adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

SAğSAğAN

VAHİD ƏLİFOĞLU
43557 | 2009-10-10 00:57
... Kişi əllərini boynunun arxasında çarpazlayıb uzanmışdı çarpayıda. Yarı yumulu gözləri evin tavanında dolaşmaqda idi. Tavana çəkilmiş ağ boya ağ rəngdən çox sarıya çalırdı. Ağlına gəldi ki, yəqin otaqda çəkdiyi siqaretin tüstüsündədi. Arvadı içəri girəndə də, çölə çıxanda da eyni sözü bəlkə əlli dəfə təkrar edirdi. "Əşi, sən allah bu zəhrimarı çöldə çək. Görmürsən divarlar nə gündədi? Verana elə bil tütün anbarıdı"... Heç halına da təfavüt eləmirdi. Bir az da ləzzətinən sümürürdü siqareti. Arvadın deyinməyi nəinki ona təsir edirdi, əksinə susanda darıxırdı. Amma hər dəfə də bircə şeyə təəccüblənirdi: "Görəsən, bu arvad tütün anbarını harda görüb?" Düz iyirmi il idi bu sualın cavabını eşitmək istəyirdi. Di gəl ki, sualı verməyə tələsmirdi. Guya ki, alacağı cavab nəyisə kökündən dəyişəcəkdi... Qeyri-ixtiyari əlinin birini boynunun arxasından çəkib bığlarını sığalladı. Bığları sapsarıydı... Tavandan və otağın künclərindən hörümçək torları sallanırdı və ona elə gəlirdi ki, torlar da sarı rəngdədi. Lampanın tuşundan iri bir hörümçək sapdan "tuta-tuta" üzü aşağı enirdi. İstədi nəsə desin, amma bu "nəsə"nin nədən ibarət olduğunu müəyyən edə bilmədi. Dərhal da xatırladı ki, artıq neçə illərdi ki, arvadı eynək arzusundadı. Və hörümçək torları ilə arvadının eynək arzusu arasında birbaşa əlaqə tapıb sakitləşdi. Qarşı divardan gəbə asılmışdı. Gəbənin ortasında, təsvir etdiyimiz otağın hazırkı durumuna qətiyyən uyğun gəlməyən, al-əlvan güllərin arasında iki quş üz-üzə dayanmışdı... Gəbə anasının yadigarıydı... Həmişə gəbəyə baxanda anasını xatırlamaqdansa quşların hansı quşa oxşadığını tapmağa çalışırdı... Tapa bilmirdi. Qanadlar var, ayaqlar var, quyruqlar var... Bəs çatışmayan nədi?... Quşların başı adam başına, ayaqları adam ayağına daha çox oxşayırdı , nəinki quş başına, quş ayağına... Bu mövzuda arvadıynan dəfələrlə etdiyi mübahisələr onunla yekunlaşırdı ki, kişi tam ciddiyyəti ilə arvadını inandırmağa çalışırdı ki, bu quşlar tovuz quşlarıdı... Hər dəfə də arvad eyni ciddiyyətlə etiraz edirdi və növbəti mübahisəyə qədər fasilə "elan" olunurdu...
   
   Hərçənd ki, nə kişi, nə də arvad ömürlərində tovuz quşu görməmişdilər... Nə isə... Quşların növünə olan şübhələr bu evin mövcudluğunda, inkişafında az maraq kəsb etmirdi. Hər halda iki müxtəlif cinsdən olan adamın ər-arvad olduğunu guya müəyyən dərəcədə xatırladırdı. Mənasız olsa da, nədənsə danışmaq, fikir mübadiləsi etmək də həyatdı, axı... Quşların ayaqlarından aşağıda ağ rəngli ilmələrlə yazılıb: "Anasından oğluna yadigar. 1959-cu il"...
   
   ... Köksünü ötürüb uzun-uzadı əsnədi. Hiss etdi ki, az da olsa kədərləndi. Axı anasını yada salmanın üstünə anasının hazırda dünyada olmadığını da əlavə etsək, dilxorçuluğun təbiiliyinə şübhə qalmaz...
   
   ... Sol böyürü üstə çevrilib dirsəkləndi. Arvad üzünü otaqdakı başqa əşyalara nisbətən təzə və müasir olan güzgülü şkafa tərəf çevirib əyləşmişdi döşəmədə. Dizinin "kündəsində" uzun, qırmızı dəsmal var idi. Döşəməyə düzülmüş fincanları, nəlbəkiləri, çaynikləri diqqətlə silib, bir-bir, səliqə ilə yığırdı şüşə örtüyün arxasındakı rəflərə... "Gör nə vaxtdandı bu qab-qacaqları özümüzlə gəzdiririk. Hələ birinin içərisinə bir damcı su tökülməyib. Kənddə də belə əzizləyə-əzizləyə saxladıq, çadırda da... Bunlar alınanda otuz yaşım yox idi. İndi altmışı yedikləmişəm... Qonaqlar gələcək, stollar açılacaq... Çayniklərdə çay dəmlənəcək, fincanlarda içiləcək... Qırx il keçdi... Hanı o qonaqlar, hanı?"... Əlini alnından çənəsinə qədər çəkdi... Arvad döşəmənin üstündə azca yana burulub kişiyə tərəf döndü. Kişi bir yerdə yaşadıqları illərin təcrübəsindən arvadının nədən danışacağını hiss edib, həvəsi olmasa da yüz dəfələrlə eşitdiyi söhbətə qulaq asmağa özünü hazırladı. Arvad kişinin əhvalının hansı mərhəldə olduğunun fərqinə varmadan dedi:
   
   - Bax, ey. Elə bil indicə alınıb. Allah qoysa qonaq-qara qarşısına çıxaracam bunları. Elə bilirsən hamının varıdı? O vaxt Ağdam bazarından aldım... Yamanda bahaydı, o vaxtın puluynan...
   
