SÖZÜN NEMƏT UCALIĞI

ƏBÜLFƏT MƏDƏTOĞLU
61829 | 2015-02-26 08:56
Eşitdiyimdən, oxuduğumdan mənə məlum idi ki, insanlar talelərinə bənzəyir. Və hətta yaddaşımda ilişib qalan sovet dönəmində tirajlanıb oxunan bir əsər də var: "Adamlar və talelər". Yəqin ki, kimlərsə oxuyub bu əsəri. Ən azından o dövrün şinelindən çıxanların bu barədə az-çox bilgisi olduğuna şübhə etmirəm. Amma bir məqamı da vurğulayım ki, bu yazıda məqsədim həmin əsəri yenidən vərəqləmək deyil, sadəcə hardansa ağlıma gəlib dolub ki, doğurdan da insanlar talelərinə bənzəyir. Mən bunu öz qəhrəmanımın timsalında tam əminliklə duyur və görürəm. Hətta düşünürəm ki, siz də bu yazını oxuyub başa çıxandan sonra mənimlə razılaşacaqsınız. Ona görə də sözümün əvvəlinə, yəni yazacağım bir ruh ifadəsinin çalarlarına qayıdıram onları ipə-sapa düzmək üçün...
Onunla bir bölgədə doğulmuşuq. Amma bir kənddən, bir məhlədən deyilik. Havamız, suyumuz, təbiətimiz demək olar ki, uyğundu, oxşardı. Sadəcə, bizim söykəndiyimiz silsilə dağ və ondan əsib gələn meh bizim ümumi cəhətlərimizi bir məxrəcxə gətiribdi. Təbii ki, mən onun məxrəcinə, onun ayağına gəlmişəm. Çünki o, həm yaşda, həm dünya görüşdə, həm də içində olduğu xarakterdə məni həmişə özünə çəkib. Yəni təkcə böyüklük baxımından yox, zaman, ay, il fərqinə görə yox, həm də oturuşa, duruşa, davranışa, ən vacibi isə sözə verdiyi töhfəyə görə mən onun ardınca getmişəm, onu izləmişəm, onu soraqlamışam. Bax, bu məntiqlə yanaşanda, Füzulinin Yuxarı Veysəlli kəndində doğulan Nemət Veysəllinin özünün də, sözünün də cəmiyyətdə, xüsusilə söz məkanında yeri həmişə yuxarı olubdu. Bunu təkcə mən demirəm, mən yazmıram. Bunu ən azından sovet juranlistikasının şinelindən çıxan böyük əksəriyyət etiraf edir və o illərin publisistlərini xatırlayanda, onlardan söz düşəndə mütləq Nemət Veysəlli ad və soyadı gündəmə gəlir, diqqətə təqdim olunur. Bax elə mən də həmin o söz camiyəsində yeri yuxarı cərgədə olan Nemət Veysəllini orta məktəbin yuxarı sinfilərindən qiyabi tanıdım, onun qiyabi oxucusu oldum. Hər dəfə də içimdə bir, indi də izah edə bilməyəcəyim, qürurmu, simpatyamı, sevgimi, doğmalıqmı, hər nəsə his edirdim bu ada, soyada qarşı. Doğrudu, müəyyən zaman kəsiyində bunun Nemət müəllimin doğulduğu kəndlə bağlı olduğunu düşündüm. Çünki hərəmiz dağın bir üzündən olsaq da məni Veysəlli kəndi ilə bağlayan qohumluq ələqaləri var idi. Ona görə də hərdən öz-özümə düşünürdüm ki, yəqin, lap elə tam səmimiyyəti ilə desəm, mütləq Nemət Veysəlli mənim qohumumdu!!!
Bax, bu məqam məni həmin qiyabi tanıdığım Nemət Veysəlliyə daha da yaxınlaşdırırdı. Elə can atırdım ki, onu yaxından görüm, onun əlini sıxım, onunla həmsöhbət olum... Bütün bunları istəyən mən isə onda orta məktəbin son siniflərinin şagirdi idim və bu istəyi də kimsəyə deyə bilmirdim. Düşünürdüm ki, Nemət Veysəllini oxuyanlar, onun adını eşidənlər mənim bu istəyimə gülərlər, mənə rişxənd edərlər və mən də sıxılaram, pərt olaram. Axı zarafat deyildi, Nemət Veysəllinin bir-birindən dəyərli yazıları dövrü mətbuatda, xüsusilə "Ulduz" jurnalında əl-əl gəzirdi. Belə bir müəllifi görmək istəyi məktəbli üçün təbii ki, bir az xəyal idi, bir az əlçatmaz idi... Nə isə...
