ƏDƏBİ HƏYAT

VAQİF YUSİFLİ
23809 | 2015-02-28 01:37
(Əvvəli ötən şənbə saylarımızda)

Ömrünün ədəbi gənclik yaşı ilə vidalaşmayan Natiq Məmmədli də ilk romanını oxuculara təqdim edib. Biz onun hekayələr kitabı haqqında bir resenziya ilə çıxış etmişdik və yazmışdıq ki, Natiqdə həyatı müşahidə qabiliyyəti güclüdür, o, gerçəkliyin reallıqlarını bədii reallığa çevirə bilir, mükəmməl süjet təqdim etmək qabiliyyətinə malikdir, onun təqdim etdiyi obrazlar da bədii ümumiləşdirmə meyarına uyğundur. Onun "Körpüdə ümid" romanında həyati bir problem qoyulub və müəllif bu problemi bədii şəkildə, romanın tələbləri baxımından həll etməyə cəhd göstərmişdir. Romanda günümüzün, çağdaş dövrümüzün gerçək problemləri ilə qarşılaşırıq və Natiq Məmmədli onları ümumiləşdirmə meyarına uyğun olaraq bizə təqdim edir.
Nədir bu problemlər? Siz yəqin ki, böyük ədibimiz Nəriman Nərimanovun "Pir" povestini oxumusunuz. Kütlənin axın-axın, dəstə-dəstə Pirə böyük ümidlə pənah gətirməsi və axırda da onun daşa tutulması süjeti ilə tanışsınız. Bu əsər təbii ki, kütlənin şüurundakı dini fanatizmi məhv etməyə yönəldilmişdi və Nərimanovun bəlkə başqa bir məqsədi də yox idi.
Natiq Məmmədlinin romanında da insanlar Ümidqovan kəndinə-Pirə ziyarətə gəlirlər. O, bu Pirin yaranmasının müxtəlif versiyalarından tutmuş onu idarə edənlərin - icraçıların missiyalarına qədər təfərrüatı ilə nəql edir. Romanın sonunda bu pir də dağılır, amma Nərimanovun əsəri sırf realistik planda yazılmışdısa və məqsəd də o idi ki, beyinlərdəki xurafatı darmadağın etsin... bu romanda isə tamam başqa məqsəd güdülür.
"Ümid körpüsü" fanatizmin, ya xurafatın tənqidi və ifşasına həsr olunmayıb və sonda Ümid pirinin dağılması belə buna haqq vermir ki, deyək ki, gənc romançının da məqsədi böyük ədibimizin məqsədiylə eyni idi. Romanda reallıqla fantaziya, şüuraltı ilə şüur elementləri üslubu müəyyənləşdirən vasitələr kimi diqqəti cəlb edir. Müəllif cəmiyyətdəki kataklizmləri, mənəvi müflisliyi, insanların bir-birinə qənim kəsildiklərini daha sərt və kəskin planda, təbii ki, rəmzə, simvola ehtiyac duymadan da tünd boyalarla təsvir edə bilərdi. İnsanların ədalət axtarışları romanda bir neçə hadisənin timsalında ümumiləşdirilə bilərdi. Ədalət axtarışları varsa, deməli, bu, ədalətsizliklərin geniş masştabından xəbər verir. Amma sonda, məktubların oxunuşu prosesi qismən də olsa, həmin boşluğu aradan qaldırır.
Roman başa çatır, amma suallar bitmir. Ümidqovanın axırı necə olacaq? Dünya düzələcəkmi?
Cavid Zeynallının "Leyla"sı. Cavan bir nasir - Cavid Zeynallı da artıq iki romanın müəllifidir. O, bir neçə hekayənin müəllifi kimi tanınırdı, deyəsən, arabir şeir də yazırdı. Amma hekayədə kifayət qədər talant nümayiş etdirməmiş o, "Günəşi gözləyənlər" adlı bir roman çap elətdirdi və tənqidçi Əsəd Cahangir həmin romana "İnsan olmaq lazımdır!" adlı kifayət qədər tərifli və tanıdıcı bir məqalə həsr elədi
"Leyla" romanında müəllif mənəvi-əxlaqi bir problem qaldırır və təqdim etdiyi qəhrəmanlarının timsalında bu problemi bədii-estetik səviyyədə ifadə etməyə çalışır. Müəllif bu romanın təqdimatında söyləyib ki: "Leyla bir müğənninin obrazıdır. Onun timsalında mən Azərbaycan şou-biznesinin çağdaş durumunu və şou-biznes mühitində bir insanın faciəsini göstərməyə çalışmışam". Amma biz belə düşünmürük. Çünki şou-biznes aləmi (əslində, Azərbaycan mühitində belə bir aləm hələ tam formalaşmayıb) məhdud bir sahədir və bu məhdudluq özünü o dərəcədə hiss etdirir ki, haqqında mənəvi-əxlaqi prizmada danışmağa haqq vermir. Çünki romanda qaldırılan problem "şou-biznes" problemindən daha üstündür.
