adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

NƏYi QALIB BU DüNYANIN?!...

VƏSİLƏ USUBOVA
27888 | 2009-10-31 03:11
"Yaxşı ki, bu dünyada yaxşıların sayı çoxdu. Yoxsa, dünya dağılardı.." Yazan da bunu yazır, deyən də bunu deyir. Düz deyil! Yazan da bilir ki, səhv yazır, deyən də bilir ki, dediyinə heç özü də inanmır. Sadəcə, hamının boynuna düşüb sanki. Özünü aldatmaq, yalançı ümidlərlə təsəlli tapmaq Adəm övladının çoxdankı peşəsidi. Mənsə, bu məsələdə qətiyyən nikbin deyiləm. Hər şeyi qara rəngə boyamaq amacından da çox uzağam. Ağlı-qaralı dünyada hər şeyi bəyaz bir paklıq içində görmək istəklərim çox güclü olub zamanında. Dadlı xəyalların gerçəkləşdiyi, ancaq sevgilərin sahib olduğu bir ömür arzulamışam özümə və istədiklərimə. Amma... nə olsun...
   
   "Yoxsa, dünya dağılardı..." Dağılmamış nəyi qalıb ki, dünyanın?! Elə yaranan gündən dağılmırmı bu dünya?! Yaşa dolur-ağıllanmır, genişlənmək əvəzinə daralır, təmizlənmək əvəzinə çirklənir. Hamısını da biz edirik. Üstündə oturduğumuz budağı baltalayırıq. Ömür, həyat, dünya, kainat dediyimiz hər şey bizim güdazımıza gedir. Yaxşılar da çox azdı, yaxşılıqlar da... Dünənimizə nahaq qibtəynən baxırıq. " Zəmanə getdikcə korlanır..." deyənlərimiz də həmişə haqlı deyillər. İnsan öz keçmişinə hər zaman heyrandı. Dünən ona görə şirin gəlir ki, onun içində biz vardıq. Daha cavan, daha sağlam, daha gözəl idik. Və qalan hər şey qabaqdadı, deyə düşünürdük. Dünəni dünəndən də o üzdə qalanlar gileyliydi, şikayətçiydi, hər şeyin get-gedə korlandığını deyirdilər. Ondan ötrü də öz dünəni gözəl idi, bizim bu günümüzü məlum səbəbdən bəyənmirdi. Min illərdi belə gəlib, belə də gedir. Əgər dünən hər şey yaxşıydısa, o qədim filosof niyə günün günorta çağı əldə çıraq həqiqət axtarırdı, işıq, düzlük, yaxşılıq axtarırdı?! Bəs, bu qədər adamın içində dərdini deməyə kimsə tapmayan Əli Kərim necə? O ki, lap elə bu günümüzdə yaşayırdı. Zaman-zaman şair də, filosof da, dünyanı olduğu kimi görmək istəyən neçələri səsini qaldırdı, asi düşdü bu dünyanın ( oxu adamların) pisliklərinə, laqeydliklərinə, soyuqluqlarına. Biri çəlləyə girib yaşadı, biri uca dağ başına çəkildi, biri mağaraya sığındı, başqası yeyib-içməkdən imtina elədi. Hərə bir yolnan təsir eləməyə çalışdı ətrafındakılara, anlatmaq, içlərində uyuyan insanı oyatmaq istədi. Sonu nə oldu?! Sonu- bizə gəlib çatan riyakar dünya, bizə miras qalan miskin dövran...
   
   İnsan olan adamlardan qaçdı, adamlar İnsan olanı görmədilər, görə bilmədilər, görməzlikdən gəldilər...
   
   
   
   ***
   
   
   
   Hanı bəs, yaxşılıqlar?! Üzdə olanı görürük. Maskaları yırtmağa, pərdələri qaldırmağa nə gücümüz çatır, nə də həvəsimiz var. Çünki çoxumuza sərf eləmir. Yaxşılıq adına elə bəsit, səthi şeyləri misal gətirirlər ki,...Milyonları, milyardları yeyənlər dilənçiyə verdiyi qəpik-quruşu yaxşılıq sayır, savab iş gördüyünü zənn edir. Sələmlə pul verən, kreditə mal buraxan özünü xeyirxah, gərəkli bilir. Faizlərin yıxdığı evi fələk də dikəldə bilmir. İntihar, xəyanət, satqınlıq, badalaq baş alıb gedir. Küçədə-bacada kimi görürsən, qucaqlaşıb öpüşür, ürəkləri görən, duyan yoxdu. Öldürsən də, yeri gəlsə, kiminsə xeyrinə dodaq tərpədəni, riskə gedəni, sinəsini qabağa verəni görə bilməzsən. Hər il Məşhədə, Kərbəlaya, Məkkəyə karvan-karvan günahlar gedir. Beş-on günlüyə ayağı ziyarətgahlara dəyməknən insan pak ola bilərmi?! Bəs, arxanda qoyub gəldiyin günahlar? Kimi aldadırsan? Kimin gözünə kül üfürürsən? Getməmişdən qabaq qohum-qonşuya, dost-tanışa minnətçi salıb halallıq istəyirlər. Bax, əsl məntiq burdan doğur. Deməli, günahını özün də bilirsən. Özün necə, özünü bağışlaya bilirsənmi? O incitdiyin, əlindəki imkandan, fürsətdən istifadə edib gününü göy əskiyə bükdüklərinin yerində hiss eləyə bilirsənmi özünü? Çətin! Elə olsaydı, əvvəldən insanı oyadardın içində. İndi də minnətçi düşməzdin... Deməli, bu yolçuluğu da nədən başladığını özün hamıdan yaxşı bilirsən...
   