Görünür, Allah insanları yaradanda, onun qəlbində göyərən istəyinin gerçəkləşməsi üçün münbit şərait də yaradır, o cücərtiyə su çiləyir, gün işığı bağışlayır. Beləcə, o dilək, o istək boy göstərir, buğum tutur və günlərin birində də yarpaqları, tumurcuqları adamın üzünə gülür. Məndə də belə oldu. Allah mənim də həmin istəyimi göyərtdi. Bakıya gələndə ilk döydüyüm qapılardan biri də "Ulduz" jurnalı oldu. Mən orda əvvəldən də tanıdığım, hətta Füzulidə bir neçə dəfə məclisində də iştirak etdiyim Seyran Səxavəti gördüm. Sözarası Nemət Veysəllini soruşdum:
- Otaqdan çıxıb, yəqin ki, buralardadı, - dedi.
Sonra dəhlizə çıxdım. Şəkildən tanıdığım Nemət Veysəlli dəhlizdə kimləsə söhbət edirdi. Yanlarından keçəndə salam verdim. Tam səmimiyyətimlə etiraf edim ki, bir az ayağımı sürüdüm, yəni ləngidim. İstədim ki, onun diqqətiin çəkim. Deyəsən hiss etdi:
- Ay bala, kimi axtarırsan? - deyə Nemət müəllim soruşdu.
- Heç kimi Nemət müəllim, redaksiyaya gəlmişdim Seyran müəllimlə görüşdüm - dedim.
- Hə, sən də Füzulidənsən?
-Tuğdanam - dedim.
- Tanıyram o kəndi...
Bəli, bu qısa söhbət bütün həyatım boyu mənim yadımda qaldı. Çünki mən Nemət Veysəlli ilə əslində heç nəyə dəxli olmayan və bəlkə də çoxlarına maraqsız görünən atüstü bir həmsöhbət həyatı yaşadım. O söhbət və Nemət Veysəllinin səsindəki saflıq, istiqanlılıq məni düşündüklərimdə yanılmadığıma, onun mütləq mənim qohumum olduğuna inandırdı. Burda bir sirr də açım ki, bugünün özündə də mənim övladlarım Nemət Veysəllini qohumumuz, doğmamız kimi tanıyır və sevir. Onda isə...
Bəli, bu tanışlıq bir an çəksə də, artıq Bakı həyatında o tez-tez təkrarlanmağa başladı və sonra da məlum hadisələr bizi doğrudan-doğruya birləşdirib qohum etdi. Çünki biz eyni dərdin qarşısına çıxdıq, eyni dərdi yaşamağa başladıq. 1988-ci ilin fevral günlərində Nemət Veysəlli Füzuliyə gəlmişdi. Doğrudu, onda ermənilər hələ Xankəndində, Martuni qəsəbəsində toplaşıb hay-küy salırdılar. Çox həssas adam olan Nemət Veysəlli doğulduğu kəndin Martuni qəsəbəsinin, Çartaz kəndinin beş addımlığında olduğunu yaxşı bildiyindən və xüsusilə orta məktəbi Martunidəki internatda bitirdiyindən erməniləri ovcunun içi kimi tanıyırdı, onların dinc durmayacağını yaxşı bilirdi. Ona görə də rayona, kəndlərinə baş çəkməyə gəlmişdi. Biz görüşəndə Nemət Veysəlli mənə qəribə bir söz dedi. Elə bildim ki, zarafat edir. Amma gördüm yox, Nemət müəllim çox qəti bir qərar qəbul edib:
- Ə, Əbülfət, mən kitabımın qonorarını almışam, babat da puldu. Gəlmişəm ata yurdumda ev tikdirməyə. Əvvəl gedəcəm Dilağarda karxanasına, Rafiqin yanına. Sonra da Ağdama gedəcəm. Orda dostlarım var, onlarla danışmışam. Qalxacam Şahbulağa. İki min daş söz veriblər. Yəqin ki, birinci mərtəbənin hörgüsünə bəs edər...
