adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

ŞƏCƏRƏ

VAHİD ƏLİFOĞLU
36126 | 2009-10-24 00:23
... Deyirlər Koroğlu babamız olub,
   
   Çənlibel elimiz, obamız olub.
   
   Bu əyri ülgülər kimin oğludu,
   
   Həmzələr, tülkülər kimin oğludu...
   
   
   
   ... Yüz minlərlə peyğəmbər gəldi yer üzünə. Haqq yoluna qayıdanlar da oldu, qayıtmayanlar da. Tanrı yaratdığından bezmədi, amma küsdü... Küsdüklərinin onun könlünü almaq yüksəkliyində olmadıqlarını bilsə də...
   
   ... İndi balıq tutmağın ən yaxşı vaxtdı. Gölün suyu şairlər demişkən göz yaşı kimi dupdurudu. Dibindəki daşları istəsən bir-bir saymaq olar. Müxtəlif rəngli, ölçülü balıqlar elə bil havada üzürlər. Səhərə yaxın yağmaq leysanın nəticələri yavaş-yavaş üzə çıxmaqdadı. Ensiz dərə ilə axıb gələn sapsarı sel suyu artıq gölə çatıb. Sudan çox axan palçığa bənzəyən löhmə gölün içərilərinə doğru irəlilədikcə təmiz suyun sərhəddi o biri sahilə doğru çəkilir və güzgü kimi hər şeyi əks etdirən səth get-gedə tutqunlaşır.
   
   ... Artıq qarmaqları yığışdırmağın vaxtı çatdı. Yüz damcı təmiz su bir damcı çirkli suyu təmizə çıxara bilmir. Göllə müqayisədə az qala bir damcı olan bulanıq su yarım saata bütün gölü palçıq su yığınına döndərdi...
   
   İnsan cəmiyyəti belədi. Pis əməl kütlə arasında tez yayılır. Təmiz, normal insandan qatil "hazırlamaq" xeyirxah "hazırlamaqdan asandı. Bu bəlkə də lənəti, nifrəti daha əziyyətsiz qazanmağın mümkünlüyündən irəli gəlir... Yaxşı adamlar pislərdən həmişə sayca çox olublar... Amma pislər yaxşılardan tez üzə çıxıblar... Ağ işığı tökülən löhmə kimi... Rəngli filmlərdə ağ pərdələrin üzərində göstərilir... Bütün bunlar kimə və nəyə lazımdı. Yazmağın mümkünsüzlüyüdürsə, onda şeirdən-zaddan qarala, ye, iç, yıxıl yat. Uzun qulaqlar söyüşə, təhqirə açıqdı, nəvazişi, sevgini qəbul etmir...
   
   ... Yumşaq desək, mənasız bir tayfadan qız qaçırmış oğlunun xəbərini Hacı Kərim başına döyə-döyə hönkürüb ağlayırmış. Xəbər gətirən hacını sakitləşdirməyə çalışaraq "Ay hacı, oğlun qız qaçırıb, bu gün sabah nəvə yiyəsi olacaqsan, tay niyə ağlayırsan? Sevin, gül, şadlan"...
   
   Hacı bir az toxtayıb deyir:
   
   - Ay evin yıxılsın, bilmirsən ey, nəsil korlandı, əslim-köküm cırlaşdı...
   
   Tarixi qılıncları ilə yazan şah babalarımızın saraylarında qadın hərəmxanaları ilə yanaşı gözəl, göyçək oğlan uşaqları da saxlanılırdı. Bu uşaqlar xüsusi eyş-işrət məclisləri üçün nəzərdə tutulurdu. Müəyyən yaş dövründən sonra o uşaqları əvəzləmək vaxtı çatırdı və yeni uşaqların seçimi başlanılırdı. Əvəzlənənlər göstərdikləri "xidmət" səviyyəsində əyalətlərə, şəhərlərə hakim təyin edilirdilər. Məlum həyat yolu keçmiş bu əyalət, şəhər hakimləri də imkanları və səlahiyyətləri daxilində həmin üsulla kənd, məhəllə başçılarını "hazırlayırdılar".
   
