adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

KÖNüLLü TƏSLiM OLAN QATiL

17637 | 2009-10-17 00:22
(əvvəli ötən şənbə sayında)
   
   
   
   İyulun 6-da səfirlikdə baş verən hadisədən sonra Blyumkinlə Andreyevin adları dillər-ellər dolaşdı. Kimi onlara qatil, kimi qəhrəman dedi. Adla tanınsalar da, harada olduqları məchul qaldı. Bir o bəlli idi ki, hadisəni törədən hər iki gənc ÇK-nın əməkdaş-ı, həm də eyni partiyanın üzvü olub. Səfirin qatilləri, xüsusən Blyumkin barədə çox yazılsa da, dəqiq faktlar az, qaranlıq məqamlarsa çoxdur. Yakovun doğum tarixi ilə bağlı iki ayrı tarix göstərilir, məkan olaraq iki fərqli yer-yurd adı çəkilir. Yazı üzərində işlərkən tanış olduğum materiallar arasından həqiqətə daha yaxın sandığım məlumatlardan faydalanmağa çalışdım.
   
   Yakov Qriqoryeviç Blyumkin 1898-ci ildə Odessada yəhudi ailəsində anadan olub. Nə də olmasa övlad sarıdan ailə korluq çəkməyib. Bir anadan atadan olsalar da böyüdükcə uşaqların həyata baxışları fərqlənib. Məsələn qar-daşı Lev anarxistlərin, bacısı Roza sosial-demokratların yolunu seç-ib. İsay və Lev mətbuat işçisi olub. Qardaşı Natan dramaturq kimi, Bazilevski ədəbi təxəllüsü ilə tanınıb. Ruhani mək-təbində oxuyan Yakovun təhsil haqqını yəhudi dini ic-ması ödəyirdi. Əyalət mühitində milli zəmində və müxtəlif sosial problemlərin məngənəsində sıxılan imkansız ailədə böyüyən bu oğlanın güvən yeri olmadığından gələcəklə bağlı bütün ümidlərini taleyinə bağlamışdı. 1913-cü ildən çörək pulu qazanmaq üçün harda gəldi, nə iş oldu işlədi. Yeni əsr başlayandan dünya çalxalanırdı. Cəmiyyət sanki əsaslı dəyişikliklərə hamilə idi. Hamı əsaslı dəyişikliklər baş verəcəyini gözləyirdi. Xüsusən, sosial ədalətdən məhrum olan təbəqə bu proseslərdə yaxından iştirak etməyə can atırdı. Romantik təbiətli Yakovun yeniyetmə vaxtından bədii yaradıcılığa maraq göstər-məsi, təkcə istedadı ilə deyil, həm də adının cəmiyyətdə sayılan- seçilən insanlar cərgəsində çəkilməsi istəyi ilə əlaqəli idi. İlk şerləri "Qudok", "Odesskiy listok" qəzetlərində dərc olundu. 1917-ci ildə Rusiyada Fevral inqilabı baş verəndə o, hələ Odessada yaşayırdı. Oktyabrda Qış sarayının alınması xəbəri bu yerlərə yetişəndə, Ukraynanın sovetləşməsi uğrunda döyüşən könüllülər dəstəsinə yazıldı.
   
