adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Müəllimə deyir kainat, uşaq deyir evren...

SAMİRƏ ƏŞRƏF
22881 | 2015-02-28 01:34
Bu gün səhər-səhər çörək almaq üçün marketə girdim. Gördüm, anasının əlindən tutan üç, dörd yaşlı bir uşaq çır-çır çığırıb özünü yerə sürtür. Səhərin gözü açılmamış uşağın cır səsi kal və yuxulu əhvalımı daha da korladı. Uşaq anasının əlindən, paltosunun ətəyindən zorla dartıb şirniyyat olan bölməyə çəkirdi. Ya şokoladlı yumurta, ya da hansısa çərəzi aldırmaq istəyirdi. Əlqərəz ana uşağın bütün qara-qışqırıqlarına məhəl qoymayıb sakitcə bazarlığını edib bayıra çıxdı. Uşaq da elə çığıra-çığıra onun yanına düşüb getdi.
İkinci bənzər əhvalatla isə ötən həftə rastlaşmışdım. Məktəb ləvazimatı satılan mağazdan uşaqlar üçün rəngli kağızlar alırdım. Mağazaya boyu iki metr nə qədərsə uzunluğu olan kök bir kişi, yanınca qarayanız, ilk baxışdan fağır görünən zövcəsi və məktəb yaşlarında olan iki qızı girdi. Qızlardan biri mağazaya girən kimi əl atıb rəngləmə jurnallarından birini götürdü. O biri qız isə quraşdırıcı pazl seçdi. Hər ikisinin birlikdə qiyməti uzağı bir manat əlli qəpik edərdi. Ata qızlarının bu hərəkətinə çox qəzəbləndi. Onlar üçün bir neçə sərt ifadə işlədib əllərindəkiləri alıb piştaxtaya vızıldatdı. Sonra satıcıdan iyirmi qəpiklik iki nazik vərəqli rəsm albomu alıb onlara verdi.
Ata cibindəki pulu çıxardanda məəttəl qaldım. Yüz manatlıqlar az qalırdı ki, onun əlindən sürüşüb döşəməyə tökülsün. Yəni maddi vəziyyətin bu qədər ürəkaçan olduğu halda iyirmi qəpiklik albomla qənaətlənən qızlarının kədərli baxışları məni çox təsirləndirdi. Nəyə görəsə bu ana da baş verənləri çox soyuqqanlılıqla izləyirdi.
Ailə mağazadan çıxanda qadın yenidən qayıdıb mağazaya girdi. Küncdə asılmış qara muncuqlu qolbağı götürüb qiymətini soruşdu, sonra isə qolbağın pulunu ödəyib getdi. Həmin pula on ədəd rəngləmə albomu və quraşdırıcı pazl almaq olardı...
Ailələrdə baş verən bu cür görməmişliklərin və uşaqla belə mədəniyyətsiz rəftarın səbəblərini araşdırmaq kimi bir niyyətim yoxdur. Çünki görünən kəndə heç bir bələdçi lazım deyil. Kitab oxumayan, muzeyə, teatra, kinoya, getməyən, uşaqlarını da bu kimi məkanlarla tanış etməyən, kitabın zərərli və lazımsız bir əşya olduğunu təbliğ etməkdən yorulmayan ailələrin sonu bundan da betər olacaq. Hələ bu gün-sabah uşaqlar əl atıb analarının qulağındakı sırğaları da qoparacaqlar. Atalarının ciblərinə girəcəklər. Təki ürəkləri istəyən nəyisə pulla əldə edə bilsinlər.
Məni narahat edən əsas məsələ bundan ibarətdir ki, insanlar bu qədər dəhşətli dərəcədə mənəvi tənəzzülün hələ də fərqinə varmaq istəmirlər.
Biz orta məktəbdə oxuduğumuz illərdə görüb görəcəyimiz iyirmi qəpik olardı. Onunla da korjikdən, bulkudan alıb günümüzü başa vurardıq. Ürəyimiz istəyən nəyisə valideynimizə deməkdən çəkinərdik.
Bəlkə də lazım deyil, amma yeri gəlib deyə özümlə bağlı bir məsələni yazmamaqdan əl saxlaya bilmirəm. İyirmi yaşım vardı. Özüm də işləyib pul qazanırdım. Amma düz bir qışı işə altı ortadan çatlamış çəkmələrlə gedib gəldiyimi xatırlayıram. Ailəmizin dolanışığı o qədər də pis deyildi. Amma yaxşı da demək olmazdı. Bu səbəbdən idi ki, utandığımdan onlara deyə bilmirdim ki, mənə yeni çəkmə alın.
Ola bilsin ki, bu da o qədər yaxşı hal deyil. Gələcək dövrdə insanın qarşısına müxtəlif problemlər çıxardır. Amma fakt bu idi ki, bizi belə böyütmüşdülər. İndi baxıram mənimlə yaşıd olan bir çox insanlar da məhz bu tərbiyənin sahibidirlər. Deməli, yaxşı, ya da pis əsas məsələ sistemdə və quruluşdadır.
O vaxtlar gündə bircə dəfə beş, on dəqiqə cizgi filminə baxa bilsəydik sevindiyimizdən papağımızı göyə atardıq həmin gün. Hər şey də öz təbiiliyini, əsrarəngizliyini qoruyub saxlayırdı.
