adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

ADİL MİRSEYİD

MƏMMƏD DƏMİRÇİOĞLU
22710 | 2015-02-28 01:32
Məmməd Dəmirçioğlunun qara sazı üçün ikinci hava.

gecə yağırdı yenə
qaynadı qızıl qanım
qafamda qovğalarım
cibimdə yatağanım

könlümün budağında
qara sevda çiçəyi
kimsə qara saz çalıb
oyatmasın fələyi

sahildə köhnə qayıq
çox uzaqlarda mayak
ay doğdu qəlbiləndi
vaxt yatmış ölüm oyaq

İnsanlar da təbiət kimidi. Daş adam var, ağac adam var, su adam var və s. İstər daxilən, istər zahirən eyni oxşarı olan iki adamın olması mümkünsüz olduğu kimi bir-birinə oxşayan iki yarpağa, iki daşa, hətta iki qar dənəsinə belə rast gəlmək mümkün deyil. Amma qəribə olsa da mənə elə gəlir ki, eyni cins quşlar isə bir-birindən qətiyyən fərqlənmirlər. Məsələn, iki dənə eyni cins qaranquşu və ya sərçəni yanaşı tutsanız fərq görməyəcəksiniz. Bir başqa misal. İki ayrı-ayrı bulağın suyunu bir-birindən seçmək mümkün deyil. Amma əslində isə bu belə deyil. Əks halda cüt qaranquşlar və sərçələr öz yarılarını, cütünü başqalarından seçə bilməzdilər... Dünya sirlərlə doludur və bu dərinliklərə varmadan qayıdaq mətləbimizə.
Adil Mirseyid təkcə insan ömrü yaşamadı. Bulud adam oldu, güzgüdəki adam oldu, nəğmə adam oldu. Sonra ay süvarisi olmaq üçün Vernisajıyla gözlərimiz önündə bir şair, bir rəssam, bir filosof ömrünün əsrarəngiz mənzərələrini sərgiləndirərək göylərə ucaldı, Ay süvarisi olaraq Amor Fatihə qədər olan yolları fəth etdi.

sorma bu dünyanın harasındayam
ulduzlarla dəniz arasındayam
əsən rüzgarlara qoşulub uçmaq
keçir könlümdən
yalvarıram söz açma
ayrılıqdan ölümdən
burax gedim çiçəyim
rüzgar budağımdan qoparsın məni
burax gedim mələyim
bir gecə ay çəkib aparsın məni
sorma bu dünyanın harasındayam
dənizlə ulduzlar arasındayam
içimdə qanlı bir umid
içimdə cəhənnəm yanğınları var
bir də bir bənövşə var içimdə
dərd dibindən baş qaldırıb
gülümsəyir hər bahar
hərdən röyalarda diksinirəm mən
röyalarda bir kəpənək uçub qonur
hərdən ürəyimin başına
tanrım bağışla məni
röyalarda gördüyüm
kəpənəyin göz yaşına
Adil Mirseyid Azərbaycan ədəbiyyatına rəngli şeirlərin ilk modern örnəklərinin toxumlarını səpdi, sürrialist cərəyanın poetik obrazlarını, qeyriadi metofaforik deyimlərin canlı görüntülərini gah kətan üzərində yağlı boyalarla, gah da akvarellə kağız üzərində canlandıraraq oxucularını əl çatmaz məkanlara aparıb çıxara bildi.
Bəzilərinə çox adi və sadə görünən sözlərlə boyanmış bir qış mənzərəsinə tamaşa edin:

Qar eskizi
Qar yağır
Qar yağır
Qar yağır
Qar yağır
...Qara çörək
Bəyaz pendir
Qırmızı çaxır
Qar yağır
Qar yağır
Qar yağır
Qar yağır...

Məncə qışı bundan sadə, bundan mükəmməl boyalarla işləmk olmazdı. Mən rəssam olduğumdan, artıq bu mənzərəni olduğu kimi gördüm və rəssamın poetik dillə rəngləri necə gözəl kolorit çərçivəsinə yerləşdirməsinə heyran qaldım. Ağ rəngin içində bəyaz pendiri və bu rənglərlə kəsgin təzad təşkil edən qara çörəklə qırmızı çaxırın mənzərəni necə canlandırmasına tamaşa edin.
Adil bir modernist, hətta bir post modernist şair olmaqla bəzi çaşqın modernist şairlərə çanlı örnək ola bilər. Adil yazdığı hər misranı əlvan rənglərlə dolu olan politra üzərində bişirir, qurulmuş kompozisiyanın koloritinə rəğmən, bütün anatomik tarazlıqları pozmadan bir professional bacarığı ilə heç kimin ağlına gəlməyəcək, amma hamının heyranlıqla tamaşa edəcəyi tablolar işləyir.


"REKVİYEM" ÇALINIRDI

Gecə səssizliyində
"Rekviyem" çalınırdı
son gecəyə layla tək.
Sirli səslər içində
döyünürdü o ürəkg
Keçib zaman həddini,
Bütün Yer kürəsinin
adlayıb sərhəddini
"Rekviyem" çalınırdı.
Səslər alovlanırdı,
Alışırdı Motsartın
piano dillərinə
o həsrət barmaqları.
Ölümün gizli öpüb
getdiyi dodaqları
Salyeriyə notları
pıçıldayırdı hələ,
"Rekviyem" çalınırdı.
Gecənin havasından
dərd qoxusu gəlirdi,
Səs quyuya enirdi,
zirvəyə yüksəlirdi.
Açılacaq sabahın
taleyi yazılırdı,
son dəfə üzülürdü
bəstəkarın ürəyi.
"Rekviyem" çalınırdı.
Səhərə az qalırdı,
Varlığını səslərə
köçürmüşdü o ürək.
Ağarmışdı bənizi,
Dodağında ölümün
buz kimi öpüş izi
Motsart gülümsəyirdi.
"Rekviyem" çalınırdı
son gecəyə layla tək.
... "Rekviyem" çalınırdı.

