OXUCUNU ARDINCA APARAN BÖYüK ƏDiB

ƏBÜLFƏT MƏDƏTOĞLU
27542 | 2009-10-03 04:27
Hərdən fikirləşirəm... Fikirləşirəm ki, görəsən Qarabağda nəyim qaldı? Gözümün qabağına çox şeylər gəlir, amma ən çox xatırladığım uşaq vaxtı kəndin naxırını örüşdən gətirən o yaşlı kişinin heç bir musiqiyə bənzəməyən, heç bir havanı yamsılamayan və ümumiyyətlə nəyi ifa etdiyi bilinməyən qəribə çalğısı olub. Düşünmüşəm ki, axı bu mahnıda, bu ifada nə vardı ki? bu günə qədər yadımdan çıxmayıb. Açığı ha düşünürəm, amma cavab tapa bilmirəm...
   
   Hərdən onu da fikirləşirəm ki, bu ömür-gün elə bir karvan yoluydu, mən də bu karvanda (sarvan olduğuma hələ tam əmin deyiləm) bir yolçu idim, qoşulub gedirdim. Bəs onda nə aparırdım, yüküm nə idi? Nəyi qoyub gedirdim? Nəyə doğru gedirdim? Ümumiyyətlə bu zorən gediş idi, yoxsa könüllü? Düşünərsiniz ki, insan onsuz da həmişə hərəkətdədir, həmişə tələsir, nəyəsə doğru gedir, məqsədli-məqsədsiz. Amma yox. Mənim gedişim uşaqlıqda arzular dalınca oldu, sonra da qovuldum...
   
   Bəli, bu iki düşüncəmin arasında, bu iki axtarışımın orta məxrəcində bir işıq ucu da var. O da dünyagörüşümlə, az-çox mütayiləmlə, az-çox yazı-pozumla bağlıdır. Və bu bağlığın da kökündə böyük bir tarix, böyük bir ədəbiyyat, böyük bir söz yatırımı dayanır. Elə bil ədəbiyyat, elə bir söz yatırımı ki, onun kandarına ayaq basmaqla, onun iki vərəqini oxumaqla, mütləq içində bir tərpəniş olacaq. Mən buna inanıram. Sizi deyə bilmərəm. Mən şəxsən bir oxucu kimi, əlim ürəyimin üstündə səmimiyyətlə deyə bilərəm ki, Azərbaycan ədəbiyyatının elə köklü-köməcli, dağ vüqarlı, şəlalə hayqırtılı, bulaq zümzüməli, çeşmə təravətli, bənövşə ətirli, yasəmən qoxulu, şeh çilənmitş, nur hopmuş nümunələri var ki, onları oxuyanda, onların aləminə baş vuranda mütləq saflaşmaya doğru gedirsən, mütləq paklaşmaq yolunu tutursan, mütləq insanlaşırsan, mütləq insani keyfiyyətlər əxz edirsən və mütləq o dünyadan ayrılmaq sənin üçün çox çətin bir hərəkətə, çabalamaya səbəb olur. Çünki səni özünə bağlayan o keyfiyyətlər əslində bəşəriyyətin, insanlığın, arzusunda olduğu, uğrunda mübarizə apardığı, zaman-zaman ələkdən, süzgəcdən keçirtdiyi, üfürə-üfürə içib canına, qanına hopdurduğu ən böyük dəyərlərdi. Və şükürlər olsun k, bu dəyərlər məhz Azərbaycan xalqının böyük qələm adamlarının əsərlərində bir gül çələngi kimi toplanıb.
   
   Əvvəldə düşüncələrimin yol ayrıcını xatırlatdım. Kəsişmə nöqtəsini vurğuladım. Bu elə-belə sözgəlişi, oxucuya xoş gəlmək üçün yazılan cümlələr, sözlər deyildi. Əslində mən indi yazacaqlarıma gəlmək üçün bax, o nöqtəni tapana qədər mənim üçün mənalı sayıla biləcək bir ömür yaşamışam, bir yol keçmişəm.
   
