adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

FIRILDAĞA KÖKLƏNƏN İSTEDAD

BABƏK YUSİFOĞLU
43883 | 2015-02-24 01:29
Görəsən insan oğlu malik olduğu xarakteri, vərdişləri, psixoloji-əqli imkanları sonradan, yəni yaşayaraq düşdüyü mühitdə qazanır, yoxsa hər şeyi irsən özüylə gətirir? Bir çoxları belə iddia edir ki, insanın bir fərd kimi formalaşmasında yaşadığı şərait ən başlıca rol oynayır. Genetik yaddaş, irsi xüsusiyyətlər əsaslı gücə sahib olmur. Ya da onlar müvafiq mühitin təsiri nəticəsində passivləşərək özlərini biruzə verə bilmirlər. Və fərdləri mühit formalaşdırır. 

Əks fikirli mütəxəssislərə görə isə insan doğularkən özü ilə bərabər genetik kodlar, spesfik imkanlar gətirir və bu irsi xüsusiyyətlər dominant rola malik olurlar. Və şəxsi əhatə edən mühit ona ciddi təsir göstərə bilmir. Yəni, birisinin, məsələn, rəssam kimi yetişməsindən ötrü yaşadığı mühit onun formalaşmasında heç bir rol oynamır, bunun üçün sənətkarlar nəslindən olması yetərlidir. Əslində bu tendensiyalrı dəstəkləyən hər iki tərəfin də irəli sürdüyü dəlilləri, söykəndiyi faktları tamamən inkar etmək mümkün deyil. Çünki hər birinin doğru tərəfləri var və hər bir iddianın yetərincə örnəkləri də mövcuddur. 

Bunlardan xeyli fərqli daha bir mühakimənin tərəfdarları da var ki, onlar da haqsız hesab edilmirlər. Onlara görə, insan oğlu hər iki versiyanın ortaq daşıyıcısıdır. Yəni, o həm mühitin, həm də irsi xüsusiyyətlərin birgə "məhsuludur".

Əlbəttə, bunların hər biri üzərində uzun-uzadı müzakirə, hətta elmi mübahisə aparmaq mümkündü. Lakin reallıq budur ki, bu versiyaların heç birinə "doğrudur" hökmü verilə bilməz. Bəlkə bunların elə hamısı yanlışdı, kimsənin anlamadığı tamam başqa qanunauyğunluqlar var? Axı nə həyat, nə də insan düsturlara, elmi nəzəriyyələrə, hesablamalarag sığmır. Və buna cəhd edənlərsə olsa-olsa öz versiyalarını söyləyirlərg

Frenk Abiqneyli tanıyırsınızmı?.. O haradan başlayıb, nələrdən keçib, harada dayanıb?.. 

                                                                          ***

Doğrudan da həyatla, insanların xüsusiyyətləriylə bağlı heç nəyə birmənalı hökm vermək olmaz. Çünki elmdən öyrəndiyimiz nə qədər doğru nəzəriyyələr zamanı gəldikcə alt-üst olub. Yəqin bundan sonra da beləcə davam edəcək. Bəlkə də həyatın fərqli çalarları, insanların müxtəlifliyi olmasaydı yaşamaq da öz mənasını itirərdi. Adını unutduğum mütəfəkkirlərdən birinin sözlərini xatırlayıram: insanlar biri-birlərinə son dərəcə bənzədikləri kimi, son dərəcə də biri-birlərindən fərqlidirlər... 

Amma o, bəlkə də hamıdan çox dəyişən, başqalaşan birisi idi. Hətta onun - Frenk Abiqneylin yaşadığı həyatın mərhələlərini müqayisə etsək, bu şəxsin heç özünün özünə bənzəmədiyini belə görərik. Bəlkə də bu cür olması Frenki fırıldağın, hiyləgərliyin "dahi"liyinə qədər çıxarmışdı. 
Müxtəlif sənətlərin, müxtəlif sahələrin adamı kimi özünü təqdim edə bilən, düşdüyü ən çətin situasiyalardan çox bacarıqla çıxmağı bacaran, təhlükəli məqamlarda belə davranışlarında çaşmayan bu son dərəcə ağıllı adama heyrətlənməyə bilmirsən. İmkanlı bir ailədə anadan olmuş, valideynləri tərəfindən normal tərbiyə görmüş Frenk bəlkə də istedadını xeyirli işlərə yönəltsəydi insanlıq üçün bir dahilik obrazı yaratmağa müvəffəq olardı. Amma o, fırıldaqçı, özü də adi deyil, dünyanın ən böyük fırıldaqçılarından biri kimi ad qoydu. Vaxtıyla Abiqneylləri yaxından tanıyanlar isə ailədki uşaqların gələcəkdə ən azı normal vətəndaşlar olacaqlarına əmin idilər... 

