adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

AŞIRIMDA

ƏLÖVSƏT BƏŞİRLİ
24107 | 2015-02-28 01:35
Ömrün aşırımında
anlaya bildim,
Nəçiliyim kimliyimdən
gərəkli imiş.

M.Araz

Yaşıl işıqda yolu keçərkən gözlənilməz hadisə baş verdi: "Cip" sırada dayanan maşınların arxasından qəfil çıxıb irəli şığıdı. Piyadalar göz qırpımında pərən-pərən oldular. Qonşum qarşı səkiyə sıçradı. Mənsə macal tapmadım. Təkərin tükürpərdən, qulaqbatıran xırçıltılı səsindən səksənib yana baxanda az qala bircə qarışlığımda dayanan qara maşını gördüm. Çaşqın halda əllərimi kopotun üstünə dayayanda qonşum özünü yetirdi, qolumdan tutub dartdı. Bircə anın içində yolda tıxac yarandı. Ətrafdakı hay-küyə məhəl qoymayan qonşum qolumu buraxmadan "Cip"in sürücü tərəfdən qapısını açdı. Sükan arxasında şək oturan qara eynəkli oğlan bizə sarı döndü:
- Nədi?!
- Necə nədi? Bəs işıqforu, adamları görmürsən? Niyə belə eləyirsən?
Qara gözlüklü oğlan dodağının altında nəsə mızıldadı. Qonşum ətrafdakı hay-küydən səsi aydın eşidilsin deyə az qala qışqırdı:
- Eşitmədim səni, soruşuram niyə belə eləyirsən?
Bu dəfə cavan oğlanın səsi aydın eşidildi:
- Əcəb eləyirəm!..
Qulaqlarıma inanmadım, qonşum da ani olaraq duruxdu. Sonra nigaran səslə soruşdu:
- Nə dedin?
- Əcəb eləyirəm!
- Qələt eləyirsən, tərbiyəsiz!
Qəsəbədə hamımızdan yaşlı olsa da, hələ yetərincə gümrahlığını saxlayan qonşum Uğur kişi özündən çıxdı, oğlanın tutqun şüşəli gözlüyünə əl atdı:
- Qara eynəkdə gözlərini gizlətmə. Bax belə, indi de görüm, kim verib sənə bu tərbiyəni? Yooxg tərbiyə verməyib, belə cah-calallı maşın verib, nə desən, nə istəsən verib sənə, bircə şeydən başqa, o da nə alınır, nə satılırg
- Düz deyirsiz, haqlısız, ağsaqqal.
Səs gələn tərəfə qanrıldıq. Maşının arxa oturacağında ahıl kişinin kövrək səsi həyəcandan titrəyirdi:
- Adama nə qədər deyərlər, - dərindən köksünü ötürüb üzrxahlıq elədi, -bağışlayın, siz Allah, bir qələtdi elədig Xəstəxanaya aparır məni. Böyük oğlum öz maşınında qəzaya g
Səsi titrəyib qırıldı. Bayaqdan sükan arxasında şək oturan oğlan başını aşağı salıb büzüşdü: "Üzr istəyirəm, bağışlayın".
Uğur kişi ona məhəl qoymayıb arxada oturan ağsaqqala üz tutdu: "Biz də xəstəxanadan gəlirikg Allah axırını xeyir eləsin".
gKüçənin tinini burulub evə çatanda böyük qızım tut ağacının altındakı masanın üstünə süfrə salırdı. Azca aralıda samovar qaynayırdı. Uğur kişi təklifimə etiraz etmədi. Qabaq-qənşər əyləşib dincimizi aldıq. Sonra təzədəm çay içə-içə söhbət elədikg
Qapıbir qonşumla pensiyaya çıxandan bəri tez-tez görüşür, xeyirə-şərə birlikdə gedirdik. İkimiz də uzun illər müxtəlif rayonlarda məsul vəzifələrdə işləmişdik. Söhbətimiz tuturdu. O, çox maraqlı danışırdı, hər şeyi yerli-yataqlı, bir qədər məzə ilə. Özünün dediyi kimi, necə var elə, artırıb-əskiltmədən, bəzəksiz-düzəksiz.
Söhbətindən doymurdum, incə yumorundan ləzzət alırdım, gülmək tuturdu məni, uğunurdum. Özü gülmürdü. Sözarası deyirdi: "Adi söhbətdir də, yeri düşəndə eləyirəm". Ancaq söhbətlərinin içərisində elə maraq doğuran ibrətamizləri olurdu ki, sonra evdə özüm üçün qeydlər edirdim. Bir dəfə söz-sözü çəkəndə mənə ərklə dedi: "Sən yazı-pozu adamısan. Olmuşları elə qələmə al ki, oxuyanlar ibrət götürsünlər".
Sonra dərindən köksünü ötürüb fikirli halda kövrəldi:
- Ömürdu də, hər üzünü görmüşük, yaxşısını-yamanını, acısını-şirinini. Axır gəlib çatmışıq aşırımına. Bilirsən də ustad nə deyib, necə deyib: "Ömrün aşırımında anlaya bildim, nəçiliyim kimliyimdən gərəkli imiş". Həə... indi bizim də "nəçiliyimiz" gedib, yəni iş, vəzifə, ixtiyar, imtiyazg Ancaq mərifəti olanlar kimliyimizə, yaşımıza hörmət eləyirlər, avtobusda, metroda, məclislərdə ayağa durub yer göstərirlər, məsləhətlərimizi qulaqardına vurmurlar. Bəzən hayıf ki, bayaq gördüyümüz kimisi də olur. Adamın üzünə necə bozarır, ilahi!.. Babası xəcalət çəkdi, üzrxahlıq elədi. Aran-saran yadıma gəlir, deyəsən o da tanıdı məni. Neçə illər sovuşub o çağdan. Qonşu idarədə babat vəzifədəydi. Dedikcə nəzakətli, mərifətli insandı. Görünür "nəçiliyini" itirəndən bəri nəsihətinə fikir verən az olur, nəvəsi kimig Nə isə müdriklər demişkən, həyat gözlənilməz olaylardan xali deyil.
Mən onun sözunə qüvvət verdim:
- Haqlısınız, Uğur müəllim. Sizə qulaq asdıqca, mən də olub-keçənləri xatırlayıram. Vaxtilə gördüyüm, tanıdığım insanlar, iştirakçısı olduğum hadisələr kino lenti kimi gözlərim önündən keçir. Xatirəyə çevrilən olayları təzədən yaşayıram elə bil. Və sizdən eşitdiklərimi, öz başıma gələnləri, xülasə, olmuşlar, insanlar, talelər, xarakterlər sıralanan yazıları qələmə alıram.



