adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
25 Fevral 2015 12:27
3602
GÜNDƏM
A- A+

Gənclər flashmob hazırladı - “Xocalıya ədalət” - Video

Saatlı rayonunda Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilmiş "Xocalı soyqırımı - bəşəriyyətin faciəsi” adlı konfrans keçirilib.

"Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, Saatlı rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, H. Əliyev Mərkəzi və "Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə açıq səma altında Sabirabad rayon M. Ə. Sabir adına 1 saylı orta məktəbin şagirdləri və müəllimlərinin hazırladıqları "Xocalıya ədalət” adlı flashmob nümayiş etdirilib, Saatlı rayon məktəblərinin təşkil etdiyi rəsm sərgisi keçirilib.

Konfrans Xocalıda ermənilər tərəfindən amansızlıqla qətlə yetirilən soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov Xocalı soyqırımı ilə, ermənilərin törətdikləri vəhşiliklərlə bağlı konfrans iştirakçılarına məlumat verib. Əlavə edib ki, rayon gəncləri də bu faciənin tanıdılması istiqamətində fəaliyyət göstərirlər.

Sonra Ələddin Şükürov adına orta məktəbin şagirdləri tərəfindən hazırlanmış "Tarixi faciəni unutmayaq” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.

"Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyinin üzvü Vüsal Əhmədov çıxış edərək XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı faciəsinin dünyada soyqırım kimi tanınması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Xocalıya Ədalət” kampaniyasından danışıb, ümidvar olduğunu bildirib ki, beynəlxalq aləm bu qanlı faciəni törədənləri ədalət məhkəməsinə cəlb edəcək. Bundan başqa, V. Əhmədov təmsil etdiyi təşkilatın könüllülərinin Xocalı soyqırımının ildönümü ilə əlaqədar təşkil etdiyi tədbirlərdən danışıb.

Saatlı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai - siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Reyhan Ocaqova çıxış edərək Xocalı faciəsinin xalqımızın qan yaddaşı olduğunu, tarixi faciələrimizin heç vaxt unudulmayacağını konfrans iştirakçılarının nəzərinə çatdırıb.

Sonda Məşədi Əzizbəyov adına 2 saylı məktəbin İngilis dili müəllimi Aygün Süleymanova "Xocalıya Ədalət” kampaniyasına dəstək məqsədilə Beynəlxalq təşkilatlara, ölkəmizdə fəaliyyət göstərən səfirlik və xarici ölkə nümayəndələrinə ingilis dilində müraciət ünvanlayıb.