Bunu bir dəfə yazmışam, vəziyyəti daha dolğun çatrıdırmaq üçün yenə də qeyd etməyi lazım görürəm. Uşaq vaxtı bir sinif yoldaşım özü ilə sinfə balaca oyuncaq kamera gətirmişdi. Yaşıl rəngdə olan plastmas kameranın böyründə bildirçin ayağı boyda bir fırlanğıc vardı. Onu fırladıqca gözlükdən cürbəcür heyvan rəsmləri görsənirdi. Həmin oyuncağı bir günlük sinif yoldaşımdan alıb evə gətirmişdim. Həmin gecə məni yuxu tutana qədər ordakı heyvan rəsmlərinə baxdım. Sizi inandırıram ki, indi həmin oyuncağı gətirib beş yaşında uşağa versəm ona heç gözünün ucu ilə də yaxın durmaz. Amma biz dördüncü sinif şagirdləri həmin oyuncağı əldən-ələ gəzdirirdik. Çünki bilirdik ki, qiyməti üç manat iyirmi qəpik olan bu oyuncağı bizə heç kim almayacaq. Və bizim də o həddimiz yox idi ki, anamızı mağazaya aprıb sonra da özümü yerə sürtək ki, bizə istədiyimizi alsın.
Bu gün fasiləsiz internet, fasiləsiz cizgi kanalları, oyuncaq adına alınıb evə yığılan çoxlu zir-zibil. Və ən nəhayət də barmaqla toxunulan telefonlar ki, bir çox uşaqlar həmin telefondan oyuncaq kimi istifadə edir. Bu telefon məsələsinə özümü də qarışdıracam. Amma burun boğazını kəsdirib təzədən yamatdıran şou-proqram aparıcılarının dediyi kimi bir azdan...
Ən maraqlısı odur ki, bu qədər çoxluğa, bayağılığa, uşaqlar üçün bu qədər lazımsızlığın yaranmasına heç kim heç bir reaksiya vermir. Məsələn, bir adam yerindən qalxıb demir ki, gündüz efirində baş verən biabırçılıqları, dilənçiliyi yığışdırın. Heç kimi uşaqlar üçün Azərbaycan dilində çəkilməyən cizgi filmləri narahat etmir. Xarici kanalların, daha dəqiqi türk kanallarının bütün gün ərzində yayımlanan cizgi filmləri uşaqların baş-beynini xarab edib. Nəyi təbliğ edirlər, nə demək istəyirlər anlaya bilmirsən. Hara gedirsən özünü benten, hörümçək adam, bakuqan hesab edən uşaqlar var. Onlar özlərini həmin cizgi filminin xəyali qəhrəmanları kimi aparırlar. Birinci sinfə gedən uşaqların əlindən ibtidai sinif müəllirmləri dad deyirlər. Müəllimə deyir mən deyirəm kainat, uşaq deyir evrən, mən deyirəm tısbağa, uşaq deyir kaplumbağı və s.
Əlqərəz problemlər uzun-uzadı, həlli isə az qala mümkünsüz həddə gəlib çatmış vəziyyətdədir. Əlac bircə ona qalır ki, kimin gücü nə qədər çatır özünü və yaxınlarını düşdüyü girdabdan xilas etsin. Hərçənd bu da çətin məsələyə çevrilib. Aşağdakı əhvalatdan görəcəksiniz ki, pislədiyim xoşagəlməzliklərin bir qismi özümdən belə yan keçməyib.
Bayaq dediyim bu əllə toxunulan telefonlar bəhs etdiyim kimi bir çox uşaqların oyuncağına çevrilib. Ötən ay belə telefondan biri də mənə hədiyyə olundu. Açığı mənim üçün bunun o qədər də əhəmiyyəti olmadı. Çünki texnikaya və onun yeniliklərinə qarşı o qədər də aludəçiliyim yoxdu. Hal-hazırda işlətdiyim telefonu beş il əvvəl almışam. Mənə lazım olan bütün prossedurları yerinə yetirdiyi üçün telefonumdan heç bir şikayətim yoxdur. Bu səbbədən də yeni telefon mənim üçün o qədər də əhəmiyyət kəsb etmədi. Ancaq uşaqlarım üçün çox maraqlı və əyləncəli əşyaya çevrildi. Dərslər bitən kimi uşaqlar telefonu götürüb orda müxtəlif oyunlar oynayırdılar. Hətta telefonun bir neçə proqramını necə işlətmək lazım olduğunu mənə üçüncü sinifdə oxuyan oğlum başa salmışdı...
Əlqərəz müsəlmanın o günü olmasın. O günləri möhkəm yuxulamışdım. Qəfildən gələn pişik səsinə yuxudan ayıldım. Pişik miyovultusu yarım saniyədən bir eşidilirdi. Hər dəfə də daha yüksək səslə. Sözün açığı bir az qorxdum. Evdə də heç kim yox idi. Ətrafa nə qədər boylandımsa, nəinki pişikdən, heç pişiyin tükündən də əsər yox idi. Dinməzcə, rəngi ağarmış halda otaqdan çıxdım. Uşaqları məktəbdən gələnə qədər otağa girmədim. Onlar gələndə dedim ki, uşaqlar evə hardansa pişik girib, amma tapa bilmirəm. Bir də gördüm ki, oğlum bic-bic gülür. O, ərklə mənim otağıma girib təzə telefonumu götürüb düyməsini basıb dedi: "Ana, bu telefondakı pişiyin səsidi. Təzə oyundu, dünən yükləmişəm. Dörd saatdan bir pişiyi yedirtmək, dişlərini fırçlamaq, ayaqyoluna aparmaq, yatızdırmaq lazımdır. İndi o ya acıb, ya da ayaqyolusu gəlib ona görə miyovuldayır". İnanın ki, xeyli vaxt əlim üzümdə aldı. Bilmədim pərtliyimdən nə deyim. Bircə ona gücüm çatdı ki, dedim: "Telefonu satacam. Gedin dərsləriniz oxuyun. Vəssalam!"

TƏQVİM / ARXİV