adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 Fevral 2015 21:49
3167
MƏDƏNİYYƏT
A- A+

Bakıda VI Müasir Musiqi Festivalı keçiriləcək

Aprelin 20-dən 25-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qara Qarayev VI Müasir Musiqi Festivalı keçiriləcək. Bu ilki festivalın konsepsiyası qəsdən "qeyri-konseptual” olacaq. İdeya müəlliflərinin fikrincə, radikal deklarasiyaların və nümayişlərin dövranı çoxdan başa çatıb, canlı musiqini dinləməyin vaxtı yetişib. Musiqisevərlər və festivalın qonaqları Bakı dinləyicilərinə az tanış olan, nadir, özlüyündə bir çox açıqlamaları ehtiva edən musiqi əsərlərini dinləyəcəklər. 


Adalet.az AzərTac-a istinadən xəbər verir ki, aprelin 20-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində İsveçrədən gitaraçı Kristof Yaqqin ustad dərsi keçəcək.

Festivalın açılış mərasimi isə həmin gün axşam M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.

Mərasimdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri çıxış edəcək. Bədii rəhbər və baş dirijor Rauf Abdullayevin rəhbərliyi altında Q.Qarayevin, V.Lyutoslavski, K.Saariaho, E.Denisov və digər bəstəkarların əsərləri səsləndiriləcək.

Festival çərçivəsində opera janrında XX əsrin sonlarında bəstələnmiş iki əsərin videonümayişi də nəzərdə tutulub. Bunlardan biri aprelin 21-də Muzey Mərkəzində italyan bəstəkarı Salvatore Şarrinonun "Gözlərimin dönük nuru” operası, habelə əsər haqqında P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru Marianna Vısotskayanın mühazirəsidir. Aprelin 22-də isə ingilis bəstəkarı Harrison Börtuistlin "Minotavr” operasının videonümayişi və bu əsərlə bağlı sənətşünaslıq doktoru Tatyana Sareqradskayanın mühazirəsi nəzərdə tutulub.

Aprelin 21-də həmçinin filarmoniyanın kamera və orqan musiqisi zalında Y.Vittenbaxın eyniadlı vokal silsiləsi əsasında "Laut Käfig ətrafında” adlı konsert proqramı təqdim olunacaq.

Aprelin 22-də Beynəlxalq Muğam Mərkəzində italyan bəstəkarı Fausto Romitellinin "Metalların indeksi” video operası, aprelin 23-də isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Rusiya bəstəkarı Vladimir Tarnopolskinin "Kölgənin o biri tərəfində” multimediya operası nümayiş olunacaq.

Festival çərçivəsində Muzey Mərkəzində "XX-XXI əsrin vokal musiqisinin nəzəri problemləri” mövzusunda elmi-nəzəri konfransın da keçirilməsi nəzərdə tutulub.

Aprelin 24-də Beynəlxalq Muğam Mərkəzində "Sevgi hekayətləri” layihəsi təqdim olunacaq.

Festivalın yekun konserti aprelin 25-də filarmoniyada olacaq. "Xütbə, Dua, Daşqın – Təzadlar?!” ideyalarını birləşdirən bu konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri və Rusiyanın "Questa musica” ansamblı çıxış edəcək.