adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

SEZARIN QAYITMASI

MƏZAHİR ƏHMƏDZADƏ
37697 | 2009-10-10 00:57
MÜƏLLİFDƏN:
   
   
   
   Nadir hallarda olsa da hansısa bir məqalənin, şer və hekayənin təkrar dərc olunmaq zərurəti yaranır. Mən indi belə bir durumdayam və bu istəyimin reallaşması da baş redaktordan asılıdır.
   
   Məsələ nədir? Tofiq Abdin keçən ay mənə ismarıc etmişdi. Söhbətimiz baş tutarkən xatırlatdı ki, bu il keçmişlərin məşhur "Qobustan" toplusunun 40 illiyidir və bu münasibətlə kitab hazırlayır. Doğrusu unutmuşdum. Əslində Anar "Qobustan"da baş redaktor vəzifəsini bitirdikdən sonra topluya marağım sönmüşdü və nə gizlədim, illər ötdükcə mövcudluğundan da xəbərim yox idi. Bir yandan da Abi kitab üçün 2-3 vərəqlik müqayisəli məqalə yazmağı xahiş edirdi. Onda bu olurdu sıradan bir yazı və mən də bunu gerçəkdən bacaran deyiləm. Bu toplu 1969-cu ildə cəmi bir nömrə çıxmaqla bizləri necə də ovsunlamışdı! Sonrakı illərdə isə hər dəfə 4 nömrəni bayram edirdik. O vaxtlar bu incəsənət toplusu 18-20 yaşlı biz gənclər üçün, yəni gələcəyin jurnalistləri, şairləri, yazıçıları, sənətşünasları üçün bir möcüzə timsalında idi. Mərhum Vidadi Paşayev, Azər Əhmədov (Azər Abdulla), Tofiq Məhərrəmoğlu (Tofiq Abdin), Cəfər Qiyasi, Vaqif Nəsib... Məndən 8-10 yaş böyük olan Tofiq və Azərlə yaxınlığımız isə müəyyən bir prestij doğururdu. Yaşıdlarım mənə qibtə edirdilər ki, mən məşhur jurnalistlərlə nəinki görüşür, hətta oturub-dururdum, çay içirdim, Vaqif Cəbrayılzadəyə qoşulub redaksiyaya gedirdim, başqa müəlliflərlə tanış olurdum. Bu elə "uzun, incə bir yoldu" ki... Bu xatirələrə qayıtmaq da çox zor bir iş.
   
   Tofiq Abdin ağrımı, dərdimi başa düşdü və mən başqa bir şey təklif etdim. Ötənlərdə bir pritça yazmışdım. Dərci yay fəslinə düşmüşdü deyə çoxları oxumamışdı. İradə Tuncay hər yazını bəyənməz, hər yazı onu cəlb etməz. İradə xanım bu kiçik pritçanı ən xoş sözlərlə dəyərləndirdi. Ancaq həm də sual etdi: səncə, bunun nə olduğunu başa düşəcəklər?
   
   Və mən "Sezarın qayıtması" adlı həmin pritçanı kitab üçün təklif etdim. Belədə Abi razılaşdı ki, yaxşı, onda qəzetdə də dərc etdirərsən.
   
   Tofiq Abdin əsl "Qobustan"ın ürəyi və... yaraşığı idi. O vaxtlar publisistikanın yeni bir mərhələsinin yaradıcısı kimi də məşhurlaşmışdı. İndi bu toplunun 40 illiyində kiçik ixtisarlarla yenidən "Sezarın qayıtması"...
   
   
   
   Sezarın öldürülməsi xəbəri bütün imperiyanı silkələmişdi. Senat Roma küçələrini lərzəyə salan izdihamı necə sakitləşdirmək haqqında tədbirlər düşünürdü.
   
   ... Sezar xəncər yaralarını məlhəmləyirdi. O, bir vaxtlar alim dostlarından təbibliyi də öyrənmişdi. Yəni hamının ölmüş bildiyi Sezar ölüb-eləməmişdi, lənətə gəlmiş imperiyanın hüdudlarından uzaqlara gedirdi. Bəli, o, artıq Roma üçün ölmüşdü, o, şöhrətindən başqa hər şeyi itirmişdi. Ancaq sehrli dolçası xurcunundaydı. Tələsməyin, bu "sehrli dolça" məsələsini də məqamı çatanda öyrənəcəksiniz. İndi danışsaq və ağzını açsaq Qıratın "qanadları" kimi əriyib yoxa çıxar. Heç nağıl - filan, əfsanə oxuyub dinləməmisiniz? Səbrli olun.
   