Adil Mirseyid Azərbaycanlıdı, Ağdaş bölgəmizdə dünyaya göz açıb, Əzim Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbini bitirib. Məncə, şairlik ixtisası verəcək bir təhsil müəssisəsi yoxdur dünyanın heç bir yerində. Şairlik özünü, dünyanı, Allahı dərkdən sonra başlayır. Bu elmin ünvanı dünya, kainat və Allahdı. Bunların imtahanından keçə bilənlər şairlik adına sahib ola bilirlər.
Adil bütün şeirlərində bu dərslərdən necə imtahan verdiyini sübuta yetirir, məkan və zaman anlayışlarının sərhədlərini asanlıqla keçir, dünyanın və kainatın istənilən yerindən canlı və obrazlı görüntüləri qarşımızda canlandıra bilir. Bəzi hallarda onun Parisdən, Siyena çayının sahillərindən yazdığı şeirlər oxucuları çaşdırır, onun Noturdam kilsəsini görmədən, onun ecazından, Parisin tüstülərlə dolmuş bir qəhvəxanasında oturub, Fransa abu-havasının spesifikasından şeirlər yazması adamı heyrətləndirir.
Adil bir qəm yuvasına, bu qəm yuvasına sığınmış bir qərib yolçuya da bənzəyir. Bütün şeirlərindən qürbət avazı süzülür, sakit, həlim duaların pıçıltıları eşidilir, kainat boyda qəfəsin içində darıxan qərib bir durnanın hönkürtüləri inildəyir...

səhər qəhvəsi
yağmurla gəldi payız qüssəsi
yağmur icində azdı quş səsi
bir adam üşüyür yağış içində
bir intihar təşəbbüsü vardı onun
dumanlı keçmişində
illər öncə bir yağmur
mövsümünün sonunda
qanadlı bir qız görmüşdü
düşündə
o qadının sevdasıyla diyar diyar
şəhər şəhər dolaşdı
həyatını dəyişdirəcək o qadını
çox aradı tapmadı
gizli-gizli şeir yazdı
o qadının adına
bir səhər güzgüyə baxdığı
zaman
ömründə ilk dəfə yapayalnız
olduğunu
görüb diksindi şair
təbəssümü dodağında qurudu
şimşək kimi
islandı gözlərində yazılmamış
bir şeir
divarda yapon rəssamı busonun
ay işığında məktub oxuyan qadını
bayırda yağmur yağır bayaqdan
bir qatar fit verib keçdi uzaqdan
saat səhər yeddi on beşi vurur
pəncərə önündəki ağac
yenə durduğu yerdə durur
sükutu cırmaqlayır
qara pişiyin səsi
soyuyur səhər qəhfəsi

Adilin özünəməxsus dili, üslubu, və özəl bir könül dünyası var. Şeir onun dilində neydən süzülən həzin bir nəğməyə çevrilir, duyğular dolu bir aləmə aparıb gedir. Onun ən adi misraları belə mükəmməl, bitkin fikir ifadə edir, poeziya rənginə boyanır, mahir bir sənətkarın könül dünyasından xəbər verir.
Güzgü mövzusunda yazılmış şeirlərə çox rast gəlirik. Bu ifadənin (tapıntının) ilk olaraq kim tərəfindən işlədilməsini müəyyən etmək o qədər də asan deyil və belə bəsit fikirlərin arxasınca getməyi isə lüzumsuz sayıram. Eyni sözü və fikri bir-birindən xəbərsiz bir neçə adam söyləyə bilər. Söz dünyası çox zəngin və azad bir məkandı. Heç kim sözə sahib çıxa bliməz. Bu bir başqa məsələ ki, bir başqasının yazdığı şeiri, sujeti, mətləbi və s. oğurlayıb mənimsəyəsən. Bu ən azından tərbiyəsizlikdi.
Adilin şeirlərini oxuyarkən özünü tamam yeni və özəl bir aləmdə hiss edirsən. Hiss edirsən ki, Adil yalnız öz içini göyərdir, öz bağının məhsullarıyala, gülləriylə, çiçəkləriylə oxucularını salamlayır. Bu baxımdan onun güzgüdəki adam şeiri də heç kiminkinə bənzəmir.

güzgüdəki adam -
adam öz adını unudur bəzən
bir səhər güzgüyə baxıb görür ki
gözləri qan çəkib güzgüdəki adamın
güzgüdəki adam çıx güzgüdən
çıxmasan güzgünü sındıraram mən
amma inanma sözümə
gücüm çatmaz bu güzgüyə
gücüm çatsa da əl qaldırmaram
güzgüdəki adam bağışla məni
çap etdirə bilmədim şeirlərini
satılmadım satmadım
bir də satmaq üçünmü söylə
öz özünə oxunan dualar
özüm istəmədən aldatdım səni
vaxtsız qocaltdım səni
güzgüdəki adam kimsən nəçisən

Bu şeirin ardınca nəğmə adamı
dinləyək
nəğmə adam
sən məndən mən də səndən
allah ikimizdən uzaq
ay doğacaq indicə
sən canavar mən yalquzaq
bir kimsə yox bu dünyada
sevib könül bağlamağa
allah sənə göz verib
bir gün məni ağlamağa
bir an öncə burdaydın
indi hardasan harda
özün yoxsan otaqda
kölgən gəzir divarda
(Ardı gələn şənbə sayımızda)

TƏQVİM / ARXİV