"BURDA YER SüRüŞKƏN, GÖY üN YETMƏZDi..."

ƏBÜLFƏT MƏDƏTOĞLU
21385 | 2009-10-24 00:23
Yaxın günlərin söhbətidi. Səhər nəşriyyata gələndə iş elə gətirdi ki, 96 nömrəli marşrut avtobusuna əyləşəsi oldum. Yeni Avtovağzaldan şəhərə doğru hərəkət edən "96"-da normal bir tünlük var idi, yəni əyləşənlər qədər də ayaq üstə dayanmış sərnişinlər bir-birini sola-sağa itələməklə, ya da üzr istəyib yerlərini dəyişməklə yoldaşlıq edirdilər. Hərənin də öz problemi, öz qayğısı. Görünür, səhər tezdən evdən bir az kefinə soğan doğranmış vəziyyətdə çıxdığından marşrut avtobusunun sürücüsü sərnişinlərlə kobud olmasa da, şirinsayaq bir dildə danışmır, miyanəlik göstərirdi.
   
   Yol boyu sərnişinlər gah dayanacaqlarda, gah kim harda istədi bir-bir avtobusdan düşüb-minirdi. Yasamal bazarından "Azərbaycan" nəşriyyatına qədər olan ərazidə sürücü avtobusu azı 10-12 dəfə dayandırmalı oldu. Və hər dəfə də əyləcə ayağını toxunduranda istər-istəməz salonu tərk edən və yaxud minən sərnişinlərə qəribə bir nəzərlərlə diqqət yetirirdi. Bilmirəm nədəndisə mən də avtobusa minəndən sürücünü qaralamışdım, bütün diqqətim onun yanında idi. Yasamal qəbrisanlığının yanına gəlib çatanda...
   
   Hə, heç kimin gözləmədiyi və yerinə bütün dəqiqliyi ilə düşən qəribə bir sözün qulaq şahidi oldum. Sürücü nəşriyyatın tinindəki dayanacağına çatmamış uca səslə:
   
   - Qəbristanlıqda düşən olacaq? - deyə salona üz tutdu. Hamı bir anlıq onun üzünə baxdı. Mən özümdən asılı olmayaraq, onun sualını cavablandırdım:
   
   - Qəbristanlıqda heç kim könüllü düşmür. Ümumiyyətlə, çiyinlərdə gətirirlər. Bəzən də...
   
   Hə, bu söhbət salondakıların bəzilərinə təbəssüm bəxş etdi, bəzilərinə isə bayaqdan özünü qəribə aparan sürücü ilə danışmaq üçün ipucu oldu. Amma mən artıq nəşriyyata çatmışdım. Sürücünün dediyi kimi ifadə etsəm qəbrisanlıqda düşürdüm... düşdüm və "Azərbaycan" nəşriyyatının 6-cı mərtəbəsinə tələssəm də bütün fikrim həmin o səslənən cümlənin, deyilən sözlərin yanında idi. Doğrudan da görəsən, kimsə heç könüllü sürətdə qəbrisanlıqda düşmək istəyər? Belə bir adam varmı? Mən bilmirəm, heç rast də gəlməmişəm. Sizlərin də yəqin ki, bu barədə məlumatı o qədər də olmaz, amma hər haldı ən böyük dayanacaq və yaxud da bütün yolların gəlib bitdiyi yer elə qəbrisanlıqdır. Təəssüf ki, biz bunu bilə-bilə gorgahımız olan qəbrisanlıqların da qayğısına yetirncə qalmırıq. Elə bu günlərdə mətbuatda verilən informasiyaya görə Yasamal qəbristanlığının görünməyən arxa tərəfi əməlli-başlı unudularaq ürəkbulandıran bir vəziyyətə düşüb. Təəssüf...
   
   
   
   bu nə yuxudu, nə nağıl
   
   nə də ki, günah işidi
   
   birləşib ürəklə ağıl
   
   bu yalnız Allah işidi!
   
   
   
   söykənib çopur bir daşa
   
   kipriyi batırıb yaşa
   
   həyatı adlamaq qoşa
   
   ömür-gün, sabah işidi.
   
   
   
   fələk, gəlmə mənə hədə
   
   ömrü paydı Əbülfətə
   
   onunla həmfikir vədə,
   
   bir də ki, savab işidi.
   
