adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Bir tələbənin gündəliyi -2

FƏRHAD ŞABANOV
19759 | 2009-10-20 00:59
Ankaradakı günlərim keçmək bilmirdi. Dərs və yataqxana arasındakı yol qurtarmırdı sanki. Sinif otağındakı qəribə insanlar, yataqxana otağındakı dörd divar. Fikirləşirdim ki, eyni dünyanın insanları necə axı bu qədər fərqli ola bilər? Belə cavabsız suallar beynimdə çox olsa da, onları düşünmək üçün ayırdığım vaxt elə də çox olmurdu. Ancaq mənim beynimdə cavabı olan digər suallar varıydı və mən bunların cavabını öyrənməliydim. Mən özüm yaxınlaşıb tanış olan tiplərdən deyiləm. Gözləyirdim ki, biri gəlib söhbətə başlasın.
   
   ...qərib yerdə insana qarşı atılmış hər bir addım elə böyük bir şey kimi görünür ki.
   
   Bir qrup yoldaşım mənə yaxınlaşıb sakitcə "azərbaycanlısan hə?" deyə soruşdu. Və beləcə söhbətimiz başladı. Hamının bildiyi klassik suallar. "Hansı şəhərdənsən?", "Orda insanlar necədi?", "Hara daha qəşəngdi?", "Türkiyəni bəyəndinmi?", "Yeməklərinə öyrəşdinmi?" və s. Fərqliliydən söz düşəndə mən dedim ki, mən birinci gün sinifə girib salam verəndə mənə niyə elə baxdılar ki? Onun bu suala cavabı: "Bilirsən qardaş, burda lap əvvəllərdən biz türkləri bölmək üçün min cür şey çıxarıblar. Müxtəlif siyasi düşüncənin tərəfdarları. Müxtəlif futbol komandalarının azarkeşləri. Müxtəlif etnik xalqların fərqliliyinin həddindən artıq şişirdilməsi. Ən əsas fərq isə milliyətçilər və dindarların olduğu "sağçılıq", kommunist və demokratların olduğu "solçuluq" olub. Sən sinifə girəndə "selam" dedin. Bu universitet "solçu"ların universitetidi. Nə olsun ki, Türkiyənin ən yaxşı universitetlərindən biridir. Bura uşağını göndərən adam bilir ki, ora necə yerdi. Ona görə bura oxumağa əsasən "sol" düşüncəli insanlar gəlir. Bunlar salam verəndə "selam" sözünü işlətmirlər. O söz ərəbcədi və daha çox "sağ" düşüncəli insanlar işlədir onu. Yəqin ki, sən indi onların gözündə bir "sağ" düşüncəli insan olaraq təəssürat oyatdın." O oğlanın özü də, ailəsi də dindar idi. Yəni "solçu" deyildilər. Soruşdum ki, bəs səni ailən nə yaxşı göndərib burda oxumağa. Dedi ki, mənim kimi burda çox insan var. Sadəcə onlar səsini çıxartmır. Sakitcə gəlir dərsində oturur və dərs qurtaran kimi durub evinin yolunu tutur. Belə söhbətlər mənə çox fərqli gəlirdi. Bakıda özümdən yaşca böyük tələbə dostlarım vardı. Onlar daha çox dərsdən sonra çayxananın yolunu tuturdular. Bakıdakı bəzi tələbələrlə nisbətdə bunlar nümunəvi sayılırdı. Çünki dərslərin əvəzinə çayxananın yolunu tutanlar da yox deyildi.
   
   ...azadlıq istər acı olsun, istər şirin yalnız o idi məni döyüşdən döyüşə aparan. Bu dünyada bircə gün azad yaşamaq, qırx il boyunduruq altında sürünməkdən daha üstündür! [Babək]
   
   Çantamdakı broşuranı açıb oxuyanda gözlərim kəlləmə çıxmışdı. Orda yazılanlar insanları kommunizmə, sosialist sistemə çağırırdı. Karl Marksın, Leninin, Stalinin necə işlər gördüyündən bəhs edirdi o yazılar. Kommunist rejimin insanları necə birləşdirdiyini, insanlar arasındakı ən böyük fərq olan sinifləri ortadan qaldırmaq üçün ən böyük çıxış yolunun elə sosialist bir rejim olduğundan çox böyük həvəslə bəhs edirdilər. Dünyadakı digər xalqlarla birləşmək istədiklərini çox aşkar formada dilə gətirirdilər. Kürdlər və ermənilər burda xüsusi qeyd olunurdu. Bu tələbələrin beyni yuyulurdu. Onlar və ataları gözlərini açandan müstəqilliyin dadını biliblər. Azadlığın insanın əlindən alınmağının nə demək olduğunu isə heç bilmirdilər. Ona görə belə rahat bəhs edirdilər kommunizmdən. Onlar ölkəni dağıtmağın tərəfdarı idilər.. Onlar inqilab tərəfdarları idi.. Onların məqsədi anarxiya idi.. Onlar Türkiyə Cumhuriyyətinin qurucusu Atatürkə qatil kimi baxırdılar.. Onlar ölkəsinin müstəqilliyi uğrunda əlinə silah alan hər kəsə nifrət edirdilər.. Onların içində vətən sevgisi yoxdu.. Onlar xalqların qardaşlığını istəyir.. Bir erməni jurnalist öləndə hamısı çıxıb, "hamımız erməniyik" deyirlər. Ancaq pkk terrorçuları ilə döyüşlərdə şəhid olan yüzlərcə türk əsgəri üçün heç vaxt çıxıb "hamımız türkük" demirlər. Xocalı qətliamının il dönümündə erməniləri pislədiyimiz üçün bizimlə konfliktə girirlər. Bizim tərtib etdiyimiz konfransı dağıtmağa çalışırlar. Onların psixologiyası bəllidir. Bütün dünyada qəbul olunan "doğru"lara qarşı çıxmaq.
   
   Keçən yazımda sizlərə qaranlıq saxladığım məqamlara bu yazımda aydınlıq gətirməyə çalışdım. Gələn yazımda isə nələrin olacağını qısaca deyim. Sosialist düşüncəli bir müəllimin dərsində oturmağın çətinlikləri, "ermənilərdən üzr istəyirik" kampaniyasını başladan və böyük sensasiyaya səbəb olan professorun bizə dərs deməyi, üstündə Azərbaycan bayrağı olan köynəklə dərsə getməyimin nəticələri ilə gələn yazıda tanış olacaqsınız. Ardı var...

TƏQVİM / ARXİV