TƏHLÜKƏSİZLİK KƏMƏRİNİ VURMAYAN SƏRNİŞİNLƏR CƏRİMƏLƏNƏCƏK

FAİQ QİSMƏTOĞLU
63583 | 2015-02-26 08:53
Təbii ki, yol hərəkəti qaydasını pozan hər bir sürücü buna görə məsuliyyət daşıyır və onun barəsində inzibati protokol tərtib olunur. Yəni sürücülər birmənalı olaraq anlamalıdırlar ki, avtomobil yollarında qaydaları pozmasınlar, hava şəraitinə uyğun sürət seçsinlər, bir sözlə, hərəkətin təhlükəsizliyini təmin etsinlər. Aydındır ki, hərəkətin təhlükəsizliyi təmin ediləndə baş verə biləcək qəzaların qarşısını da almaq bir o qədər çətin olmur.
Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları şənbə və bazar günləri mürəkkəb hava şəraitində hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün maksimum səviyyədə çalışıblar. Xüsusən də cənub istiqamətində güclü qarın yağması nəqliyyat vasitələrinin hərəkətini daha da çətinləşdirib. Məhz buna görə də fevralın 21-də və 22-də mürəkkəb hava şəraitində Yol Patrul Xidməti Alayının bütün tağımları gücləndirilmiş iş rejimində çalışıblar. Öncədən yol istismar idarələri ilə birlikdə yolların qardan təmizlənməsi üçün təcili tədbirlər görülüb. Avtomobil yolunun buz bağladığı və nəqliyyat vasitələrinin çətin hərəkət etdiyi yerlərə isə duz qarışıq qum tökülüb. Bütün bu tədbirlərin həyata keçirilməsi hərəkətin təhlükəsizliyini təmin edib və nəqliyyat vasitələri normal hərəkət ediblər.
Təəssüflə deməliyik ki, yenə həmin günlərdə ağır yol nəqliyyat hadisələri baş verib. Belə ki, mürəkkəb hava şəraitində respublikanın avtomobil yollarında yaranan qəzalar zamanı 11 nəfər dünyasını dəyişib, 21 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Deməli, yenə bəzi sürücülər yol polisinin öncədən etdiyi xəbərdarlığa əhəmiyyət verməyib, hava şəraitinə uyğun sürət seçməyib və nəticədə isə faciəli hadisələr baş verib.
Yol Patrul Xidməti Alayının 1-ci tağımının əməkdaşları da mürəkkəb hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etmək sahəsində ciddi addımlar atıblar. Belə ki, Bakı-Quba avtomobil yolunda gecə saatlarında tağımın əməkdaşları xidməti maşınlarda hərəkət edərək sürücülərə xəbərdarlıq edib və onları maarifləndirib. Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində mürəkkəb hava şəraitində Bakı-Quba avtomobil yolunun bu istiqamətlərində ağır qəzalar baş verməyib.
1-ci tağımın komandiri, polis mayoru Mahir Məmmədyarov bildirir ki, öncədən hava şəraitinin mürəkkəb olacağı ilə bağlı məlumatlar almışdıq. Elə buna da uyğun işimizi nizamladıq. Fevralın 21-də səhər saatlarında növbəni qəbul edən əməkdaşlar təlimatlandırıldı və onlara öz tövsiyələrimizi verdik. Bir daha əməkdaşlarımıza bildirdik ki, bu cür hava şəraitində onlar daha diqqətli olmalı, hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün qabaqlayıcı tədbirlər həyata keçirməlidirlər. Əməkdaşlarımız çox sağ olsunlar, sutkanın 24 saatı ərzində gücləndirilmiş iş rejimində işlədilər və çəkilən əziyyət isə öz bəhrəsini verdi. Yəni xidmət apardığımız Bakı-Quba yolunda ağır yol nəqliyyat hadisələri baş vermədi. Ümumiyyətlə, qarlı və buzlu hava şəraitində təcrübəsiz sürücülər sükan arxasında əyləşməməlidirlər. Üstəlik də texniki cəhətdən nasaz avtomobillərlə mənzil başına getmək olmaz. Bununla bərabər, həmin avtomobillər qış rejiminə uyğun hazırlanmalı, şinləri dəyişməli və digər təhlükəsizlik tədbirləri həyata keçirilməlidir.
Həmin günlər 1-ci tağımın əməkdaşları yol hərəkəti qaydasını kobud surətdə pozan sürücülər barəsində inzibati protokol tərtib ediblər. Onların arasında normadan artıq yük daşıyanlar, ötmə əməliyyatını pozanlar, qəza şəraiti yaradanlar, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər var. Belə ki, 1-ci tağımın əməkdaşı, polis baş serjantı İslam Cəfərov xidmət apararkən bir neçə kobud qayda pozuntusuna yol verən sürücülər barəsində inzibati protokol tərtib edib. Polis baş serjantı İslam Cəfərov deyir ki, təhlükəsizlik kəmərindən istifadə etməyən çoxlu sayda sərnişinlər var. Onların bir neçəsi haqqında tədbir görəndə etiraz elədilər. Dedilər ki, bizi cərimə edə bilməzsən. Təbii ki, polis serjantı da "Yol hərəkəti haqqında" qanuna uyğun olaraq inzibati protokol tərtib eləyib. Bu qanuna və eləcə də "İnzibati Xətalar haqqında" Məcəlləyə əsasən təhlükəsizlik kəmərindən istifadə etməyən sərnişinlər 30 manat məbləğində cərimə olunurlar. Polis baş serjantı İslam Cəfərov Azərbaycan Dövlət Texniki Universitetinin avtonəqliyyatın idarə edilməsi fakültəsini bitirib və 21 ildir yol polisi sistemində xidmət edir. Təbii ki, o, yol hərəkəti qaydasını pozan sürücülər barəsində hansı tədbirin görülməsini daha yaxşı bilir.
Polis baş serjantları Alov Səlimov, Rasim Əliyev, Hikmət Şükürov, Adil İsmayılov mürəkkəb hava şəraitində hərəkətin təhlükəsizliyini təmin edərkən öz işlərinə məsuliyyətlə yanaşıblar.
Yollar avtomobillər üçündür. Amma avtomobil sahibləri də bu yollarda hava şəraitinə uyğun sürət seçməlidirlər. Elə sürət ki, o sürət onlara baş ağrısı gətirməsin və ağır faciəli anlara doğru aparmasın. Normal sürətlə hər hansı sürücü mənzil başına daha rahat çatmaq imkanına malikdir.



TƏQVİM / ARXİV