İSLAM SƏFƏRLİ


Sənə nənəm qurban,
Azərbaycanım!

Torpağın ətrini sinəmə çəkdim,
Dodağım gül açdı, ürəyim çiçək.
Xəzər sahilində bir çinar əkdim,
Söyüdlər nazlandı gülümsəyərək.
Dəniz mahnısını oxudu sanki,
Ətəyi ləpəli, qırçınlı Bakı...
Kükrədi ilhamım, qaynadı qanım,
Sənə nənəm qurban, Azərbaycanım!

Ağ bir şərid kimi uzanıb gedir,
Dumanlı, çiskinli, günəşli yollar,
Bəzisi həyatdan usanıb gedir,
Mənimsə yollarda hekayətim var.
El özü qoruyar axarlı şeiri,
Dağlar quzey qarı şərindən saxlar.
Bağrıma basmasam hər qarış yeri,
Torpaq öz sirrini dərində saxlar.
Aç söylə, qoy bir də alışım, yanım,
Sənə nənəm qurban, Azərbaycanım!

Meyvəli bağçalar, bəhərli çöllər,
Ellərə can verib, min şərbət dadır.
Axarlı çaylaqlar, səfalı göllər,
Gümüş şəlalələr bu torpaqdadır.
Hərdən düşüncələr sarır insanı,
Çayüstü körpülər asma yolumdur.
Bağrıma basmışam Azərbaycanı
Araz bir qolumdur! Kür bir qolum!
Əlvan nağışlısan, doğma məkanım,
Sənə nənəm qurban, Azərbaycanım!