Nemət müəllim danışır və hətta evin görüntülərini də mənim gözümün önündə cızırdı. Mən az-çox hadisələrdən xəbərdar olduğum üçün, yəni artıq Xankəndində nələr baş verdiyini Nemət Veysəllidən artıq bildiyimə görə, ona "bəlkə bu işi hələlik saxlayasan" deyə bilmirdim. Çünki o, içdən gələn bir sevgiylə, sanki ən böyük arzusunu həyata keçirmək təlaşı ilə bu ev barəsində danışırdı. Ona görə də mən ancaq xeyir-dua verdim. Amma içimdə bir sızıltı qaldı...
Bəli, hadisələrin rəngi getdikcə tündləşirdi. Artıq Nemət Veysəlli bölgəyə daha tez-tez gəlməyə başlamışdı. Mənim cəbhə müxbiri olmağım, Xankəndində baş verənləri görüb izləmək imkanlarım onda bir yazıçı, bir publisist istəyi ilə məni də axtarmaq, məni də görmək və məndən də nələrisə öyrənmək tələbatı yaratmışdı. Günlərin birində Nemət Veysəlli təhlükəni göz altına alaraq rahat bir şəkildə qoluma girib dedi:
- Bu gün səninlə Tuğa gedəcəm. Ermənilərlə söhbət etmək istəyirəm.
Üzünə təəccüblə baxsam da getmə deyə bilmədim. İstəmədim ki, ürəyinə başqa fikirlər gətirsin. Amma özüm içimdə narahat olduğumu gizlətmək üçün mövzunu bir az zarafata çevirməyə çalışdım:
- Nemət müəllim, ermənilərə daha yazıçı sözü lazım deyil. Onlar artıq ədəbi sözü dərk eləmək qabiliyyətlərini itiriblər. Sazdan paza keçməyin vaxtıdı.
O da güldü:
- Sən qorxub eləmə, məni özünlə apar. Bir də ki, şəhid olanlardan artıq deyiləm ki...
Bəli, biz Tuğa getdik. O, rus əsgərlərinin yolun üstündəki nəzarət postunu görəndə üzümə baxdı:
- Onların dilini mən bilirəm. Siz sakit oturun, keçib gedəcəyik, - dedim.
Bəli, maşınımızı postda saxladılar. Yaxınlaşıb salona boylandılar. Maşını idarə edən polis serjantını və məni tanıdıqlarından başqa bir sual olmadı. Sadəcə mən rus əsgərlərinə bildirdim ki, geri qayıdanda sizin "tutovkanızı" gətirəcəm. Ruslar güldülər və şlaqbaunu qalxdı. Biz Tuğa getdik. Valideynlərim bu odun-alovun içinə qonaq gətirdiyimi görəndə arxada məni möhkəmcə danladılar. Hətta dedilər ki, "başın xarab olub? Bu tanınmış adamı güllə qabağına götürüb gətirmisən". Deyəsən danlandığımı Nemət müəllim də hiss etdi. Ortalığa dedi ki, "özüm Əbülfəti məcbur etdim, onun günahı yoxdu". Amma indi deyirəm ki, orda Nemət Veysəlli bir günaha imza atdı. O günah indi də görüşəndə ikimizin də yadına düşür. Belə ki, atam həyətimizdə olan qoyunlardan birini Nemət müəllimin gəlişi münasibəti ilə kəsmək istədi. Nemət Veysəlli imkan vermədi və o qoyun kənd işğal olanda erməniyə qaldı. Bax, bu "günahı" biz artıq bir zarafat kimi dilə gətiririk. Kənddə isə...
Günün ikinci yarısı idi. Nemət müəllim çay süfrəsindən qalxıb:
- Gedək ermənilərlə görüşək, - dedi.
