adalet.az header logo
  • Bakı 19°C

HƏR ANIN ÖZ HÖKMü,HƏR HÖKMüN ÖZ ZAMANI VAR

12342 | 2009-10-10 00:57
(əvvəli ötən şənbə sayımızda)
   
   
   
   1918-ci il iyul ayının 8-i həftənin birinci gününə düşdü. Deyirlər bazar ertəsi ağır gündür. Bu ağırlıq gündüz saat 3-də Alman səfirliyindəki abı-havada özünü göstərdi. Həmin vaxt Qraf Vilhelm fon Mirbahı son mənzilə yola salmaq üçün ailə üzvləri, dostları, iş yoldaşları, bəzi rəsmi dairələrin nümayəndələri bir araya gəldi. Alman katolik kilsəsinin nümayəndəsi olmadığından mərasimi idarə etmək iki nəfər polyak din xadiminə həvalə edildi. Matəm törəninə Rusiya hökumətindən kimsəyə dəvət göndərilmədi. Baron fon Botmer xatirələrində yazır ki, almanlara qarşı nifrət, düşmənçilik hissləri aşılayanların, səfirlin ünvanına hədə-qorxu yağdıranların qarşısını ala bilməyən xalq komissarlarını bu mərasimdə görmək istəmədik. Sovet mətbuatında terror aktının təsadüf nəticəsində deyil, məqsədyönlü şəkildə qabaqcadan hazırlanaraq həyata keçirilməsinin rəsmən bəyan edilməsi almanları lap qıcıqlandırmışdı. Ruhanilər mərasimlə bağlı işlərini tamamlayandan sonra doktor Ritsler matəm mitinqini açıq elan etdi. Mərhumun ünvanına xeyli xoş söz deyildi, xatirələr səsləndi, xidmətləri qeyd olundu. Mirbah hörmətlə yad ediləsi insan idi. Alicənablığı, təmkini, möhkəm iradəsi, yüksək savadı ilə hər zaman seçilərdi. Rəhbər kimi bir neçə özəl və önəmli xüsusiyyəti vardı. Söhbət əsnasında, iş prosesində fikir ayrılığı, mübahisə doğuran məqamlar olsa da, tərəf müqabilinə qarşı nalayiq ifadəyə, xoşa gəlməz hərəkətə, ədəb çərçivəsindən çıxan atmacaya yol verməzdi. Dərsliklərdən öyrənilən ənənəvi qaydada deyil, ailə ənənəsindən süzülüb canına, qanına hopan hörmət, sayğı, qayğı ilə tabeliyində olanlarla rəftar edərdi. Bütün bunlar onu çoxlarından yaxşı mənada fərqləndirən keyfiyyətlər idi. Odur ki, vida mərasimində gözləri yaşaran əzizlərinin ürəyi də qan ağlayırdı.
   
   Türkiyənin Rusiyadakı səfiri Kamal bəy də kədərini paylaşmaq üçün söz istədi. Emosional çıxışının sonunda dedi ki, kaş mənim də həyatım vətən yolunda qəhrəmancasına həlak olan bu insanın ömrü kimi tamamlanaydı.
   
   Səfirliyin binasından Arbata doğru bir xeyli piyada irəliləyən mərasim iştirakçıları mərhumun tabutunu əvvəlcədən nəzərdə tutulan yerdə gözləyən matəm libaslı yük maşınına qoydular. Hərəkət istiqaməti boyunca, eləcə də dəmir yolu vağzalında hökumət nümayəndələri tərəfindən təhlükəsizlik tədbirləri görülmüşdü. Baron Karl fon Botmerin və onun həmvətənlərinin gözündən bir məqam da yayınmadı: mərhuma son ehtiramını bildirmək üçün vağzal yaxınlığında onların gəlişini gözləyən xarici işlər üzrə xalq komissarı Georgi Çiçerin qeyri-rəsmi olsa da mərasimə qatıldı. Onun gətirdiyi əklilin üzərindəki lent həmişə olduğu kimi, qırmızı rəngdə deyildi. Ürək sözləri bu dəfə bəyaz parçada yazılmışdı: "Qraf Mirbahın ölümü bizim üçün də ağır itkidir. O, sülh yolunda həyatını qurban verdi."
   
