SİYƏZƏNDƏ BİR ŞAİR VAR...

VAQİF YUSİFLİ
43970 | 2015-02-25 01:30

Nəcməddin Mürvətov. Siyəzəndə yaşayır. İxtisasca riyaziyyat müəllimidir, məktəb direktorudur.
Bu sözləri şeirləri haqqında söz açmaq istədiyim bir şairin tərcümeyi-halı kimi qəbul edin. Bu tərcümeyi-hala bir də onu əlavə edim: o, Yazıçılar Birliyinin üzvüdür, şeir kitablarının sayı yeddini keçib.
Şairlik Allah vergisidir. Bu vergi ən adi peşə sahiblərinə də qismət ola bilər. Müəllimə də, mühəndisə də, evdar qadına da, çobana da, elm adamına da. Təki ortada Şair dediyimiz o adamın istedadı olsun, bu istedadı özündə əks etdirən şeirlər olsun, o şeirlərdə Ürək olsun, ağılla hiss birləşsin. O vergidən lap bircə zərrə də kimə yetsə, xoşbəxtdir. Nəcməddin müəllim də siyəzəndə, o balaca rayonda təkcə bir müəllim kimi yox, həm də şair kimi tanınır.
Qocaman şairimiz İlyas Tapdıq Nəcməddin Mürvətovun "Nə verdim ki dünyaya" (2014) şeirlər kitabına müqəddimə yazıb, o müqəddimədə İlyas müəllim qeyd edir ki, Nəcməddin Mürvətov qələmini şeirin bütün növlərində sınayır və uğurlu tapıntıları ilə oxucularını sevindirir. O, həyatdakı neqativ hallara qarşı kəskin ironik münasibətini gizlətmir, insana xas olan dostluğu, mərdliyi, xeyirxaşlığı, müsbət əxlaqi keyfiyyətləri təbliğ edir, həm də oxucuları ilə sadə xalq dilində, hamının anlayacağı tərzdə danışır.
Nəcməddin müəllimin şeirləri mənə ən çox ona görə xoş təsir bağışladı ki, bu şeirlərdə sanki bir el adamı, yaşlı bir kənd ziyalısı ürəyini sənə açır. həyat haqqında, dədə-babalarımızın örnək olan ömür yolu, el adətlərinin gözəlliyi, yaşadığımız mühitdə Xeyir və Şər qüvvələrin çarpışması barədə söz açır. Məmləkətimizin Qarabağ dərdi də onun şeirlərində nisgillə, böyük ürək ağrısı ilə öz əksini tapır. Şeirlərin qəhrəmanı isə elə şairin özüdür - o, keçirdiyi ömür yolunu gözlərimiz qarşısında canlandırır. Bu ömür yolu həm də ürəyi torpağa, elə, Vətənə bağlı yurddaşlarımızın ömür yolu kimi mənalanır.

Heyran oldum qayasına, dağına,
Çəməninə, gülşəninə, bağına,
Qismətimə düşən belə gözəl çağına,
Qurur hər gün yeni büsat, təntənə,
Nə verdim ki, mən dünyaya, umam nə?

Bu misralar, bu etiraflar həyatın sınaqlarından keçmiş, amma özünü hələ də bu dünyaya borclu sanan bir insanın ürək sözləridir. O. gözəllikləri tərənnüm edir, həyatı sevir, amma eyni zamanda rast gəldiyi, bəlkə hər gün üzünü gördüyü adamlara, onların törətdiyi pis əməllərə də biganə qalmır.

Zirvə olmur alçaqlıqda, nadanlıqda,
Naqisliyin, rəzilliyin zirvəsi yox.

Nəcməddin müəllimin xalqın sevimlisi olan sənət adamları haqqında şeirlərində də səmimidir, Hiss olunur ki, o, haqqında böyük qürur hissilə söz açdığı sənətkarlarla fəxr edir, onların timsalında sənətin gücünə, qüdrətinə iman gətirir. Xalq artisti, həm teatrda, həm də kinoda unudulmaz rollar ifa edən Ələddin Abbasovun xatirəsinə həsr olunmuş "Cahandar ağası ola millətin" şeirində həm Ələddin Abbasovun, həm də Cahandar ağanın ruhu yad edilir:

Sözü, əməli bir olanı göstər,
İllərlə kamala dolanı göstər,
Elin dərd-sərinə qalanı göstər,
Sonsuz acısını çəksin zillətin,
Cahandar ağası öldü millətin!

Kitabda Nəcməddin müəllimin sevgi şeirləri və qəzəlləri də xoş təsir bağışlayır. Sevgi şeirlərində təsvir olunan hisslərin süni olmadığı, yaşanıldığını, ürəkdə həyəcan qopardığı, təlatüm yaratdığı diqqəti cəlb edir. O, sevgini Tanrı payı hesab edir, onu ömrünün tacı bilir:

Nə olsun uzağıq bir-birimizdən,
Dağlar, dərələr var aranı kəsən.
Bəhs etmə ayrılıq qəm-kədərindən
Axı qəlbindəyəm, ürəyimdəsən.

Qəzəllərində əruz vəzninə məxsus musiqililiyi, ritmi duyursan. Əsasən sevgi mövzusundadır bu qəzəllər:

Sevinirsən vüsala, növbədə həsrət gələcək,
Yandıra cismimi aşkar, ya da xəlvət gələcək.

Bil ki, bu vaxta qədər vurmayıbsa eşq başına,
Görkəminlə o kəsin ruhuna heyrət gələcək.

Verəcək öz yerini nəşə-sevinc qüssə-qəmə,
Hazır ol ki, belədə köksünə xəlvət gələcək.

Nəcməddin müəllimin kitabında onun ən yaxşı şeirləri ilə müqayisədə zəifləri də nəzərə çarpır. Elə şeirlər var ki, onlar gərək kitaba salınmayaydı. Bəzi şeirlərdə dil pintiliyi nəzərə çarpır. Arzu edək ki, gələcək şeir kitablarında bu qüsurlar olmasın.

TƏQVİM / ARXİV