   1918-ci ilin may ayında Blyumkin Moksvaya gəlir. Kimlərinsə himayəsi ilə eser partiyasının mərkəzi aparatı ilə əlaqəsini möhkəmlədir. Tezliklə ÇK- nın mərkəzi aparatına işə düzələn şer həvəskarına səfirliklərlə işləmək tapşırılır. Bu işlərdə heç bir təcrübəsi, xüsusi təhsili və səriştəsi olmayan iyirmi yaşlı gənc birdən-birə çox mühüm şöbəyə müdir təyin olunur. Bundan sonra onun mənəm-mənəmlik mərəzinə yoluxması da gözlənilən idi. Rəhbərliyin tapşırığı ilə Alman səfirliyi ilə iş onun xüsusi diqqət ayırdığı sahəyə çevrilir. Diplomatların şəxsiyyəti, yaxın-uzaq, gizli-aşkar əlaqələri barədə məlumatların - toplanmasını gücləndirir. Fişman adlı bir nəfərin səfirliyə elektrik vəzifəsinə işə düzəlməsinə necə nail olduğu da məlum deyil. Bu adamın köməyi ilə binanın planı, işçilərin çalışma yerləri, diplomatik missiyanın daxili nizam-intizam qaydaları, iş rejimi, təhlükəsizlik sistemi barədə tam bilgi əldə edir. Komissar Martin Latsis xatirələrində yazır ki, Blyumkin öz fərasətli agenti ilə öyü-nərdi. Ondan aldığı informasiya sayəsində almanlarla şübhəli əməkdaşlıq edən rus vətəndaşlarını müəyyən etməkdə çətinlik çəkmə-zdi. Terror əməliyyatından Fişmanın xəbəri olmasa da güman edirəm ki, hazırlıq prosesində onun da əməyi vardı. Ola bilsin bu işdə başqa yardımçılar da iştirak edib. Ələ keçmədiklərindən, gözə dəymədiklərindən adları üzə çıxmayıb. Məsələn, həmin gün Blyumkinlə Andreyevi Alman səfirliyinə gətirən avtomobilin sürücüsünün adı heç yerdə çəkilmir. Deyilənə görə, bu adam matros olub. Tutaq ki, terror əməliyyatı matros qardaşa agah deyildi. Bəs, səfirlikdəki atışma səsini, bomba partlayışını bu qədər vaxt maşında otura-otura necə eşitməyə bilərdi? İstintaq niyə onu dindirilməyib ? Necə oldu ki, səfirliyin qapısı ağzında keşik çəkən əsgərlər bomba partlayışı, güllə səslərindən sonra hündür hasardan atılıb ərazidən uzaqlaşmağa çalışan şübhəli şəxslərin ardınca yüyürmədi? Blyumkin yaralı idi, avtomobilə sarı güclə hərəkət edən canini kimsə təqib etsə, asanlıqla tutardı.
   
   Zaman ötdükcə, terror aktının hazırlayıb həyata keçirənlər barədə də yeni məlumatlar, mülahizələr meydana çıxır. Tədqiqatçı alım Aleksandr Zdanoviç öz namizədlik dissertasiyasını bu problemə həsr edib. Onun fikrincə iyulun 6-da törədilən qətl hadisəsində fransızların da əli varmış. Həmin vaxt fransızlarla sol eserlərin maraqlar üst-üstə düşürdü.
   
   Rusiya xüsusi xidmət orqanlarının tarixini öyrənən cəmiyyətin prezidenti, elmlər namizədi Aleksandr Zdanoviç fikrini belə izah edir ki, dünyanın heç bir dövlət qurumu, hökuməti, yaxud kəşfiyyat xidməti bu və ya digər dövlətin görkəmli dövlət xadimlərinə qarşı terror əməliyyatda iştirakını indiyədək boynuna almayıb və heç vaxt da almaz. Lakin məqsəd geosiyasi, geostra-teji olduğuna görə, Fransızlar üçün əsas məsələ məmləkəti almanların hücumundan qorumaq idi. O şəraitdə buna yalnız rus-alman cəbhəsində hərbi əməliyyatların yenidən başlamasına nail olmaq mümkün idi.
   