   Dəmir yolu vağzalının perronunda hərbçilər rəsmi qaydada mərasimə qatılmaqla protokolu tamamladılar. Moskva-Berlin qatarı aramla hərəkətə gəlib Elba sahillərinə doğru istiqamət aldı.
   
   
   
   ***
   
   
   
   İyulun 9-da Sovetlərin V qurultayı öz işini davam etdirməyə başladı. Lev Trotski çıxışında sol eser fraksiyasını təxribatda günahlandırdı. Yerdən söz alıb danışan partiya mənsublarının əksəriyyəti terror aktından bixəbər olduqlarını söyləyir, terror aktını pisləyirdi. Yığıncaqda Məkəzi Komitənin siyasi xəttini dəstəkləyən sol eserləri Sovetlərin tərkibindən çıxarmaq barədə qərar qəbul edildi. Bir həftə sonra Xüsusi istintaq komissiyası terrorla bağlı Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinə ilk məruzəsində bildirdi ki, sol eserlər partiya olaraq, Mirbahın qətlinə və hakimiyyəti zəbt etmək cəhdinə görə heç bir məsuliyyət daşımırlar. Bu plan partiyanın Mərkəzi Komitəsinin bir qrup üzvünə aid olub. Amma arayışda konkret adlar çəkilmirdi. İsmi hər kəsə bəlli olan iki terrorçunun axtarışı isə nəticə vermirdi. Blyumkin də, Andreyev də sanki qeyb olmuşdular. Hökumət rəsmilərinin sözlərinə görə, əsas müqəssirlərin axtarışı ciddi surətdə davam edirdi. Yeri-yurdu bəlli adamları kənarda axtaranda nəticə hasil olmaz ki. Suyun üzündəki çirkabı təmizləmək dalğıclara tapşırılmaz. Görünür, bu da bir oyun idi.
   
   Az sonra Xüsusi komissiyanın sədri Stuçka Berlinə ezam edildi (o, müstəqil Latviyaya rəhbər göndəriləcəkdi - E.B.). Komissiya üzvü Şenkman yenidən Kazana qayıtdı (az sonra şəhəri ələ keçirən ağqvardiyaçılar avqustun 8-də onu güllələdi - E.B.). Sentyabrın 13-də Ədliyyə xalq komissarlığı səfir Mirbahın qətli ilə bağlı cinayət işini ÜRMİK yanında İnqilabı Şuranın istintaq komissiyasına verilməsi barədə qərar çıxardı. Bununla da faktiki olaraq ədliyyə naziri Stuçkanın rəhbərliyi ilə aparılan əməliyyat tədbirlərinə xitam verildi. 6 iyul və sonrakı hadisələrlə bağlı məhkəmə prosesi 1918-ci ilin payızında baş tutdu. O zaman Almaniyanın özünü inqilab dalğası bürümüşdü və Brest müqaviləsi artıq ləğv olunmuşdu. Noyabrın 28-də sol eserlərin bir qrup Mərkəzi Komitə üzvü 1 ildən 3 ilə kimi həbs cəzasına məhkum edildi. Lakin ertəsi gün Mərkəzi İcra Komitəsi Prezidiumunun qərarı ilə məhkumların hamısı əfv olundu. Qəribədir ki, 14 müttəhimdən cəmi ikisi prosesdə iştirak edirdi. Barəsində qiyabi hökm çıxarılan vətəndaşlar da cəzadan qurtuldu. Siyasi rəqiblərə qarşı bu cür rəhmli münasibət onunla nəticələndi ki, eserlərin əksəriyyəti bolşevik partiyası sıralarında fəaliyyətlərini davam etdirdi.
   
