adalet.az header logo
  • Bakı 19°C
26 Fevral 2015 11:46
4143
MƏMLƏKƏT
A- A+

Sumqayıt hadisələri və erməni terroru

1985-ci ildə Mixail Qorbaçovun SSRİ hakimiyyətinə gətirilməsi birmənalı deyildi. Bu hadisə bir tərəfdən ABŞ-ın özünə qarşı təhdid kimi qəbul etdiyi Sovet İttifaqını parçalamağa xidmət edirdisə, digər yandan imperiyanın dağılmasından sonra ermənilərin sahib olduqları əraziləri genişləndirməyə. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsiylə loyal münasibətləri olan Qobraçov sonrakı illərdə bu iki məsələni həll etdi. Qərbin Moskvadakı erməni agentlərinin dəstəyiylə hakimiyyətə gətirilən Mixail Qorbaçov eyni zamanda Azərbaycan ərazilərinin işğalında, Xocalı Soyqırımı və Sumqayıt hadisələrinin törədilməsində müstəsna rol oynadı. Həmin dövrdə Qorbaçovun ətrafını ermənilər tamamilə ələ keçirmişdilər. Onun siyasi məsələlər üzrə köməkçisi Şahnazaryan, iqtisadi məsələlər üzrə köməkçisi A.Aqanbekyan, Dövlət Plan Komitəsinin I müavini Sitaryan və başqaları milliyətcə erməni idilər. Ermənilər Qorbaçovu ələ ala bilmişdilər. 1987-ci ildə Aqanbekyan Fransada olarkən bu barədə deyirdi: "Mən istərdim ki, respublikanın şimal-qərbində yerləşən Qarabağ Ermənistanın olsun, o, Azərbaycana nisbətən Ermənistana daha da bağlıdır. Mən bu istiqamətdə bir təklif irəli sürmüşəm, ümidvaram ki, yenidənqurma, demokratiya şəraitində həmin problem öz əksini tapacaq”. Aqanbekyanın birmənalı qarşılanmayan çıxışı Dağlıq Qarabağ və Azərbaycanın digər bölgələrində başlayan hadisələr üçün qızışdırıcı akatalizator rolunu oynadı. 1988-89-cu illərdə başlayan qarışıq proseslərdə Ermənistandan Azərbaycana kütləvi axın başladı. Onların aralarında ermənilərin sayı kifayət qədər çox idi. Ermənilərin Azərbaycanda məskunlaşdığı şəhərlərdən biri də Sumqayıt idi. Həmin vaxt SSRİ-nin ayrı-ayrı respublikalarında başlayan siyasi silkələnmə Azərbaycanda hiss olunurdu. Baş verənlərdən istifadə edən Ermənistan Azərbaycanda başlayan Azadlıq Hərəkatını öz xeyirlərinə istifadə etməyə başladı. Azərbaycandan yeni ərazilər qoparmaq istəyən ermənilər separatizmə əl atdılar. Xüsusilə Dağlıq Qarabağı ələ keçirmək üçün "əzilən xalq” imici yaratmaq işə lazım gəlirdi. Bunun üçün ermənilərin kompakt yaşadığı Sumqayıtda iğtişaş törədilmək Qorbaçov və onun erməni ətrafının işinə yarayırdı. Belə də oldu. Sumqayıtda erməni qırğını həyata keçirmək milliyətcə erməni olan, üç dəfə məhkum edilmiş 9 il qatı cinayətkarlar kimi həbsdə yatan "Paşa” ləqəbli Eduard Qriqoryana tapşırıldı. Məqsəd "əzilən xalq” imici yaratmaq, ermənilərin azərbaycanlılarla bir dövlətdə yaşamasının qeyri mümkün olduğunu dünyaya inandırmaq, beləliklə Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına zəmin hazırlamaqdı. Digər məqsəd isə "Türksüz Ermənistan” qurmaq idi. Beləliklə, Sumqayıt hadisələrində 32 nəfər qətlə yetirildi, onlardan 26-sı erməni idi. Ümumiyyətlə,talanlar zamanı 400 nəfərdən çox adamyaralandı, 200-dən çox mənzil talan olundu, 50 mədəni məişət obyekti yerlə-yeksan edildi. Ermənilər isə hadisələrdə 500 nəfərdən çox erməninin öldürüldüyünü iddia edərək, Sumqayıt hadisələrinə "Erməni genosidi” adını qazandırmağa çalışdılar.

