adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Ləzə-ağ donlu gözəl

1733 | 2015-02-26 09:59
"... Deyə bilərəm ki, dünya miqyasında, Avropada dağ xizəyi kurortları arasında "Şahdağ" artıq öz layiqli yerini tutub. Eyni zamanda, deyə bilərəm ki, bu layihə Qəbələ rayonunda da dağ xizəyi kurortunun yaradılmasına təkan vermişdir. Yəni, bu kurortun yaradılması bir neçə məqsədi güdür. Bu, bizə qeyri-neft sektorunun, turizmin inkişafı, ölkəmizi dünyada daha da dolğun şəkildə tanıtmaq imkanlarını yaradır".

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev


Ləzə kəndi Qusar rayonunun ən gözəl yaşayış məskənlərindən biridir. Qafqaz sıra dağlarının şimal-şərqində, dəniz səviyyəsindən 4 min 242 metr hündürdə Şahdağ yüksəkliyinin "Şah yaylaq" dağının ətəyində yerləşən kəndin qayalardan axıb gələn şəlalələri göz oxşayır.
Son illər Lazanın adı az qala bütün dünyaya yayılıb. Bu da səbəbsiz deyil, unikal "Şahdağ" qış-yay turizm kompleksi məhz bu kəndin ərazisindədir.

Dəniz səviyyəsindən
dünya səviyyəsinə çıxan kənd

"Şahdağ" qış-yay turizm kompleksi dünyada bu tipli komplekslərdən universallığı ilə fərqlənir. Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə, "Şahdağ" Milli Parkının ərazisində yerləşən kompleksin tikintisinin hazırlıq işlərinə 2006-cı ildən başlanılıb, 2009-cu ilin sentyabrında isə dövlət başçısı İlham Əliyevin iştirakı ilə təməlqoyma mərasimi keçirilib. Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən turizm kompleksi 2058 hektar ərazini əhatə edir. Təkcə bizim ölkəmizdə deyil, bütün dünyada ən mükəmməl layihələrdən biri sayılan "Şahdağ" layihəsinin reallaşdırılması Azərbaycanda dağ-xizək və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açır.
Son dövrlər böyük bir templə inkişaf edən Azərbaycanda bütün sahələrdə olduğu kimi, turizm sektorunda da uğurlar əldə edilməkdədir. Turizm sahəsinə öz töhfəsini verən "Şahdağ" kompleksində inşa edilən hotellər bu istirahət məkanına marağı daha da artırır. Qonaqların istirahətinin yüksək səviyyədə təşkil olunduğu hotellərdə yaradılan şərait bir daha təsdiqləyir ki, bu gün ölkəmizdə turizm sektorunun inkişafına xüsusi diqqət yetirilir, bu sahədə işlərin dünya standartlarına uyğun qurulmasına önəm verilir. Təkcə elə son 5-6 ildə bir neçə ildə beşulduzlu hotellərin açılması və dünyanın ən məşhur hotel brendlərinin Azərbaycanda fəaliyyətə başlaması görülən işlərin uğuruna sübutdur.
Ləzə kəndindəki "Şahdağ" qış-yay turizm kompleksində inşa edilən hotellərdə təqdim edilən yüksək şərait Azərbaycanda mehmanxana biznesinin inkişafını bir daha təsdiqləyir və qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin gündən-günə artdığını göstərir.


İlk dağ-xizək kurortu

Regionda liderliyini qoruyan Azərbaycanda qeyri-neft sektorunun inkişafına mühüm töhfə olan "Şahdağ" qış-yay turizm kompleksi ölkəmizin tarixində ilk dağ-xizək kurortudur. Kompleksin inşası bir neçə mərhələdə aparılıb. Prezident İlham Əliyev 2011-ci ilin fevralında kompleksin 2 nömrəli kanat yolunun, o cümlədən, xizək enişinin açılışında iştirak edib, görülən işləri yüksək qiymətləndirib. 2012-ci ilin dekabrında dövlət başçısının iştirakı ilə bu nəhəng kompleksə daxil olan infrastruktur obyektlərinin, o cümlədən iki hotelin açılış mərasimi keçirilib. Ötən ilin əvvəlindən kompleks ilk turistləri qəbul etməyə başlayıb.
Qusarda salınan "Şahdağ" qış-yay turizm kurortu qonaqlara il boyu sonsuz həyəcanlı idman və əyləncə növləri təklif edir. Ləzə kəndinə gələn qonaqların burada möhtəşəm təbiət gözəlliyinin mərkəzində, dağ havasının təravətində müxtəlif əyləncə növlərinin əhatəsində olmaq şansı var. Kompleksdə müxtəlif səviyyəli idmançılar və həvəskarlar üçün 20-yə yaxın xizəklə sürüşmə yamacları planlaşdırılıb, xizəksürmə məktəbi müxtəlif kurslar təklif edir. Kompleksdə hər yaş kateqoriyasından olan insanlara müxtəlif yay əyləncələri də təklif edilməsi "Şahdağ"a olan marağı bir qədər də artırıb. Azərbaycanın Şimal bölgəsini, Qusarı yenidən kəşf etmək istəyənlər, macəra axtarışında olanlar üçün raftinq, paraşütlə tullanma, qayaya dırmanma, velosipedlə gəzinti, göldə üzgüçülük və başqa idman əyləncələri də gələcəkdə qonaqların istifadəsinə təqdim olunacaq. Kompleksin ərazisində böyük qolf meydançasının, müxtəlif ölçülü hovuzların da tikilməsi planlaşdırılıb.
Kompleksin birinci mərhələsi üzrə tikinti işləri dövlət tərəfindən maliyyələşdirilir. Tikintiyə nəzarəti isə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindəki "Şahdağ" qış-yay turizm kompleksinin müdiriyyəti həyata keçirir.

(ardı var)
Etibar CƏBRAYILOĞLU
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

TƏQVİM / ARXİV