Müxtəlif ölkələrin polisləri Frenkin izinə düşməyə, onu yaxalamağa çox çalışsa da bu qeyri-adi hiyləgərlik ustası öz işində - insanları aldatmaqla böyük məbləğdə pullar əldə etməkdə, bahalı otellərdə gününü keçirərək şəhərdən-şəhərə gəzməkdəydi. Və belə demək mümkünsə, Abiqneyl yazının əvvəlində insan xarakterləri, vərdişləri ilə bağlı bəhs etdiyim iddialara örnək ola biləcək ən maraqlı bir insan tipiydi...

Gəlin məşhurluğu neqativ üzdə görünən bu insanın həyatına bir qədər yaxından baxaq. O kim idi?..


                                                               ABİQNEYLLƏR 

Frenk Abiqneyl 1948-ci ilin 27 aprelində Bronksvilldə (Nyu-York ştatı) Abiqneylilər ailəsində dünyaya gəlmişdi. Ailənin dörd övladından üçüncüsü olan Frenkin atası Frenk (böyük) Abiqneyl siyasətlə yaxından maraqlanan, geniş maliyyə imkanlara malik böyük bir iş adamıydı. Fransız olan anası Polettin isə evdar xanım olduğu söylənir. 

Frenkin ilk uşaqlıq illəri əslində digər həmyaşıdlarından o qədər də fərqlənməyib. Amma daha diqqətli olanlar yəqin ki, onda qəribə davranışları sezə bilirdilər. Bioqrafların yazdıqlarından görünür ki, bütün uşaqlar kimi valideynlərinə bağlı olan Frenk ilk dəfə hələ 12 yaşında olarkən özündən böyük işlərə əl atmağa başlamışdı. Ailə daxilindəg 

Bu o dövr idi ki, valideynləri arasında yaranan fikir ayrılıqları getdikcə daha kəskin xarakter alır, dava-dalaşa səbəb olurdu. Və gün gəldi ki, atasıyla anası ayrılmağa qərar verdilər.
Uşaq qəlbiylə ailələrinin dağılmasını istəməyən Frenk müxtəlifcür üsullara əl atmaqla bunun qarşısını almağa cəhd göstərsə də heç bir uğura nail olmadı. Frenk 16 yaşındaykən valideynləri rəsmən boşandılar. Məhkəmənin qərarıyla ikiyə bölünən ailədə uşaqlar da pərən-pərən düşdü, Frenki atasının himayəsinə verdilər. Və bu hadisə yeniyetmə oğlanı çox sarsıtdı. Amma maraqlıdı, o, hələ də doğmaları üçün bir şey edə biləcəyinə ümid bəslədiyindən valideynlərini yenidən bir araya gətirmək üçün cəhdlərinə ara vermədi. Deyilənlərə görə, onun bu çabaları atasının ölümünədək - 1974-cü ilədək sürdü, lakin nəticəsiz qaldı. 

Bioqraflar qeyd edirlər ki, Frenk (kiçik) öz işində çox bacarıqlı olan Frenk (böyük) Abiqneyldən bir çox şeyləri əxz etmişdi - çalışqanlığı, gördüyü işə məsuliyyəti, pulla davranmağı... Və çox qəribəydi ki, Frenk elə ilk "əməliyyyatı"nı məhz atası üzərində apararaq yaxınlarını çox heyrətləndirmişdi. 

                                                                      İLK QURBAN

Erkən gənclik çağlarında olan oğluna avtomobildən istifadə etməyə icazə verən və yanacaq doldurmaq üçün "mobil" benzin kartı da hədiyyə edən atanın həmin vaxt ağlına belə gəlməzdi ki, doğma oğlu, özü də həyatda heç bir təcrübəsi olmayan bir gənc onun kimi dünyagörmüş, peşəkar bir iş adamını belə aldada bilər. Bütün olanları sonralar Frenkin (kiçik) özü də etiraf etmişdi... 