Evdəkilər üzümə baxdı. Hiss etdim ki, razı deyillər. Amma nə baş verəcəyini düşünmədən mən də ona qoşuldum. Kəndin ermənilər olan hissəsinə tərəf getdik. Tində-bucaqda dayananlar maraqla bizə baxırdılar. Birdən qarşımıza çıxan saqqallı ermənilər bizi başdan-ayağa süzdülər, amma heç nə demədilər. Onlardan biri əslən bizim kənddən idi. Görünür, o, əvvəlcədən nə isə pıçıldamışdı. Sonra yaşlı bir erməni çıxdı qarşımıza. Nemət Veysəlli dərhal onun qabağını kəsib döşədi sualları bir-birinin ardınca... Erməni çaşıb qalmışdı. Axırda həmin o qoca erməni başını bulaya-bulaya dedi:
- Ara, bilmirəm kimsən. Amma bu işini günahkarı biz deyilik. Biz tuğlulara belə şeyləri Yerevandan, Moskvadan deyirlər, biz də mitinq eləyirik.
Bəli, Nemət müəllim həmin o erməni ilə olan müsahibəsini sonra mətbuatda çap etdirmişdi. Amma onun Tuğa bu səfəri mənim və ailəmin yaddaşında həmişəlik qaldı. Nemət müəllimin Yuxarı Veysəllidə tikdirdiyi ev də yarımçıq qaldı... Nemət müəllim günlərin birində mülkü həyatdan hərbi həyata qələm qoydu. Hərbi jurnalist kimi səngərləri gəzdi, cəbhənin ən qaynar nöqtələrində oldu. Hətta bir dəfə mühasirəyə də düşdü. Amma heç nədən qorxub çəkinmədi. Əynindəki forma da, əlindəki qələm də, sinəsində döyünən ürəyi də, bir sözlə, bütün varlığı onu həm döyüşçülərə, həm döyüşməli olanlara nümunə etmişdi. Bu insan sözün bütün mənalarında torpağın əsgərinə çevrilmişdi. Köhnə sovet filmlərində sovet-alman müharibəsinin kadrlarını göz önünə gətirin. Cəbhə müxbirləri yük maşınlarının banında, ayaq yerində necə səngərdən səngərə tələsirdisə, Nemət Veysəlli də məhz o cür döyüş bölgəsini səngər-səngər gəzirdi. Az qala onu bütün əsgərlər tanıyırdılar, bütün zabitlər Nemət Veysəlliyə həsədlə, həm də bir az da canıyananlıqla baxırdılar. Onun yaşına hörmət edir, onun bu barıt qoxulu, ölüm havalı səngərlərdə keçən günlərini bir az yaxından anlamağa, qiymətləndirməyə çalışırdılar. Hiss olunurdu ki, generaldan tutmuş əsgərə qədər hər kəs yaşının bu vaxtında cəbhə müxbiri olan Nemət Veysəllinin ürəyi ilə, gözü ilə baxır Ərgünəşə, üzü Kirsə tərəf... Və Nemət müəllimin Yuxarı Veysəllidə qalan yarımçıq evinin mütləq düşməndən geri alınacağını, orda həmin hörgünün üzərinə hər kəsin bir daş əlavə edəcəyini bu hərbi geyimli insanların hər biri tam səmimiyyətlə ürəklərindən keçirirdilər... Və Nemət Veysəlli də bunu onların gözlərindən oxuyurdu, onlara inanırdı, onlara güvənirdi...
Həyatımda çox az-az məqamlar var ki, mən onu dost evində yaşamışam və o yaşantını da bütün varlığıma hopdurmuşam. Onlardan biri də Nemət Veysəllinin Bakıdakı ocağında olubdu. Artıq Tuğ işğal olunmuşdu. İşlə bağlı Bakıya gəlmişdim. Vaxt tapıb Nemət Veysəlli ilə də görüşdüm. İsrar etdi, gecə evində qonaq oldum. İnanın ki, mən onda Nemətin evinin içi ilə, ürəyinin içinin nə qədər bir-birini tamamladığını, bu evin başdan-ayağa elə Nemət Veysəlli olduğunu görürdüm...
Bəli, artıq 40 ildən çoxdur ki, o mənim ürəyimdədi. Səsi də, sözü də, zarafatları da, ərki də, hətta iradları da baldı, şirindi, dadlıdı, duzludu. Ona görə ki, o, sadəcə Nemət Veysəllidi. Və mən onu ürəyimdə sadəcə Nemət Veysəlli kimi yaşadıram və ondan öyrənirəm, özü də bütün həyatı... Bu yazı 26 fevrala təsadüf (??!!) etdi...


TƏQVİM / ARXİV