   Sezar nəhəng bir gölünmü, dəryanınmı qumlu sahillərinə qədər yol gəlmişdi. Uzaqlara, lap uzaqlara baxıb öz-özünə pıçıldayırdı: "Sezar... Qay Yuli Sezar...".
   
   Əziz oxucular, indən belə vaxtınızı zaman, məkan, hadisə və adlar üzərində səhv axtarmağa sərf etməyin.
   
   Aha! Bura Xəzər dənizidir. Sezar bu dənizdən bir qədər aralı qırçın-qırçın bozaran "Qobustan" qayalarına üz tutur.Gəlib burada Anarı tapır, Azəri tapır, Vidadini tapır, Cəfəri tapır... Birlikdə bu "Qobustan" qayalarında çox külüng çalırlar. Hərdənbir yeyib- içirlər, qəlyan tüstülədib siqaret çəkirlər. Amma və lakin Sezar ancaq şərab içərdi. "Qobustan"da oturub Luvru, Sen-Jermeni, Brodveyi gəzirlər, Ermitajdan keçib, "La-Skala"ya gedirlər. Azər düz üç ay Sezara sübut etməyə çalışır ki, "Rast" çalınanda yer üzünə qıpqırmızı nar gilələri tökülür, hər yan bu rəngə bürünür. Bəlkə də "Çahargah" deyir, nəsə.. Qarabəniz bir uşaq da gəlib Sezardan soruşur, lap beləcə yekə-yekə soruşur: sən o plovu yeyəndə Xeopsun - Piramidaların dadını, qoxusunu duyurmusan? Adı nəydi o uşağın? Səhhətdimi, Veyisdimi... Və yenə də yekə-yekə anladırdı: qazandan boşqaba təzəcə çəkilmiş plov əsl Misir Ehramlarıdır! Yox, yanlış düşünməyin, onlar Sezarı gəlmə və naşı hesab etmirdilər, elə özləri kimi aborigen sayırdılar.
   
   Bu o vaxtlar idi ki, bütün məmləkət Sezarın bir slavyan gözəlinin səsi və barmaqları haqqında danışdığı hekayətə heyranlıqla qulaq asırdı.
   
   Sezar günlərin birində üzünü uzaqlara tutub dedi: "Stan bu le!" Bu, latın dilində "Mən şəhərə gedirəm" mənasını verən bir hayqırtıdır. İnanmırsınız kitablara, bəlgəsəllərə baxın.
   
   Budur, indi o, Konstantinopoldadır. Yox, əgər Mehmet buranı fəth edib qurdağızlı soydaşlarına qaytarıbsa, onda İstanbuldadır. Hər halda Bosfor onun tellərini Zəki Mürenin səsi kimi oxşayıb sığallayır. Sezar bu şəhərdə qəribə bir rahatlıq tapır. Ona çox tanış gələn yerlilərin dilini, davranışını elə sürətlə öyrənir ki, heç kim fərq edə bilmir. Sezar az vaxt ərzində bu şəhərdə, bu ölkədə yaşayan insanların çoxundan bu şəhər və bu ölkə haqqında məlumatlı olur. Onu çox sevirlər. Axı o Sezardır.
   
   Hərdən nələrisə xatırlayıb qəribsəyir.
   
   Sizi bilmirəm, mən yaman tələsirəm Sezarın Xəzər sahilindəki o yarımadaya qayıdışına. Anlamaq olmur, hansı zamandı, hansı əsrdi. O yarımadada qala içində şəhər də var, şəhər içində kənd də var. "Zaman vektoru" burada hər şeyi bir-birinə qarışdırıb. Kimin neçə yaşı olduğunu, hansı hadisənin əvvəl, indi və ya sonra baş verdiyini və ya baş verəcəyini heç kim düzənləyə bilmir. Əslində heç belə şeylərin fərqində olan da yoxdur.
   