Roman bir jurnalistin bir şöhrətli müğənni ilə tanışlığından başlayır, bu tanışlıq getdikcə dərinləşir, qarşılıqlı anlaşma halına da keçir. Qırılan anlar da olur, anlaşılmazlıqlar da yaranır, amma bu tanışlıq, sonra "eşq" münasibətləri, daha sonra müğənniyə görə zorakılıq, döyülmə faktı romanda təfsilatı ilə nəql edilir. Romanın sonluğu heç bir gözlənilməz hadisə ilə diqqəti cəlb eləmir və müəllif, qəhrəmanı olan jurnalistin "Leyla" romanını bitirdiyini söyləyir. Əlbəttə, biz Cavid Zeynallı ilə onun qəhrəmanı-jurnalist Rəcəbi eyniləşdirmək fikrində deyilik. Lakin yazıçı ilə onun qəhrəmanı arasında fikir eyniliyi, hədəf müəyyənliyi nəzərə çarpır və bu mənada Cavid Zeynallının romanında, münasibətini və mövqeyini açıq şəkildə bildirməsə də, müəlliflə onun qəhrəmanı arasında həmrəyliyi hiss edirik.
Cavidin romanına qəhrəman konsepsiyası nöqteyi-nəzərindən yanaşdıqda, ilk növbədə, onun təqdim etdiyi obrazların yaşadığı, fəaliyyət göstərdikləri mühiti də nəzərə almalıyıq. Bu mühit ziyalı mühitidir, lakin orada işıq, müsbət ideal, yəni o dövrdə bizim axtardığımız işıq və ideal nəzərə çarpmır. Sadəcə olaraq bu ziyalı mühitinin işıqlı tərəfləri yox, işıqsızlığı canlandırılır.
"Leyla" romanını biz Cavidin gələcək əsərləri üçün yaxşı mənada bir məşq hesab edirik.
VARİSİN ROMANLARI. İkimininci illərin əvvəllərində Azərbaycan oxucuları yeni bir romançı ilə də tanış olmaq imkanı qazandılar. Bu, "Sonuncu ölən ümidlərdir", "Bir ovuc torpaq", "Sənə inanıram" və "Metamorfoz" romanlarının müəllifi Varisdir.
Varisin romanları oxunan romanlardır və o, bunu əyani sübut eləmək üçün hər romanının ilk səhifələrini "Oxucu sözü"nə ayırır.Azərbaycanlı və hətta dünyanın müxtəlif xalqlarına məxsus oxucular birmənalı şəkildə təsdiq edirlər ki, "əsər təsirlidir", "mən bu dərəcədə maraqlı kitab oxumamışdım", "bu həyatda tüğyan edən hadisələri belə gözəl qələmə aldığınız üçün sizə minnətdarlığımı bildirirəm", "əsərdən çox zövq aldım", "romanı çox bəyəndim, əla romandır", "sizin kitabı böyük çətinliklə əldə etdim. Çox maraqlı, ürəyə toxunan əsərdir. İnanın, göz yaşları içində oxudum", "Metroda, avtobusda, işdə, evdə, harada boş vaxtım olurdusa, dərhal açıb sizin kitabınızı oxuyurdum" və s. və i.a. Geniş oxucu marağının (mən Varisin kitablarının ilk səhifələrində öz ürək sözlərini ifadə edən müəllifləri nəzərdə tuturam) sirri nədədir? Fikrimizcə, burada heç bir sirr, müəmma yoxdur. Sadəcə olaraq bir qisim oxucular var ki, onları romanda təsvir olunan gözlənilməz hadisələr, macəralar, bir az sevgi, bir az kriminal olaylar maraqlandırır və bu marağı da Varis layiqincə ödəyə bilir.
