CÜCƏNİ PAYIZDA SAYARLAR

FAİQ QİSMƏTOĞLU
127415 | 2015-02-28 01:29
Qəzənfər kişi əsəbi halda həyətə daxil oldu. İçəri keçib qapının ağzındakı dəhrəni əlinə götürdü. 20 il bundan qabaq saldığı və böyüyüb-başa çatdırdığı bağçadakı ağacların budaqlarını yavaş-yavaş qırdı. Qurumuş budaqlara baxıb bir qədər kövrəldi: "Bəlkə bunları kəsməyim?" - dedi. Çünki bu budaqların üstündə o qədər meyvələr yetişmişdi ki, dadından doymaq olmurdu. İndi isə 20 ildən sonra həmin budaqlar qurumuşdu...
...Əli gəlmirdi budaqları kəsməyə. Ancaq budaqları kəsməsəydi o ərik ağacı quruya bilərdi. Bir də ki Qəzənfər kişi elə-belə adam deyildi. Çünki onun babası Tərxan kişi də yaxşı bağban idi. Elə ona da bu qabiliyyət babasından keçmişdi. Ağaca baxan kimi bilirdi ki, onu nə vaxt budamaq lazımdı və nə vaxt da dibini belləmək. Və bir də Qəzənfər kişi ağacı elə bilirdi ki, doğma balasıdı. Doğma balası kimi həyətdəki ağacların hamısını çox istəyirdi. Hətta qurumuş budaqları kəsəndə kövrəlirdi və gözləri də dolurdu. Qurumuş ağacları kəsməmişdən əvvəl əlləri ilə ağaca və o budaqlara sığal çəkərdi. Sanki budaqların halallığını alandan sonra onu dəhrə ilə doğrayardı...
Budaqların qurumuş hissələrini kənara yığardı. Dərindən köks ötürərdi, bir qədər əyləşib ərik ağacının yanında dincini alardı, sonra da yenidən ayağa qalxıb işini görərdi. Təsəllisi o idi ki, kəsdiyi budaqların yerinə körpə budaqlar baş qaldıracaq. O da baş qaldırdı ha, bax onda ərik ağacının meyvəsindən budaqlar sallanacaq, oğul-uşaq, nəvələr qaçıb o budaqları silkələyərək meyvələri yığacaqlar.
Budaqlar silkələnəndə saprsarı əriklər yerə tökülərdi. Nə yaxşı ki, ərik ağacının altında ot da bitirdi. Budaqlardan tökülən əriklər otun üstünə düşəndə elə də çox əzilmirdi. Bir-bir o ərikləri səliqə ilə vedrəyə yığar, nəvələrini səsləyərdi:
- Ay bala, gəlin bu bal kimi ərikdən yeyin, rənginiz-rufunuz özünə gəlsin!
Qəzənfər kişi gözünü açan kimi nəvələrini ərik ağacının yanında görərdi. Görərdi ki, üç nəvəsinin üçü də gözlərini onun gözünə zilləyib. Amma heç biri icazəsiz o ərikdən birini də götürməzdi. Qəzənfər kişi əlini vedrənin içinə salar, sapsarı və bal kimi şirin ərikləri nəvələrinə sarı uzadardı. Nəvələri də o ərikləri alıb gözlərinə təpərdilər. Bal kimi şirin əriyi yedikcə uşaqların ağzından şirə maykalarına sarı süzülərdi. Kənd uşaqları olduqları üçün dünya onların vecinə deyildi. Uzaqbaşı, anaları bir balaca danlayacaqdı ki, ərik yemisiniz-yemisiniz, bəs üst-başınızı niyə batırmısınız?!
Onlar da bir ağızdan deyəcəkdilər: "Babamız verdi, biz də yedik!". Bu bal kimi şirin əriyin meyvəsini tək Qəzənfər kişinin nəvələri yeməzdilər. Çünki həyətdə nə az-nə çox, 30-a yaxın ərik ağacı vardı. Meyvə yetişəndə Qəzənfər kişi onun çoxunu kənddəki kasıb-kusublara təmənnasız paylayardı. Bir bacanağı vardı, onun bir az tamahı iti idi. O da gəlib iki ayağını bir başmağa dirəyərdi və yalvarardı:
- Başına dönüm, a bacanaq. Bu əriyin iki ağacını mənə ver, balalarıma çörək pulu qazanım.
Qəzənfər kişi:
- Gəl nə qədər istəyirsən yığ apar. Amma ağacın budaqlarını sındırma. Keçən il əriyi yığanda budağın bir neçəsini qırmısan. Güc-bəla ilə onları təmizləyib düzəltmişəm.
Bacanağı:
- Narahat olma, qohum. Heç qəm eləmə, hər şeyi səliqə ilə görəcəyəm.
Bacanağı iki ağacdan yarım tona yaxın ağ ərik yığdı və ağ əriyi də Bakıya gətirib bir yerdən kiloqramı 2 manata alverçiyə verdi. Kəndə qayıdanda kefi ala buluddan nəm çəkirdi. Çünki min manata yaxın pul qazanmışdı. Zarafat deyil, bu min manatla o çox işl görə bilərdi. Qəzənfər kişinin bacanağı tülkünün biri idi. O pula iki inək aldı və iki ildən sonra o inəklərin sayı altıya çatdı.
Qəzənfər kişinin çörəyi həmişə bol olurdu. Və həmişə də bir iş görəndə deyərdi ki, bir az səbriniz olsun, mən bu bağı salanda çoxları dodaq büzdü, dedilər ki, əşi bu şoran torpaqda ərik bitər? Bitsə də meyvəsi olmayacaq. Mən də dedim ki, cücəni payızda sayarlar. Hər şeyə baxmaq lazımdır. Bağa baxarsan bağ olar, baxmazsan dağ olar. Mən də 20 ildə hər ağacın nazını çəkdim, qulluq elədim, dibini bellədim. İndi şükür Allaha, mer-meyvəsini yığışdırmaq olmur, balalarım da yeyir, qonum-qonşuya da pay verirəm. Bacanağım isə bu əriklərlə özünü tutub.


TƏQVİM / ARXİV