adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

GÖZü YOLDA...

VƏSİLƏ USUBOVA
31056 | 2009-10-10 00:57
Qapqara buludlarla örtülmüş səmanın fonunda qara geyimli, qara yaylıqlı qadın yolun ortasında tək-tənha dayanaraq gözünü üfüqlərə dikib. Göyün rəngi bomboz yolu da qaraldıb. Baxdıqca qəlbin ağır, boğucu duyğuların məngənəsində sıxılır, gen dünya başına dar olur. Yolla nə gedən var, nə gələn... Amma hiss edirsən ki, sanki heykələ dönmüş ana bu yoldan oğlunu cəbhəyə göndərib. İndi də dayanıb möcüzə gözləyir. İndicə üfüqdə qaraltı görünəcək, o da quş kimi qanadlanıb irəli uçacaq, balasını həsrətdən qana dönmüş ürəyinə sıxacaq...
   
   Elə duyğular var ki, insan qəlbində çox erkən yuva salır. Yaşına uyuşmayan qüssə-kədər səbəbini özün də bilmədən varlığına hopur, səni vaxtından əvvəl dərin-dərin düşünməyə, xəyallara dalmağa vadar edir. Özün də bilmədən gözlərin yol çəkir, balaca sinəndən yanıqlı ahlar qopur. Bəlkə bunlar nəyinsə xəbərdarlığıdı?! Ömrünün hansı çağındasa səni qəfildən haqlayacaq faciənin ilk işartılarıdı ki, heç bir səbəb olmadan tez-tez qüssələnir, kövrəlirsən?! Eh, insan qəlbinin hələ öyrəniləsi o qədər sirləri var ki... "Əsgər haqqında ballada" filmi ekranlara çıxanda ya üçüncü, ya da dördüncü sinifdə oxuyurdum. Yuxarıda təsvir elədiyim kadrlar da həmin filmin başlanğıcındadı. İndi də yadıma düşəndə təəccüblənirəm ki, 9-10 yaşında uşaq övlad itkisindən nə anlardı? Ana qəlbini odlayan oğul həsrətinin ağırlığını necə hiss edərdi?! Və o duyğular hələ də eynən uşaq yaşlarımda olduğu kimi mənimlədi. Bu uzun illər ərzində həmin film neçə dəfə göstərilibsə, o həsrət yanğısı da sönmədən, öləzimədən qəlbimdə baş qaldırıb məni odsuz-ocaqsız yandırır. İndi də dalğın, xəyalpərəst, yaşına görə qüssəli görünən uşaqlarla rastlaşanda ürəyimə qəribə bir qorxu çökür: " Bunun da taleyində nəsə var..." Bəzən bu qorxaqlığımdan utanıram da...
   
   
   
   ***
   
   
   
   Neçə-neçə illər bundan qabaq- o illərdə ki, bizim nəsil həyatdan ancaq yaxşı şeylər gözləyirdi, uzaqbaşı on-on beş ilə dünyanın hər yerində sülhün, qardaşlığın bərqərar olacağına, yer üzündə kommunizmin tənətənəsinə inanırdı, redaksiyamıza bir cavan oğlan gəldi. Əlində qəzetə bükülü xeyli kağız-kuğuz vardı. Bu yaraşıqlı cavanın sifətindən kədərlə yanaşı, incikliyi, narazılığı da rahatca sezmək olurdu. Məlum oldu ki, bir il (!) bundan qabaq qardaşı Əfqanıstanda şəhid olub. On səkkiz yaşını təzəcə tamam edib əsgərliyə yollanan Şahinin qara gözləri şəkildən elə kədərlə baxırdı ki,.. " Beynəlmiləlçilik borcunu igidliklə yerinə yetirərkən" şəhid olan həmyerlimiz haqqında yazı hazırladım. Məqalə geniş əks-səda doğurdu. Qəzet səhifələrində pambıqdan, taxıldan, heyvandarlıqdan yazılardan, rəsmi materiallardan başqa heç nə görməyən, gözləri Böyük Vətən müharibəsi veteranlarının sinəsi orden-medallı şəkillərinə öyrəşmiş oxucu uzun illərdən bəri ilk dəfə idi ki, həlak olmuş əsgər haqqında yazı oxuyurdu... Məqalə respublika mətbuatına da çıxdı. Şahin Hüseynov məşhurlaşdı, kolxoza, məktəbə, rayon mərkəzində bir küçəyə adı verildi...
   
   
   
   ***
   
   
   
   İlin hansı fəsliydi, hansı ayı, günüydü, bilmirəm. Yadımda təkcə iş otağımın qapısından girən hündürboylu, dolu bədənli, sarışın qadın, bir də onun ən duyğusuz adamı belə haldan-hala sala biləcək kədərli baxışları qalıb. Pilləkənlə çıxmağa öyrəşməyən kənd qadını stula çöküb nəfəsini dərdi. Mən də şəhid anasıyam, dedi, dərdimi götürüb sənin yanına gəlmişəm. Həyəcandan titrəyən əllərinin qupquru barmaqlarıynan gətirdiyi sənədləri ehtiyatla, bir-bir stolun üstünə yığmağa başladı. Mənsə, onun ağır zəhmətdən kobudlaşmış əllərindən gözümü çəkə bilmirdim. Bu əllərin sahibi neçə övlad böyüdüb nazını çəkmişdi, gecəli-gündüzlü kirpikləriynən od götürmüşdü, dincliyin, rahatlığın nə olduğunu bilməmişdi. Şəkildən bilinirdi ki, Rasim də anası kimi sarışın, ucaboylu imiş. Toylarda oynamağı çox sevirmiş. Hər məktubunda da toylarnan maraqlanırmış, " filanksə deyin ki, mən gəlməmiş toyunu eləməsin, gəlib doyunca oynayacağam" yazırmış... Qarlı-şaxtalı bir fevral günündə xəbəri gəlib. Adam elə bilir ki, Gülən xalanın ( çox vaxt adlar sahibinin taleyi ilə qətiyyən uyuşmur) bir də dodaqları qaçmayacaq... (Şəkildəki qadın da Gülən xaladı, əlindəki də Rasiminin şəklidi). Onu yola salandan sonra fikirləşirdim ki, keşkə bu dünyanın taleyini analara tapşıraydılar. Yəqin ki, onda nə qan tökülərdi, nə də göz yaşı... Yazının da adını elə beləcə qoymuşdum: "Nə qan tökülərdi, nə də göz yaşı..."
   
