Qiymət artımını şərtləndirən səbəblər
Manatın ucuzlaşması ölkədə bahalaşmaya səbəb olub. Xüsusilə ərzaq, tikinti və kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri, əvvəlki aylarla müqayisədə bir neçə dəfə bahalaşıb. İqtisadiyyat və Sənaye Nazirliyindən mətbuata verilən açıqlamda, qiymətlərin artması barədə hansısa rəsmi göstərişin verilmədiyi bildirilib. Lakin Bakı və regionlardakı müxtəlif satış mərkəzlərində apardığımız araşdırmalar əsasən, çörək, spirtli içkilər, "Coca Cola” məhsulları, siqaret, kənd təsərrüfatı məhsulları, tikinti materiallarının istehlakçı qiymətləri qaldırılıb. Artım xüsusilə siqaretlərdə daha çox hiss olunub. "Kent”, "Winston”, "Camel”, "West”, "LD” markalı siqaretlərin qiymətləri 60 qəpik artıb. Məsələnin maraqlı tərəfi isə, market və mağazaların firmalardan siqaretləri məhdud sayda qəbul etmələridir. Sahibkarlar bunu bahalaşmadan sonra alıcılıq qabiliyyətinin aşağı düşməsiylə əlaqələndirirlər. Satıcılar isə bahalaşmanı satış müəssisələri üçün ərzaq məshulları tədarük edən firmaların qiymət artımına getməsiylə əlaqəndiriblər.
Bahalaşan məhsullar
Bir çox satış mərkəzlərində isə 30 qəpik üçün nəzərdə tutulmuş çörək 40, 40 qəpiyə olan çörək isə 50 qəpiyə istehlakçılara təklif olunur. Eyni zamanda yumru düyünün, brınza pendirinin, alma, armud, nar, kələm, göyərti, göy lobya, şirin bibər, soğan, şəkər və şokoladın qiymətləri qalxıb. Un, manna yarması, peçenye, toyuq və toyuq məhsullarının, balıq məhsulları, quru süd, yağ, mərci və şəkər tozunun qiymətlərində də bahalaşma müşahidə edilir. Məsələnin maraqlı tərəfi, qiymətlərin satış mərkəzlərində fərqli olmasıdır. Ekspertlər bunu, manatın məzənnəsinin düşməsindən sonra yaranmış vəziyyətdən sui-istifadə halları kimi qiymətləndirirlər. Paralel olaraq, manatın ucuzlaşması tikinti materialları bazarına da təsirsiz ötüşməyib. Materiallar 35% bahalaşmaya məruz qalıb. Ekspertlər bildirirlər ki, vəziyyətdən yararlanmağa çalışan, satıcılar hər bir material üzrə 35% artım əlavə edərək dinamikanı saxlamağa çalışırlar.
Bahalaşma Parlamentin də diqqətindən yayınmayıb. Milli Məclisin fevralın 24-də keçirilən iclasında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycanın bəzi ticarət mərkəzlərində və mağazalarda, xüsusilə gündəlik tələbat malları və ərzaq məhsullarının qiymətləri təqribən 30 faiz qalxdığını diqqətə çatdırıb. Q.Həsənquliyev hökuməti bununla bağlı ciddi tədbirlər görməyə çağırıb.
"Qiymət artımı bütün dünyada müşahidə olunur”
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov "adalet.az”a açıqlamasında bahalaşmaya aydınlıq gətirib. İndiki halda təcili qiymət artımının baş verməməli olduğunu deyən V.Məhərrəmov hesab edir ki, təkcə Azərbaycanda yox, bütün dünyada dolların bahalaşması milli valyutaların məzənnəsini aşağı saldı. Ekspert bunun da bahalaşmaya səbəb olduğunu deyib: "Azərbaycanda baş verən bahalaşma dünyanın digər və post-sovet ölkələrində də təkrar olunur. ABŞ bir neçə il əvvəl iqtisadiyyatını dirçəltmək üçün dövriyyəyə əlavə olaraq, 600 milyard dollar valyuta buraxıb. Bu, neft və bir sıra məhsulların qiymətlərinə təsir etdi. ABŞ indi həmin valyutanı dövriyyədən çıxarır. Dollar dövriyyədə azaldıqca, bu valyutanın qiyməti qalxır. Nəticədə neft ucuzlaşır. Bu o deməkdir ki, dünya maliyyə bazarı dollar tərəfindən tənzimlənir. Baş verənlər MDB ölkələri və Azərbaycana da təsirsiz ötüşmədi. Dollar qalxdıqca, Azərbaycan Mərkəzi Bankı da manatın məzənnəsini qorumağa çalışdı. Keçən il manatın məzənnəsini qorumaq üçün 1.2 milyard dollar pul xərclənib. İndi birdən-birə manatın məzənnəsinin düşməsi bazarda ajiotaj yaratdı”.
"Həmin məhsulların qiymətləri dollarla hesablanır”
Manatın məzənnəsinin düşməsindən sonra ticarət müəssisələrinə müştəri axınının gücləndiyini deyən Vahid Məhərrəmov qeyd edib ki, sahibkarlar da malların iri həcmdə satışının qarşısının alınması üçün müştərilərə müraciət etdilər. V.Məhərrəmovun sözlərinə görə, sahibkarlar satış müəssisələrini bağlayaraq məhsullarını anbarlarda saxlamağa üstülük verdilər. Ekspert sahibkarların qısa müddətə mallarının satılmasından qorxuqlarını deyib: "Nəticədə yeni malları daha baha qiymətə almaq məcburiyyətində olacaqdılar. Ona görə ki, topdan satış mərkəzlərində qiymətlər dollarla hesabalanaraq müəyyən olunur. Belə mərkəzlər həmişə satışa çıxardığı malları işlək valyutanın məzənnəsinə uyğun hesablayırlar. Nəticədə satış müəssisələri qiymətləri dollar-manat münasibətlərinə uyğun tənzimləməyə çalışırlar. Manatın ucuzlaşması faizinə uyğun olaraq, məhsullarin qiymətləri 35% artırıldı. Bir neçə gün əvvəl mağazalar müştəriləri yeni qiymətlərə öyrətmək üçün bağlanıldı. İnsanlar da əllərində olan manata uyğun olaraq, daha çox məhsul almağa çalışırlar. Əllərindəki məhsulları satdıqdan sonra, yeni məhsula yeni qiymət müəyyən etdikdə, müştərilərini itirə bilərdilər. Bu da psixoloji təzyiqlər yarada bilərdi. İndi qiymətlər müəyyənləşib. Hökumət qiymətləri əvvəlki həddinə qaytarmaq üçün çalışmalara başlayıb. Amma bu çətin prosesdir. Çünki bir sıra məhsullar Azərbaycana idxal olunur. Həmin məhsulların qiymətləri də dollarla hesablanır. Bunu da Azərbaycana manatına çevirəndə baha başa gəlir”.
Əfqan Abbasxanov