adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Məğlubiyyətlərin əleyhinə

10083 | 2015-02-27 08:38
(Saday Şəkərlinin şeiri)

Zakir Məmməd


Can atdım göylərin qoynuna hər gün,
çıxan qanadlarım darda qoymadı,
ürəkdi eşq ilən qaynayan hər gün,
aldı qisasımı, yarda qoymadı.
Sanma ki, üfüqlər içində yoxam,
atəşim özümü yandıracaqdır,
mən qərib durnalar köçündə yoxam,
yoxamsa, kim məni qandıracaqdır.
Od kimi başıma səpdim vətəni,
duymağa halım yox, yanmağa gücüm,
ruhumtək göydədir, quşdur bədənim,
qonmağa yerim yox, qanmağa gücüm.
Görünmür, qəm içrə gizlənib ürək,
bu vətən dediyim pir də cəhənnəm,
göydə fırlanıram təyyarələrtək,
hər tərəf dumandı, yer də cəhənnəm.

C. Məmmədquluzadə bir felyetonunda dilin təmizliyindən, onun qorunmasının vacibliyindən bəhs edərək sonda iki kəlmə söz yazır: "Yazıq ana dili". Müqtədir şairimiz Saday Şəkərlidən bir şeir oxuyandan sonra həmişə Mirzə Cəlil yadıma düşür. Mirzə Cəlil də o zaman əlinə külüng alıb dilimizin evini yıxmaqla məşğul olanların əhatəsində tək-tək ziyalılarımızdan biri idi. İndiki ədəbiyyat basabasında da Saday kimi sənət adamlarımız çox azdır. Ana dilimizi korlamağa heç kəsə ixtiyar verilməyibdir. Dil bilməyən bir kəs yazıçılıq işinə baş qoşmamalıdır. Fəqət ölkəmizdə, necə deyərlər, bu gün hər kəsin əynində "göy mundiri" vardır. Hələ "göy yamağı" olanları demirəm. Bax buna görə də Saday Şəkərli kimi söz sahiblərinin varlığı ana dilimizin varlığı deməkdir. Dil bütövlükdə milli, ərazi subyektlərini qoruyub saxlayan nəhəng sistemdir. O sistemin gücü ilə Yer kürəsi öz mehvərinin etibarlılığını hələ də qoruyub saxlaya bilir. "Söz ən güclü qıcıqlandırıcıdır". Bunu İvan Pavlov deyib. Ədəbiyyat, poeziya insan yaddaşına poetik mexanizmlərlə, yəni "poetik qıcıq"larla təsir edir. Poeziya çoxçeşidli bədii lövhələrlə, ən yeni obrazlarla yaradılan şüur növüdür. Obrazı daxilində yerləşdirib gəzdirən sehirli cihaz bax elə ana dilidir. Yer üzündə bütün dillər ANA DİLİ sayılır. Ana dili poeziya dilidir. Mənim məqsədim ana dilində yazmağı bacaran şairlərimiz haqqında yazmaqdır. Bu sırada S. Şəkərli dövlətimizə və millətimizə böyük bacarıq və istedadla xidmət göstərməkdədir. Məsələn, Saday belə yazır:

Can atdım göylərin qoynuna hər gün,
çıxan qanadlarım darda qoymadı,
ürəkdi eşq ilən qaynayan hər gün,
aldı qisasımı, yarda qoymadı.

Elə bu bənddəcə şeiriyyətin milli düşüncə ilə milli dilin qovuşmağından yarandığını aydın müşahidə edə bilirik. "Çıxan qanad" yaddaşımıza qoyulmuş bir qədim qapını asta-asta döyməyə başlayır. Xalq yardıcılığı qaynaqlarımızdan tutaq ki, atın qanad çıxarması əhvalatı bizə tanışdır. "Darda qoymamaq" informasiyası da "qanadlı atlarımız" və igidliklərimiz ilə bağlıdır. İkinci qoşa misra məhəbbət dastanlarımızı yada salır, böyük Füzulinin "Leyli və Məcnun"unu yada salır... Şair eşqin əbədiliyi həqiqətini bəyan edərək qədim estetik rituallara fərqli tərzdə münasibət bildirir. Klassik mətndə olduğu kimi yenə eşqin "qaynayıb daşdığı" məkan ürəkdir. Çox eşq əhlini yandırıb kül eləyən eşqin "sərgüzəştləri" nə qədər bitib-tükənməz olsa da, şair bu "problemi" də yoluna qoya bilir. Şeirdə "ilə" bağlayıcısının tarixi dilimizdə olduğu kimi "ilən" şəklində yazılması da arifə işarə olaraq, daha doğrusu mətni açan kodlardan biri kimi işlədilmişdir. Füzuli də "ilən" yazıb.
İkinci bəndin poetik araşdırmaları da bizi xalq yaddaşına aparıb çıxarır. Burada kod, açar rolunu ifa edən söz "durna" ola bilər. Şair "qərib durna"nı nümunə göstərərək, ömür sürdürüb köçünü dartan, iqlimlərin, fəsillərin, siyasətlərin, dövranların əsirinə çevrilən insanı nişan verir. Durna taleyi ilə onunla oxşarlıq təşkil etməyən əfsanəvi səməndər quşunun taleyi müqayisə edilir. "Adam qandırmağa" girişən insan institutları qınaq hədəfinə çevrilir. Növbəti misralarda fikirlərini davam etdirərək şeirin müəllifi "od kimi başıma səpdim vətəni" deyir. Burda elə bir heyrətamiz mübaliğədən istifadə edir, daha düzü, yaradır və məlum olur ki, səməndər quşu kimi yanmaq da mümkün olmur daha, özünü alışdıra bilmirsən. Çünki Vətən özü indi o quşun halındadır. Vətənlə özünü bir-birinə bağlı olaraq qəbul edən sənətkar vətənin alışıb yanıb kül olmasını qəbul edə bilməz axı. "Duymağa halım yox, yanmağa gücüm Qonmağa yerim yox, qanmağa gücüm" təzadlar təzadı sayıla bilər. "Solonun qanunlarından" üzü bəri tarix boyu qanun və əxlaq adıyla insan üçün cızılmış keçilməz sərhədlərə sığmamaq əzmi şeir qəhrəmanının gücsüzlüyü kimi qələmə verilir. Daha doğrusu, bu cür gücsüzlük artıq stereotip halındadır.Sabirin məşhur "qanma" əmri, nidası Sadayda "qan" şəklindədir. Sabirdəki "qanmaq" realizmi Sadayda "qanmamaq" romantizmi ilə əvəz olunsa da, Sadayın "qanıb-qandırmaq" formatı əslində real düşüncəyə xidmət edir.
S. Şəkərli çağdaş məlumat ötürücü mühitin öz resipientinə təlqin etməyə çalışdığı "mənim nə istədiyimi qan" doktrinasına qarşı çıxır. Şairi, ziyalını... qandırmaqdan ləzzət duyanların hiylə-kələyinə aldanmaq bəşəriyyətin məğlubiyyəti və məhvidir. Qanmazlıq və məğlubiyyətlərin əleyhinə yazılmış bu şeir möhtəşəm bir əsərdir. Əbədi olaraq yanmağa məhkum olunmuş səməndər quşu kimi möhtəşəm!

TƏQVİM / ARXİV