Hörmətli Bəxtiyar müəllim!

AQİL ABBAS
84746 | 2015-02-25 01:14
"Azərbaycan" qəzetinin 22 fevral tarixli sayında "Ruhlar şəhərinin sakinləri" adlı yazınızı oxudum. Çox təsirləndim, Ağdamlı günlər yadıma düşdü. Gəzib dolaşdığım, uşaqlığımın, gəncliyimin ən gözəl anları keçən bütün yazılarımın, xüsusilə də "Dolu" romanında Dünyanın Ən Varlı Şəhəri kimi təqdim etdiyim Ağdamı yenidən siz mənim önümə canlı şəkildə çıxartdınız. Bəli, bu gün Ağdam, yəni Dünyanın Ən Varlı Şəhəri, həm də ruhlar şəhəridir. Sizin yazdığınız kimi, o ruhlar həm kədərlənir, həm ağrıyır, həm də sevinə bilirlər. Ona görə ki, Ağdam ruhların ümidinə qalıb. Ona görə ki, Ağdamda yaşayan ruhlar Dünyanın Ən Varlı Şəhərində nələr baş verdiyini anbaan izləyirlər...g Ona görə ki, Dünyanın Ən Varlı Şəhərində yaşayan ruhlar özlərindən beş addım aşağıda, yəni işğal olunmamış ərazilərdə qaynayan həyatı, tikilən, qurulan, abadlaşan kəndləri, qəsəbələri görürlər. Bax, ona görə də həmin o Dünyanın Ən Varlı Şəhərində yaşayan ruhlar ümidlidirlər. İnanırlar ki, biz mütləq onlara qovuşacağıq. Qarağacıya, Şuşaya gedəcəyik. Mən əminəm ki, Ali Baş Komandanın rəhbərliyi altında biz Dünyanın Ən Varlı Şəhərini bu gün ruhların sakini olduğu həmin o yerləri mütləq düşməndən təmizləyəcək, and içdiyimiz bayrağımızı ordakı ən yüksək zirvəyə sancacağıq. Bu mütləq olacaq!

TƏQVİM / ARXİV