adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

"NƏĞMƏ DOLU ŞUŞAM MƏNİM"

ƏBÜLFƏT MƏDƏTOĞLU
24420 | 2015-02-25 01:31
Neçə vaxtdı ki, stolumun üstündədi. Və hər dəfə onun təkcə üz qabığına baxanda ürəyim səksənir, xatirələrim təzələnir. Özümdən xəbərsiz Bakıdan üzü Qarabağa, üzü Şuşaya çıxıb gedirəm və bu gedişin icazəsiz olduğunu bilirəm. Amma ruhumun icazə alacaq bir kimsəsi də yox. Onu da bilirəm ki, cəbhə xəttini keçəndə düşmən də xəbər tutmayacaq. Ən azı ona görə ki, onun başı öz dərdlərinə, öz acgözlüyünə, öz murdarlığına, öz şərəfsizliyinə, öz vəhşiliyinə qarışıbdı. Axıtdıqları gunahsız qanlar, qana boyadığı torpaq onların gözlərini tutub. Və bu tutulmuş gözlər mənim ruhumun Şuşaya səfər etməsini heç vaxt izləyə bilməz...
Stolumun üstündəki kitab isə məni Şuşaya qanadlandıran, Şuşaya səsləyən, Şuşaya çağıran bir qeyri-adi gücün toplusudu. Bu toplu bütünlüklə Şuşanın ifadəsidi, Şuşanın özüdü. Üstəlik, kitabın əlavəsi olan disk həmin o şuşalı anların, günlərin həm də danışan, səslənən, göstərən bir gücüdü, bir formasıdı. Mən həmin o diski də, kitabı da gözümdən bir an da olsun uzağa qoya bilmirəm. Çünki o kitabın ilk səhifəsindən başlamış sonuna qədər hər sözdə, hər işarədə bir Şuşa görürəm, vərəqləyirəm. Ulu Öndərimizin Şuşaya tarixi səfərinin - 1982-ci ilin görüntüsü. Qarlı bir qış günü. Buna baxmayaraq, Ulu Öndər Şuşada Molla Pənah Vaqifin abidəsinin açılışında iştirak edir. Şuşanın xoşbəxt günləridi. Növbəti səfərində artıq Şuşanın gülünün, çiçəyinin bir-birinə qarışdığı məqamda Ulu Öndər Azərbaycanın üzüyünün qaşı olan bu müqəddəs torpağı ziyarət edir...
Bəli, kitab belə başlayır. Kitab oxucusu ilə münasibətlərini həmin o şuşalı günlərlə başlayır. Sonra Azərbaycan Mədəniyyət və Turizm nazirinin, Qarabağ icmasının rəhbərinin Şuşa ilə, Şuşa şəhər Uşaq incəsənət məktəbinin 80 illiyi ilə bağlı xoş arzularını ifadə edən yazıları oxucu üzünə açılır. Bu kitabda verilən istər dövlət himni, istər Ulu Öndərimizin, həmçinin Azərbaycan prezidenti İlham Əliyev cənablarının Şuşa ilə bağlı sərəncamlarından iqtibaslar öz-özlüyündə oxucunu Şuşanı dünəninə qaytarmaqla yanaşı, həm də onun sabahına böyük inamı da ifadə edir.
Bir oxucu kimi bu kitabda Əbdürrəhim bəy Haqverdiyevin, Firidun bəy Köçərlinin Şuşa ilə bağlı xatirələri, Hacı Hüsünün, Əbdülbaqi Zülalovun, Cabbar Qaryağdıoğlunun, Keçəçi oğlu Məhəmmədin, Sadıqcanın, Kor Xəlifənin, Mir Möhsun Nəvvabın, Üzeyir bəy Hacıbəylinin həyatından parçalar və onların Şuşa ilə bağlı yazdıqları, ifadə etdikləri dəyərli fikirlər öz əksini tapıbdı. Maraqlı məqamlardan biri də budur ki, kitabda foto görüntüsü yer almış Xurşid Banu Natavanın malikanəsi olmuş, sonradan Şuşa Musiqi Məktəbinin fəaliyyət göstərdiyi binanın görüntüsü məhz həmin o şuşalı günlərin qeyri-adi gözəlliyini adama birbaşa çatdırır. Yəni şəkilə baxdıqca hər an və hər bir məqam nöqtəsinə, vergülünə qədər yaddaşda təzələnir. O ki qaldı kitabdakı bir-birindən maraqlı digər yazılara və görüntülərə... Bunu xüsusi qeyd etmək lazımdır ki, böyük Bülbülün doğulub yaşadığı ev, Şuşadakı tarixi memarlıq nümunələrinin şəkilləri, Şuşa mənzərələri, Şuşada doğulub yaşamış və təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da tanınmış sənətkarların bu kitabda toplanan məlumatları Şuşanı görmüş, Şuşada doğulmuş, Şuşada qonaq olmuş hər kəsdə nostalji duyğular oyadır. Bu kitab müəllifi Mirkamil Ağamirovun gərgin əməyi nəticəsində Qarabağı düşünən, Qarabağı xatırlayan, Qarabağı sevən hər kəsə dəyərli bir hədiyyədir.
Ölkə Prezidentinin Qarabağla bağlı səsləndirdiyi bütün fikirlərin şah damarında həmişə Şuşa dayanıb. Mən Mirkamil Ağamirovun "Nəğmə dolu Şuşam mənim" kitabını dəfələrlə oxuyub hər bir görüntünü təkrar-təkrar izlədikdən sonra onu oxuculara təqdim etmək qərarına gəldim. Düşündüm ki, bu cür kitablar bizləri dünənimizə, tariximizə bağlayan tutarlı vasitələrdən biridi. Onu ərsəyə gətirənlər də məhz bu dəyərə, bu unudulması mümkün olmayan tarixə sevgidən çıxış ediblər. Elə Mirkamil Ağamirov da bu kitabını Qarabağ sevgisiylə, Şuşa həsrətiylə bizlərə hədiyyə edibdi. Onu oxuyanlar mütləq mənimlə razılaşacaqlar.



TƏQVİM / ARXİV