   
   
   ***
   
   
   
   Kimisə qətlə yetirməyə hazırlaşan terrorçu əməliyyat zamanı başına bir iş gəlsə, başdaşı nəsib olmasa da, özündən sonra bir nişanə qalsın deyə, çox vaxt həmin ərəfədə qələm-kağıza sarılıb ürəyini boşaldar. Blyumkin də səfiri ziyarət etməzdən öncə yazdığı məktubda gələcək nəsillərə bu seçimini izah etməyə çalışırdı. Əsli Amerikanın Kolumbiya universitetinin arxivində saxlanılan məktubda əsas fikirlər belə səslənirdi:
   
   " Mən də sizin kimi, almanlarla bağlanan separatçı müqavilənin əleyhinəyəm. Hesab edirəm ki, Rusiya üçün rüsvayçı olan bu müqaviləni nə yolla olursa-olsun pozmalıyıq. Həyata keçirməyə qərar verdiyim akt məhz bu məqsədi daşıyır. Lakin bir sosialist kimi bu addımı atmağa məni vadar edən ümumi prinsiplərlə yanaşı, digər səbəb də var... Müharibə başlayandan antisemitlər yəhudiləri almanpərəst olmaqda ittiham edirdilər. Bolşeviklərin yürütdüyü siyasətin və separatçı sülh müqaviləsinin məsuliyyətini yəhudilərin boynuna qoymağa çalışırlar. Buna görə də Brest-Litovsk satqınlığına qarşı əslən yəhudi olan bir insanın etirazı xüsusi anlam daşıyır. Mən yəhudi və sosialist olaraq bu aksiyanı həyata keçirməyi öz üzərimə götürürəm".
   
   Blyumkin öz vəzifəsini yerinə yetirdi və cəzadan uzaq düşüb uzun müddət sağ qaldı. Ölümünə səbəb isə Mirbahı qətlə yetirməsi deyil, Türkiyədə Trotski ilə görüşməyi, Moskvanı nigaran qoyan şübhəli əlaqələri oldu.
   
   Mariya Spiridonova da qiyamla bağlı maraqlı fikirlərini 1918-ci ilin iyul ayının 17-də məktuba axıtmışdı:
   
   "Qəzetləri ikrah hissi ilə oxuyuram. Bütün bunları necə məharətlə düzüb-qoşduqlarını özüm üçün təsəvvür edib, bu gün o ki var gülmüşəm... "Qiyam"ı özləri icad ediblər. İstintaqı da, dindirmələri də özləri aparırlar. Şahid də özlərindəndir. Əsas "qiyamçı"ları da özləri təyin edib güllələyirlər. Kaş heç olmasa bir nəfər həqiqi " qiyamçı " öldürəydilər. Axı, ölən günahsız insanlardır. Onları necə inandırasan ki, heç bir üsyan, qiyam olmayıb, hökuməti devirməyə kimsə cəhd göstərməyib. Əvvəl-əvvəl bu yalanın bilərəkdən şişirdildiyi hamıya məlum idi. Mən elə fikirləşirəm ki, sonradan özlərini də qəti surətdə inandırıblar ki, guya "qiyam" həqiqətən baş verib. Axı onlar əsil manyakdır."
   