   Orta məktəbdən ədəbiyyata, mütaliyəyə böyük sevgim olub. Etiraf edim ki, bu duyğuları məndə ədəbiyyat müəllimi yaratmışdı. Və çalışırdım ki, sinifdənxaric oxu dərslərində həmişə hansısa yeni bir əsər barəsində mən danışım, mən söz deyim. Bu istək də məni kəndimizin, məktəbimizin özünə görə çox böyük olan kitabxanasını alt-üst etməyə həvəsləndirmişdi. Kitabxanaçımız əvvəlcə mənim tez-tez kitabları geri qaytarmağımdan şübhələnmişdi. Elə bilmişdi ki, sadəcə vərəqləyib geri qaytarıb, yenisini götürürəm. Sonra məni sorğu-suala tutdu və gördü ki, hər gün apardığım kitabı elə həmin gecə mütaliyə edirəm. Düzü bunun üstündə evdə də əməlli-başlı danlanmışdım. Gecələr yuxusuz qaldığıma görə, tənbeh olunmuşdum, amma mən də bildiyimdən əl çəkən deyildim. Bax beləcə xalq yazıçımız, Azərbaycan ədəbiyyatının sağlığında klassiki, magikanı olan İlyas Əfəndiyevin böyük söz aləminə üz tutdum. İlk oxuduğum uşaqlar üçün yazdığı "Hekayalər" kitabı oldu. Və o kitabı oxuduqca fikirləşdim ki, yəqin onun müəllifi elə mənimlə həmyaşıddı, bizimlə bir sinifdə oxuyur, bir məktəbdə dərs alır və onun yazdıqlarının hamısı da bizim aramızda olan söhbətlər, müzakirə etdiyimiz mövzulardı. Fikirlərimi ədəbiyyat müəllimimlə bölüşdüm. O da özünəməxsus təbəssümlə bildirdi ki, yazıçının böyüklüyü oxucusunun yanında olmaq, onun qəlbinə yol tapmaqla ölçülür, bilinir. İlyas Əfəndiyev də öz oxucusunu birinci cümləsindən ələ alır, qəlbinə körpü salır.
   
   Hə, sonra "Körpü salanlar"ı oxudum. Və gördüm ki, doğrudan da oxucu qəlbinə körpü salmaq, həyat həqiqətlərini ana südü kimi təmiz, çəmən çiçəklərinin balı kimi şirin bir dildə yazmaq İlyas Əfəndiyev qələminin inkaredilməz birmənalı qüdrətidi. Orta məktəbin sonuncu sinifində mən artıq İlyas Əfəndiyev yaradıcılığının 80-ci illərə qədər olan bütün nümunələrini demək olar ki, mütaliyə etmişdim. Sonra Bakı həyatı başladı və bugünki milli teatrımızın səhnəsində necə deyərlər aktyorlarımızın canlı ifasında onun tamaşalarını da seyr etdim. Ən çox baxdığım və yenə səmimi etiraf edəcəm məni demək olar ki, dünənimdən qopmağa qoymayan "Mahnı dağlarda qaldı" və bir də "Atayevlər ailəsi" tamaşaları oldu.
   
   Artıq mən İlyas Əfəndiyevin kiril əlifbası ilə nəşr olunmuş bütün kitablarını, o cümlədən 6 cilidliyini, o cümlədən latın qrafikası ilə dərc edilmiş 7 cilidliyini mütaliyə eləmişəm. Bilirəm ki, İlyas müəllim 22-dən artıq pyesin, 7-dən çox romanın, 10-na yaxın povestin, çoxlu sayda hekayələrin, xatirələrin, məqalələrin, məktubların müəllifidi. Və onu da yaxşı bilirəm ki. oxuduğum bütün bu əsərlər heç biri bir-birini təkrar etmir. Amma bu əsərlərin son illərdə yazılanları arasında gözlə görünməyən, oxucu fəhmi ilə duyulan bir bağlılıq var. Məsələn, "Üçatılan" və "Geriyə baxma qoca" əsərlərində hardasa mən bir bioqrafiya gördüm. Özü də bu bioqrafiya təkcə İlyas müəllimin öz həyatı ilə yox, həm də onun doğulduğu bölgə ilə bağlıdı. Həmin əsərlərin hər ikisində qəhrəmanlar Qarabağ, bütövlükdə Füzuli rayonunun sakinləri üçün ümumilləşdirilmiş obrazlar olsa da, həm də kök baxımından, nəsil baxımından tanınan insanların bəzilərinin cizgilərini özündə əks etdirib. Hər kəs o obrazlarda öz doğmasını, öz nəslini rahatca axtarıb tapa bilir. Digər tərəfdən İlyas Əfəndiyevin əsərlərinin dili o qədər səlis və şirindi ki, onu oxuyanda kitabla, müəlliflə həmsöhbət olursan, yorulub, tıncıxıb kitabı yarımçıq saxlamırsan. Çalışırsan ki, o dialoqların, o təkiyələrin, o təsvirlərin sonuna gedib çıxasan. O son səni özünə o qədər çəkir ki, elə bil ki, öz həyatını, öz keçmişini, gələcəyini addım-addım keçib gəlirsən və bu gəliş də ümiddi gəlişdir, inamlı gəlişdir!
   