Cəmi üç ay ərzində guya avtomobilə "işlətdiyi" 14 şin dəstini, 22 akkumlyatoru yarı qiymətinə maşın təmirçilərinə satan Frenk oradan "qazandığı" pulları cibinə qoydu. Amma bunlar bəs etmədi. Çünki günlər keçdikcə ona daha çox pul lazım olurdu. Onun istifadə etdiyi maşın yanacağı "su kimi içməyə" başlamışdı. Benzindoldurma stansiyasındakı işçilərlə işbirliyinə girib artıq litrlər yazdıran Frenk həmin çeklərlə atasının pullarını mənimsəyərək "təcürbə" qazanırdı. 

Və öyrəndikləri onu daha dərin yerlərə baş vurmağa həvəsləndirirdi. Bank hesabındakı pulları atasından xəlvət cibinə doldurmaq məqsədiylə Frenk bu dəfə hesab çeklərini saxtalaşdırmağı təcrübədən keçirməyə girişdi. Bu xeyli risq tələb etsə də gənc fırıldaqçı həmin pul çeklərindəki rəqəmlərə müdaxilə etməyə başladı. Bu işi inanılmaz "səliqə-səhman"la etdiyi üçün bu əməliyyatlar uzun müddət kimsəni şübhələndirmədi. Artıq o qədər də uzun sürməyən müddət ərzində kredit kartından əlavə çəkilən məbləğ 3.400 dollrı ötürdü. Və beləliklə gələcəkdə böyük bir fırıldaqçıya çeviriləcək bu fitri istadadlı gəncin ilk qurbanı olan doğma atası hər şeyi ənənəvi yoxlamalar zamanı öyrəndi.

Bəli, bu istənilən valideyn üçün bir faciə idi. Öz doğma övladı tərəfindən aldadılan, soyulan, təsadüf nəticəsində, yaxud hansısa zərurət üzündən deyil, düşünülmüş şəkildə fırıldağa məruz qalan ata üçün bunlara inanmaq çox ağır oldu. Amma artıq hər şey bir gerçək idi. Daha onun üçün bundan artıq nə ola bilərdi ki?.. 

                                                        DAHA BÖYÜK ALƏMƏ...

Frenk (kiçik) Abiqneyl Bronksvilldən getməyə qərarlaşdırmışdı. O, fikirləşirdi ki, daha böyük bir şəhərdə yaşamalı, işlərini davam etdirməlidir. Ona görə də günlərin birində doğma şəhərini tərk edərək birbaşa Nyu-Yorka gəldi. Doğrudan da burada onun sevimli "məşğuliyyəti" üçün daha geniş imkanlar vardı. Nyu-Yorkun inanılmaz qaynar həyatıyla, cürbəcür fəaliyyət sahələriylə tanış olan Frenk üçün artıq şəraitə uyğun seçim etmək imkanları da yaranmışdı. Belə ki, o, yeri gələndə ustalıqla pilota, yeri gələndə qəzet reportyoruna, yaxud iş adamına, ali məktəbdə məruzəçisinə, həkimə, iş adamına, hətta cərraha... çevrilə bilirdi. 

Və bu rolların hər birini elə məharətlə ifa edirdi ki, "əməliyyatlar" zamanı heç kimdə azacıq şübhə yeri saxlamırdı. Yetərdi ki, bu sahələrin hər hansı birində pul ələ keçirmək üçün kiçik bir imkan görünəydi. Bundan sonrası onun üçün yalnız texniki məsələlər sayılırdı. Frenk Abiqneyl hədəfə aldığı sahənin bütün spesifik xüsusiyyətlərini, detallarını öyrənirdi. Əgər təyyarəçi kimi özünü təqdim edəcəkdisə, o, "göydəndüşmə" pilot kimi ortaya atılmırdı. Frenk bu sahəyə aid məlumatları öyrənir, müxtəlif üsullarla təyyarəçi olan biriləiylə söhbətlər aparır, müxtəlif bəhanələrlə aviakompaniyalara zəng edib kifayət qədər bilgilər toplayırg məhz bundan sonra hərəkətə keçirdi. 

(Ardı qəzetin 3 mart sayında) 


BABƏK YUSİFOĞLU 
 babekyusifoglu.blogspot.com


TƏQVİM / ARXİV