Varisin "Bir ovuc torpaq" və "Sənə inanıram" romanları haqqında nə deyə bilərik? Sərt bir tənqidçi ədası ilə bu romanların əyləndirici, yalnız bir zaman kəsiyinin romanları kimi təhlil etmək fikrindən uzağıq. İnsafən,"müasir cəmiyyətin bədii təhlili" bu romanlarda az-çox hiss edilir, duyulur, ancaq hansı aspektdən? Bax, məsələ burasındadır. Sosial problematika var, biz bu romanların əksər səhifələrində yaşadığımız cəmiyyətdə baş verən xaosu, hərcmərcliyi görürük. İnsanları qətl törətməyə, cinayətə sürükləyən səbəblər də gizli qalmır.Uəmiyyətdə bir-birindən fərqli ayrı-ayrı zümrələrin yaşayış tərzi, dünyabaxışı, müxtəlif nəsillərin bir-birinə münasibəti də romanlarda öz əksini tapır.Və bu romanları oxuduqca, oradakı hadisələrin və insan talelərinin izinə düşdükcə, deyə bilərik ki, "burası Azərbaycandır". Başlıcası odur ki, bütün bu hadisələri biz hər gün mətbuatdan, televiziyadan izləyirik, amma olmuşlar və gerçəklər bədii formada təqdim ediləndə başqa təsir bağışlayır.
Varis öz romanlarında bir qurucu və bədii tikinti ustası kimi pis işləmir. Adi, normal roman poetikası baxımından nəzər yetirdikdə ciddi bir qüsur tapa bilməzsən. Süjet də öz axarı ilə gedir, düzgün qurulub və o, təsvir etdiyi obrazların heç birinin taleyinə etinasız qalmır. Son nöqtə qoyulur və intizarlı anlar da ötüb keçir.
Bayaqkı sualımıza qayıdıram: "Baxır hansı aspektdən?" Bax, bu məqamda üzümüzü Varisə tutub deyirik: Sizin romanlarınızda cəmiyyətin, bu cəmiyyəti təşkil edən insanların hərəkətləri, əməlləri, bir-birilə üzdə olan münasibətləri yaxşı təsvir edilib. "Bir ovuc torpaq"dakı Zaur-Nicar-Anar xətti macəravi üsulla diqqəti cəlb etsə də, hər halda, maraqlıdır. Ammagbütün bunlar sadəcə, maraqlıdır, dərinliyinə varandagnəsə çatışmadığını hiss edirsən. Nədir bu çatışmayan? Cinayətlər, qətllər, xaos, hərc-mərclik, gizli mafiyalar, "burası Azərbaycandır"ın qaranlıq görüntülərü-hər şey varkən, çatışmayan nədir? Dərin, sosioloci, psixoloci bədii təhlillər görmürük. Obrazların daxili dünyası bizdən gizli qalır. Hərəkət, qarşılıqlı münasibətlər fonunda obrazların düşüncə arsenalından təcrid olunmasını seyr edirik. Hər iki romanda hadisəçilik deyilən BƏLA obrazların iç dünyasına gedən yolu bağlayır.
Qan Turalının "Mustafa" romanının süjetində də ilk baxışda uğursuz bir sevgi macərasının təsviri durur. Mustafa tələbə yoldaşı Nilufəri sevir və bu sevgi heç cür alınmır. Amma müəllif heç də sevgi romanı yazmamışdır,ona görə də romanda iki xətt bir-birilə çulğaşmır. Birinci xətt: müəllif bir süjet daxilində həyat, ölüm, ölkədə baş verən ictimai-siyasi hadisələr, tarixi həqiqətlər və s. haqqında düşündüklərini oxuculara çatdırmaq istəmişdir. İkinci xətt: əzabla yaşamağın "ləzzəti"ni duyan bir insanın hissləri təsvir olunur. "Bir insan sevgisiz yaşamaq istəyirsə, burax yaşasın. Ömrünün axırına kimi. Qoy bunun ləzzətini çəksin. Acılarla, əzablarla yaşamağı çoxdan öyrənmisən". Amma biz "acılarla, əzablarla yaşayan" yeni bir sevgi qəhrəmanının, deyək ki, müasir Qeysin yox, sevgidən daha çox dünyanın gedişatı barədə düşünən bir "filosof"u görürük. Bu qəhrəman doğrudan da düşüncə adamıdır, onun ayrı-ayrı fikir və mülahizələri maraqlıdır, hətta öz həmfikirləri ilə ictimai-siyasi bir "təşkilatda" fəaliyyəti də pis təsir bağışlamır. Amma roman poetikasına bələdsizlik, sücetdə dağınıqlıq, pərakəndəlik, lüzumsuz təsvirlər "Mustafa"nı roman kimi yox, bir tələbənin təəssüratları kimi oxudur.

