adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

iMLA QONAQLIğI

MƏZAHİR ƏHMƏDZADƏ
27721 | 2009-10-31 03:11
Orta məktəb illərindən bir-birimizi tanıyıb sonradan hörmət-izzətli münasibət saxladığım Xəlil müəllim ciddi adamdır, əsl pedaqoqdur. Onu tanıyanlar da mənim bu xarakterizəmi təsdiqləyərlər, şübhəsiz.
   
   
   
   Xəlil Orucov böyük bir kollektivə başçılıq edir. Göyçay Humanitar Kollecinin direktorudur. Respublikanın hər yerində tanınan bu təhsil ocağına daha çox "Xəlil müəllimin məktəbi" də deyirlər. Məlum məsələdir ki, adətən özəl müəssisələrin bu tip ikinci adları olur. Ancaq bacarıqlı pedaqoq dövlətə məxsus kolleci elə bir səviyyəyə qaldırıb və o qədər məşhurlaşdırıb ki, söz düşəndə "Xəlil müəllimin məktəbi" deməsən olmur. Yüksək təhsil göstəriciləri, nizam-intizam, məzunların xoş sədaları, Almaniya kollecləri ilə əməkdaşlıq, fəxri fərman və digər mükafatlar, rayon tədbirlərində fəallıqg Və hər səhər kollecdə dərs başlamazdan əvvəl Azərbaycan himninin müəllim və şagirdlər tərəfindən oxunması... Mən kollecdən və Xəlil müəllimin pedaqoji fəaliyyətindən yazmıram. Sadəcə iş elə gətirdi ki, kiçik məlumat verməli oldum. Əslində isə məqsəd başqadır, əziz oxucular, indi oxuyub şahidi olacaqsınız.
   
   ... Ancaq deyəsən bir məsələni də qeyd etməliyəm, yoxsa təsadüfi əhvalat kimi alınar. Xəlil müəllim "Ədalət"in oxucusudur. Onun sayəsində kollecdə abunəçilərimiz də var. Öz sözü, hər sayımız burada maraqla qarşılanır. Və hərdən rastlaşanda, hərdən də zəngləşəndə ürək sözlərini bildirməyi də olur. Bu ziyalı insan əsl qəzetlə, əsl jurnalistlə yerdə qalanları ayırmağı, qiymətləndirməyi də yaxşı bacarır. Arada mənə giley etmişdi ki, bu qondarma qəzetlərin qondarma işçiləri bezdiriblər onu. Giriş qapısında daim mühafizəçi olmasına baxmayaraq, müxtəlif fəndlərlə qəbula düşə bilir, hərəkətləri, danışıq tərzləri və jurnalist adına yaraşmayan manevrləri ilə peşəmizə ləkə vururlar. Hər gün orta hesabla 8-10 nəfər "vəsiqə gəzdirən" (Xəlil müəllim peşəkarlara hörmət mənasında onları belə adlandırır) kollecdən məqalə yazmağa gəlir. Bir o qədəri də içəri keçməyə cəhd göstərir.
   
   Görün indi dostumuz bir dəfə hansı tədbirə əl atıb, "vəsiqə gəzdirən"lərlə necə məzələnib. Ciddi adam olanda nə olar, onun da "komediya saatı" keçirmək hüququ var. Müəllim bundan ötrü orijinal bir üslub tapıb. Müəyyənləşdirdiyi gün mühafizəçiyə tapşırıq verib ki, mətbuatdan kim onun qəbuluna düşmək istəsə, hərəsini ayrı-ayrılıqda kollecin vəzifəli müəllimlərindən biri ilə görüşdürsün. Əvvəlcədən onlara da deyib ki, hər kəs "öz qonağının" başını yüksək mədəniyyət və ümidlərlə qatsın, direktorun mütləq qəbul edəcəyi görüntüsü yaratsınlar.
   
   İş elə gətirir ki, saat yarım ərzində 7 nəfər "jurnalist" toplaşır və direktor "daha bəsdir" deyərək təhkimçi müəllimlərə qonaqların gətirilməsi göstərişini verir. Müəyyən vaxt intervalı ilə onlar bir-bir direktorun kabinetinə qədər müşayiət olunurlar. Xəlil müəllim qonaqların hər birini hörmət və ehtiramla qarşılayıb əyləşdirir, çay gətizdirir, köhnə tanışlar kimi rahatca söhbət edir. Tanımasa da, adlarını ilk dəfə eşitsə də çalışdıqları qəzetlərdən, yazı-pozu işlərindən məhrəmanə söz salır, jurnalistlərə böyük hörmət bəslədiyini söyləyir. Qısa kəşfiyyatdan sonra qonaqların hamısının qeyri-peşəkar və "marallarım" olduğunu yəqinləşdirir, əvvəlcədən qurduğu planın baş xəttinə çıxır. Üzünü gözləri parıldayan "qələm sahiblərinə" tutaraq deyir:
   
   - Hörmətli mətbuat işçiləri! Təsadüf elə gətirdi ki, hamınızı birdən qəbul etməli oldum. Ciddi bir səbəb yaransaydı əntiqə mətbuat konfransı da təşkil edərdik. Qalsın gələn görüşlərə. Sizin hər birinizi yüksək səviyyədə yola salacağam. Ancaq əvvəlcə sizdən kiçik bir xahişim var. Savadlı yoldaşlarsız, hörmətli jurnalistlərsiz, götürün bu dəftər-qələmləri məni dinləyin, imla deyəcəm. Ən yaxşı yazana əlavə mükafatım olacaq...
   
   Xəlil müəllim iki vərəqlik imlanı elə həvəslə, elə sadəlövh şəkildə oxuyub yazdırır ki... Ancaq bir-birindən nəsə soruşmaq istəyənlərə də bəzən bilərəkdən sərt sifət göstərir. Belədə tərəddüdlər başlayır, yüksək səviyyəli yolasalmanın və xüsusi mükafatın ləzzəti qaçmaq istəyir. Sanki bir "Hababam sinfi"dir və kimsə başlarının üstündə durub "Mən kopiya çəkdirməm!" deyir. Məlumdur ki, belə bir şey baş verməyib. Ricət mənim təxəyyülümdən yarandı, üzrlü sayın.
   
   Nəhayət, imla dəqiqələri başa çatır və Xəlil müəllim əsl peşələri santexnik, dülgər, kassir, sürücü... olan jurnalistlərin yazılarına baxır. Aralarında jurnalist ixtisaslı birisi də varmış. Ancaq nəticədə o da bu kiçik və asan imtahandan keçə bilmir. Bütün yazılar səhvlərlə dolu olur, qırmızıya boyanır.
   
   Bayaqdan dil-dil ötən vəsiqəli vətəndaşlar Xəlil müəllimin istehzalı təbəssümü altında kabineti tərk edirlər.
   
   O vaxtdan kollecə həmin məqsədlə gələnlərin sayı xeyli azalıb. "İmtahandan kəsilənlər" hər yerdə deyirlərmiş ki, filan kollecə getməyin, orda bir direktor var, tutub adama imla yazdırır...
   
   

TƏQVİM / ARXİV