adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

DOğRUDANMI, üRƏYiMiZ BiR DEYiL?!.

VƏSİLƏ USUBOVA
23033 | 2009-10-24 01:07
Çox işlənmiş bir ifadə var: adam dostunu da, düşmənini də pis gündə tanıyır. Niyə məhz pis gündə? Bəlkə ona görə ki, pis günündə, yəni qüssə, fəlakət "səni qəmlər dənizində boğmaq istəyəndə" gözün doğma sifət, qulağın xoş, təsəlliverici söz axtarır? Yaxud, həmin anda çarəsizlikdən saman çöpünə əl atıb ani bir xoşhallıqdan güc almaq istəyirsən? Hələ üçüncü variant da var: duyğuların ağırlığından məngənəyə dönən sinən ürəyini tutqac kimi sıxanda hisslərin daha da itiləşir, bəsirət gözün açılır bəlkə? Əvvəl-əvvəl elə bilirsən, hamı gərəklidi, qeydə qalandı. Elə ki, yaran soyumağa başlayır, anlayırsan ki, hər şey görüntüymüş; sən olanları deyil, görmək istədiklərini, gözünün-könlünün umduğunu görmüsən. Əslində, ətrafındakılara səni ovundurmaq, təsəlli vermək, sakitləşdirmək yox, tamaşa lazımmış. Sənsə sınıq, məsum qəlbinlə elə bilmisən ki, bunlar sənin bərkiməyini, ayaqda durmağını istəyirlər. Get-gedə anlayırsan ki, o təsəlliverici sözlərin, rəftarın arxasında səni incitmək, yaralarını qanatmaq, ruhdan salıb acizləşdirmək niyyəti dururmuş. Dərdinə şərik olmaq adıynan gələnlərin qəlbində yırtıcı, fürsətkeş istəklərini doydurmaq məramı varmış... Çox da deyirik ki, mənim düşmənim yoxdu, heç kəsi özümə düşmən saymıram, və s. və i.a. Düşmən həmişə var. Fərdin də, toplumun da düşməni və düşmənləri var..
   
   Düşmən həmişə oyaqdı və həmişə fürsətkeşdi...
   
   İndi millətimiz bu gündədi. Bu gün bütün dünyanın gözü önündə bir tamaşa oynanılır. Yalanlar üzərində qurulmuş bir tamaşa. Yalan da elə şeydi ki, heç vaxt konkret olmur. Zəncirvari artır, nağıllardakı əjdahalar kimi başını vuranda birinin əvəzinə neçəsi çıxır. Zamanından və məkanından asılı olaraq həm bir ömrün, həm də bir millətin və millətlərin yaşam faciəsi ola bilir. Sonda bu dünyanı qana çalxalayan yalanlar da görüb bu qoca tarix... Gəl, indi döz görüm, necə dözürsən, təklənən millət və təklənən türk dünyası... Elm və texnika artdıqca münasibətlər, münaqişələr və mübarizələr daha riyakar və daha iyrənc bir şəklə düşür...
   
   Görəsən, dünyanın yalansız bir günü olubmu?! İbtidai insan hələ danışa bilməyəndə bir-birini necə aldadırmış, görəsən?! Gözləriynən? İnanmıram! Gözlər yalan deyə bilmir, aldatmağı bacarmır. Adamları çox vaxt yalanlardan və aldanmalardan da gözlər qoruyur. Sahibinin sirrini açan da elə gözlərdi. Yalanların tarixi dilnən, sözlərnən, cümlələrnən başlandı. Sözlərdən elə yalanlar toxundu ki, qulaqlar da kəsdirə bilmədi nəyin düz, nəyin əyri olduğunu. Yalanlar elə şirin, elə dadlı, elə bəzək-düzəkli oldu ki, insan övladı- danışan da, qulaq asan da heyran qaldı ona. Artmasını, çoxalmasını, bütün dünyanı bürüməsini istədi. Elə heyran oldu ki, yalanlara daha həqiqətin dalınca getməyə həvəsi qalmadı. Niyə də gedəydi, axı? Həqiqət elə acı, kədərli, sərfəsiz, elə sərt, acımasızdı ki, nə deyənə, nə eşidənə gərəkliydi...
   
   
   
   ***
   
   
   
   İndi bu məsələlərdən yazan da, oxuyan da haqq ilə nahaqqın arasında qalıb. Bilmirsən, hansı danışana, hansı yazana inanasan. Düzəliş düzəliş dalınca, bəyanat bəyanat dalınca. Birini həzm eləməmiş o birisi yayılır. Yalanla doğru bir-birinə qarışıb. Artıq iki qardaş üz-üzə dayanıb! İblis də kənardan baxıb şadlığından atılıb-düşür, əlini-əlinə sürtüb ləzzətdən qəşş edir...Mənsə elə bilirdim, bu iyirmi ildə çox şeyi anlamışıq. Bundan sonra daha heç kəs aramıza girməyə cürət eləməz , iki həsrət qardaşı bir daha şübhələrə sala bilməz. O dərəcədə ayılmışdıq ki, Şah İsmayılı, İldırım Bəyazidi, Əmir Teymuru qınayırdıq, özümüzü onlardan ağıllı, uzaqgörən sayırdıq. Sən demə, düşmən qazanları örtülü qaynayırmış...
   