"Qriqoryan Emmanı vəhşicəsinə öldürdü”

Sumqayıt hadisələrinin canlı şahidi İndira Şəmsivari həmin hadisələrin Ermənistan və Sovet Rusiyasının xüsusi xidmət orqanları tərəfindən törədildiyi qənaətindədir. İ.Şəmsivarinin sözlərinə görə, Ermənistanın tanınmış siyasi xadimlərindən Paruyr Ayrikyan Sumqayıt hadisələrinin Moskva tərəfindən təşkil olunduğunu etiraf edib: "Bu hadisələrin Moskva tərəfindən törədildiyini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı sədri Kryuçkov da təsdiq edib. Təxribat üçün Bakı yaxınlığında yerləşən Sumqayıt təsadüfən seçilməyib. Hələ Sovet dövründə "ölü zona” adlandırılan şəhərdə müxtəlif millətlərdən çoxlu sayda insan yaşayırdı. Ona görə də burada geniş miqyaslı iğtişaşlar törətmək mümkün oldu. Bir gün davam edən ixtişaşlar nəticəsində erməni evləri dağıdıldı, onlarla adam yaralandı, 32 nəfər, o cümlədən, 26 erməni, 5 azərbaycanlı, 1 ləzgi öldürüldü. Həmin dövrün istintaq materiallarında, iğtişaşlara azərbaycanlı Əhməd Əhmədov və erməni Eduard Qriqoryanın rəhbərlik etdikləri bildirilir. Erməninin bu hadisələrə başçılıq etməsi hər şeyə aydınlıq gətirir. Öldürülən ermənilərin, demək olar ki, hamısı erməni terror fondlarına pul keçirməkdən imtina edənlər idi. Bu hadisələrdə zərərçəkmiş Sumqayıt sakini L.Meclumyan deyirdi ki, "Qriqoryan mənim mənzilimə daxil oldu, sındırdığı stulun ayaqları ilə xəstə anama zərbə endirdi, bu vaxt mən bir neçə dəfə müqavimət göstərməyə çalışdım, ancaq qadın olduğuma görə gücüm çatmadı, o, məni yerə yıxaraq, istədiyini etməyə başladı”. Hadisələrdə iştirak etmiş Nəcəfov soyadlı bir gənc isə istintaqa ifadəsində "Qriqoryan tərəfindən təşkil olunmuş dəstə Emma adlı erməni qadının evinə soxuldu, dərhal onu lüt soyundurdular və Edik Qriqoryan onu bu vəziyyətdə küçəyə çıxartmağı təklif etdi, sonra onun iştirakı ilə Emma vəhşicəsinə öldürüldü” – deyə qeyd etmişdi. İstintaq materiallarının başqa bir yerində göstərilir ki, "Qriqoryan öz dəstəsi ilə birinci mikrorayonda Petrosyanın mənzilinə daxil olmuş, müqavimət göstərmək istəyən mənzil sahibinə başından zərbə endirərək halsız vəziyyətə salıb”. Eduard Qriqoryan Sumqayıt hadisələri zamanı 5 ermənini şəxsən özü öldürüb, 8 erməni qadınını zorlayıb. Bu cür faktlar çoxdur. Erməni təşkilatları bu cür cinayətlər törətmiş E.Qriqoryanı ağır cəzadan da qurtara bildilər. Məhkəmə azərbaycanlı Əhməd Əhmədov haqda ölüm hökmü çıxardı və hökm dərhal icra olundu. E.Qriqoryana isə yalnız 12 il iş verildi və bir neçə ildən sonra azadlığa buraxıldı. Bu hadisələri törədərkən orada video-kamera, fotoaparatların olması, çəkilişlərin aparılması ondan xəbər verirdi ki, bu qabaqcadan planlaşdırılmış bir hərəkətdir”.

"SSRİ DTK arxivlərində saxlanılan məxfi sənədlər açılsın”

İndira Şəmsivari bildirib ki, ermənilər ölmüş və yaxud öldürülmüş vətəndaşlarından həmişə məharətlə istifadə ediblər. Şəmsivarinin sözlərinə görə, onlar Sumqayıt hadisələrindən öz məkrli niyyətləri üçün yararlanmaq məqsədi güdürdülər. "Ona görə də bu hadisələr haqda dərhal dünya ictimaiyyətində yanlış rəy formalaşdırmağa, anti-Azərbaycan əhval-ruhiyəsi yaratmağa başladılar. Digər tərəfdən, erməni təşkilatları Azərbaycan və Ermənistan arasında qarşıdurmaya dönməz xarakter verməyə, münasibətləri daha da kəskinləşdirməyə, dinc yaşayış perspektivlərini heçə endirməyə çalışırdılar. Tarix boyu ermənilər öz havadarlarina arxalanaraq özləri özlərinə qondarma tarix yaratmaq istədilər. Lakin düşünürəm ki, artıq onların iç üzünü bütün dünya tanımalıdır. Və tanıyacaq. Cənab prezidentimizin ermənilərin məkrli siyasətlərini ifşa etməsi yönündə apardığı uğurlu işlər bir daha biz,vətəndaş cəmiyyəti üzvlərini,bu hadisələri görən və ağırlıqlarını öz çiyinləri üzərində gəzdirən hər bir vətəndaş, bu gün bir amala, bir əqidəyə xidmət göstərərək vətənimizin, dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasında hər zamanki kimi əlimizdən gələni əsirgəməməliyik. Və tələb etməliyik ki, SSRİ DTK arxivlərində saxlanılan məxfi sənədlər açılsın. Bütün faktlar aşkarlansın, o zaman dünya ictimaiyyəti bir daha ermənilərin və erməni xislətinin nəyə qadir olduğunu görsün” – deyə İndira Şəmsivari qeyd edib.

Əfqan Abbasxanov