adalet.az header logo
  • Bakı 18°C

BARMAQLARI MÖCÜZƏ YARADAN...

1219 | 2015-02-27 08:30
Elə bir zamanda yaşayırıq ki, hadisələrin inkişafı, qarşımıza çıxan problemlər, şahidi olduğumuz hadisələr bizi əməlli-başlı yükləyir. Necə deyərlər, bu qədər informasiyanın, bu qədər yükün içərisində bəzən adımız da yadımızdan çıxır. Amma Tanrı bizə düşünmək. Qiymətləndirmək imkanı verdiyindən biz bir Allah bəndəsi olaraq hərdən dayanıb ətrafa da, özümüzə də baxa bilirik. Məhz həmin o baxdığımız məqamda da bizə çox şeylər aydın olur. xüsusilə qədrini bilmədiyimiz, dəyər vermədiyimiz itkilər bizi daha çox düşündürür və ağrıdır...
Doğrudan da insan ömrü müəyyən mənada çox qısadı, necə deyərlər, bir göz qırpımıdı. Gözünü yumub açınca hər şey ötüb keçir. İllər arxada qalır, xatirələr yol-yoldaşımız olur və biz itirdiyimiz yaxınları, doğmaları, müdrikləri, sayılıb-seçilənləri, bir sözlə, el-oba üçün, millət üçün, torpaq üçün yaşayanları məhz onlar bizimlə bir cərgədə olmayanda daha çox xatırlayırıq, gözümüz onları daha çox axtarır. Xalq şairi Cabir Novruzun yazdığı kimi, "sağlığında qiymət verək insanlara" misrası. Onda daha çox yadımıza düşür. Amma artıq gec olur...g
Bugünlərdə ağır bir itkinin xəbəri qapımı döydü. Dostlarım zəng etmişdilər. Səslərindən anladım ki, əhvalları yerində deyil. Soruşdum və kövrək bir şəkildə bildirdilər ki, Ramiz haqq dünyasına qovuşdu...
Bu xəbər məni sarsıtdı, inana bilmədim. Yəni mənim tanıdığım, Ağdamda "segah" Ramiz kimi tanınan, barmaqları qarmonun dillərini heyrətamiz bir şəkildə danışdıran, ifa etdiyi musiqilər adamı havalandıran o gözəl ifaçı gəlib gözlərimin önündə canlandı. Həmin o görkəmi, o boy-buxunu, o istiqanlılığı, xüsusilə içindən gələn səmimiyyəti məni onunla tanış olduğum həmin o uzaq illərə apardı. Mən onu Qarabağda, hər kəsin yaxşı tanıdığı səsiylə, ifasıyla Qarabağ toylarını bəzəyən xanəndə Aydın niftalıoğlunun vasitəsiylə tanımışdım. Şəxsən dost olduğum Aydın müəllimlə söhbətlərimin birində onu başının dəstəyilə xidmət keçdiyimiz bölgəyə dəvət etdim. O da məmnuniyyətlə bu dəvəti qəbul etdi və günlərin bir günündə onun rəhbərlik etdiyi ansambl döyüş bölgəsinə, burada xidmət aparan Xocavənd polisiin görüşünə gəldi. Həmin ansamblın üzvləri arasında Ramiz Cəlal oğlu Cəfərov da var idi. Adını eşidib özünü qiyabi tanıdığım "segah" Ramiz elə ilk təmasdan mənim və mənimlə birlikdə xidmət keçənlərin məhəbbətini qazana bildi. Gördüm ki, bu oğlan sözün həqiqi mənasında qaynayıb qarışan, dilinə görə dilçəyi olan, barmaqlarıyla bizi təsiri altına salan mükəmməl bir sənətkardı. Məhz həmin 1993-cü ildən başlayaraq bizim əlaqələrimiz yarandı. Sonra dostlaşdıq. Şənliklərdə, toylarda onun ifasını dinlədikcə bir musiqisevər kimi, bir torpaq itkisini yaşayan köçkün kimi mən də haldan-hala düşdüm. Hətta onunn təmənnasız olaraq bizim subay polis əməkdaşlarının toylarında gəlib ürəklə gözəl musiqilər səsləndirməsi də bir daha göstərdi ki, Ramiz Cəfərov bu dünyanın təmənnalı adamlarından deyil.
Ramizin həyat və sənət yolunu öyrənəndə mənə bəlli oldu ki, Ağdamda fəaliyyət göstərən Xan Şuşinski adına Uşaq Musiqi Kollecində qarmon müəllimidi. Uşaqlara bu sənətin sirlərini öyrədir. Üstəlik o, həm də Aydın Niftəlioğlunun rəhbəriliyi altında fəaliyyət göstərən ansamblın üzvüdü. Bununla yanaşı, Ramiz Cəfərov həm də Azərbaycanın böyük sənətkarlarından olan professor, xalq artisti Arif Babayevin, unudulmaz sənətkarlarımızı Səxavət Məmmədovun, Sədi Məmmədovun, Aydın Məmmədov, həmçinin "yetim" Paşanın və neçə-neçə ifaçıların çıxışlarını müşayət edir. Yəni "segah" Ramizin barmaqları istər tanınmış yaşlı sənətkarların, istər yenicə musiqi dünyasına qədəm qoyan ifaçıların ruhunu tuta bilir. Onların ifalarının daha da şaqraq, daha da məlahətli olması üçün öz ürək yanğısını şirmayi dillərə köçürübdü.
Vaxtsız ölüm Ramiz Cəlal oğlunu ailəsindən, dostlarından, sənətindən qoparıb aldı. Onun ürəyindən doğulduğu Ağdam nisgili silinmədi. Nə qədər bir-birindən gözəl və yanğılı musiqilər ifa etsə də, Ağdam dərdinə məlhəm olmadı. Elə bu dərdlə də Haqqa qovuşdu. Duşunurəm ki, onu tanıyanların, onu dinləyənlərin yaddaşında "segah" Ramiz hələ uzun illər yaşayacaqdı. Ruhu şad olsun!

TƏQVİM / ARXİV