   Mariya Aleksandrovna Spiridonova 1884cü ildə Tambovda dvoryan ailəsində doğulub. 1906-cı ildə jandarm polkovniki Lujenovskini ölümcül yaraladığına görə məhkəmə tərəfindən haqqında boğazından asılmaqla ölüm hökmü çıxarılıb. Bu qərar sonradan ömürlük katorqa cəzası ilə əvəz olundu. Eser partiyasına sürgündə ikən üzv yazılıb. 1917-ci ilin mart ayında ədliyyə naziri A. Kerenskinin sərəncamına əsasən azadlığa buraxılıb. Az vaxt ərzində sol eserlərin lideri kimi böyük nüfuz qazanıb. İyul ayının 10-da Xüsusi komissiya üzvləri tərəfindən dindiriləndə Mirbahın qətli ilə bağlı əməliyyatı başdan-ayağa özünün hazırladığını rəsmən etiraf edib. İfadə verib ki, Blyumkin onun tapşırıqlarını yerinə yetirib. Ali İnqilab Tribunalı tərəfindən 6 iyul qiyamının təşkilatçılarından biri kimi barəsində 1 il müddətinə həbs cəzası kəsilsə də, inqilab qarşısında xüsusi xidmətlərini nəzərə alaraq, 1918-ci ilin noyabrında əfv olunub. Xanımın məsud və azad günləri uzun sürmədi. 1919-cu ilin fevralında təkrar tutuldu və o vaxtdan etibarən ömrü əsasən zindanlarda, sürgün yerlərində keçdi. Arada fürsət tapıb ailə həyatı da qurdu. Siyasətdən biryolluq uzaqlaşıb, ixtisası üzrə iqtisadçı işlədi. Buna baxmayaraq, 1937-ci ildə onu yenidən yada salıb "şadlandırıblar". Məhkəmə qərarı ilə nə az, nə çox, düz 25 il həbs cəzası kəsdilər. 1941-ci ildə faşistlər SSRİ ərazisinə ayaq basanda cəbhə bölgəsi yaxınlığında yerləşən həbsxanalardan birində tez-tələsik güllələnən 153 siyasi məhbusun arasında Mariya Spiridonova da var idi.
   
   Belə deyilir ki, guya sol eserlərin Mərkəzi Komitəsinin 1918-ci il 24 iyun tarixli yığıncaqda Mirbahın öldürülməsi barədə qərar çıxarılıbmış. 1920-ci ildə dərc olunan "ÇK-nın qırmızı kitabı" adlı topluda həmin iclasının protokolu da yerləşdirilib. Fəqət mətndə bu haqda bir kəlmə də deyilmir. Üsyan çağırışı isə Sovet hökumətinə deyil, Ukraynadakı almanlara qarşı işlədildiyi aydın ifadə olunur. Sovet tarixçiləri həmin kitaba dəfələrlə istinad etsələr də, bu məsələdə heç vaxt konkret sitat gətirmirdi. Ona görə ki, sənəddə Mirbahın qətli ilə bağlı istinad ediləsi bir cümlə də tapmaq mümkün deyildi.
   
   Ölkədə terror, suiqəsd hallarının törədilməsi getgedə adiləşirdi. Hədəfə alınanlar arasında ən yüksək partiya və dövlət xadimləri, o cümlədən Vladimir İliç Lenin də vardı. 1918-ci il avqustun 30-da Petroqradda ÇK-nın sədri Moisey Uritskini güllələdilər. Həmin gün axşam saat 11 radələrində Moskvada Mixelson zavodu fəhlələri ilə görüşdən qayıdan Vladimir İliç yaxın məsafədən açılan tapança gülləsinə tuş gəldi. Hadisə yerində tutulan eser partiyasının üzvü Fanni Kaplan Blyumkin qədər fenomen olmasa da, hər halda çox maraqlı, ziddiyyətli, məlumatlı və mürəkkəb taleli bir qadın idi. Dündirmələrdə Blyumkinin harada gizlənməsi barədə ondan da soruşdular. Amma səfir Mirbahı gündüz-günorta çağında öz iqamətgahında qətlə yetirən adamdan Kaplanın həqiqətən xəbəri yox idi. Yakov neçə vaxtdan bəri onu "möhkəm" axtaranları hələ bir müddət də intizarda saxlayacaqdı. Günün birində isə...
   
   (ardı var)

TƏQVİM / ARXİV