Hər adamın işi deyil ki, düşmənin bir addımlığında özünə yuva qursun, ocaq qalasın və duruş tapsın. Bunun üçün insandan çox böyük cəsarət və ürək tələb olunur. O ürək ki, nə düşmən gülləsindən qorxur, nə də onların hərbə-zorbasından. Az qala hər gün atəşkəs pozulur, ermənilər öz vəhşiliklərini göstərir və sanki insanları sınayırlar. Təbii ki, torpağına, elinə-obasına ürəkdən bağlı olan insanları heç vaxt nə atəşlə, nə də hərbə-zorbayla qorxutmaq olmur...
Bura Horadizdi. Düşmənin gözünü çıxaran və qəlbinə yara vuran yeni və möhtəşəm şəhər. Bu şəhərin gözəlliyi və abadlığı sanki ermənilərin başına daş salıb. Elə yandıqlarından da hər gün atəşkəsi pozurlar. Amma cavabını da ordumuz tərəfindən alırlar. Horadizdə isə həyat bulaq kimi qaynayır, məktəblərdə dərs keçirilir və son dərəcə möhtəşəm abadlıq işləri görülür.
Horadiz şəhər Firudin Mehdiyev adına 2 nömrəli tam orta məktəbin direktoru Ləman Əliyeva qayğılı halda dillənir ki, ermənilərin ağlı ötən əsrin 90-cı illərinin əvvəllərinə gedir. Day bilmirlər ki, Ulu Öndər Heydər Əliyevin və prezident İlham Əliyevin qayğısı nəticəsində bu gün Horadiz şəhəri respublikamızın ən gözəl məskəninə çevrilib və ordumuz tərəfindən qorunur. Artıq biz hər şeyə alışmışıq və güllə səslərini də tez-tez eşidirik. Ancaq bunlar bizi qorxutmur və dərslərimizi qətiyyən pozmur. İnanın, şagirdlərimizin hamısı məktəbdədirlər. Hərdənbir güllə səsi gələndə diksinirik, amma tez də sakitləşirik. Çünki bilirik ki, onları yerində oturdan mübariz və qeyrətli ordumuz var. Biz həmişə bu orduya, bu əsgərlərə güvənmirik.
2 nömrəli tam orta məktəbi ötən il 23 məzun itirib. Onların 8-i ali məktəbə, 1-i isə kollecə daxil olub. Bu gün isə məktəbdə 257 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 34 müəllim məşğuldur. Ləman Əliyeva bildirir ki, məktəbimiz Horadiz şəhəri işğaldan azad olunandan sonra əsaslı surətdə yenidən təmir olunub. Sinif otaqları, fənn kabinələri ən müasir texnika və texnologiya ilə təchiz edilib. Bu da müəllimlərin dərsləri daha yüksək səviyyədə tədris etməsinə əlverişli şərait yaradır. Bir faktı demək istəyirəm ki, ötən tədris ilinin yekunlarına görə məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Nübar Həbib qızı Hacıyeva "Ən yaxşı müəllim" adına layiq görülüb. Nübar xanımla yanaşı məktəbimizin adına şərəf gətirən pedaqoqlarımız da var. İradə Behbudova (kimya, biologiya), Hikmət Xudiyev (tarix), Mirvari Hüseynova (rus dili), Əli Mustafayev (tədris işləri üzrə direktor müavini) belələrinə nümunə sayıla bilər. Onlar sözün həqiqi mənasında savadlı şagirdlər və vətənpərvər insanlar yetişdirmək yolunda bütün əziyyətlərə qatlaşırlar. Məhz bunun nəticəsidir ki, bizim məzunlarımız müxtəlif ali məktəblərə qəbul olaraq üzümüzü ağardırlar.
Ötən il bu məktəbin şagirdi Aynurə İbrahimova kimya fənni üzrə keçirilən beynəlxalq müsabiqədə qalib adını qazanıb. Bu il də məktəbin şagirdləri öz istedadlarını müxtəlif sahələr üzrə nümayiş etdiriblər. Belə ki, Yusif Məmmədov, Nərgiz Məmmədova, Ziba Hüseynova, Aynurə İbrahimova, Məmməd Cəfərov dərs əlaçısı olmaqla yanaşı, müxtəlif müsabiqələrdə və yarışlarda iştirak edərək özlərini təsdiq edirlər.
Məktəbin müəllimi Şəlalə Kərimova isə yeni texnologiyaların "dilini" daha yaxşı bilir. Çünki Şəlalə xanım elə əvvəldən bu sahəyə böyük maraq göstərib və bildiklərini də digərlərinə öyrədib. Maraqlısı odur ki, məktəbdə müəllim-valideyn münasibətləri yüksək səviyyədə təşkil edilib. Çətin tərbiyə olunan, dərsdən yayınan şagirdlərlə daha müasir formada söhbətlər aparılır və mövcud nöqsanlar aradan qaldırılır.
Bir faktı da qeyd edək ki, məktəbin direktoru Ləman Əliyeva Azərbaycan Respublikasının prezidenti yanında Bilik Fondunun Füzuli rayon üzrə nümayəndəsidir. Söhbət zamanı Ləman xanım bu istiqamətdə də görülən işlərdən söhbət açdı. Dedi ki, fevralın 21-də Beynəlxalq ana dili günü münasibətilə Horadiz şəhərindəki M.Səfərov adına 1 nömrəli tam orta məktəb şagirdlərinin iştirakı ilə "Ana dilimizi sevək və qoruyaq" adlı ədəbi-bədii kompozisiya keçirilib. Tədbirdən əvvəl inşa və divar qəzetlərinin sərgilərinə baxış olub. Bundan sonra tədbirdə Leyla xanım çıxış edərək Azərbaycan dilinin gözəlliyindən və onun müqəddəsliyindən danışıb. Şagirdlər dilə, vətənə aid müxtəlif şeirlər və kompozisiyalar nümayiş etdirib, dil haqqında inşalar yazıb, qəzetlər çıxarıblar. Bütün bunlar isə şagirdlərdə vətən, xalq məhəbbətinin güclənməsinə bir təkan verib.
Tədbirin sonunda 1 nömrəli tam orta məktəbin direktoru Hafiz Tahirov və məktəbin dil-ədəbiyyat müəllimi Gülnar Hüseynova çıxış edərək bu cür tədbirləri alqışlayıb və gələcəkdə də keçirilməsini məqsədəuyğun sayıblar.
Bura Horadizdi. Tez-tez atəşkəsin pozulduğu şəhər, amma burda yazımızın əvvəlində qeyd etdiyimiz kimi, həyat öz axarı ilə davam edir, məktəblərdə dərslər yüksək səviyyədə tədris olunur və şagirdlər Vətənə məhəbbət ruhunda böyüyürlər...