adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

ŞƏHİD OĞULUN ŞƏHİD ATASI

2450 | 2015-02-27 08:41

Şəhidlər günündə dəyişdi dünyasını. Şəhidlər günündə qoyuldu torpağa Qaçay Köçərli. 2015-ci ilin yanvar ayının 19-dan 20-nə keçən gün! Ruhun şəhidlərin ruhuna qovuşdu həmin gün. Bu da bir sirri xuda idi. Kim bilir, bəlkə də elə bu səbəbdən Tanrıya üz tutub yalvarmışdı, "Tanrım, şəhidlər günündə öldür məni" demişdi. Tanrısı da eşitmişdi səsini. Səsi Tanrı harayı idi axı. 2008-ci ildə nəşr olunmuş kitabına da "Səsim tanrı harayıdı" adını təsadüfi qoymamışdı Qaçay Köçərli.
İnsan öləcəyə günü bilmir. Bilsə, bəlkə də elə həmin gün ölər. Bu da ulu yaradanın milyon-milyon möcüzələrindən biridi. Qaçay da tezliklə öləcəyini bilmirdi.
g Keşməşkeşli həyat sürmüşdü, başı çox bəlalar çəkmişdi. Acılı, şirinli xatirələr uyuyurdu sinəsində. Amma şirinləri az idi xatirələrinin. Dəryadan götürülən damla nisbətində olardı. Elə bil ki, bütün varlığı başdan-başa dərdlərdən yoğrulmuşdu bu incə ruhlu şairin. Həyatındakı bəzi uğursuzluqlarından doğmuşdu bu dərdləri də.
Respublika radiosunda uşaq verilişləri redaksiyasına rəhbərlik etdiyi vaxtlardan tanıyırdım onu. Dostluğumuz da elə o anlardan başlamışdı. Şirin söhbətli, xoş ünsiyyətli, mehriban xasiyyətli adam idi. Bakıya yolum düşdükcə görünməmiş olmazdım onunla. Söz-söhbətimiz yaxşı tuturdu.
Torpağına, elina-obasına ürəkdən bağlı idi. Qarabağın füsünkar gözəlliyindən, uşaqlığını qoynunda keçirdiyi doğma Köçərli kəndinin keçmişdəki axarlı-baxarlı mənzərələrindən, qırqovullar, turaclar məskəni, şipşirin meyvəli meşələrindən, bağlarından dönə-dönə söhbət açmağı çox sevərdi.
- Hayıf o günlərdən, - deyərdi. İndii o gözəlliklərdən əsər-əlamət qalmayıb. Böyük şəhərin böyük dərdləri olur. bakı sıxır məni, dərdlərimi yüngülləşdirmək üçün məzuniyyət vaxtlarımı doğma kəndimdə keçirmək üçün rayona üz tuturam. Amma nə olsun ki, o kəndi görmürəm.
Ürəyindən keçənləri bir şeirinə də hopdurmuşdu, pambığa qurban verildiyini demişdi hər şeyin:

Gəldim doğma kəndə, kəndi görmədim,
O çağlar geriyə döndü, görmədim.
Çinarlar önümdədindi, görmədim,
Durnalar çəmənə döndü, bilmədim,
Turaclar şumlara sindi, görmədim
Qurumuş çay gördüm, bir də boz dərə,
Bu yerlər oxşamır heç o yerlərə.

Gəzdim bu yerləri, çiçək tapmadım,
Güllə ətirlənmiş külək tapmadım,
Təndirdə qızarmış çörək tapmadım,
Bu boyda bir kənddə mələk tapmadım,
Gözəllər quruyub dönüb dəmirə,
Bu yerlər oxşamır heç o yerlərə.

Torpaq zəhərlənib, sığala bilmir,
İnək zəhərlənib, sığala bilmir.
Körpə zəhərlənib, doğula bilmir,
Duman zəhərlənib, dağıla bilmir,
Kəndli pambıq verir, ağ ala bilmir.
Meyvəni yemirlər zəhərə görə,
Bu yerlər oxşamır heç o yerlərə.

Bunlara baxmayaraq yenə gözü, könlü kənddə idi. Hər halda, təmiz havasını udub, orda uşaqlıq və gənclik xatirələrinin qoynunda isinərdi, dərdlərini azaldardı bir az. Elə buna görə də ata yurduna dönmək, kənddə ev tikib bağ-bağça salmaq, qalan ömrünü oradaca başa vurmaq arzusundaydı.
Bu düşüncələr içərisində yaşayarkən qəflətən daha güclü dərd burulğanı aldı başının üstünü. Oğlu Elcanın Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olması dərlərinin üstünə yeni dərd gətirdi, sinəsinə çalın-çarpaz dağ çəkdi. Sarsıldı, inlədi, göyüm-göyüm göynədi yarası. Amma əyilmədi, başını dik tutdu. Dost-düşmən yanında vüqarlı dayandı, şəhid atası olması ilə öyündü. "Oğul Vətən üçün doğulur. Vətən üçün ölmək şərəfdir" - deyə düşündü.
Aradan çox keçməmiş oğul itkisinə dözə bilməyən ömür-gün yoldaşı Zümrüdü də itirdi. Neyləyə bilərdi ki? Təsəllisini onunla tapdı ki, dərd çəkməyi bacarana dərd yetərincə verir Yaradan!
Dar gündə şairə bir qələmi, bir də kağız köməyə gəlir. Yenə dərdlərini varağa köçürəsi oldu Qaçay:

Haqdan gəldim yer üstünə, haqsız oldum,
Tanrım mənə baxt vermişdi, baxtsız oldum.
Bir sevgidən taxt vermişdi, taxtsız oldum.
Mən bilmirdim, nələr varmış yer üzündə,
Yerdən böyük kədər varmış yer üzündə.

