrafına səpələnmiş çur-çubuğu yığmağa başladım. Bizim uşaqlardan biri də dırmaşdı yekə bir palıda, özü də pişik cəldliyi ilə. Hələ bir bizə də fors eləyib qımışdı da. Gözünə döndüyüm başladı aşağıdan üzü yuxarı bu qollu-qanadlı palıdın budaqlarını doğramağa. Birdən hiss etdim ki, hamı gülür. Başımı qaldırıb mən də baxdım. Ağaca dırmaşmış həmin dostumuz ayağının altındakı budaqları kəsdiyindən ağacdan düşməyə çətinlik çəkirdi. (çox sonralar rəhmətlik Molla Nəsrəddinlə bağlı belə bir lətifə də eşitdim).
   
   İndi həmin o xatirəmi yaddaşımda təzələyərkən özümdən asılı olmayaraq gülümsədim. Bu ətrafdakıların təəccübünə səbəb oldu. Amma həmin o təəccüb anında ağlıma ilk gələn bu oldu ki, bəlkə də elə o ağacların... pöhrəsini, qol-qanadlarını insafsızcasına doğradığımız ağacların ahı tutdu bizi. Nə bilim... Bu da bir fikirdi də ağlıma gəldi. Elə ağlıma gələn bu fikrin işığında da nə vaxtsa yazdığım şeiri kağıza köçürürəm:
   
   
   
   əsəbi halda
   
   aşağıdan yuxarı
   
   doğradıqca budaqları
   
   ağacdan
   
   necə düşəcəyimi
   
   unutdum...
   
   və əsəbi halda
   
   yuxarıdan aşağı
   
   sinəmə çəkib dağları
   
   dediyin sözlərin
   
   odunda
   
   kipriyimin ucunda
   
   parıldayan
   
   damlaları qurutdum...
   
   əsəbi halda
   
   olanda
   
   dostların yadında
   
   yağa bilməyən
   
   bir parça buludam
   
   dağa-daşa
   
   çırpılıram
   
   ki,
   
   yağıb özümü qurudam.
   
   
   
   ***
   
   
   
   Bakının düz ortasında günün günorta çağı yekə bir ağac küləyə müqavimət göstərə bilmədi. Bəxtimdən maşınımı həmin ağacın təqribən yüz-yüz əlli addımlığında saxlamışdım. Daha doğrusu, saxlamaq niyyəti ilə maşının yerini rahatlayırdım. Bir də gördüm ki, həmin o qolu-budaqlı ağac kökündən qoparılmış kimi aşdı üzü aşağı. Sanki qol-qanadını açıb torpağı qucaqlamaq istəyirdi. Xarici markalı bir maşın ağacın budaqları arasında əcaib bir formaya duşmuşdu. Səs-küyə yaxınlıqdakı kafelərin birindən çıxan iki cavan oğlan şoka düşmüş kimi əvvəl dayanıb ağaca baxdılar... sonra ağacın altındakı maşina baxdılar... bir az sonra da hərəsi budaqları bir tərəfə dartışdırmağa başladı. Guya ki, bununla maşını ağacın altından çıxara biləcəkdilər, ya da ağacın "dərsini" verəcəkdilər... Amma bunların heç biri baş tutmadı. Mən oradan aralanana kimi hələ də yıxılmış ağacın ətrafına xeyli adam yığışmışdı, cavan oğlanlar da telefonla harasa zənglər edirdilər. Acınacaqlı, həm də gülməli vəziyyət idi. Bakının ortasında köklü-köməcli bir ağac xarici markalı bir maşını xışlamışdı.
   
   Bu məqamı da elə-belə xatırlamadım. Çünki həmin anda ağacın yıxılmasını müşahidə edə-edə yolu ötən orta yaşlı bir kişi onun qoluna girmiş qadına saymazyana bir şəkildə dedi:
   
   - Bu saat o ağac yıxılacaq o maşının üstünə, şüşələri çilik-çilik olacaq, özü də xurt-xəşil.
   
   Onun sözlərini maşınımın açıq pəncərəsindən eşitdiyimdən diqqətimi çəkdi və mən də qeyri-ixtiyari həmin səmtə baxdım və bu anda da qadının ona cavabını da eşitdim:
   
   - Əşi, Allah bilir hansı imkanlının balasının maşınıdı. Əziləcək, gedib təzəsini alacaq. Dərd ürəyin sınmasıdı. Təki ürəyimiz bir-birimizdən sınmasın.
   