Bəs hanı əsrimizin qəhrəmanları?

XXI əsr. Təzadlı, mürəkkəb, hər günü sevincdən çox kədərin, insanlıqdan çox antihumanizmin, qızılgüldən çox qaratikanın, oyuncaqdan çox raketlərin, bombaların əsri. Milli dəyərlərin, mənəvi sərvətlərin "qloballaşma" adı ilə az qala gözdən salındığı bir əsr. Lokal müharibələrin meydan suladığı bir əsr. Gözümüzün önündəcə məmləkətimizin-onun cənnət bir guşəsi olan Qarabağımızın işğal olunduğu bir əsr. Sosializm məngənəsindən qurtulub vaxtilə lənətlədiyimiz kapitalizm burulğanına düşdüyümüz bir əsr- hələ də keçə bilmədiyimiz "keçid dövr"nü yaşadığımız bir əsr. Villaları göz oxşayan sərvət sahiblərinin və qul bazarlarında iş axtaran yoxsulların birgə yaşadıqları əsrimiz..Bədii sözün kəsərinin azaldığı, söz oyunbazlığınınsa şiddətləndiyi əsrimiz.
Əsrimizdə kimi qəhrəman sayırlar? Bax, budur məsələ!
Bəs siz hansı ədəbi qəhrəmanları, sözün əsl mənasında XXI əsr insanını (o insan ki, yaşadığımız bu gerçəkliyin ucalığında dursun. O insan ki, qoy mürəkkəb, çətin bir həyat yolu keçsin, səhvləri də olsun, amma o, bizim həyatımızın ruporuna çevrilsin - çağırışla, direktivlə, qərarla yaradılan "müsbət qəhrəman" yox, bütün ziddiyyətləri ilə İnsan-Qəhrəman olsun!) ədəbiyyata gətirmisiniz? Milli Qəhrəmanımız Mübariz İbrahimovun böyük hünəri, misilsiz şücaəti müqabilində elə bir ədəbi qəhrəman yaratmısınızmı o həyatdan ədəbiyyata gəlsin?
Ey roman yazan gənc ədiblər, kifayətdir öz içində boğulan, dərdini ancaq ürəyində daşıyan, dabanına tikan batanda fəryadı ərşə qalxan zəif, cılız insancıqları, "lümpen proletarlar" cinsinə mənsub hər cür əxlaqsız, mənəviyyatca pozğun adamları təsvir etdiyiniz. Bizə Aqşin Yeniseyin Leş Əlisi, Əli Əkbərin Muradı və Şeylası, Rasim Qaracanın şəhvətçi "qəhrəmanları", Sevinc Pərvanənin Almazı lazımmı? Bu leş sürüsü oxucu zövqünü bəsitliyə yuvarlamırmı? Bəsdir Qərbdən əsən yabançı küləklərin, "izm"lərin təsiri altına düşdüyünüz. Qərb ədəbiyyatından öyrənməyi heç kim sizə qadağan edə bilməz, amma milli dəyərləri yabançı "izm"lərin dəyirmanında da üyütməyin.Siz "yeni ədəbiyyat", "yeni roman" elə bizim yaratdıqlarımızdır" deyirsiniz, hətta bəziləriniz ata-babalarınızın sevə-sevə oxuduğu, tərbiyə və mədəniyyət əxz elədiyi ədəbiyyatı inkar edirsiniz, "bu, tərəkəmə ədəbiyyatıdır" deyə dodaq büzürsünüz. Amma düşünün ki, bu ədəbiyyatın yetirdiyi Nizami, Nəsimi, Füzuli zirvələri dünya ədəbi nəhənglərinin ucaldığı zirvələrlə yanaşı durur.
Əlbəttə, Azərbaycan ədəbiyyatı və Azərbaycan romanı dünya əldəbi prosesindən təcrid olunmamalıdır, amma biz Dünya Ədəbi Qatarına öz milli ədəbi dəyərlərimizlə qoşulmalıyıq.

TƏQVİM / ARXİV