   Arvad zaman ölçüsünü o qədər şövqlə deyirdi ki, sanki "o vaxt" axşam olmuşdu. Kişinin gözləri arvada baxsa da qulaqları heç nə eşitmirdi...
   
   - Qarrı, qarrı, qarrı... Bu xırıltılı, kobud səsin ardınca toyuq-cücənin çığırtısı gəldi. Elə bil bayırda yüzlərlə quş qanad çalıb uçdu. Arvad səsini kəsib, fikrini cəmlədi. Bir anlığa bayırı dinşəyib, həyəcanla dedi:
   
   - Dur, əşi, dur. Qarğa cücələri apardı.
   
   Kişi onsuzda bayaqdan durmağa bəhanə axtarırdı. Cəld qalxıb çıxdı qapıya.
   
   - Qarrı, qarrı, qarrı...
   
   Çəpərdə bir dənə də toyuq-cücə gözə dəymirdi, amma səsləri gəlirdi. Qaçıb harasa doluşmuşdular. Kişi ayaqlarının ucunda aşağı endi və həyətə göz gəzdirdi. İki addımlıqda gödək payanı gördü. Və payanı götürüb əyilə-əyilə qayıtdı geri. Qarıltının istiqamətinə bir neçə dəqiqə diqqətlə baxıb səsin gəldiyi yeri tapdı. Armud ağacının qarşısındakı ağacın lap sonuncu budağına ağlı-qaralı qarğa qonmuşdu. Fasilə vermədən, başını endirib qaldıra-qaldıra, canı-dildən elə qarıldayırdı ki, sanki bu dünyanın varlığı təkcə onun qarıltısından asılıydı. Kişi bir an da tərəddüd etmədən payanı ətrafında fırlayıb, var gücü ilə tulladı. Paya qarğanın yanından keçib dəydi armud ağacına və beş-altı armudla birlikdə yerə. Qarğa uçmadı. Səsini kəsib təəccüblə, bəlkə də kinayə ilə baxdı kişiyə. Kişi qarğanın qıyılmış, bic-bic gülümsəyən gözlərinin, dimdiyində əmələ gəlmiş təbəssümün qarşısında karıxdı... Həyət qapısını necə açdı, qarğa qonmuş ağaca tərəf necə yüyürdü, heç özü də bilmədi. Küt qanad şappıltısı gəldi. Yuxarı boylandı. Qarğa ağacdan xeyli yuxarıda fırlanırdı.
   
   - Əşi, neynirsən? Bu ki, sağsağandı... Nahaq qovdun onu. Yəqin xeyir xəbər gətirmişdi... Kişi pəncərədən çölə "sallanmış" arvada tərəf döndü, qəzəbini gizlətməyə çalışdı və boğula-boğula dedi:
   
   - Hə, xeyir xəbər gətirmişdi. On altı ildi gətirdiyi yoldadı. Denən cücə aparmağa gəlmişdi...
   
   Sonra ara verib alalı, qaralı qarğaların yeddi arxa dönəninə qəliz və qəttəzə söyüş göndərib yaxınlaşdı armud ağacına. Arvad ərindən otuz ildə belə nadir söyüşlər çox eşitsə də utandı, kim bilir, bəlkə də utanmadı, elə-belə:
   
   - Ətin tökülsün. Qonum-qonşu eşidir, ey... deyib pəncərədən çəkildi...
   
   ... Kişi yerə düşmüş armudun birini götürdü. Əlləriynən sığallayıb tozunu aldı və apardı ağzına. Armud dəmir kimiydi. Kişi çənəsinə güc verib ufuldadı. Armudu yerə atıb arxasınca tüpürdü. İstədi armudun kallığını da söyüşlə qeyd etsin, amma söymədi. Deyəsən arvadının eşitməyəcəyini bildiyi üçün söymədi...
   
   ... Bir siqaret yandırıb çıxdı balkona. Stolun üstündəki rəngi bilinməyən nəlbəkiyə, dəmir qurşaq çəkilmiş sınıq çayniyə, yarısına qədər saralmış stəkana xeyli tamaşa edib keçdi içəri. Arvad hələ də öz işindəydi. Yeriyib dayandı gəbə ilə üz-üzə. Dimdik-dimdiyə dayanmış quşlara baxa-baxa dedi:
   
   - Dur, o silib təmizlədiyin çaynikdə çay dəmlə, fincana çay tök...
   
   Arvad gözləmədiyi sözdən təəccüblənsə də maraqla soruşdu:
   
   - Nə xəbər eşitmisən? Qonağımız olacaq?
   
   Kişi bir az da gəbəyə diqqətini artırıb sakit, inamlı tərzdə dedi:
   
   - Heç bir qonaq-zad olmayacaq. Özüm çay içəcəm o qab-qacaqda...
   
   Arvad daha heç nə demədi. Təzə çayniyi, fincanları götürüb çıxdı...
   
   ... Kişi gəbənin üstündəki quşların axır ki, həqiqi adını dəqiq müəyyənləşdirdi və öz-özünə pıçıldadı:
   
   - Gör, ha. Mən də deyirəm ki, tovuz quşudu. Bunlar sağsağan imiş ki...
   
   Tələsdi ki, tapıntısını arvada da çatdırsın. Şübhə etmirdi ki, arvadı da razılaşacaq.
   
   
   
   P.S. Sağsağanlar bezib getdilər. İndi qara qarğalar uçub gəlməkdədi. Amerikadan, Fransadan, Rusiyadan. Qara qarğaların gətirdiyi xəbərlər elə öz rənglərində olur, həmişə...

TƏQVİM / ARXİV