Bu necə manadır, bu necə hikmət,
Deyirlər ağlayır bulağın gözü.
Danışır təbiət - şair təbiət,
Qovağın dili var, çinarın sözü.
Mənim də boş yerə sözüm olmayıb,
Qəlbinə dəymədim əsla bir kəsin.
Özgə torpağında gözüm olmayıb,
Ana torpağıma göz dikilməsin!
Əmr et! Keşiyində mətin dayanım,
Sənə nənəm qurban, Azərbaycanım!


Azərbaycanım

Əziz vətənim, sevdalı diyar,
Ana qoynunda oldum bəxtiyar.
Mingəçevirim nurlu çələngdir.
Doğma Bakımız şərqdə nəhəngdir
Kürüm-Arazım qoşa çayımdır,
Azərbaycanım günüm - ayımdır.

Muğandan keçib, Mili dolaşdım,
Şirvan boyunca eli dolaşdım.
Mənə Naxçıvan - buyur dedi,
Gözəl Qarabağ şərqilər dedi.
Kürüm-Arazım qoşa çayımdır,
Azərbaycanım günüm - ayımdır.

Şəki yolları dolaybadolay,
Quba bağları yurdumuza pay.
Gəl, yaylaq gözəl, gəl, Aran gözəl,
Astara qəşəng, Lənkaran gözəl.
Kürüm-Arazım qoşa çayımdır,
Azərbaycanım günüm - ayımdır.

Xəzərə bax bir gümüş aynadır,
Sumqayıt yenə polad qaynadır.
Paytaxtım mənim, ay baxtım mənim,
Sən nə gözəlsən doğma vətənim.
Kürüm-Arazım qoşa çayımdır,
Azərbaycanım günüm - ayımdır.


Əbədi Beşik

Babamızın
kölgəli
çətiri bu torpaqdadır,
Qəbiri bu torpaqdadır.

Nənəmizin
gül kimi
ətri bu torpaqdadır
Qəbiri bu torpaqdadır.

El qədirini bilənin,
Qədiri bu torpaqdadır,
Qəbiri bu torpaqdadır.

Mən də qızıl şahinəm,
Aranlıyam, dağlıyam!
Ulu əcdadım kimi
Torpağıma bağlıyam.

O olum beşiyimdir,
O ölüm beşiyimdir!...


Döyüşçünün xəyalı

Mən indi uzaqda... Cəbhələrdəyəm,
Qarşımda boz otlar, gen səhralar var...
Məni qərq edəndə uçqun xəyallar
Elə zənn edirəm sanki evdəyəm.
Anam xalı salmış, sən çay qoyursan
Çiçəkli eyvana baxır... Baxıram...
Çaydan dəmləyirsən, limon kəsirsən,
Mən isə köksünə bir gül taxıram.

Odlu baxışların çevrilir bəri.
O bir cüt ilahi, mavi gözləri -
Süzürəm... Od tutub alışır könül
Yasəmən kolunda bir sona bülbül -
Oxuyur... Mən isə siyah zülfünü
Sevib oxşayıram sakitanə, lal
Bu zaman bir mərmi düşür yaxına
Məni gül eyvandan ayırır xəyal...

Yenə cəbhə boyu əsir küləklər,
Görürəm kimsəsiz bir səngərdəyəm
Fikrimi çuğlamış təmiz diləklər
Mənsə uzaqlarda.... Cəbhələrdəyəm.


