adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

HARA GEDiRSiZ, Ə ?..

BABƏK YUSİFOĞLU
59660 | 2009-10-10 00:57
Nə bilim, vallah, deyəndə bizim bəxtmiz gətirmir, dostlar, yoldaşlar mənə irad tuturlar ki, bədbin, nəhs danışıram. Susuram, danışmıram, onda da bağrım çatlayır ki, görəsən bu işlərin axırı necə olacaq. Suyun və digər kommunal xərclərin yenidən qiymətlərinin artması ilə bağlı əhalinin canından xof çıxmamış başqa bir qanqaraldıcı xəbər əhalini yenə sarsıdıb. Necə deyərlər, camaat başqa dərdlərini, başqa zülümlərini unudub. Hələ iş yerini demirəm, qonşuların üzü neçə gündür gülmür.
   
   
   
   Dünən uşağına toy eləməyi planlaşdıran bir qonşumla rastlaşdım, gördüm pərişan, üzünü saqqal basmış halda həyətdə oturub. Ehtiyatla nə baş verdiyini, salamatçılıq olduğunu soruşdum, dedi ki, istəyirəm uşağın toyunu bu il təxirə salam. Dedim, niyə, rəhmətə gedən-zad var? Təəccüblə üzümə baxıb soruşdu ki, məgər bilmirsən, Ştrasser Azərbaycandan küsüb, tay buralara gəlmir. Gəlmirsə nə toy, nə şadyanalıq? Əcnəbilər bizə gülməzmi? Bir söz deyə bilmədim, fikirləşdim ki, əlavə qanqaraçılıq çıxmasın.
   
   İşə gələndən sonra öyrəndim ki, Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslarla bağlı məruzəçisi Kristofer Ştrasser xeyli vaxt bundan öncə Bakıya gəlməliymiş, amma hələ də gəlməyib. Və sən demə Ştrasserin gəlməməsi hər tərəfdə ciddi müzakirələrə səbəb olub, mənsə bundan xəbərsiz qalmışam. Çox qəribədir ki, heç kim də onun niyə Azərbaycana gəlmədiyinin səbəbini bilmir.
   
   Qəzetlərin yazdığına görə, qeyri-hökumət təşkilatlarının şefləri də, Səməd Seyidov da bu Ştrasserin buralardan ayağını kəsməsindən xəbərsizdi. Ölkədə kimdən soruşursan, hamı onun yolunu gözləyir, amma nə vaxt gələcəyindən kimsə bir söz demir. Ən təəccüblüsü isə budur ki, rəsmi dövlət orqanları susmağa üstünlük verir, camaat da onlara qoşulub cınqırını çıxarmır. Eşitdiyimə görə, buralarda Ştrasserin bir dostu var, AŞ PA-nın həmməruzəçisi Andres Herkel. Deyəsən heç Herkel də onun niyə acıq elədiyini bilmir. Soruşanda mat-mat elə adamın üzünə baxır.
   
   Şəxsən mən belə hesab edirəm ki, biz susmaqla, gözləmə mövqeyi nümayiş etdirməklə heç nəyə nail ola bilmərik, nəticədə də bu adamın bizdən "voobşe" zəhləsi gedər. Bundan sonra da eşşək gətir, mərəkə yüklə. Ona görə də hadisələrin daha gərgin xarakter almaması üçün biz təcili olaraq bir nümayəndə heyəti yaratmalıyıq, onları mindirməliyik "samalyota" göndərməliyik Almaniyaya.
   
   Qoy komissiya getsin bu Ştrasseri oralarda tapsın, soruşsun ki, a bala, nədi sənin qarnının ağrısı? Niyə camaatın gözlərini qoyubsan yollarda, gəlmirsən? Bəlkə xətrinə dəyən-zad olub? Nə üçün hər gün neçə-neçə əcnəbi başının adamları ilə yığışıb gəlirlər Bakıya, burada monitorinqdən, "dəyirmi masa"dan-zaddan təşkil edib kef çəkirlər, amma bu Ştrasser üzünü buralara tutmur? Gəlib bizim siyasi məhbuslarla bir söhbətləşmir, dərdləşmir, hə? Ayıb döyül?
   
   Bəlkə elə bu yazığın bir dərdi var, biz ona əlac eləməliyik. Pul lazımdısa, çıxarıb cibinə pul qoymalıyıq, qonaqlıq lazımdısa həll etməliyik. Yox, bizə naz-filan edirsə, yapışıb qulağını çəkməliyik. Əllərimizi yanımıza salıb oturası deyilik ki. Hələ dünən də eşitmişəm ki, Beynəlxalq Valyuta Fondu da (BVF) şələ-küləsini götürüb gedir. Guya deyiblər ki, nə lazım idisə biz Dünya Bankı ilə birlikdə bahalaşdırdıq, indi özünüzün o boyda Tarif Şuranız var, bundan sonra hər şeyi o bahalaşdıracaq. İnsafən heç Tarif Şurası da qiymətqaldırmanı əcnəbilərdən pis bacarmır. Hansı qurum müraciət eləyirsə, nə qədər istəyirsə Tarif Şurası o dəqiqə həmin işi həll edir. Hələ o söhbət də var ki, sən demə, gülərüz Metyu Brayza da özü xahiş eləyibmiş ki, onu buralardan çıxarıb aparsınlar.
   
   Ümumiyyətlə, əcnəbilərin bizi tərk etməsi ilə bağlı yaranmış bu prosesi ciddi araşdırmalıyıq. Prosesin niyə baş verdiyinin səbəblərini öyrənib aradan qaldırmalıyıq. Əcnəbilərin qədrini bilməliyik. Yoxsa, vallah, ölkədə bir əcnəbi də qalmayacaq. Yenə sağ olsun milli komandamızın baş məşqçisi Berti Foqtsu. Heç hara getmir. Yığmamız onun rəhbərliyi ilə hamıya babat hesabla uduzsa da, onu söysələr də, şəbədəyə götürsələr də, hədələsələr də qırsaqqız kimi yapışıb yığmadan, deyir getmirəm. İndi təsəvvür edin ki, Foqts da getsəydi, bizim halımız necə olardı?
   
   Yaxşı ki, Hüseyn Arabulu gizlincə ölkəmizdən aradan çıxanda tutduq. Yoxsa o da bizi tərk edib gedəcəkdi. Bu dəfə işimizə etibarlı yanaşıb onu türmədə saxlayırıq ki, hələlik bizimlə qalsın. Əslində əcnəbilərin gedişi ilə bağlı faktlar az deyil, amma biz bunlarla kifayətləndik. Çünki belə şeyləri çox dilə-dişə salmaq olmaz. Kimlərsə bunu reklam kimi başa düşər. Hər halda sakitcə bu işə əncam çəkməliyik.
   
   Yazının sonunu P.S.-la bitirmək istədim. Bitirdim də. Amma niyəsə söhbətə dəxli olmayan şeylər yazdım...
   
   
   
   P.S. Srağagın Ucarda bir cavan adam intihar edib, Şamaxıda bir müəllimə özünü üçüncü mərtəbədən ataraq həyatla vidalaşıb. Sumqayıtda isə 72 yaşlı bir adam özünü öldürüb. 72 YAŞLI BİR ADAM...

TƏQVİM / ARXİV