   
   
   Nə qədər dünyada ölüm dəhşəti,
   
   Nə qədər torpaqda əsgər qəbri var,
   
   O qədər dünyada ana həsrəti,
   
   O qədər dünyada ana səbri var...
   
   
   
   Bu şeiri bir şagird dəftərində oxumuşam. Müəllifini bilmirəm...
   
   " Zaman bütün yaraları sağaldır" deyimini tez-tez yadıma salıb özümə təskinlik vermək istəyəndə Heminqueyin bu fikriynən rastlaşdım: "Çox təəssüf ki, zaman bütün yaraları sağalda bilmir". Möhtərəm Orxan Arasın bir məqaləsində oxuyanda ki, onun da iki oğlu bir yerdə təyyarə qəzasında həlak olub, böyük söz adamının nədən belə dediyini anladım... Anladım və haqq qazandırdım..
   
   
   
   ***
   
   
   
   Elə mövzular var ki, mən onlardan ömürboyu yazacağam. Dönə-dönə, əldə qələm tuta bilincəyədək. Sevgi və qəhrəmanlıq, ayrılıq və nisgil haqqında... Birincilər insan ruhunun qoşa qanadlarıdı. Biri olmayanda, ikincinin də varlığı şübhəlidi. Hər ikisi də insan xoşbəxtliyinin qənimidi. Qəlbində sevgi, ruhunda cəsurluq daşıyanlar hamı kimi yaşaya bilmirlər, amma hamının sakit, dinc həyatına qurban getməyi bacarırlar...
   
   Həmişə qəlbim rahat, ovqatım xoş olanda (belə anlarım çox az olur) qəlbimi qəribə, anlaşılmaz qorxu bürüyür. Bilirəm ki, nəsə xoş olmayan bir şey baş verəcək, ya da pis bir xəbər eşidəcəyəm. Bu iradə zəifliyi deyil, artıq canıma hopmuş, yaxamı qurtara bilmədiyim, ömrümü-günümü viran edən bir hissiyyatdı... Həmin gün də əhvalım xeyli yaxşıydı. Poçtalyon da qəzetləri gündəkindən tez gətirmişdi. " 525-ci qəzet"in ilk səhifəsində oxuduğum ilk xəbər gözümdə şimşək kimi çaxdı: " Ramil Səfərovun anası vəfat edib"... İndi gəl bu xəbərlə günü başa vur, görüm, necə vuracaqsan. Əllərin əsə-əsə qəzeti o tərəf-bu tərəfə çevir, dizlərin titrəyə-titrəyə otaqda, koridorda vurnux, deyiləni eşitmə, eşitdiyini anlama, " hay" deyənə "huy" de, "huy" deyənə də "hay"...O, hələ çox yaşadı. Onkoloji xəstəlik də bədənin bir bəhanəsidi. Torpağını, bayrağını sevənləri ömürlük dustaq edən dünyada niyə yaşamalıydı ki, Ramili doğan qadın?! O, çoxdan yerlə göy arasında vurnuxurdu. Axır ki, göylərə çəkildi. Daha qarşısını heç nə ala bilməyəcək- nə hündür, daş hasarlar, nə dəmir barmaqlıqlar... Nisgilli ruhu bir yanıqlı ah kimi sinəsindən qopub Ramilinə qovuşdu. Görən son anda nə düşündü, nə keçdi könlündən?! Sinəsində nə qədər söz-söhbət, dodağında səssiz pıçıltılar apardı... Dəfələrlə şahidi olmuşam: bütün analar dünyanı göz yaşıynan tərk edirlər. O göz yaşlarının ağrı tutumunu ölçmək bəlli rəqəmlərin gücündə deyil. Məni qınamayın, bu sözləri deməkdən də yorulan deyiləm: Ən böyük xoşbəxtlik ananın göz yaşlarını oğulun silməsidi. " Səni heç kim incidə bilməz, mən yanındayam" deməsidi. Elə son nəfəsində də. Son vida damcılarını silib çiyninə alması, son mənzilinə aparmasıdı...
   
   Ramilə də heç nə demək lazım deyil. Onun da hər gecə yuxularında doğma yerlərə uçan ruhuna artıq hər şey bəllidi...
   
   "Zamanın yaddaşdan silə bilmədiyi faciə, ölümün son vermədiyi ağrı yoxdur".
   
   Yox, mən heç Servanteslə də razı deyiləm. Elə ağrılar var ki, onlar torpağın üstündə qalır və sağ qalanların onu canlarına çəkməsini gözləyir...
   
   Görəsən, məmləkətimizdə bu ağrını çoxmu adam canına çəkdi?!.

TƏQVİM / ARXİV