Xatirə

Döyüş günləriydi... Axşam qabağı
Qəflətən döşümdən aldım bir yara
Yıxıldım, boyadı qanım torpağı,
Yerlər duman idi, üfüqlər qara.
Ayıldım bir zaman... "Axı hardayam?"
Gördüm ki, örtülü bir çadırdayam.
Çarpayı önündə durmuş bir pəri,
Dikilmiş üzümə maral gözləri.
Xoş bir təbəssümlə bu vaxt astadan:
- Yaran incidirmi, - dedi, - ay oğlan?
Gücümü azacıq toplayaraq mən
Dedim: - Kim çıxarmış məni döyüşdən?
O şəfqət bacısı, o maral gözlü,
O xoş təbiətli, o gülər üzlü
Dedi ki, mən səni çıxartdım oğlan,
Tam başqa idi halın o zaman.
Ona ehtiramla dedim: - Ey gözəl,
Mənim xilaskarım sən imişsən, gəl,
Tutum əllərindən!
Gülümsəyərək
Görüşdü mənimlə o nazlı mələk.
Gecə qoca təbib döşümü yardı,
Mina qəlpəsini çəkib çıxartdı.
Sonra məlhəm qoydu, kəsildi qanım.
Azacıq dincəldi taqətsiz canım.
Günəş zər taxtına çıxdığı zaman
Yenə xilaskar qız girdi qapıdan.
Elə bil bir şəfa gəldi canıma.
O maral baxışlı gəlib yanıma
Dedi: - Günün aydın, necəsən, qardaş?
Bu gün gedəcəksən arxaya birbaş.
Orda sağalarsan, indi bahardır,
Qafqaz, doğrudan da, bir laləzardır....
Yenə ətir saçır güllər, lalələr,
Axır qayalardan gur şəlalələr.
Dedim: - Ay qız, yenə görüşərik biz;
Çünki, bir məqsədlə vurur qəlbimiz...

Ötdü günlər, aylar... Sağalaraq mən
Döyüş cəbhəsinə getdim yenidən.
Sarıldım namusla, dostum silaha,
Lakin o gözləri görmədim daha...

Qanlı hərb qurtardı, qazandıq zəfər,
Güldü üzümüzə buludsuz səhər.
Keçdi aylar, illər..
Bir gün nagahdan
Xəzər sahilində seyr edən zaman
Mənə həyat verən o qızı gördüm,
Döyüşdə parlayan ulduzu gördüm.
O məni tanıdı "Yaralım" - deyə,
Görüş həyacanlı...
Bu təntənəyə
Yanan qəndillərdən nur səpən Bakı,
Duydu ki, mehriban qucağındakı
Bir cüt zəfər adlı dan ulduzudur,
Öz qalib oğludur, qalıb qazıdır!..


"Hər dəfə Bakıya dönəndə..."

"Turne" verilişinin müəllifi Mirsəməd Cəfərli: "Təəssüf ki, bu gün şou-proqramlar telekanallara daha çox reytinq qazandırır"


Yerli telekanallardakı verilişlərin sayı çox olsa da, maraqlı və məzmunlu proqram qıtlığı var. Yaxşı telelayihə isə tamaşaçı gözündən yayınmır. Bizim ATV-də yayımlanan "Turne" yaxşı mənada seçilən proqramlardandı. Elə ona görə də "Turne" vasitəsi ilə dünyanın müxtəlif ölkələrini, gəzməli-görməli şəhərlərini tamaşaçılara göstərən, uzaq elləri bizə yaxın edən Mirsəməd Cəfərlini oxucularımıza daha yaxından tanıtmaq istədik.
Düzdü, Mirsəməd Cəfərli teleməkanda təzə sima deyil, uzun müddət müxtəlif telekanallarda çalışıb, Lider TV-nin bir neçə xarici ölkədə, həmçinin Avropa İttifaqı yanında Daimi Nümayəndəliyində təmsilçisi olub. 2013-cü ilin ortalarından start verdiyi yeni telelayihəsində xarici məmləkətlərdə görməyə alışdığımız müsahibimizlə şəhərimizin sakit guşələrindən birində görüşdük.