   İlyas Əfəndiyevin "Üçatılan" romanında çoban Ərşadın timsalında bir nəslin bütün həyat tərzini, xarakterini, eləcə də onların yurda, adət-ənənəyə bağlılığını gözdən keçirəndə adama elə gəlir ki, Ərşad sənin bir doğmandı, sənin bir kəndçindi, sənin bir ellindi. Çünki ondakı dəliqanlılıqda, ərköyünlükdə, müəyyən mənada yekəxanalıqda sözünü yeməməkdə, qadına, qıza qarşı bir köhnə düşüncədən gələn kobudluqda, amma ürəkdəki sevginin timsalında bir səmimiyyət də, insanlıq da... bir sözlə hər şey sənə tanış və doğmadı. Belə olmasa çoban Ərşadın özünün-özünə elçilik etməsi, sözü yerə düşməsin deyə dayısına Sərvinazı ona verməsə hamını qırıb-çatacağını deməsi və nəhayət içindən gələn o dəliqanlılıqla qaçaq düşmüş Sarıqaçağı buraxması da əslində təkcə o illərin yox, elə bu günün də milli kaloritindən, həm də qarabağlı kişilərin xüsusiyətindən xəbər verir.
   
   Bəli, İlyas Əfəndiyev Azərbaycan səhnəsini öz əsərləri ilə diri saxlayan, yəni tamaşaçını teatra həvəslə gətirən müəlliflərdən biridir. Onun dramlarında təkcə zamanın qüsurları yox, həm də insanlığın bütün zamanlara şamil olan ən yüksək xüsüsiyyətləri, ən dəyərli keyfiyyətləri tərənnüm edilirdi. Saf məhəbbət, böyüyə-kiçiyə ehtiram, vəzifə hərisinə, pul düşgününə qarşı nifrət İlyas Əfəndiyev yaradıcılğının qayələrindən biri idi. Özü də İlyas müəllim oxcuya bu fikirləri, bu istəkləri zorla həzm etdirmirdi. Elə ustalıqla, elə məharətlə süjetləri qururdu ki, tamaşaçı səhnədə baş verənləri izlədikcə, özünü də tamaşanın iştirakçısı kimi görürdü. Və özünü unudaraq dağlarda qalan mahnının dalınca, "Unuda bilmirəm"in ardınca "İşıqlı yollar"la rahatca "Bahar suaları"ndan içə-içə gedirdi. Və qarşısına çıxan "Tənha iydə ağacı" ilə "Bizim qəribə taleyimiz"dən danışırdı. Danışdıqca "Hökmdar və qızı" barəsində bildiklərini "Mənim günahım"la bağlayırdı. Elə hesab edirdi ki, bununla da "Sən həmişə mənimləsən" deyən tamaşaçı "Ağıllılar və dəlilər" barəsində də ədalətli qərar qəbul edəcək.
   
   Doğrudan da İlyas Əfəndiyev yaradıcılığı elə bir aləmdir ki, bu aləmin hər cümləsi, hər fikri özü-özlüyündə böyük bir əsərin, romanın mahiyyətini ifadə etmək qüdrətindədi. Mən onu da bir oxucu kimi, vurğulamaq istərdim ki, İlyas Əfəndiyevin həmkarları barəsində xatirələrini oxuyanda özümdə başqa bir fikrin də oyandığını anladım. Gördüm ki, İlyas müəllim yazdığı xatirələrdə (bu gün bəzi xatirə yazanlardan fərqli olaraq) barəsində danışdığı adamın böyüklüyünü, dəyərini çox böyük səmimiyyətlə qələmə alır. Yəni daha çox haqqında yazdığı adamı oxucuya təqdim edir, nəinki özünü. Zənnimcə bu böyük ürək sahiblərinə məxsus keyfiyyətdi. Son olaraq böyük ədibimiz, Azərbaycan səhnəsini hələ bundan sonra neçə-neçə onilliklər əsəri ilə bəzəyəcək dinamik pyeslərin müəllifi, xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı barəsində oxucu düşüncələrini, onun özünün bir fikri ilə yekunlaşdırmaq istəyirəm. "Dağlar arxasında üç dost" romanında bir məqam var. Şahlar kəndə yenicə gəlmiş zootexnik Səliməyə kəndləri barəsində danışır, kəndin adını söyləyir və qızın sualına qarşılıq olaraq deyir ki, "Qartal məğlub olanda da, qartaldı"!
   
   Bəli, İlyas Əfəndiyev cismən öz oxucularından ayrı olsa da, ruhən onların yanandadır. Çünki onun əsərləri həmişə oxucunun arayıb-axtardığı nümunələrdəndi. Bu əsərlər oxucu dalınca getmir, əksinə oxucular İlyas Əfəndiyevin əsərlərinin dalınca gəlirlər. Bu da ki, qələmin qüdrətidi.

TƏQVİM / ARXİV