   Düzü, bu yanaşma mənə heç cür çatmadı. Bir anın içərisində həm laqeydlik ifadə olunmuşdu, həm də duyğusallıq. Və mən də bu iki bir-birinə zidd olan məqamın içərisində duruxub qalmışdım. Bax, elə həmin o duruxub maddım-maddım ağacı seyr etdiyim məqamda onun necə yıxıldığını da təfsilatı ilə müşahidə edə bildim. Hadisənin necə baş vedriyini hər kəsin bir cürə izah etməsinə məhəl qoymadan həmin ünvanı tərk edəndən sonra bu iki məqamı bir araya gətirən insanlığın nə qədər sirli, nə qədər anlaşılmaz, nə qədər rəngarəng olduğunu bir daha hiss etdim. Anladım ki:
   
   
   
   bu səhər yenə
   
   həsrət və qəm dolu
   
   ömrümə
   
   ümid işığı düşmədi...
   
   çəkdiyim ahlar
   
   etdiyim dualar
   
   və bir də
   
   bütün olanlar
   
   qəfil xəbər kimi
   
   bu səhərin də
   
   kar qulağını deşmədi...
   
   mən necə deyim
   
   və inandırım
   
   Ki, eşitsin
   
   və bilsin-
   
   ürək şüşədi
   
   sındırmaqdan qorxsun...
   
   
   
   ***
   
   
   
   Bilmirəm, daha doğrusu dəqiq xatırlamıram gənclik illərimdə oxumuşam... "Ağaclar kəsilmədi" adlı povest və hekayələr kitabı düşmüşdü əlimə. Həmin kitabda da təbiətdən, təbiət hadisələrindən və bu təbiət hadisələrinin fonunda insan faktorundan, quruluşdan, zamandan bəhs edilirdi. İndiki yanaşma ilə ifadə etsəm müəllif əsərdə haqqın, ədalətin qələbə çalmasını, hər kəsin öz layiq olduğu yerdə görünməsini, oturmasını qabartmış və bununla da oxucuya sovet cəmiyyətində insanın və təbiətin bir-biri ilə nə qədər çuğlaşdığını, həmahəng olduğunu həzm etdirməyə çalışmışdı.
   
   Başqaların deyə bilmərəm, mən şəxsən "Ağaclar kəsilmədi" əsərinin son notlarını, son səhifələrini heç unuda bilmirəm. O səhifələrdə ümid verən, inamın ölməsinə imkan yeri qoymayan çox qəribə və obrazlı deyimlər, təkiyələr var idi. Müəllif qəhrəmanının dili ilə ədalətin zəfər çaldığını elə ustalıqla ifadə etmişdi ki, inanmamaq, bu səhnələrdən kövrəlməmək qeyri-mümkün idi. Mən də arxada qalan həftənin küləkli bir günündə uçan ağacın ölüm məqamını da və bu ölüm anında özünə qurbanlıq seçdiyi maşının sahibinin baxışlarını da unuda bilmirəm. Lakin içimdə bir şeyi dəqiq bilirəm ki, küçədə, daha doğrusu hadisənin baş verdiyi yerdə qadının dilindən eşitdiyim o sözlərin içərisində son dərəcə böyük bir həqiqət də var. O da ürəyin aqibəti ilə, taleyi ilə bağlı həqiqətdi. Elə mən də ürəyin nə çəkdiyini, ürəyin nə olduğunu düşünə-düşünə uduzmamaqda israrlıyam:
   
   
   
   neynəyim bacarmıram
   
   içimdəki təlaşla...
   
   incidər səni təlaş-
   
   təlaşıma bulaşma!..
   
   
   
   mən "ah!" çəkib ahımdan
   
   asıldım günbatanda
   
   razıyam Allahımdan-
   
   dostumdu qəm satan da!..
   
   
   
   bir işığın ucundan
   
   yolu tutub gedirəm.
   
   dünən uduzduğumu-
   
   bu gün udub gedirəm...
   
   
   
   Çalışaq ki, uduzanda da, udanda da ürəyimiz sınmasın. Ürəyinizi qoruyun!...

TƏQVİM / ARXİV