İŞIQLAR SÖNDÜRÜLDÜ...

FAİQ QİSMƏTOĞLU
23427 | 2015-02-24 01:34
...Çoxdan idi ki, Bakıya qar yağmırdı, amma insanlarsa qarın yağmasını çox böyük səbirsizliklə gözləyirdilər. Zarafat deyil, qar yağanda çoxları qarın ləzzətini yaşayırlar və hətta uşaqlar sevinclərindən bilmirlər nə eləsinlər. Həyətə düşürlər, o ki var qartopu oynayıb soyuğun dadını çıxarırlar. Qoy olsun! Amma belə də yox da...
Hansı ki, hidrometeroloqlar öncədən bildirmişdilər ki, ölkə ərazisində hava kəskin dəyişəcək, çovğun olacaq, qar yağacaq və temperatur əvvəlki vaxtla müqayisədə 10-12 dərəcə aşağı düşəcəkdir. Təbii ki, bu barədə məlumatlar bütün aidiyyəti dövlət qurumlarına çatdırılmış və onlar lazımi tədbirlər görməli idilər.
Fevralın 21-dən Bakıda hava dəyişməyə başladı. Güclü külək və soyuq hava özünü yavaş-yavaş deyil, birdən çovqunlu halda nümayiş etdirdi. Bir müddətdən sonra isə, yəni axşamüstü hava daha da pisləşdi, çovğun qalxdı və sürətli qar yağmağa başladı. Xüsusən də Bakının Yeni Yasamal, Yeni Əhmədli və Yeni Günəşli yaşayış sahələrində vəziyyət daha da çətinləşdi. Çovğunlu hava və güclü qar axşam saatlarında nəqliyyatın hərəkətini də mürəkkəbləşdirdi.
Fikirləşirdik ki, nə yaxşı belə bir hava şəraitində işığımız yanır, istilik sistemimiz işləyir və su da var. Buna görə Allaha şükür edirdik. Amma şənbə günü axşam saat 22-dən sonra Yeni Günəşli yaşayış sahəsində əksər binalarda işıqlar söndü. Yaxın dost-tanışla telefon əlaqəsi yaratdıq, məlum oldu ki, Yeni Əhmədlidə, Yeni Günəşlidə, hətta Sumqayıtın bəzi yaşayış sahələrində və Xırdalan şəhərində işıqlar sönüb. Təbii ki, işıqlar sönən kimi istilik sistemi də işləmədi və su da gəlmədi. Hələ nə yaxşı ki, "Azəriqaz" insaflı çıxıb həmin anlarda qazın təchizatını dayandırmadı və təzyiqi aşağı salmadı. Bayırda isə çovğun idi, qar da möhkəm yağırdı. Artıq saat 12-dən sonra evdə oturmaq mümkün deyildi. Adam soyuqdan tir-tir əsirdi.
Hansı ki qar yağmamışdan öncə müxtəlif xidmət sahələri və o cümlədən "Azəriişıq" bəyan edirdi ki, biz qışa möhkəm hazırlaşmışıq, qarlı hava şəraitində belə əhali fasiləsiz olaraq elektrik enerjisi ilə təmin ediləcək. Təbii ki, əhali də buna inanmışdı. Amma şənbə günü axşamı yaşananları görəndən sonra Yeni Günəşli sakinlərinin və eləcə də digər massivlərdə işıqları sönən sakinlərin "Azərişığa" bir o qədər də inamı qalmadı. Ən azından ona görə ki, onlar dedikləri kimi, soyuq qış axşamında yaşayış məntəqələrinin bir çoxunu elektrik enerjisi ilə təchiz edə bilmədilər.
Yaranmış vəziyyətlə əlaqədar olaraq "Azərişığ"ın 199 nömrəsinə zəng vurduq. Əvvəlcə operator bildirdi ki, sizi başqa bir xətlə birləşdirəcəyik. O xətdə də nə qədər zəng getsə də telefonu qaldırıb bizə cavab verən olmadı. Beləcə nə az, nə çox, 25 konturumuz da həmin xidmət sahəsi tərəfindən "yeyildi". Sonradan həmin nömrəyə zəng vursaq da məşğul olduğu göstərilirdi. Hava isə get-gedə soyuyur, vəziyyət isə ağırlaşırdı.
Bu çovğunlu və qarlı axşamı nəinki biz, çox insanlar zülm içində yaşadı. Yəni yorğana bürünən kim və hətta üstünə çoxlu sayda istilik örtən kim. Aydındır ki, soyuq havada uşaqlar və qocalar daha çox çətinliklə üzləşirlər. Bir axşamın soyuğu hamımızın iliyinə işləmişdi.
Bazar günü də işıqlar yanmadı. Gözləyirdik ki, tez bir vaxtla baş vermiş qəza aradan qaldırılacaq və binalar elektrik enerjisi ilə təmin olunacaqdır. "Azərişığ"ın mətbuat xidmətinin rəhbəri hörmətli Tanrıverdi müəllim bildirirdi ki, saat 18-dən Yeni Əhmədli və Yeni Günəşlidə işıqlar yanır. Amma həmin anlarda Yeni Günəşli yaşayış sahəsinin "D" massivindəki 13, 12 və 14 nömrəli binalarda işıqlar yanmırdı. Həmin binalar isə axşam saat 21-dən sonra elektrik enerjisi ilə təchiz edildi.
Camaatın gözü ilk qardan çox qorxub. Nə yaxşı bizim məmləkətə də Amerikadakı kimi həftələrlə, aylarla qar yağmır. Çünki bizə də belə qar yağsa camaat ya soyuqdan donar, ya da acından qırılar. Hansı ki, qış gəlməmişdən öncə həmin xidmət sahəsi bildirirdi ki, biz soyuq qış aylarına möhkəm hazırlaşmışıq və əhali hətta qar yağsa belə sutkanın 24 saatı ərzində elektrik enerjis ilə təchiz ediləcək.
Camaat isə deyilənlərə yox, gördüklərinə inanır. Camaatın isə gördüyü ondan ibarətdir ki, şənbə-bazar günləri Bakıda çovğun oldu, qar yağdı, hava soyudu, ancaq işıqlar yanmadı. Vallah, bizə qarlı-çovğunlu hava lazım deyil. Elə Allahın da bu camaata , bu millətə yazığı gəldiyi üçün bu cür havaları məmləkətimizə çox görmür. Nə yaxşı ki, çox görmür. Yoxsa insanlar soyuqdan donarlar...

TƏQVİM / ARXİV