   Sezar bu qarışıq zamanda bir imperiya nostaljisindədir. Burada heç olmasa kiçik bir imperiya qurmaq üçün qalafason məkana düz "525" dəfə yürüş edir. Onun gücü tükənən deyil ki... Hələ 525 dəfə də at çapardı. Ancaq bir halda ki, onu əsl Sezar kimi başa düşmürlər, daha bəsdir.
   
   Maləsəf...
   
   Eşitmişdi lap yaxın məkanların birində neçə illərdir Ədalət qalası qurulur. Deyir başım çox bəlalar çəkib bu qoca dünyada, mənim yerim elə oradır. Bəlkə yeni triumflar üçün o alan məni gözləyir?
   
   A.A., yəni Alp Arslan padşahın məmləkətində bu Ədalət qalası necə qurulurdu? Əslində bura məmləkətin baş kəndi, paytaxtı idi. Ancaq burada hamı gördüyü işdən savayı mütləq şer də yazırdı. Axı bura şairlər məmləkəti də deyirlər.
   
   Sezarı A.A. şəxsən özü qarşılayır. Dahi sərkərdəyə hörmət-izzət göstərir. Bundan sonra nə var ki. Sezar burada çoxlarını tanımasa da, onu hamı tanıyır. Sezar həftədə bir dəfə, həftə içi aradabir qalaya gəlir.
   
   ... O, sinəsini qabardaraq onu salamlayanların yanından qədim bir təbəssümlə ötüb keçirdi. Sezar hörmətini, sevgisini birbaşa bildirməsə də bu zəhmətkeş insanlara yuxarıdan aşağı rəğbət bəsləyirdi...
   
   Gör bu qalada kimlər vardı? Babək Xürrəmi Bəzz qalasından düşərək Astaranı, Lənkəranı keçib bu məmləkətə bağlanıb. Aran Qarabağın məşhur igidlərindən Fərhad Fahhiq hər gün burada külüng çalır. Oğuz xaqanı Okatay pəhləvan oğlanlarını da özüylə gətirib. A.A.-nın fədakar vəziri, "Sevgi günahdırmı?" romanının müəllifi zəhmətkeş şair Xan Tuğ, hər gün balıqlardan və xanımlardan söhbətlər açan Sarı Elgünəş... Buranın öz brakıroru, filanı...
   
   Sezar hər həftə və ya həftə içi aradabir Romadan deyil, gözəlim İstanbuldan, Osmanlı dövründən tutmuş... İnönü dövrünə kimi, bir qədər də irəlilərə doğru o məmləkətin əhvalatlarından və təbii ki, daha çox özündən təkrar-təkrar, gözəl-gözəl, şirin-şirin söhbətlər edirdi. Çoxlarının başa düşə bilmədiyi qəşəng bir ləhcə və üslubla, başqa-başqa variasiyalarla, bir daha və yenidən təkrarlamaqla...
   
   Sezar hərdən öz hücrəsindən ayrılıb bu qalanın seyrinə çıxırdı. Qaladakı igidlərlə görüşürdü. Ancaq imperator onları bəzən qarışıq salırdı. Bir daha belə yanlışlığa yol verməsin deyə bu igidlərin şəkillərini və adlarını çoxdan qoruyub saxladığı bir antilop - qnu dərisinə basdırıb özündə gəzdirirdi. Aman Allahım, yenə xırda bir yanlışlıq olur. Vallahi, məqsədi xoşməramlı imiş. Ancaq yenə qaş düzəltdiyi yerdə vurub gözünü çıxarır. Bu xoşagəlməz və anlaşılmaz yanlışlığa görə ən birinci Babək Xürrəmi kükrəyib Sezara qılınc çəkərdi, döyüşə çağırardı. Ancaq... O gündən ki, Bəzz qalasının çıraqları sönüb gecə dərinləşəndə Amaliyanın başı Babək Xürrəminin sinəsinə qonurdu və bu həzz Bəzz qalasının əzəmətini kölgədə qoyurdu, Babək Xürrəmi qılınca əl atmağa həvəssiz idi. Daha qələmə sarılıb Möhtəsimə, Əhmədinejata pamfletlər yağdırırdı. O biri igidlər də belənçik. Həm də axı o Sezardı. Eləyə qalsa A.A.-nın yaxın dostu Sarı Elgünəş gərək çoxdan onu lotereya duelinə çağıraydı. Çünki bir dəfə hücrəsinə çəkib demişdi: Sən öz söhbətlərinlə, sərgüzəştlərinlə, həm də görkəminlə mənə kimisə xatırladırsan. Pardon yəni, sən o Hemenqueyin qohumu - falan deyilsən? Çünki Elgünəş yaxşı bilirdi ki, Hemenquey olmaq başqa şeydir, ona oxşadılmaq başqa. Və düşünmüşdü: yəqin o "Baksovet" avarası Məzhərxanın işidir, azar ondan keçib, Sezarın qulağına o pıçıldayıb bu Hemenquey məsələsini.
   
