adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
24 Fevral 2015 13:59
265245
MODA
A- A+

Bakıda möhtəşəm moda göstərisi keçiriləcək

Martın 13-15-dək "FMS Models”, "Excelsior Hotel & Spa Baku” otelinin təşkilatçılığı ilə "Excelsior Hotel & SPA Baku”da "Baku Fashion Nights 2015” təntənəli moda günləri keçiriləcək.

Adalet.az AzərTAc -a istinadən xəbər verir ki, martın 13-də "Baku Fashion Nights 2015”də Əməkdar İncəsənət Xadimi, modelyer Fəxriyyə Xələfovanın yeni kolleksiyası dəb azarkeşlərinin zövqünü oxşayacaq. Möhtəşəm dəfilənin ardından, podiumda yerli dizayner və modelyerlərin 2015 yaz-yay kolleksiyasından seçilmiş nümunələr nümayiş olunacaq. "Fashion Couture by Ulker Huseynova” Moda Evinin eleqant kolleksiyası, "Beauttech” salonlar şəbəkəsindən Elnarə Əhmədovanın təqdimatında 2015 dəb tendensiyasına uyğun saç düzümü şousu qonaqlara unudulmaz anlar yaşadacaq. Tədbirin irəliləyən saatlarında səhnə alacaq digər gənc və istedadlı modelyer Günay Mirzə yaz-yay moda trendlərini nümayiş etdirəcək.

Martın 14-də podiumda ən yeni kolleksiyası ilə qonaqları modelyer, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova salamlayacaq. Tədbirin davamında nümayişi maraqlı və rəngarəng kolleksiyaları ilə zənginləşdirən "La Couture Baku” Xavər Məmmədova, "Hokuma by Hokuma Hajıyeva” və "Magura by Gulshan Ibrahimova” Moda Evləri olacaq.

Türk modasının canlı korifeylərindən olan əfsanəvi modelyer Yıldırım Mayruk, layiqli köməkçi və davamçısı Barbaros Şansal "Baku Fashion Nights 2015”in fəxri qonaqları olacaqlar. Yıldırım Mayruk 50 illik yubileyini "Excelsior Hotel & Spa Baku” otelində və "Baku Fashion Nights 2015” moda günlərində özəl olaraq qeyd edəcəkdir.

Martın 15-də Yıldırım Mayruk, "Pert-a-Porter” konseptli kolleksiyası ilə son dəfiləsini azərbaycanlı heyranlarına sərgiləyəcək. Kolleksiyanın ən görkəmli parçaları Türkiyədə yaşayan həmyerlimiz, model Günay Musayevaya həvalə olunub.