Tanrım mənə nur vermişdi, nurum itdi,
Yer üzündə yer vermişdi, yerim itdi.
Öz evimdə oğlum itdi, pərim itdi,
Baldan çoxlu zəhər varmış, yer üzündə,
Yerdən ağır kədər varmış yer üzündə.
Haqq gəzirdim, şərə düşdüm, böhtan tapdım,
Mən azadlıq istiyirdim, zindan tapdım.
Sağ can itdi, xəstə olan bir can tapdım,
Haqdan güclü şər varmış yer üzündə,
Yerdən ağır kədər varmış yer üzündə.

Ev tikdirdim, qəbir çıxdı ev yerindən,
Mənim üçün min sirr çıxdı ev yerindən.
Baş açmadım bu sirlərin heç birindən
İnsandan çox gor varmış yer üzündə,
Yerdən ağır kədər varmış yer üzündə.

Dərdləri yaşaya-yaşaya məzuniyyətə çıxacağı vaxtı gözlədi. Axır ki, o vaxt da gəlib çatdı. Doğmaları ilə vidalaşıb Bakıya əlvida dedi. Köçərli kəndi yolunu gözləyirdi Qaçay Köçərlinin.
İşsiz qala bilməzdi. Kəndlərinin yaxınlığındakı Quzanlı kəndində yerləşən Ağdam Dövlət Dram Teatrında özünə yeni iş tapdı. Bir müddət orada bədii rəhbər vəzifəsində çalışdıg
Uğursuz günlərin birində daha bir bəd xəbər çatdırdılar ona. Bakıda qalan ikinçi oğlu Azərin avtomobil qəzasında həlak olduğunu söylədilər. Başı alovlu Bakıya qaçdı. Oğlunun dəfn mərasimlərini keçirib geriyə döndü. Bu, onun Bakıya sonuncu gedişi idi. Bakıdan söhbət düşəndə kövrələ-kövrələ deyirdi:
- Daha Bakıya nəyə gedim? İki oğlum vardı, ikisi də getdi. Kimin yanına gedim, kiminlə bölüşüm dərdlərimi? Yox, belə yazıbmış yazı yazan. Özgə çarəm yoxdu, dözməliyəm dərdlərimə!..
Sonuncu iş yerindən də çıxıb, özünə qapandı. Qara günlərinin, qara baxtının dərdlərini ağ varaqlar üzərinə tökə-tökə yaşadı.
Sağlığında Tərtərə tez-tez gəlirdi. Görüşürdük, dərdləşirdik.
- Yaxşı ki, Tərtərdə sən varsan, - deyirdi. Adamlar yaman dəyişib. Bəziləri deyir ki, zəmanə dəyişdirib adamları. Adamlar dəyişdirib zəmanəni. Zəmanənin nə günahı var? Zəmanə deyir ki, qardaş qardaşı tanımasın? Dost, dosta arxa çevirsin? Vaxtilə yaxşılıq elədiklərin, işləri düşəndə səni axtarıb tapan, çətin problemlərini həll etdiyin adamlar indii səni tanımasın? Uzaqdan gəldiyini görüb, üzlərini yana çevirsinlər? Mən öz kəndimizdə də, elə bu Tərtərimizdə də belələrinə rast gəlmişəmg
Son vaxtlar xəstələndiyini eşidəndə dostum Rauf Həsənzadə ilə birlikdə yanına getdim. Tibet təbabətinin bilicisi Rauf müəllim də onu yaxşı tanıyırdı, şəxsiyyətinə böyük hörməti vardı. Müalicəsi ilə əlaqədar ona lazımi köməklik göstərildi. Hər cür kimyəvi, antibiotiklərdən kənar təbii müalicə ona çox müsbət təsir göstərmişdi.
- Daha yaxşıyam, - deyirdi. İnşallah, Tərtərdə sevdiyim çinar ağacının altında sizinlə şirin söhbətlər edə-edə çay içməyimiz vaxta çox qalmayıb.
Amma çox təəssüf! Bu, ona qismət olmadı. Həmişə bütün şəhidlərə dərin ehtiram bəsləyən şəhid atası Qaçay Köçərli şəhidlər günündə şəhid oğlunun yanına getdi.
Allah rəhmət eləsin, qəbri nurla dolsun!



TƏQVİM / ARXİV