adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

DAğLARA QAR YAğIR...

VAHİD ƏLİFOĞLU
25746 | 2009-10-03 04:27
Erməninin nəvazişindən türkün şilləsi yaxşıdı
   
   Təzə atalar sözü.
   
   
   
   ... Məni, on altı illik köçkünlük stajı olan "görkəmli çadır şairini" heç kim, heç vaxt inandıra bilməz ki, damarında türk qanı axan dünyanın ən səy adamı da Qarabağın erməniyə qalmasına razı ola. Deyəsən bu cümlə xeyli uzun və fasonlu alındı... Elə bizim dərdlərimiz də kifayət qədər səliqəsiz və tör-töküntüdü... Bu illər ərzində yazılarımda "çadır, çadır" deyə-deyə, köçkünlüyü fəxri ad kimi hallandıra-hallandır sinəmi qabağa verib çox qürrələnmişəm. İndi "ç" hərfi ilə başlanan adi sözü də deyəndə utanıram. Nə böyük iş olub... O tərəfdən də Əbülfət Mədətoğlu 21-ci səhifənin düz altına belə bir başlıq mismarlayıb:
   
   "Çadırdan görünən dünya"... Çadırdan da dünya görünər? On il gözlərimin kökü saraldı. Diqqətimi cəmləmək üçün kipriklərimi qıydıqca yavaş-yavaş oxşadım monqola. Amma çadırdan kənarda olanların gördüklərini görə bilmədim... Bütün bunları bir daha ona görə təkrar edirəm ki... Hadisənin adını qoyanın ölənlərinə rəhmət. Hər addımı, hər kəlməsi əsil hadisədi, Hadisənin... Sami Yusuf etiraf etdi ki, şəxsən onun özünün ermənidən heç bir fərqi yoxdu... Sabah Hadisə erməniyə ərə getsə, Sami də Anuşu alsa vallah təəccüblənmərəm...
   
   ...Aftafa götürmək hələ eyib deyil. Eyib odu ki, aftafasını götürdüyün adam sonra qalıq su ilə sənin sifətini yuya...
   
   ... Amma əsəbiləşməyə dəyməz. Aqil Abbas demişkən, nə Hadisə, nə Sami Türkiyə demək deyil... Olsa-olsa Türkiyənin çörəyini yeyib, suyunu içən beş-üç nankorlardan biridilər...
   
   ... Bolşevik işğalından sonra vətənlərini məcburi tərk edən ziyalılarımız, bəylərimiz, xanlarımız tərəddüdsüz-filansız üz tutdular Türkiyəyə. Türkiyə elə hamımızın üz tutacaq yerimizdi. Türkiyə hər bir azərbaycanlı üçün istənilən vaxt çəkinmədən, sıxılmadan döyüləsi və taybatay açılacağına şübhə olmayan qapıdı... Eyni ilə əksinə...
   
   ...İstanbulla Gəncənin, Ankara ilə Bakının nədi fərqi? Heç nə...
   
   ...Qazaxıstanın Cambul şəhərində "Tələbə inşaat dəstəsi" adı altında işləyirdik. Cəmi iyirmi beş nəfər idik. Bir gecə ruslardan və ermənilərdən ibarət dəstə binaya hücum etdi. Aralarında 10-15 nəfər qazax da var idi. Hadisə kimi, Sami kimi qazax... Gedişatın ən çətin anında bir türk gəlib çıxdı. Bu türk qorxmadan, çəkinmədən 50-60 nəfərin qarşısına yeridi və taxta parçaları ilə, armatur qırıqları ilə silahlanmış dəstəni dağılışıb getməyə məcbur etdi. Bir türk... Öyrəndik ki, bu türk Qazaxıstana sürgün edilmiş Axıska türklərindən imiş...
   
   ... İslam əmim evini tikdirməyə erməni ustası gətirmişdi. Erməninin adı Vazgen idi. Heç vaxt əmim onu öz adı ilə çağırmazdı. Ya məssəbsiz deyirdi, ya da dinsiz... Erməni də incimirdi. Hər dəfə eyni sözü deyirdi:
   
   - Ara İslam kişi, nə deyirsən de. Adıma məssəbsiz də desən erməniyəm, dinisz də desən erməniyəm...
   