   
   
   Ən böyük savab insanın sağlığında onun qayğısına qalmaq, dəyərini vermək, əlindən tutmaq, quruyan dodağına, göynəyən yarasına su səpib, məlhəm qoymaqdı. Deməli, bu elə şərtlərdi ki, canında iynə ucu boyda təpər olan hər kəs onu yerinə yetirə bilər. Bəzən deyirlər ki, müqəddəs yerləri ziyarət etmək və yaxud müqəddəs günlərdə ehsan paylamaq, kimlərinsə qapısını döymək daha böyük savabdı. Amma mən bununla razılaşmıram. Çünki bütün ilboyu oturub həmin o müqəddəs bayramı, günü gözləmək və məhz həmin gün də nümayişkaranə halda yetim-yesirə, əlsiz-ayaqsıza, imkansıza əl tutmaq, xəstəyə baş çəkmək, ehsan vermək, zənnimcə bu müsəlmanın, ümumiyyətlə isə insanın həmin günə olan borcudu, ehtiramıdı. Və bunu hansı səviyyədə yerinə yetirmək də onun öz işidir. Əsl savab məhz təmənna gözləmədən, qarşılıq ummadan, onu nümayiş etdirmədən insanlara əl uzatmaq, ehtiyacı olanın yanında olmaq, qolundan tutmaqdı.
   
   Bax bu mənada, həyatda qazandıqlarımın arxasında çox humanist, heç nəyi biruzə verməyən, hətta etdiklərini mənim özümə belə hansısa bir işarə ilə bildirməyən sözün böyük mənasında böyük insanlar dayanıbdı. O insanların bəziləri bu gün həyatda yoxdu, cismən bizləri tərk edib. Lakin onların mənə və mənim tanıdıqlarıma olan qayğıları, diqqətləri heç vaxt yadımdan çıxmır. İstənilən məqamda, istənilən yerdə, necə deyərlər söz-sözü çəkəndə mütləq o insanları xatırlayır, onlara Tanrıdan rəhmət diləyirəm.
   
   ... Oxucuların yadında olar, sovet dönəmində "Təşviqatcı" adlı ayda iki dəfə olmaqla bir jurnal nəşr edilirdi. O vaxtıki kommunist partiyasının jurnalı sayılan "Təşviqatcı" üç dildə çap olunurdu. Jurnalın redaktoru yazıçı-jurnalist, tarixçi-alim Əlisəfa Məmmədov idi. Hər dəfə mən onun barəsində düşünəndə indiki məqamla müqayisə edib, Əlisafa müəllimin nə boyda ürək sahibi olduğunu ğörür, təkrar-təkrar onun ruhu qarşısında baş əyirəm. İndi birisinə iynə ucu boyda yaxşılış edən imkan, vəzifə sahibi onun hansı yolla olur-olsun ictimaiyyətə ötürür. Və bundan da özü istədiyi kimi xal qazanır. Amma Əlisafa Məmmədov Dağlıq Qarabağın uzaq bir kəndindən gəlmiş, o vaxtki Azərbaycan Dövlət Universitetinin hazırlıq kursunda oxuyan və yalnız məktublar vasitəsi ilə imzasını tanıdığı bir uşağı heç bir təmənnasız, heç bir tapşırıqsız jurnala işə qəbul etdi.
   
   İnanın ki, çoxları o dövrdə Əlisafa müəllimin bu risqinə əvvəl-əvvələ inanmadılar, amma mənim cibimdə jurnalın vəsiqəsini görəndən sonra "Belə kişilər də var!!!" dedilər. Həmin Əlisafa müəllim sonra məni kitablarını maraqla oxuduğum Əlfi Qasımovla tanış etdi. Onun sayəsində (o vaxtlar Əlfi müəllim nəşriyyat işlərinə rəhbərlik edirdi). "Gənclik", "Yazıçı" nəşriyyatlarının redaktorları ilə tanış oldum. Yaradıcılığıma onlardan dəstək aldım. Bir dəfə Əlfi müəllim mənə sözarası dedi ki, "bu Əlisafanın çox böyük ürəyi var.

TƏQVİM / ARXİV