adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
27 Fevral 2015 13:39
3269
ƏDƏBİYYAT
A- A+

Sabir Rüstəmxanlı: “Azərbaycan yazıçılarının ən böyük bəlası onların qorxaqlığıdır”

"Azərbaycan yazıçılarının ən böyük bəlası onların qorxaqlığıdır”. Xalq şairi Sabir Rüstəmxanlı Kulis.az-a müsahibəsində belə deyib. Onun sözlərinə görə, yazıçı ömrünü öz içindəki senzurayla mübarizəyə həsr etməməlidir: "Bizim təhsil və tərbiyə sistemimizdə ən böyük problem budur ki, çox vaxt tərbiyə ilə ələbaxanlığı qarışıq salırıq. Bizdə bağçadan tutmuş ali məktəbəcən bütün fənlərdən yuxarı duran bir fənn var: Qorxu fənni! Biz uşaqlarımıza qorxu öyrədirik. Məncə, bütün məğlubiyyətlərimizin kökündə bu qorxu amili dayanır. Şəxsiyyət azadlığı vacibdir. Yaltaqlıq və qorxaqlıq bizim milli əxlaqımızı pozan bir şeydir. Təəssüf ki, bu, ədəbiyyata da yol tapıb.

 

Xalq şairi, həmçinin, nəsr və şeir mövzularına da toxunub: "Bəzən problem şeirdə daha güclü ifadə olunur. Elə şair var ki, onun ruhu öz şəxsi duyğularına köklənir. Elə şair də var ki, doğuluşdan düşüncəsinin ictimai tərəfi daha ağırdır. Mən şair-yazıçıları millətin taleyindən, cəmiyyətin problemlərindən ayrı təsəvvür etmirəm. Amma, təbii ki, lirika da ciddi ədəbiyyatdır. Bunun hansı daha ciddidi, hansı daha uzunömürlüdü, demək çətindi. Vaqifin "Görmədim” müxəmməsi də yaşayır, aşiqanə qoşmaları da! Füzulinin qəzəlləri də yaşayır, "Salam verdim rüşvət deyildir deyə almadılar” fikri də. Amma o dövrü o qəzəllərdən çox, bu fikirlərlə xarakterizə eləmək olur. Bir misal da deyim: görüşlərdə mən daha çox vətəndaşlıq şeirləri oxuyurdum, Nüsrət Kəsəmənli lirik şeirlər. Onu məndən çox alqışlayırdılar. 80-ci illərdə vəziyyət dəyişdi, məni daha çox alqışlamağa başladılar. Hər dövrün öz ab-havası olur və bu zaman-zaman biri-birini əvəzləyir”.