   ... Sarayların, əyalət və şəhər hakimlərinin iqamətgahlarının önündə uşaqlarının gələcəyini "düşünən", vaxtı ilə özlərinə qismət olmamış "xoşbəxtliyə təəssüflənən atalar... Atalarının ətəklərindən yapışmış uşaqlar...
   
   ... Sifətin qızarması içəridən çəkilən xəcalətin görüntüsüdü... Sonra hər şey dəfələrlə təkrar olunur və bir gün güzgüdə qırmızısifət, al dodaq bir kişi peyda olur... Və tayfa, nəsil, kənd...
   
   ... Uzaq dağ kəndlərində adətə çevrilmiş bu mərasim ilin müəyyən dövrlərində, xüsusi ilə də bayram günlərində keçirilərdi. Kəndin kişiləri yığışardılar əvvəlcədən müəyyən olunmuş damın içərisinə, arvadlar isə qalxardılar damın bacasına... Üst tumanları soyunub tökərdilər bacadan aşağı, kişilərin başına. Kişilər də hərəsi bir tumanı götürüb çıxardılar bayıra. Hansı arvadın tumanı hansı kişinin əlindədisə o arvad bir günlüyə olurdu o kişinin arvadı... Növbəti mərasimə qədər təzə uşaqlar gəlirdi dünyaya. Kənddə hər kişinin törəməsi deyəcəyi uşaq... Hamının qazandığı, itirdiyi eyni... Kişilər hamının əri, arvadlar hamının arvadı... Tumanlar yad əldə, papaqlar hər kəsin başında... Bu "tuman tökdü" oyunudu...
   
   ... Bu oyunda kim uduzdu, kim uddu,
   
   Peşimanı kim olacaq, bilmirəm.
   
   
   
   ...Tuman beldən sürüşüb düşəndə papaqda başdan uçar, tökülər... İtə-qurda qismət olan iylənmiş motal dərisi kimi...
   
   ... Ermənilər tutuduqları kəndələrdə ilk əvvəl yandırdıqları, dağıtdıqları evlər o kəslərin evləri idi ki...
   
   ... Hamıdan qabaq rayonu tərk edib qaçanlar o kəslərin uşaqları idi ki...
   
   ... İgidləri kürəyindən vurub silahlarını satanlar, meyid alveri edənlər o biqeyrətlər idi ki...
   
   ... Bəsdi, dayanaq. Pak olmaq üçün gərək hansı əzanın murdar olduğunu biləsən.
   
   ... Erməniyə yeznə olmuş bir el "ağsaqqalı" bir mötəbər yığınacqda o vaxtı belə demişdi:
   
   - Mən anadan erməni kimi doğulmadım və buna təəssüf edirəm. Erməni qızıynan ona görə evləndim ki, heç olmasa uşaqlarım erməni olduqlarına sevinsinlər...
   
   ... Hardan əmələ gəldi bu millətin içində bu qədər əsilsizlər, köksüzlər, hardan?
   
   ... Xanlar kişi deyirdi ki, bütün əlamətlər hər nəslin zatından gəlir. Zat qırıqdısa düşünməyə dəyməz...
   
   ... Onlar şah saraylarının eyş-işrət məclislərinin yaraşığı olan o uşaqlardan, "tuman tökdü"də qazanılmışlardan törəyənlərdi...
   
   
   
   ... Biclərin toxumu yüz damadandı,
   
   Sulasan da bitər, sulamasan da...
   
   
   
   ...Löhmə, lil gətirən sel qurudu. Gölün suyu anbaan, günbəgün durulmağa, saflaşmağa başladı. Tezliklə balıqlar da, gölün dibindəki daşlar da görünəcək... Amma suyun dibinə çökmüş löhmə qalacaq... Növbəti leysanın gəlişini gözləyə-gözləyə...
   
   
   
   
   
   P.S. Riyazi terminlə şəcərə konkret bir nəslin inkişaf qrafikidi. Bütün qrafiklər isə düz xətli olmur...

TƏQVİM / ARXİV