   Ola bilsin ki, çoxumuz çox şeyləri anlamırıq. Həmişə olduğu kimi, bu gün də bizim bilmədiyimiz çox şeylər var və siyasətçilər də çox şeyləri açıqlamağa borclu deyillər. Ancaq mənim bildiyim bir şey var ki, hər iki qardaş bir-birindən umub-küsməkdə haqlıdı və qardaş da elə bu deməkdi...
   
   Madam ki, bir millətik, onda özümüzün də, onların da səhvlərini və günahlarını eyni gözlə görüb, eyni səmimiyyətlə qələmə almağı (təbii ki, anladığım qədər) özümə vicdan borcu bilirəm. Gəlin etiraf edək ki, özümüzdə olmayanı Türkiyədən tələb edirik. Bu gün də erməniyə olan sevgimizə görə kimsədən geridə deyilik, hələ bəlkə bir-iki addım da irəlidəyik. Filmlərimizdə, bəzi qələm sahiblərimizin səfər təəssüratlarında erməniyə rəğbətlə dolu nümunələr var. Millətin sevgisi, nifrəti bütöv olmalıdı, yoxsa, hissə-hissə?! Yarımız vuruşda öldü, itdi, əsir düşdü, girov götürüldü, yarımız min bəhanəynən ölkədən getdi, yayındı, canını qurtardı. Bu gün də yarımız ağlayır, yol gözləyir, qapılar döyüb itkinini, girovunu soraqlayır, yarımız çalıb-oynayır, torpağı qamarlayıb dədə malı kimi istəydiyini eləyir, ağrı-acılarımız haqqında eşitmək belə istəmir. Çoxları dünəndən hər şeyi unutmağa hazırdı. Bir də ki, yaddaşında olmayanın nəyini unudacaqsan? Hərdən acığımı idarəmizdəki kişilərin üstünə tökürəm:
   
   - Hamınız birsiniz. Sabah bura bir rus, erməni qızını işləməyə göndərsələr, hamınız başına dolanarsınız...
   
   Heç onlar da məni hirsləndirməkçin söz tapmaqda çətinlik çəkmirlər:
   
   - Sözsüz... Axı, onlar gözəldilər...
   
   - Yəni, siz bilirsiz gözəllik nədi? Bilsəydiz, Qarabağ boyda gözəldən sonra biriniz də yaşamazdı...
   
   Fütbol azarkeşi olmasam da, xatırlayıram ki, neçə il bundan qabaq Türkiyənin hansı komandasısa ölkəmizə yarışa gəlmişdi. O zaman futbolçularımız onların yanında bir-biriynən rusca danışırmışlar. Bu da türk qardaşlarımıza çox toxunmuşdu. Yadımdadı ki, Hakan Şükür belə demişdi: Dilimiz bir olsa da, təəssüf ki, ürəyimiz ayrıdı..." Və o sözdəki acı həqiqət mənim də qəlbimi yaralamışdı... Hələ də anlaya bilmirəm ki, bizimkilər Türkiyə seriallarına niyə qadağa qoydular?! Doğrudanmı, bu gün kanallarımızı başına götürən səviyyəsiz xarici seriallara baxmaq daha xeyirlidi?!...
   
   Bir də bu bayraq krizisi... Yadıma 1918-ci ildə kəndimizin ermənilər tərəfindən yandırılması haqqında böyüklərdən eşitdiklərim düşür. Nənəm danışırdı ki, o zaman bizi türk əsgərləri xilas elədi. Bir nəfəri də şəhid oldu. Onu el adətincə dəfn elədik, üstündə ana-bacı kimi ağı deyib ağladıq...
   
   Boynuma alıram ki, bu sərhəd məsələsi ortaya atılandan bəri olan-qalan rahatlığımı də itirmişəm. Öz-özümə sual verməkdən yorulmuram: " Bu Türkiyə niyə belə eləyir? Hər şeyi nə tez unutdular? Başımıza gətirilənlərdən xəbərləri yoxdurmu?" İnsan düşüncələri, xüsusən də bu düşüncələr sənin doğmalarınla bağlıdırsa, heç bir siyasət tanımır, tanımaq istəmir. Onları da, özümüzü də bütün dünyada təklənmiş görürəm. Dünya indi mənə dişini qıcamış, türk qanına susamış yırtıcı kimi görünür. Bircə təsəllim var: Onsuz da bizi zamanın keşməkeşləri ayıra bilməyib. Ayırsa da, bu ayrılığın ömrü qısa olub. Ümidliyəm, bundan sonra o qısa ayrılıq da olmaz, inşallah...
   
    Qəzetlərdəki yazıları oxuyanda, şəkillərə baxanda hiddətdən boğulmaya bilmirsən. Nalbandyanın süni qüruru, Hillarinin qalibanə təbəssümü, Davudoğlunun min bir yerə yozulası gülüşü ən səbirli, ən ağıllı adamı da çilədən çıxarır...Qoy gülsünlər! Tarix bu gülüşlərdən çoxunu dodaqlarda dondurub. Dünyanı təkcə siyasətçilər idarə eləmir...
   
   Yaşayarıq... Görərik...

TƏQVİM / ARXİV