   Zdanoviç əmindir ki, həmin əməliyyatda Blyumkinin iki fransız köməkçisi də olub. Onların foto şəkilləri xüsusi xidmət orqanları-nın arxivlərində saxlanmasa da, adları məlumdur - Anri Vertimon və Pyer Loran. Əməliyyat planının işçi məqamlarını bütün xırdalıqlarına kimi düşünüb-daşınıb hazırlayan adam Pyer Loran olub. Tədqiqatçı alım əminliklə söyləyir ki, onun tanış olduğu protokolların hamı-sın-da "pakkard" avtomobilinə 4 nəfərin əyləşdiyi göstərilir. Sürüçü, Blyumkin və Anreyevdən başqa daha bir nəfər... Zdanoviç güman edir ki, bu ya kapitan Loran, ya da kapitan Vertimon olub. Kənar müşahidəçi kimə lazım? Yəqin onun da konkret vəzifəsi varmış. Görən nə imiş?
   
   
   
   * * *
   
   
   
   Səfiri qanına qəltan eləyən Yakov məmləkətin yenidən qan gölünə çevriləcəyi ehtimalını da yəqin ki, göz önünə gətirirdi. Buna rəğmən heç bir təmənnasız, maddi maraqsız terror aktını həyata keçirməyə razılıq vermişdi. Yəni pul, sərvət, mükafat naminə yox, əqidə, amal yolunda təhlükəli addımı atmışdı. Mirbahın qətlindən sonra yenidən hərbi əməliyyatlar başlamasın deyə, Rus hökuməti əlavə iqtisadi və siyasi güzəştlərə getmək məcburiyyətində qaldı. Avqust ayında təzminat verilməsi barədə ikitərəfli müqavilə imzalandı. Müqavilənin şərtlərinə görə ruslar kontribusiya olaraq küllü miqdarda pul ödəməli olacaqdı. Bu isə xəzinənin ciddi şəkildə azalmasına gətirib çıxaracaqdı. Nə isə, olanlar oldu...
   
   Bəs qatillər necə oldu ?
   
   
   
   Petrovun xüsusi təyinatlı hərbi hissənə gələn yaralı Blyumkinə səyyar tibb məntəqəsində ilkin yardım göstərildi. Ara qarışanda digər yaralılarla birgə onu da şəhər xəstəxanasına köçürdülər. Ələ keçməsin deyə, özünü sıravi əsgər Belov adıyla qeydiyyata sal-dırdı. Vəziyyəti bir balaca yaxşılaşan kimi yenə pəncərədən atılaraq xəstəxanadan qaçdı. Bir neçə gün Andreyevlə etibarlı tanışlarının mənzilində gecələdilər. Səhhəti düzələndə paytaxtı gizlincə tərk edib Ukraynaya qaçdılar. Burada əqidə qardaşlarının yolları həmişəlik ayrıldı. Nikolay ataman Maxnonun dəstəsinə qoşuldu. Nester Maxno gah qırmızıları qırır, gah da onlarla bir səngərdə ağqvardiyaçılara qarşı vuruşurdu. Döyüşlərdə göydən yağış tək yağan yağı gülləsi hər dəfə Nikolaydan yan keçsə də, o zaman geniş yayılan və çarəsi tapılmayan tif xəstəliyi bəxtsiz cavanın canına yol tapdı. Bununla da Nikolayın ömrü yarımçıq tamamlandı. Blyumkin Rıbinsk şəhərinə gedib Vışinski soy adıyla işə düzəldi. Hər dəfə bir balaca təhlükə duyan kimi ünvanını dəyişirdi. Boş vaxtlarında öz "qəhrəmanlığı" barədə kitab yazmağa həvəslənirdi. Əslində bu pis fikir deyildi. Ələ keçməmək üçün nə qədər ehtiyatlı davransa da, günlərin birində petlyuraçılara əsir düşdü. Ona amansız işgəncələr verdilər. Qabaq dişlərinin hamısını bir-bir sındırdılar ki, hər birinin acısını ayrıca çəksin. Ölümcül vəziyyətə salıb leşini dəmir yolunun kənarına atdılar ki, quda-quşa yem olsun. Bu vəziyyətdən necə sağ çıx-dığını o, özü də möcüzə sanırdı. Rəhmsiz insana kimlərinsə rəhmi gəlib, Allah rizasına onu ayağa qaldırdı. Amma, təhlükə Yakova ömür-gün yoldaşı olmuşdu. Keçmiş siyasi həmfikirləri tərəfindən iki dəfə sui-qəsdə mə-ruz qaldı. Birincisində heç burnunun ucu da qanamadı. Vaxtında duyuq düşüb necə ustalıqla qaçdısa, arxasınca atılan 8 güllədən heç biri ona yetişmədi. Üstündən iki həftə keçmiş Kiyevin mərkəzindəki kafelərdən birində iki silahlı onu hədəfə aldı. O, bu dəfə də Əzrayıla can vermədi. Ağır yaralını xəstəxanada güclə ayılda bildilər. Sağ qaldığını öyrənincə barəsində ölüm hokmü çıxaranlar Yaklovu bir də ziyarət etməyə qərar verdilər. İçəri keçməyib, onun yatdığı palataya pəncərədən bomba "sovqatı" yolladılar. Yenə ölümün pəncəsindən qurtuldu. Belə getsə, bir gün Fələyin ondan üz döndərəcəyindən ehtiyatlanan Blyumkin gecənin bağrı yarılanda kimsəyə xəbər vermədən yerli-dibli qeyb oldu.
   
