adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Fevral 2015 22:18
1708
SİYASƏT
A- A+

Almaniya Bundestaqının deputatları Xocalı hadisələrini müzakirə ediblər

Xocalı soyqırımının 23-ci ildönümü münasibətilə Almaniya Bundestaqının nəzdində fəaliyyət göstərən "Alman Parlament Cəmiyyəti”ndə "Cənubi Qafqazda Təhlükəsizlik və Sabitlik. Almaniya-Azərbaycan Əməkdaşlığının Perspektivləri” adlı simpozium keçirilib.

Azərbaycanın Almaniyadakı səfirliyindən KİV-ə verilən məlumata görə, tədbiri giriş nitqi ilə Azərbaycan Respublikasının AFR-dəki səfiri Pərviz Şahbazov açıb. Səfir Ermənistanın təcavüzü haqqında danışıb, Xocalıda azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş qətliamın Azərbaycan xalqı üçün faciəsini tədbir iştirakçılarına aydınlaşdırıb. Pərviz Şahbazov ölkəmizin işğaldan əziyyət çəkməsinə baxmayaraq, müstəqil və ağıllı siyasət yürütməklə regionda aparıcı gücə çevrildiyini, qonşuları və dünya ölkələri ilə, o cümlədən Almaniya ilə qarşılıqlı faydalı münasibətlər qurduğunu vurğulayıb. Səfir Azərbaycan-Almaniya əməkdaşlığının son dövrlər daha da fəallaşmasında Azərbaycan prezidenti  İlham Əliyevin ilin əvvəlində Almaniyaya həyata keçirdiyi 2 işgüzar səfərin əhəmiyyətini vurğulayıb.
 
Daha sonra "Alman-Azərbaycan Forumu”nun adından qonaqları salamlayan Forumun sədri, keçmiş dövlət katibi Hans-Eberhard Şlayer Azərbaycanın Avropa və Almaniya üçün əhəmiyyətni geniş işıqlandırıb, ölkəmizin bəzən Almaniya mətbuatında qeyri-obyektiv və qərəzli işıqlandırılmasının ədalətsiz olduğunu bildirib. Şlayer Dağlıq Qarabağ münaqişəsinə etinasız yanaşmanın Avropada bu günədək digər münaqişələrin yaranması və alovlanmasına şərait yaratdığını vurğulayıb.
 
AFR Bundestaqının vitse-prezidenti Yohannes Zinqhammer sözü gedən tədbirin Almaniya ictimaiyyətinin Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlanması baxımından əhəmiyyətini vurğulayıb. O, Almaniya Bundestaqının hələ 2009-cu ildə Cənubi Qafqaz ölkələrinə dair qəbul etdiyi qətnamədə ərazi bütövlüyünün dəstəkləndiyini və bu qətnamənin bu gündə qüvvədə olduğunu bildirib. Bundestaqın vitse-prezidenti Azərbaycanda etnik və dini tolerantlığı, Azərbaycanda qadınların hələ Almaniyadan əvvəl seçki hüququna malik olmasını rəğbətlə vurğulayıb.
 
Tədbirdə çıxış edən ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov Azərbaycanın Avropa ilə enerji əməkdaşlığına qısa ekskurs edib, hazırda reallaşdırılmaqda olan Cənub Qaz Dəhlizi layihəsinin hər iki tərəf üçün faydasından danışıb. Elşad Nəsirov bildirib ki, işğalçı siyasətinin nəticəsində özünü ağır vəziyyətə salmış və hazırda iqtisadi tənəzzül keçirən Ermənistan işğala son qoyarsa Azərbaycanın rəhbərlik etdiyi enerji layihələrinə cəlb olunaraq onlardan bəhrələnə bilər. Azərbaycan Respublikasının Milli Məclisinin adından çıxış edən millət vəkili Siyavuş Novruzov  bildirib ki, Ermənistan işğal etdiyi ərazilərin dərhal boşaldılmasını tələb edən beynəlxalq sənədlərə, xüsusilə də BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinə etinasız yanaşmasına baxmayaraq, beynəlxalq birliyin təzyiqlərinə məruz qalmır. Avropa ölkələri hazırda Ukrayna məsələsinə görə Rusiya əleyhinə qoyduğu qətiyyəti Ermənistana da tətbiq etsəydi, Dağlıq Qarabağ münaqişəsi çoxdan həll olunardı.
 
Çıxışlardan sonra Azərbaycanın Ştuttqart şəhərindəki Fəxri Konsulu Otto Hauzerin moderatorluğu ilə panel müzakirəsi keçirilib. Müzakirədə Bundestaqın deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Karin Ştrents, Bundestaqın daha bir deputatı, ATƏT Parlament Assambleyasının sədr müavini Doris Barnet, ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov, "Almaniya İqtisadiyyatının Şərq Komitəsi” təşkilatının icraçı direktoru, professor Rayner Lintner, azad jurnalist və publisist, "Der Spiegel” jurnalının sabiq müxbiri Rixard Kissler iştirak ediblər.