QARANLIğI YARAN iŞIQ....

ƏBÜLFƏT MƏDƏTOĞLU
22691 | 2009-10-17 01:09
Gecə saat 2:45 dəqiqədə qəflətən guya mürgülədiyim yataqdan qalxıram . Əslində heç mürgüləməmişdim də. Bakıdan hövlank görüşünə gəldiyim anamla xeyli söhbət etdim. Əslində heç xeyli də olmadı. Axşam saat 19:30-da çatmışdım onun yanına. Bir az ətrafdakılarla, bir az digər qohum-qonşu ilə, bir az tay-tuşlarla ayaqüstü söhbət edib vaxtın çox hissəsini öldürmüşdüm. Və gecə əl-ayaq çöldən-bayırdan yığışandan sonra dizinin dibində oturub qayğılarımızdan, ağrılarımızdan danışdıq. Bilmədim mən ona təsəlli verirəm, yoxsa o mənə. Amma daha çox onun sözlərində ümid işığı vardı, təsəlli vardı... bir az da ana danlağı var idi... sözlərində. Ərk ilə "ay oğul, özünə fikir ver. Mən günümü görmüşəm, dövranım ötüb gedib, hər dəfə sənin ağrımağından xəbər tutanda əlim ürəyimin üstündə qalır. Az bu həkimlərin dediklərini qulaq ardına vur. Ətək-ətək pul töküb dava-dərman alırsan, bir-iki gün içib sonra atırsan qırağa. Heç maa yazığın gəlmir?".
   
   Bəli, ana ki, ana. Mən ona dayaq durmaqdan, dava-dərmanından, həkimindən danışmaqdan o mənim halıma acıyır, günümü ağlayır və mən də 40-45 il bundan əvvəlki kimi başımı salıb aşağı dinləyirəm onu. Bax, elə bu cür söhbət eləyə-eləyə də uzandığı döşəyin bir tərəfində özümə yer elədim. Düşündüm ki, qucağına girib yatım. Amma evdəki balacalardan nədənsə utandım. Ona görə də eləcə böyrünə uzandım. Etdiyim söhbəti yaddaşımda təkrarlamaq üçün gözlərimi yumdum. Guya ki, yatmışam. Amma belə məqamda heç adama yuxu gələr?
   
   Əvvəldə dediyim kimi gecə saat 2:45 dəqiqədə hövlank yerimdən qalxıram. Divardakı mıxdan asılmış pencəyimi götürüb yavaşca qapıdan çıxıram. Amma nə qədər asta tərpənsəm də arxadan anamın səsini eşidirəm.:
   
   - Gedirsən ay oğul? Barı qoy dan yeri sökülsün də. Bu vaxtı yola çıxarlar?
   
   Özümə yaraşmayan bir tərzdə onu ovutmaq üçün yalan satıram:
   
   - Səhərə nə qalıb ki, mən rayondan ( əslində qaçqın qəsəbəsi demək istəyirdim) çıxana kimi dan yeri ağaracaq. Özü də nigaran qalma. Yoldan özümə bir həmsöhbət taparam. Salamat qal!
   
   Üz tuturam Bakıya doğru. Yol demək olar ki, bomboşdu. Lap uzaqdan bir işıq görünür. Qaranlığı yara-yara mənə tərəf gəlir. Mən də o işığa doğru gedirəm. Yəqin ki, o maşındakılar da onlara doğru gələn işığı görürlər. Bir anlıq içimdə ümid qığılcımı baş qaldırır. Axı işığa doğru gedirəm. Hardansa yadıma məşhur nağılımız düşür. "İt hürənə gedək, yoxsa işıq gələnə".
   
   ***
   
   sən bir anlıq
   
   unut hər şeyi
   
   unut,
   
   hətta məni də...
   
   unut arxamca baxıb
   
   "axı sevirəm!" -
   
   deməyi də...
   
   və sonra xatırla
   
   unutduğun
   
   həmin o anda
   
   mən kim idim,
   
   necə qaldım yadında?..
   
   
   
   Hə, unutmaq heç də asan deyil. Bəlkə də başqaları üçün asandı. Ancaq mənim üçün doğrudan da çox çətindi unutmaq. Elə bil südlə, sümüklə gəlib bu xüsusiyyət mənə. Şahidi olduğum, payıma düşən iynə ucu boyda yaxşılığı da, sevinci də, uğuru da, hətta şirin bir hal-xoş etməyi də heç vaxt unutmuram. O xeyirxahlığa, o yaxşılığa, o sevincə, o uğura görə özümü həmişə borclu sayıram. Cəhd edirəm ki, necə olursa olsun mən də həmin o adama bağlanan yaxşılığın əvəzini yox, sadəcə ondan artığını, ondan yaxşısını qaytara bilim. Yəni qarşılıqlı əvəzləşmə yox, sadəcə verilənin, göstərilənin daha böyük həcmdə, özü də ürəkdən, həm də vicdanlı bir şəkildə ödənilməsinə, qaytarılmasına çalışıram. Bilmirəm, fikrimi ifadə edə bildim ya yox, amma mən özümü həmişə yaxşı insanlara, bütövlükdə bəxtimə borclu bilirəm. Ona görə də Tanrıdan hər şeyin bir azını istəyirəm, çoxunu yox. İynə ucu boyda azını.
   
