adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

ƏDALƏT TORPAğA BASDIRILMIR

16114 | 2009-10-03 04:27
(əvvəli ötən şənbə sayında)
   
   
   
   İyulun 7-dən etibarən dünya mətbuatında qraf Vilhelm fon Mirba-hın qətli ilə əlaqədar müxtəlif məzmunlu irili-xırdalı xəbərlər ya-yıl-mağa başladı. Hadisə barədə bir gün sonra dərc olunan Sovet hökumətinin rəsmi bəyanatında deyilirdi:
   
   İyulun 6-da, saat 3 radələrində rus ingilis fransız imperializminin agenti olan iki əclaf, ( elə belə də yazılmışdı E.B.) yoldaş Dzerjinskinin qolunu saxtalaşdırmaqla hazırlanan sənəddən istifadə etməklə Alman səfirliyinə soxulmuş, içəridə bomba partladaraq qraf Mirbahı qətlə yetirmişdir. Bu təxribatı həyata keçirən yaramazlardan biri rus monarxistləri, əksinqilabçı suiqəsdçilərlə əlaqələri barədə sovet mətbuatında dəfələrlə xəbər yayılan sol eser Dzerjinskinin rəhbərlik etdiyi Fövqəladə Komissiyanın üzvüdür. O, Sovet hakimiyyətinə xidmətdən xaincəsinə uzaqlaşaraq, Rusiyanı müharibəyə təhrik edən qüvvələrin buyruq quluna çevrilən, bununla da məmləkətdə yenidən kapitalistlərin və mülkədarların hakimiyyətini bərpa etməyə çalışanların cərgəsində özünə yer tapmışdır.
   
   Bəlağətli sözlərlə, o dövr üçün xarakterik şablon ifadələrlə təsvir olunan "yaramaz"ın siması sizə tanış gəldimi? Bəyanatda konkret ad çəkilməsə də qatilin kimliyi, siyasi mənsubiyyəti, hətta iş yeri dəqiq açıqlanırdı. Əslində, hadisə barədə Leninin imzası ilə ilk məlumat iyulun 6-sı Moskva vaxtilə saat 4.20 də bolşeviklərin nəzarətində olan təşkilatlara telefonoqram şəklində göndərilmişdi. Siyahıya rayon partiya komitələri, Qızıl Ordunun baş qərargahı, xalq deputatları sovetləri daxil idi. Telefonoqramda deyilirdi ki, gündüz saat 3 radələrində Alman səfirliyinə atılan iki bomba nəticəsində səfir Mirbah ağır yaralanıb. Bu, monarxistlərin, ya da alman-fransız kapitalistlərinin maraqlarına uyğun olaraq Rusiyanı müharibəyə sürükləmək istəyən təxribatçıların işidir. Hamını ayağa qaldırıb, bütün qüvvələri qatillərin yaxalanmasına səfərbər etməliyik. Avtomobillər saxlanılaraq üçqat yoxlanılmalıdır.
   
   Diqqət yetirsək görərik ki, ilk məlumatda bir gün sonra dərc edilən bəyanatdan fərqli olaraq partiya adı çəkilmir. Xalq Komissarları Sovetinin İşlər müdiri Vladimir Bonç-Bruyeviç xatirələrində yazır ki, bu, yerlərdə sol eserləri duyuq salmamaq üçün taktiki gediş idi. Paytaxtda baş verənlər eynən teleqramda göstərilsə, əyalətlərdə qiyamçıların tərəfdarları fəallaşardı.
   
   Qiyamçı qruplarla mübarizə planı axşam saat 6 radələrində tamamlandı. O vaxta kimi Lenin Mirbahın ölüm xəbərinin geniş şəkildə yayılmasında maraqlı deyildi. Əhali arasında qorxu-təşviş yaratmamaq üçün ilkin məlumatlarda bilərəkdən saxtakarlığa yol verilirdi. Arxivdə saxlanan telefonoqram mətninin əlyazması bunu bir daha təsdiq edir. Bu cümləyə fikir verin: "İndicə xəbər alınıb ki, səfirliyə atılan bomba partlamayıb və xəsarət alan yoxdur." Hətta iyulun 7-də hərbi işlər üzrə xalq komissarı Lev Trotskinin mətbuatda dərc olunan əmrində də oxşar xəta gözdən yayınmır. Sənəddə deyilirdi ki, naməlum şəxslər tərəfindən Alman səfirliyinə bomba atılıb. Səfir qraf Mirbah ağır yaralanıb.
   
   Trotskinin imzası ilə iyulun 8-də "İzvestiya" da yayılan rəsmi məlumatda ilk dəfə qatilin adına rast gəlirik. Qəzet yazırdı ki, Blyumkin familiyalı birisi sol eserlərin MK qərarına əsasən Alman səfiri qraf Mirbahı qətlə yetirib. Vəssalam... Elə bil hadisədə başqaları iştirak etməyib. Səfirlik əməkdaşlarının şahid ifadələrinə görə isə Mirbahı gülləylə vuran məhz Nikolay Andreyev olub. Cinayət ortağı kimi Nikolayın adı ilk dəfə iyulun 14-də mətbuata çıxarıldı. Amma Mirbahın cəlladı kimi Yakov Blyumkinin adı tarixə düşdü.
   
   
   
   QARIŞQANIN FİL YERİŞİ BAŞ TUTMADI
   
   
   
   Paytaxtda ortalığın qarışmasıyla eyni vaxtda Petroqradda, Vladimirdə, Vitebskdə, Yaroslavlda, Simbirskdə, Kazanda eserlər baş qaldırdı. İyulun 10-da xəbər yayıldı ki, Şərq cəbhəsinin komandanı Mixail Muravyov Simbirskdə özünü baş komandan elan edib. Xalq Komissarları Sovetinə və kayzer II Vilhelmin Moskvadakı təmsilçilərinə teleqram vuraraq Almaniyaya müharibə elan etdiyini bildirib, öz ordusuyla Qərbə doğru üz tutub. Baş komandanın soy adının "muravey", yəni "qarışqa" sözündən əmələ gəldiyini xatırlamaq lap yerinə düşərdi. Vaxtında qarşısı alınmayanda " qarışqaların yaratdığı problem bəzən böyüyüb fil olur. Bolşeviklər çox baş sındırmadan məsələnin ən sadə həllini tapdılar. Özündən müşdəbeh Muravyov quberniya rəhbərliyi ilə görüşə gələndə heç bir xəbərdarlıq, sorğu-sual edilmədən güllələndi. Necə deyərlər, adam olmayanda onunla bağlı problem də aradan qalxır. Həmin günlərdə sol eserlərlə yanaşı, minlərlə keçmiş ağqvardiyaçı, çar ordusunun zabiti məhbəsə salındı.
   
    Maraqlıdır ki, qısa müddətdə qiyamçıların nəfəsini kəsən hökumət Mirbahın qatillərini Blyumkin və Andreyevi tuta bilmədi. Onların paytaxtdan necə yoxa çıxdığı da məlum olmadı. Almanlarsa terrorçuların tezliklə məhkəmə qarşısında dayanacağına hələ də ümid bəsləyirdilər.
   
   
   
   AXTARIN, AMMA TAPMA

TƏQVİM / ARXİV