   1919-cu ildə bolşeviklər Kiyevi ələ keçirəndə Mərkəzdən Martin Latsisi ÇK-ya rəis göndərdilər. Bəlkə elə bu səbəbdən, yəni Martinlə köhnə tanışlıqdan ürəklənərək, ümidlənərək aylarla davam edən "gizlənpaç" oyununa son qoyan Yakov birbaş ÇK-ya gəldi. Latsislə görüşüb söhbət edəndən sonra könüllü surətdə hökumətə təslim oldu. Byumkini Moskvaya gətirib keçmişini yenidən bircə-bircə araşdırdılar, yaxşıca sorğu-suala tutdular. Sol eserlərin qiyamı barədə verilən suala cavabı diqqətimi çəkdi:
   
   Blyumkin - Bir onu bilirəm ki, nə mən, nə Andreyev qiyamın başlanmasına işarə, təkan olsun deyə, Alman səfirini qətlə yetirmək təklifinə razılıq verməzdik. Mən bilirəm ki, Mərkəzi Komitə bu tapşırığı verməklə bizi aldadaraq, işin arxasında qiyam hazırlamayıb. Partiyanı həmişə bir məsələ düşündürüb: nəyin bahasına olursa-olsun kommunistlərlə birləşmək. Ağlı başında olan bütün rəhbər işçilər, o cümlədən Mariya Spiridonova kimi düşünən digər partiya üzvləri o vaxt bu birliyə can atırdılar. Əgər hər hansı səbəbə görə bu birlik alınmayıbsa, günahı onların ayağına yazmaq düz olmaz. İyulun 6-sı və 7-də Popovun qərargahında yalnız özünü müdafiə tədbirləri görülüb. Əgər Mərkəzi Komitə o vaxt məni hökumət rəsmilərinə təslim etmək təklifi ilə razılaşsaydı, heç buna da ehtiyac qalmayacaqdı. Təəssüf ki, Mirbahın ölümü tamamilə gözlənilməz siyasi nəticələrə səbəb oldu. Alman imperializminin hegemonluğuna son qoymağa, Rusiyanın özünü müdafiəsinə xidmət edən bir akt sol eserlərlə kommunistlərin düşmənçiliyinə, sovet hakimiyyətinə qarşı yolverilməz hərəkətlərə gətirib çıxardı. Bu akt sol eserlərin sovet hökumətinə üsyan elanı kimi mənalandırıldı. Alman imperializmi ilə mübarizə əvəzinə iki sovet partiyasının silahlı qarşıdurmasına səbəb oldu.
   
   (ardı var)

TƏQVİM / ARXİV