- Mirsəməd bəy, xoş gördük, nə əcəb Azərbaycandasız?
- Arada buralarda da olmaq lazımdı... Zarafat öz yerində, amma xarici ölkələrdən çəkdiklərimi montaj eləmək, proqramları hazırlamaq üçün Bakıya gəlmək vacibdi. Siz zəng edəndə Omandan yenicə qayıtmışdım. "Turne"mizdə işlər elədir ki, səfərlər çox da uzun çəkmir, bəzən bir həftəyə, bəzən də 10 günə çəkilişləri yekunlaşdırıb qayıdıram. Bu da seçilən marşrutdan, getdiyim ölkədə maraqlı yerlərin çoxluğu və azlığından asılı olur.
- Tanış etmək istədiyiniz ölkələri, səfər marşrutlarını hansı ardıcıllıqla seçirsiz?
- Mən "Türk Hava Yolları" şirkəti ilə əməkdaşlıq edirəm. Məlum olduğu kimi, "Türk Hava Yolları" dünyanın ən çox ölkəsinə uçuşlar edən şirkətlərdən biridi. Marşrutları seçərkən təbii ki, bu şirkətin təklif və məsləhətlərini nəzərə alıram. Elə ölkələr və ya şəhərlər var ki, oraya konkret mövsümlə bağlı getmək daha məqsədə uyğundur. Məsələn Finlandiya yeni il ərəfəsində maraqlıdır. Ona görə də tamaşaçıları Şaxta babanın vətəni Laplandiya bir qədər də yaxından ilə tanış etmək üçün Finlandiyaya dekabrın sonlarında getmək maraqlı olur.
Bəzən də təkliflər dövlətlərin özündən gəlir, onlar öz ölkələrini təbliğ etmək, Azərbaycan turistlərinin marağını artırmaq üçün təklif göndərirlər və mən də bunu dəyərləndirməyə çalışıram. Bu gün bir çox ölkələr son dövrlər azərbaycanlıların səyahətə olan marağının artdığını müşahidə etdiklərindən istirahət məkanlarını, tarixi yerlərini və mətbəxlərini bizim turistlərə tanıtdırmaq istəyirlər. Çalışırlar ki, Azərbaycandan öz ölkələrinə daha çox turist cəlb etsinlər, ona görə də "Turne" ilə əməkdaşlıqda maraqlıdırlar. Bu gün Argentina, Kuba kimi ölkələr Azərbaycanda səfirliklərini açıblar, dövlətlərarası əlaqələrə önəm verirlər. Artıq Argentina tərəfdən dəvət almışıq və yəqin ki, "Turne" həmin ölkədən silsilə reportajlar hazırlayacaq. Son günlər Kuba da dünyaya açılır, münasibətləri bərpa edir. Kuba mənə çox cəlbedici gəlir.
- Bu gün yerli və əcnəbi telekanallarda belə demək mümkünsə, oxşar verilişlər az deyil, deməli həm də rəqabət var. Rəqabətdən qorxmursuz?
- Təəssüf ki, bu gün tamaşaçı kontingentinin bəlli bir hissəsi xarici kanalları izləməyə üstünlük verir. Onların sayı gündən günə artdığı üçün bu acı reallığa görə həqiqətən də təəssüflənməyə dəyər. Amma bir məsələni də nəzərə almaq mütləqdir, axı tamaşaçılarımızın heç də hamısı rus, ingilis və digər xarici dilləri bilmir. Əgər izləyici yerli telekanalda dünyanın müxtəlif ölkələrini tanıdan, tarixi, maraqlı məkanları göstərən və öz doğma ana dilində olan proqrama baxmaq imkanı qazanırsa bunun nəyi pisdir ki? Rəqabətə gəlincə... Layihəyə başlamışamsa deməli, rəqabətdən çəkinmirəm. "Turne" iki mövsümdür ki, uğurla davam edir və baxılır. Konkret bizim kanallarda mövzu baxımından oxşar veriliş ola bilər, lakin fərqli cəhətlər də çoxdur.
- Məsələn...
- "Turne"də bizi izləyən tamaşaçıları təkcə maraqlandırmaq yox, həm də maarifləndirmək, hər dəfə yeni və lazımlı məlumat vermək istəyirəm. Yerli teleməkanda maarifləndirici verilişlərə ehtiyac olduğuna əminəm. Ona görə də çalışıram tamaşaçılar bizim verilişdən nələrisə öyrənsin. Sözün açığı, bu iş özümə də ləzzət edir. İnsan sevdiyi işlə məşğul olanda cəmiyyət də bundan xeyir görür. ATV rəhbərliyi sağ olsun ki, "Turne"ni hazırlayan, araya-ərsəyə gətirən komandaya hər cür şərait yaradır. Onlar bizim proqramın maarifçilik missiyasını düzgün dəyərləndirir.