   ... Bir də ki, erməninin çay-çörək yediyi qab-qacaq qalardı stolun üstündə heç kəs əl vurmazdı. Güllü xalam o qabları qazanda qanadandan sonra aparardı evə...
   
   ... Mən Qarabağ müharibəsində babam Hacı İmamquludan nə qalmışdısa hamısını itirmişəm.. türklər ermənilərin əli ilə nələri itiriblər, özləri yaxşı bilir...
   
   ... Türkün eybi bizimdi. Bizim eybimiz türkün. Bir damcı çirk bir bardaq suyu bulandıra bilər. qardaşın, bacının gətirdiyi ağrı daha dözülməz, daha unudulmaz olur... Doğmanın soyuqluğu adamı yayın cırhacırında da üşüdür...
   
   ...Çoxdan baxdığım bir film var. Adını da unutmuşam. Ancaq əsas ideyası, süjet xətti yadımdadı:
   
   - "Bir fırıldaqçı 15-20 türkü aldadıb Avropa ölkələrindən birinə aparır və onlara iş tapacağını vəd edir. Sərhəddi keçəndən sonra türklərin sənədlərini, olan-qalan pullarını yığıb aradan çıxır. Sənədsiz, pulsuz qalan türklərin hamısı o ölkədə səfil-sərgərdan qalır, amma onlara nə qapı açan, nə də bir tikə çörək verən tapılır. Sonda hamısı küçələrdə məhv olur"...
   
   ... Mən pulsu-parasız Türkiyədə olsam inanmıram ki, mənə qapı açmayan, bir tikə çörək verməyən tapıla. Yaxud bir türk eyni vəziyyətdə lap elə mənim Haramıdakı evimin qapısını döysə doyunca yeyib, rahat yorğan-döşəkdə yatacağına şübhə etməsin...
   
   
   
   ... Bu dünyanın nədi dərdi, azarı,
   
   Ha gözlədim, bağlanmadı bazarı.
   
   Qazılıymış son gümanın məzarı,
   
   O da öldü, sağ qalmadı, payıza...
   
   
   
   Yaman gündə tapılmadı, dost hanı,
   
   Çox oxuduq torpaq adlı dastanı.
   
   Kim əkmişdi yol ağzında bostanı?
   
   Dərilməmiş tağ qalmadı, payıza.
   
   
   
   Söz meyvədi, qulaqlarda xallanıb,
   
   Sarı yarpaq budaqlarda ballanıb.
   
   Ağaclar da adamlartək allanıb,
   
   Duz yandırdı, bağ qalmadı, payıza...
   
   
   
   Karıxmışam, ayım, ilim hansıdı,
   
   Heç bilmirəm dirim, ölüm hansıdı?
   
   Güvəndiyim hardan bilim hansıdı,
   
   Qar basmamış dağ qalmadı, payıza...
   
   
   
   ... Qar elə dağa yağar. İstər kiminsə güvəndiyi olsun, istərsə də güvənmədiyi. Dağ ona görə dağdı ki, qarı, boranı kəm olmur, heç vaxt. Yoxsa qarsız, boransız o qədər dərə-təpə, çala-çuxur var ki...
   
   ... Səhv etmirəmsə "Nəsimi" filmində belə bir söz var:
   
   - Dövlət bəyin ölüsü də gözəldi...
   
   ... Mən güvəndiyim dağdısa, onu qar bassa da güman yerimdi...
   
   
   
   
   
   P.S. "Qalatasaray" yunanlara futbol dərsi keçən gecə kaş Hadisə də, Sami də olaydı Haramıda. Qəsəbələrdəki vurhavuru öz gözləri ilə görəydilər. "Bakı"nın, "Qarabağ"ın ağrısı çıxdı canımızdan. O məşhur lətifədə deyir ey, mən deyiləm, dədəmdi. Dədəmə cavab ver...

TƏQVİM / ARXİV