   Bu il belə bir ismarıc mənə də gəlmişdi. Bu mümkün olan şey deyildi- o adamı heç vaxt bağışlaya bilməzdim. Boynuma alıram, mən bağışlamağı bacarmıram. Heç istəmirəm də. Çünki bu elə də bəsit bir şey deyil. Mən kinli deyiləm, deyə heç kəs özünü öyməsin. Bağışlayanlar elə özləri də başqalarını incidənlərdi. Mən heç kəsə pislik eləmirəm. Hətta mənə pislik edənlərə də. Amma incidənləri, nəinki incidənləri, bir dəqiqəlik qanımı qaraldanları da bağışlamıram. Bu qəddarlıq deyil. Bu, mənim özümə məxsus münasibət ölçümdü, mənim ədalətimdi! Zamanında o adamın pislikləri ( bu elə indi də davam edir) məni çox incidib, həmişə qoruyub saxladığım müvazinətimi müəyyən qədər pozub. Yerimə iradəcə zəif birisi olsaydı, çox ağır nəticələri ola bilərdi. o pisliklərin. Əvəz çıxmağı da bacarıram. Öz istəyimdən asılıd. Amma hər adama baş qoşmuram. Adamın düşməni də özünə layiq olmalıdı! Eləsiynən mübarizə edəsən ki, bu sənə ancaq başucalığı gətirsin, çaldığın qələbənin bir dəyəri, ləzzəti olsun! İkiüzlü, yaltaq, xain biriləriynən vuruşmaq adama əskiklikdən başqa bir şey gətirmir. Elələrinin gücü də məhz bizim onlara baş qoşmamağımızdadı... Demokrit deyirdi: Yaxşı adam o deyildir ki, yalnız pislik etməsin, həm də pislik barədə düşünməsin.
   
   Əgər insanın günahları hardasa yazılırsa və bir gün bu günahların bədəli ödənilirsə, qoy günahkarı Tanrı özü bağışlasın. Çünki əsl Günahın və Savabın nə demək olduğunu ancaq O bilir. Tanrı bağışlayandırsa, qoy hamı Ona yalvarsın, qalan kimsədən üzr diləməyə gərək yox...
   
   
   
   ***
   
   
   
   Bir ara möhkəm dəb düşmüşdü: ziyarətə gedənlər mağazaları, çörək köşklərini gəzib nisyə dəftərlərindən kasıbların adlarını pozdururdular. Bayramlarda imkansızlara ərzaq göndərirdilər. Adamlar da bunu pəh-pəhlə ağızdan-ağıza yayırdılar. Bir soruşan yoxdu ki, sən kimlərdən qoparıb kimlərə paylayırsan?! Soruşmaqları bir yana, həmin adama bir "xeyriyyəçi" adını da yapışdırırdılar. Deyəsən, heç Dostayevskinin də bu sözdən xoşu gəlmirmiş. Yoxsa, "xeyriyyəçilik... şəri kökündən dəf etmir, əksinə, onu daha da qidalandırır" yazmazdı. Bu "qidalandırır" sözü çox dəqiq deyilib. Yaxşılıq adıynan daha bəd, günah əməllərin bünövrəsi qoyulur. O "tula payı"ndan dadan uşaqlar sabah nəçi olurlar-olsunlar, baş qaxıncları bu gündən hazırdı... Nə yaxşılıq, nə də qayğıkeşlik belə olmur. Hər şeyi qamarlayanlardı başqalarını bir tikə çörəyə möhtac qoyanlar...
   
   "Dünyada insanların ehtiyacını ödəyəcək hər şey var, amma onların tamahını ödəyəcək heç nə yoxdu". Bu da Mahatma Qandinin sözləridi.
   
   İnsanlar öz ehtiyaclarını ödəmək üçün məqbul olmayan şeylərə belə əl atmalarını, hardasa anlamaq olardı. Məsələ burasındadı ki, əksəriyyət fərqlənmək, kiməsə acıq, yanıq verməkçin əyri yollara əl atır. Tanrının seçmədiyi, fərqləndirmədikləri süni yollarla seçilmək, fərqlənmək, gözdə-üzdə olmaq istəyirlər. Deyirlər, dünyanı nə cür tutsan, elə də gedir. Təkcə düz yolla getmək çətindi bu dünyada. Heç bir "sağ ol"a dəymir düz yolla gedənlər. Bu azmış kimi, "əfəl", "maymaq" da adlandırılırlar. Kiməsə təmənnasız yaxşılıq edəndə adama birtəhər baxırlar. "O şeyi ki, özün yeyə bilirsən, onu heç vaxt başqasına vermə" deyirlər. Yaxşılıq barədə düşünməyin, xeyirxahlıqdan zövq almağın özü belə dəbdən düşüb...
   
   Ramazan ayında tez-tez adamlardan bu sözləri eşidərdin: "Adamın təkcə mədəsi deyil, ağzı da, gözü də, qulağı da oruc tutmalıdı... Gərək nə gözünlə pis şeylərə baxasan, nə qulağınla yalan, dedi-qodu eşidəsən, nə də dilinlə qeybət qırasan, kiminsə dalınca danışasan... Niyə cəmi bircə ay?! Ola bilməz ki, elə ilin on iki ayını bu insaniyyətə sadiq olasan?! Baş açmalı deyil, vallah...
   
   
   
   ***
   
   Adama elə gəlir ki, dünya elə əvvəldən dağıdılmaqçın yaradılıb. Deyilənlərə görə, baş verən hər təbii fəlakət Qiyamət günündən xəbər verir...
   
   Yəqin, Qiyamət deyilən şey də elə bütün yaxşılıqların sona çatdığı gündü...
   
   

TƏQVİM / ARXİV