Təbii ki, mən də bizim telekanallarda insanları düşündürən, maarifləndirən proqramların çox olmasını istəyirəm. Amma təəssüf ki, hələlik şou xarakterli verilişlər üstünlük təşkil edir və reytinq qazandırır.
- "Çox oxuyan çox bilməz, çox gəzən çox bilər"- zərb-məsəlini bu gün də aktual hesab etmək olarmı?
- Əlbəttə olar. Azərbaycan digər sovet respublikaları kimi bir müddət qapalı rejimdə yaşayıb. İndi isə durum tam fərqlidi, dünyanın istənilən nöqtəsinə getmək, yeni ölkələr görmək və müxtəlif mədəniyyətlərlə tanış olmaq asanlaşıb. Xüsusən gənclərimiz xarici ölkələrdə təhsil almaq, dünyaya daha fəal və sürətli inteqrasiya olunmaq fürsəti qazanıblar, həqiqətən də onların qarşısında geniş imkanlar açılıb. Bu baxımdan indiki gəncliyi şanslı sayıram.
- İki televiziya mövsümüdür ki, "Turne" efirdə nümayiş etdirilir. Bu müddətdə tamaşaçıları neçə ölkəyə qiyabi səyahətə aparmısız?
- 20-dən çox ölkə bizim proqramda təqdim olunub. Uzaq Cənub-Şərqi Asiya ölkələri həm proqramın müəllifi , həm də səyahətlə maraqlanan bir insan kimi məni daha çox maraqlandırır. Onlar ötən əsrin 70-ci illərindən sonra turizmi inkişaf etdirməyə başlayıb və artıq bu sahədə böyük uğurlar əldə etməyi bacarıblar. Ada dövləti olan Sinqapuru xüsusi qeyd edə bilərəm, az müddətdə bu kiçik ölkə böyük ilklərə imza atıb. Nəqliyyat sistemi elə dəqiq qurulub ki, avtomobillərin həddindən artıq çox olmasına baxmayaraq şəhərdə bir dəfə də tıxaca düşmürsən. Sinqapurluların qanunlara ciddi əməl etmələri və qənaətcil olmaları xüsusilə diqqət çəkir.
Bayaq dediyim kimi, Omandan yeni qayıtmışam və orda gördüklərim də marağıma səbəb oldu. Oman əhalisinin sadəliyi insanı cəlb edir, neftlə zəngin digər ərəb ölkələrindən fərqli olaraq Oman camaatı təkəbbürlü deyil. Torpaqlarına, tarixlərinə çox bağlıdırlar, İslamı ilk qəbul edən ölkələrdən biri olmaqları ilə fəxr edirlər.
- Gəzdiyiniz müxtəlif ölkələrdə insanlarla ünsiyyət problemini necə həll edirsiz?
- İngilis dilini mükəmməl dərəcədə mənimsəməsəm də ünsiyyət qura bilirəm. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirməyim, ərəb və fars dillərini bilməyib bəzi ölkələrdə köməyimə gəlir.
- İşinizin xüsusiyyəti elədir ki, tez-tez səfərə çıxır, yolda olursuz. Hər dəfə səfər başlayanda hansı hisslər keçirirsiz?
- Təyyarə havaya qalxmağa başlayanda həmd-surə oxuyuram. Allahın gözəl kəlmələri ilə başlanan yolun sonunda həmişə uğur var. Uçuş müddətindən asılı olmayaraq təyyarədə heç bir narahatlıq-filan keçirmirəm, çünki mənim fikrimcə ən təhlükəsiz nəqliyyat vasitəsi elə təyyarədir.
- Bəs geri dönərkən sizdə hansı hisslər yaşanır?
- Doğma məmləkətinə, ocağına, ailəsinə qayıdan bütün normal insanlar hansı hislər keçirirlərsə mən də o hissləri yaşayıram. Əvvəllər xaricə gedəndə çox məsələlərə görə oradakılara həsəd aparırdıq. Azərbaycanın iqtisadi qüdrəti artdıqca ölkəmiz həqiqətən də sürətlə inkişaf edir və həsəd aparmalı az məsələ qalıb. Hesab edirəm ki, bəzi xırda-para nöqsanlar da zamanla düzələcək.

"Təyyarəni ən təhlükəsiz
nəqliyyat vasitəsi sayıram"

TƏQVİM / ARXİV