   
   
   bir az gözüm yoldadı
   
   bir az qulağım səsdə
   
   bir az fikrim qarışıq
   
   bir az könlüm qəfəsdə
   
   bir az ruhum narahat
   
   bir az yuxum didərgin
   
   bir az özüm deyiləm
   
   bir az əsəbim gərgin
   
   bir az təbəssüm qaçar
   
   bir az sevinc azalıb
   
   dərd - etibarlı qoçaq
   
   sol böyrümdə uzanıb
   
   bir az zaman sərt üzlü
   
   bir az ömür olaylı
   
   bir az sən tez gələydin-
   
   bir az ömrüm olaydı...
   
   bir azların bir azı
   
   bir az mənə vaxt verə...
   
   gerçəkləşə bir arzum
   
   bir az mənə bəxt verə!..
   
   
   
   ***
   
   
   
   İndi otağa bir qaranlıq hücum çəkməkdədi. Çünki günün qüruba enən vaxtıdır. Ona görə də bir vaxtlar proletariatın dahi rəhbərinin adını daşıyan, yəni İliç lampası adlanan işığı yandırıram. Əlimi düymədən çəkən kimi otaqdakı qaranlıq bir anda əriyib sabun köpüyü kimi itib gedir. Bir uşaqlıq həvəsi baş qaldırır məndə, başlayıram işıq düyməsi ilə oynamağa. O qədər işığı yandırıb söndürürəm ki, lampalardan biri daha istifadəyə yararsız olur. Yəni içərisindəki naqili qırılır. O biri otaqdan bir az ironiyalı bir səs eşidirəm:
   
   - Hə, oynayıb yoruldun? Sabah işdən qayıdanda lampa alıb gətirərsən...
   
   Bu sözlərin kim tərəfindən deyildiyini yəqin ki, təxmin etdiniz. Mənim xatırlatmağıma ehtiyac görmürəm. Amma əslində maraqlı oyun idi. Barmağınla otağı gah işığa, gah qaranlığa bələyirsən. Doğrudan da insan zəkası çox şeyə qadirdi. Təbii ki, əgər o yararlı bir səmtə yönəldilibsə. Elə mən də bu düşüncələrlə indi artıq istifadəyə yararsız hala saldığım lampanı öz gilizindən (patron) açıram və öz-özümə də gülümsəyirəm... 50 qəpik də belə getdi. Yaxşı ki, bahalı lampalardan deyil. Amma yenə deyirəm, çox maraqlı oyun idi. İnsanların da ümidi yəqin beləcə yanıb sönür... Ömürləri də gül kimi açlıb solur... Eh, bənzətmələrə bax, kimə lazımdı. Onsuz da hər kəs nəyi necə istəyir, dərk eləyib, özü üçün müəyyənləşdirib. İndi məsləhət dinləmək zamanı deyil. Çünki məsləhət verənə bir az ayrı cür baxırlar. Hətta arxasınca "buna bax ey, özünü məndən ağıllı sayır deyirlər..."
   
   
   
   sonuncu
   
   kibrit çöpü ilə
   
   yaş oduna od vurub
   
   sonra
   
   özündən razı
   
   bir görkəm alıb
   
   ocaq başında durub
   
   öyünmək istəyi ilə
   
   kibriti çəkdi...
   
   və düşündü ki,
   
   yaxşı ki, təkdi!-
   
   yanında kimsə yox,
   
   əks halda
   
   özgəsinin ümidini
   
   qırmaq
   
   ona ağır
   
   başa gələrdi...
   
   
   
   ***
   
   İndi dan yeri sökülməkdədi... Şəhərə gəlib çatmaqdayam... Və indi şəhərin işıqları əməlli-başlı görünür. Hətta tək-tək saymaq da olur. Təbii ki, o işıqların hamısını sayıb qurtarmaq mümkün deyil. Sadəcə bu işıqlar getdikcə elə bil bir-birinə qovuşur, işıq seli əmələ gətirir və şəhərdən qaranlığa doğru işıq axır. Mən də o işığa tərəf gəlirəm... Gəlirəm keçirəm o işığın əvvəl altından, sonra içindən və sonra da bürünürəm o işığa. Hiss edirəm ki, içimdəki ümid işığı da qarışır şəhərin selə çevrilən işıqlarına. Dönüb arxaya baxıram. Hələ ki, qaranlıq tam ortadan qalxmayıb. Deməli, mənim işıq payım da, məndən qaynaqlanan işıq da həmin o qaranlığa doğru axıb getməkdədi. Və o işığa doğru da kimsə yol gəlir...

TƏQVİM / ARXİV