   Həm də hamı sakitləşib bu qərara gəlmişdi ki, bu çiy məqamların, yanlış yapmaların günahı özlərindədir. Bax, o gün Xan Tuğ serialdan-zaddan söhbət salıb bu qalanın da özünəməxsus bir seriallığını inadkarcasına aydırmışdı. O boyda Sezarı belə məsələlərə qarışdıranda bəs nə gözləyirdiniz, bəylər?
   
   Mətləbdən uzaq düşdüm.
   
   A.A. hərdən bu igidləri başına yığıb ziyafət verirdi. Qala igidlərini deyirəm. Elə o birilərini də. Belə ziyafətlərdə də hamı Sezara təriflər yağdırırdı. Onlar, bunlar...
   
   Budur, yenə Ədalət qalasının küçələri, yolları, saray dəhlizləri canlanır. Hamı öz işindədir, külüngü də əlində. Hamı bu qalanın əzəməti uğrunda can qoyur. Eybi yox, bəzən ortada yeyib qıraqda gəzənlər də olur. Yüz adamın yerinə külüng çalanlarsa bu anlaşılmazlığı kompensasiya edirlər - sakitcə, dinməzcə. Tomris bütün bunlara təmkinlə diqqət yetirir, hər kəsə şəfqətlə yanaşır, dünyanın, zəmanənin mürəkkəbliyini anladır, düşüncələrə sığal çəkə-çəkə səmimiliyi və ciddiliyi təlqin edir.
   
   Sezar yenə öz hücrəsinə gəlir. O bu imtiyazı öz böyüklüyü ilə qazanıb. Və həmişəki kimi yenə də hamı ona ehtiram göstərir, yol verir. Eyni zamanda hamı onun neçə yüz il, bəlkə də min il yaşı olmasına baxmayaraq qədim yunan idmançılarına bənzər cavan oğlan kimi addımlamasına heyranlıqla tamaşa edir. Qosqoca Alp Arslanın özü də bu sirrə mat qalır.
   
   ... Elə bilirsiniz yadımdan çıxıb o dolça məsələsi? Mən nələri qatış-qutuş eləsəm də, o sehrli dolçanı unudan deyiləm. Öz gözlərimlə görmüşəm Sezarın Misirdə olarkən Nil sahilində nəhəng bir kərgədanı qovub, qovub yerə çırpmasını və sonra da yalın əllə buynuzunu qoparmasını. Sezar kərgədanın buynuzunu saraya aparıb üyütmüşdü, Elgünəşdən Kəlbəcər balı ismarıclayıb gətizdirmişdi, Səlyandan qara kürü, Çindən sarımsaq, Hindistandan qoz... Bunları Romanın deyil, Misirin alimlərinə etibar edib cövhər hazırlatmışdı. Resept gizli saxlanılmışdı, lap dəqiqi məhv edilmişdi. Bundan heç Kleopatranın da xəbəri olmamışdı. Bax, həmin o dolçanı Romadan çıxanda fürsət tapıb xurcununa qoymuşdu. İndi də bala-bala hər gün danüzü o dolçadakı cövhərdən bir qaşıq udub, üstündən də bir qurtum şollar suyu içib məmləkəti heyrətə salırdı. Vəssalam.
   
   
   
   EPİLOQ
   
   Sezar o gün Elizabet Teylorun gənclik çağlarını xatırlayaraq gülümsəmiş və Xan Tuğ vəzirin "Günah"sızlığını bax beləcə paylaşmışdı. Yəni üzünü vəzirin məsum baxışlarından incəlib orağa dönən Ayparaya tutaraq söyləmişdi: "Mənim balam, sevgidən peyvənd yoxdu...". ə

TƏQVİM / ARXİV